PEŞƏKAR FOTOQRAFLIĞA GEC BAŞLAMIŞAM
– Asim müəllim, neçə ildir fotoqrafiya ilə məşğulsunuz? Və siz öz yaradıclığınızı neçə mərhələyə bölərdiniz?
– Mən fotoaparatı ilk dəfə əlimə götürəndə təxmini 14-15 yaşında idim. Atam fotoaparat almışdı. Həmişə qardaşımla fotoaparat üstündə mübahisə edirdik. Elə bu mübahisələrin birində fotoaparat qırıldı və mən onu təmir etdirəndən sonra fotoqraf oldum. Peşəkar fotoqraflığa isə gec başlamışam. Təxminən 1976-77-ci illərdə. Mən Almaniyada xidmət eləmişəm. Elə o dövrdən foto müsabiqələrə qatılırdım. Bir qəzet vardı, “Sovetski patriot”. Orada fotolarım çap olunurdu. Hətta bir dəfə Almaniyada idman fotolarımın sərgisi də keçirilib.
– Hərbi xidmətdə olarkən çəkdiyiniz fotoları yaradıcılığın bir mərhələsi hesab edirsinizmi?
– Xeyr, deməzdim. Mən 1977-ci ildə “Qobustan”da işə düzəldim. Və demək olar ki, elə o vaxtdan da fotoqraflığa başladım. 80-ci il olardı səhv etmirəmsə, Heydər Əliyevin sərəncamı ilə rayonlarda Diyarşünaslıq muzeylərinin yaranması haqqında sərəncam verilmişdi. Mən də bununla bağlı çox rayonlarımızı gəzib, fotolar çəkməyə başladım. Elə ilk böyük işim həmin dövrdən başladı deyə bilərəm.
– Sizin lentə aldığınız bir foto var. Məscidin qabağında çəkilib. Əlil arabasında bir adam oturub. Arabanın yerində dayanması üçün təkərinin qabağına daş qoyulub…
– Həmin fotonu Təzə Pir məscidinin qabağında çəkmişəm. Fotonun adı da “Qətl günü”dür. Düşünürəm ki, onu maraqlı edən əsas məqam, fotodakı digər şəxslərinin hər birinin bir işlə məşğul olmasına baxmayaraq, sırf mənim diqqətimi çəkən insanın obyektivə baxmasıdır.
– Bir maraqlı fotonuz da var. Ağsaqqallar oturublar….
– Bəli, onu da Kəlbəcərdə çəkmişəm. Keçən il TEAS-ın təşkilatçılğı ilə Londonda bir tədbirdə həmin fotoda qalib seçildi. Baxmayaraq ki, 1982-ci ildə çəkilmiş fotodur. Bu çox əhəmiyyətli hadisədir mənim üçün.
APARATIN “PLYONKA”SINI UŞAQ ARABASI OLAN BİR QADINA VERMİŞDİM Kİ, GİZLƏDİB SAXLASIN
– Azərbaycan fotosu Qarabağın azad edilməsi üçün indiyə qədər etməli olduğu işlərin hansı hissəsini edə bilib? Təbii ki, belə bir problemi göstərmək üçün yüzlərlə işıqlandırılmamış hadisə, problem var. Faizlə desək, Azərbaycan fotosu bu problemi neçə faiz göstərə bilib?
– Həmişə əsas problem müharibə zonasına fotoqraflarımızın əlinin çatmaması olub. Bizi ora buraxmırdılar. Müharibə bölgələrinə Oleq Litvin, Mirnaib Həsənoğlu kimi fotoqraflar gedib çıxa bilib, düzdür. Ancaq çətinliklə. Müharibə bölgəmizə gedib çıxan fotoqrafların da sayı azdır. Mən özüm də getmişəm. Təlimlərin keçirildiyi bölgələrdə olmuşam. Ancaq mən sərhəddə, müharibə gedən ərazilərdə olmamışam. O dövrdə vəziyyət çətin idi. Hər kəs nə isə etməyə çaılışırdı. Və bacardığını edirdi. Salyan kazarmasına getmişdim. Bir-iki foto lentə almışdım. Hər yandan güllə səsləri eşidilirdi. Vəziyyət çətin idi. Aparatın plyonkasını uşaq arabası olan bir qadına vermişdim ki, gizlədib, saxlasın. Sonra yadımdadır, biz taksiyə mindik və ancaq taksiyə minəndən sonra mən plyonkanı qadından alıb, aidyyatı yerə təqdim edə bildim.
– Bildiyimiz kimi, adətən peşəkar fotoqrafın planları sərgi keçirmək, hər hansı layihələrdə iştirak etməkdir. Amma gəlin qəbul edək ki, hələ də müharibə acılarını üzündə daşıyan insanlar var. Onların simalarını lentə almaq və bu üsulla ağrı-acını doğru çatdırmaq mümkündürmü? Siz bir fotoqraf kimi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və Qarabağın geri qaytarılması istiqamətində hər hansı planlar qurursunuzmu?
– Hər il müharibə həqiqətlərini dünyaya çatdırmaq istiqamətində müəyyən sərgilər təşkil edilir. Sərgiyə insanlar gəlir, müharibə ilə bağlı fotolara baxılır, müəyyən qədər həqiqətlər haqqında məlumat alırlar.
Bundan əlavə, mən Sovet dönəmində indi işğalda olan çox bölgələrimizi gəzmişəm. Kəlbəcərdə, Zəngilanda olmuşam. Orada çəkdiyim fotoları da o vaxt Diyarşünaslıq muzeyləri üçün təqdim etmişəm. Nə çəkmişəm hamısı orada qalıb.
– Minnətdarıq.
1905.az