Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış oldu.
Binada ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətinin əks olunduğu muzey yaradılıb. Muzeydə Ulu Öndərin ordu quruculuğu fəaliyyətinə geniş yer verilib. Ümummilli Liderin respublikaya rəhbərliyinin həm birinci, həm də ikinci dövründə ölkədə ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirləri əks etdirən fotolar muzeydə sərgilənir. Bundan əlavə, Prezident İlham Əliyevin güclü maddi-texniki bazaya malik, vətənpərvər ordunun formalaşdırılması istiqamətində gördüyü işlər də muzeydə geniş əks olunub.
Baş Qərargahın binasında müxtəlif tədbirlərin keçirilməsinə imkan verən, səsyazma və proyektor sistemləri ilə təchiz olunan akt zalı da yaradılıb.
Bildirildi ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış oldu.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verdilər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan Məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait var. Məntəqəyə hərbi idarəetmə sisteminin müxtəlif elementləri daxildir. Bildirildi ki, Mərkəzi Komanda Məntəqəsi əməliyyat şəraiti barədə məlumatların toplanmasına və təhlilinə, qoşunların döyüşə hazırlıq prosesinə, döyüş xidmətinin aparılmasına nəzarət edilməsinə, döyüş fəaliyyətinə hazırlıq dövründə və onun gedişində qoşunların idarə olunmasına, digər idarəetmə məntəqələri ilə müxtəlif növ məlumat mübadiləsinin aparılmasına və videokonfransların təşkilinə, videoməlumatların ötürülməsinə imkan verir.
Sonra düşmən müdafiəsinin dərinliyində hava kəşfiyyatı aparan pilotsuz uçuş aparatından və aerostatdan alınan görüntülər nümayiş etdirildi.
Daha sonra əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar quruldu. Müxtəlif ordu korpuslarının və birliklərinin komandirləri videobağlantı vasitəsilə Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxdı.
Bu maşınların funksiyaları və imkanları barədə dövlət başçısına ətraflı məlumat verildi.