Həmsöhbətimiz “Cənubi Qafqaz” Politoloqlar Klubunn rəhbəri İlqar Vəlizadədir.
– İlqar müəllim, 20 ildən artıqdır ki, Dağlıq Qarabağ probleminin nizamlanması prosesi davam edir. Hələlik problemin həlli istiqamətində irəliləyiş görünmür. Hazırda problemin nizamlanması hansı səviyyədədir və bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyətini necə dəyərləndirirsiniz?
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 20 illik nizamlanma dövrü özündə bu prosesin acı və bütövlükdə uğursuz təcrübəsini əks etdirir. Danışıqlar prosesinin hələlik yeganə əsas nailiyyəti münaqişə tərəfləri arasında fəal hərbi əməliyyatların getməməsi və atəşkəsin davam etməsidir. Amma atəşkəs danışıqlar prosesi nəticəsində deyil, ona rəğmən davam edir.
Problemin həllinə cəhd göstərən tərəflər uzun illər ərzində münaqişə tərəflərinin hər birinin mövqeyini maksimum nəzərə alan əsas prinsiplərin işlənməsinə nail ola biliblər. Lakin ən məsuliyyətli mərhələdə, qərar qəbul etmə anında erməni tərəfi qəfildən bu prinsiplərdən imtina edir. O vaxtadək həmin prinsiplərin tezliklə reallaşdırılmasında təkid edən Minsk qrupunun həmsədrləri isə dərhal tərəfləri qane edən yeni həll yollarının tapılmasını təklif edirlər. ATƏT-in Minsk qrupunun əsas rolu da elə bundan ibarətdir. Azərbaycan tərəfi Minsk qrupunu həmişə tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsində təkid edəcək real vasitəçi kimi görmək istəyir. Halbuki reallıqda bunlar baş vermir. Biz daha çox həmsədrlərin Ermənistanın yedəyində getməsinin şahidi oluruq. Buna görə də Minsk qrupunun fəaliyyətinə yenidən baxmaq və ona daha effektli əvəzləyici tapmaq çağırışları səslənir.
– “Xalq diplomatiyası”nın, QHT-lər səviyyəsində qeyri-formal əlaqələrin nizamlama prosesinə yardım edə biləcəyini düşünürsünüzmü?
Son dövrlərdə Dağlıq Qarabağ böhranının nizamlanması prosesində “xalq diplomatiyası”nın rolu barəsində çox deyilib və yazılıb. Təəssüf ki, son vaxtlar “xalq diplomatiyası” haqqında daha çox mənfi aspektdə danışılır. Lakin mən bu halı bütün prosesə aid etməzdim. “Xalq diplomatiyası”nda müxtəlif illərdə, müxtəlif insanlar iştirak edib. Sözsüz ki, həmin insanlar, onların əlaqələri sayəsində xalqlarımız arasındakı soyuqluq arxasında yalnız qarşılıqlı nifrət və mütləq anlaşılmazlıq dayanan qırmızı xətti keçməyib. Vaxt gələcək, məhz bu əlaqələr zamanı sınaqdan çıxarılmış resurslar Azərbaycan və erməni xalqları arasında münasibətlərin bərpasına yardım edəcək. Buna görə də mən müəyyən mənada belə əlaqələrin tərəfdarıyam. Amma eyni zamanda yaddan çıxarmaq lazım deyil ki, belə görüşlərdə bizim əsas məqsədimiz qarşı tərəfə azərbaycanlıların Ermənistan rəsmi təbliğatının öz vətəndaşlarına beyninə yeritdiyi kimi bədheybət və qatil olmadıqlarını, səmimi qəlbdən sülh istədiklərini göstərmək olmalıdır. Biz bir dövlətdə yaşamağa məhkum edilən xalqlarıq. Bunun hökmən baş verəcəyi gün gələcək. Və həmin hadisə siyasi şəraitin buna daha çox uyğun olacağı gün baş verəcək.
– Siz etno-territorial münaqişələrlə bağlı əsər müəllifisiniz. Dağlıq Qarabağ problemi ilə həmin münaqişələr arasında paralellər apara bilərsinizmi?
Hər bir münaqişə özünə görə unikaldır. Bu baxımdan Dağlıq Qarabağ böhranı da istisna deyil. Siz mənim müəllifi olduğum kitabı xatırladınız. Amma deməliyim ki, həmin kitabın yazıldığı dövrdən keçən on-on iki il ərzində etnik və etno-territorial münaqişələrin xarakterində və müddətində ciddi dəyişikliklər baş verib. Həm də təəssüf ki, mənfi mənada. Ukrayna hadisələri bunun parlaq göstəricisidir. Hələ on il öncə, hətta on il də yox, iki il, bir il öncə heç kəs Rusiyanın Krımı Ukraynadan bu qədər asanlıqla qoparacağını, Ukraynanın şərqindəki separatçılığın miqyasını təsəvvür belə edə bilməzdi. Bu gün bunlar kədərli reallıqdır. Əlbəttə, bu misallarda Dağlıq Qarabağ böhranı ilə xeyli oxşar cəhətlər var. Amma əsas xüsusiyyət bu münaqişələri törədən, mahiyyət etibarilə yaxın xalqların bütöv nəsillərinin yaddaşında özünə yer edən və onlar üçün ağrılı nəticələrə səbəb olan milli dözümsüzlük toxumlarını cücərdən separatçıların irrasionallıqları, fanatizmi və uzaqgörən ola bilməmələridir. Belə münaqişələrdə qaliblər yoxdur, yalnız əzab çəkən xalqlar, sadə insanlar var. Təəssüf ki, xalqların taleyini həll edən avantürist əhval-ruhiyyəli siyasətçilər bu barədə düşünmürlər.
– Son illər ərzində Azərtbaycan getdikcə beynəlxalq aləmdə daha yüksək çəki qazanır. Sizcə, bütün bunların müqabilində Azərbaycan Dağlıq Qarabağ probleminin həllində niyə tərəqqiyə nail ola bilmir?
Təəssüflə qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələrdə zərərçəkmiş tərəfdən az şey asılıdır. Daha qüdrətli ölkələrin xaricdən dəstəyi olmasa idi, özümüz təcavüzkarla daha asanlıqla bacara bilərdik. Ermənistan daim güclü hamilərinin arxasında gizlənməyə və onların köməyi ilə müharibə aparmağa çalışıb. İndi isə onların köməyi ilə status-kvonu qorumağa çalışır. Bu zərərli siyasət onunla nəticələnib ki, Ermənistan müstəqilliyini itirərək, dünya güclərinin əlində alətə çevrilib, Azərbaycan isə əksinə, regionda siyasi proseslərin gedişini müəyyənləşdirən güclü, sərbəst oyunçuya çevrilib. Düşünürəm ki, Ermənistanda da artıq bunu aydın başa düşürlər, amma artıq müstəqil siyasət yeridə bilmədiklərindən, heç nə edə bilmirlər.
– Dağlıq Qarabağ probleminin hərbi yolla nizamlanması fikrinə necə baxırsınız?
Yuxarıda dediklərimdən də göründüyü kimi, ərazilərimizi azad etmək üçün bizim həmişə imkanımız və ən əsası isə həm də hüququmuz var. Məşhur bir məsəl var: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”. Güclünün hüququnun müəyyənləşdirici amil olduğu bu dünyada bizim müharibəyə hazırlaşmaqdan başqa yolumuz yoxdur. Məşhur Çin sərkərdəsi Sun Tszı deyirdi: “Ən yaxşı müharibə – düşmənin niyyətini puça çıxarmaqdır; ikincisi – ittifaqını dağıtmaqdır; üçüncüsü isə – qoşunlarını məhv etməkdir”. Görünür, uzun illər ərzində Azərbaycan bu həqiqəti yaxşı mənimsəyib.
Gündüz Nəsibov
1905.az