Şəmkir rayonunda, Qaracəmirli kəndi yaxınlığında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə beynəlxalq ekspedisiya 10 ildən artıqdır ki, arxeoloji qazıntı işləri aparır. Qazıntının son nəticələri, tapılan unikal tikili haqqında İlyas Babayevlə söhbətləşdik:
– Bu abidədə arxeoloji qazıntılar 2006-cı ildən aparılır. Herodot yazırdı ki, Misir daxil olmaqla Şimal-Şərqi Afrikadan Hindistana, Hind okeanı və İran körfəzindən Böyük Qafqaz dağlarınadək ərazi Əhəmənilər imperiyasına daxildir. 1958-ci ilə qədər Azərbaycan ərazisində Əhəmənilər mədəniyyətinə aid bir sıra arxeoloji tapıntılar aşkar edilsə də, tikinti qalıqlarına təsadüf edilməmişdir. Bu səbəbdən hesab edirdilər ki, yaşadığımız ərazilərin Əhəmənilərdən asılılığı nominal xarakter daşıyıb. 1958-ci ildə Qazax rayonu ərazisindəki Sarıtəpə adlı yerdə Əhəmənilər mədəniyyəti üçün səciyyəvi olan bina qalıqları aşkar edildi. Orada Əhəmənilərin mərkəzi şəhərlərindən biri olan Persepoldakı (Təxti-Cəmşid) sütunaltlığı tipində iki sütunaltlığı da var idi. Bundan sonra keçən əsrin 90-cı illərində Halle Universitetinin professoru Andrey Furtvanglerin başçılıq etdiyi ekspedisiya Gürcüstan ərazisində, Qumbati deyilən yerdə (bura Azərbaycan sərhədi yaxınlığındadır) beş sütunalıqları ilə birlikdə tikili qalıqları aşkar etdi. Bu da sübut etdi ki, nəinki bu ərazilər Əhəmənilər imperiyasının nominal asılılığında olub, əksinə, Əhəmənilər bu ərazilərə xüsusi diqqət yetiriblər. Amma həmin abidələr bizim qazıntı apardığımız abidələr qədər əhəmiyyətli deyil. Əhəmənilər imperiyası e.ə. 550- 330-cu illərdə mövcud olmuşdur. Əhəmənilər imperiyası Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı süqut etmişdir. İsgəndərin ölümündən sonra onun imperiyası xırda ellinist dövlətlərinə bölündü. E.ə. 312-ci ildə Şərqdə böyük Selevkilər dövləti yarandı. E.ə. III əsrin ortalarında Selevkilər dövlətindən Yunan-Baktriya və Parfiya dövləti ayrıldı. Parfiya dövlətinin mərkəzi şəhəri indiki Türkmənistan ərazisində idi. Parfiya dövləti b.e-nın 226-cü ilində süqut edir və Sasanilər dövləti meydana gəlir. Sasanilər dövləti isə Ərəb xilafətinin təsiri ilə 651-ci ildə dağıldı. Əhəmənilər dövlətinin süqutundan sonra Azərbaycan ərazisində iki dövlət – cənubda Atropatena, şimalda isə Albaniya yaranmışdı. Bizim eranın I əsrinin 20-ci ilinə qədər Atropatena öz müstəqilliyini qorumuş, sonra isə Parfiya dövlətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın əksər hissəsi isə Albaniya dövlətinin tərkibində olmuşdur. Ona görə də bəzi tədqiqatçıların Şimali Azərbaycanın bütün ərazisini Atropatenaya aid etmələri doğru deyil. Görünür ki, burada jurnalistlər xətaya yol veriblər. Və bir daha qeyd edim ki, bizim tədqiqat apardığımız abidə bənzərsizdir və YUNESKO-nun irs siyahısına düşməyə layiq abidədir. Bu abidə yalnız bizim deyil, o dövrlə məşğul olan bütün alimlərin diqqət mərkəzindədir.
– Bu abidənin oxşarı Əhəmənilər dövlətinə məxsus olmuş digər ərazilərdə də aşkar edilibmi?
– Qeyd etdiyim kimi Əhəmənilər çox böyük əraziyə malik imperiya idi. Yalnız dövlətin Persepol, Pasarqad kimi çox böyük şəhərlərində buna oxşar abidələr var. Qalan satraplıqlarda bizim abidə qədər önəmlisinə hələ rast gəlinməyib. Görünür, Qafqazdakı satraplıq imperiyanın daha çox diqqət mərkəzində olub. Əhəmənilər imperiyasında qızıl və gümüş pullar zərb olunurdu. Qızıl pullar yalnız Şahənşah tərəfindən zərb edilirdi. Bəzi hallarda gümüş pulların satraplar tərəfindən kəsilməsinə icazə verilirdi. Azərbaycan ərazisində hələ Əhəmənilərin pulları tapılmayıb. Çox güman ki, Qaracəmirli abidəsi kimi möhtəşəm abidədə həmin dövrə aid əhəməni pullarına və yazı nümunələrinə də rast gələ bilərik.
– İlyas müəllim, hazırda Qaracəmirlidə beynəlxalq ekspedisiya işləyir. Beynəlxalq ekspedisiyanın üzvləri də Sizin bu fikirlərinizi bölüşürlərmi?
– Bu fikirləri yalnız mən yox, bu problemlə məşğul olan bir çox dünya alimləri bölüşürlər. Bu bizim ümumi fikrimizdir. Nəzəri cəhətdən belə bir abidənin Qafqazda anoloqunun ola bilməsi inandırıcı deyildir. Mən sonda bir fikrimi də bildirmək istəyirəm. Mətbuatda tarixi faktları, alimlərin fikirlərini təhrif etməsinlər. Əhəməni mədəniyyəti dedikdə, yalnız fars mədəniyyəti nəzərdə tutulmur. Herodot Əhəmənilərin tərkibində 70-dən çox xalqın adını çəkir. Əhəməni mədəniyyətinə Babil, Urartu, Suriya, Misir və s. mədəniyyətlər əhəmiyyətli təsir göstərib. Əhəmənilər imperiyasının mədəniyyəti bu dövlətin tərkibinə daxil olmuş bütün xalqların ümumi mədəniyyətidir. Deməli qədim Azərbaycan sakinləri də həmin mədəniyyətin nailiyyətlərindən bəhrələnmiş və o mədəniyyətə öz töhvələrini vermişlər. Azərbaycan ərazisindəki bütün abidələr Azərbaycana, xalqımıza aiddir.
– İlyas müəllim siz dediniz ki, Cənubi Qafqaz Əhəmənilər imperiyasının tərkibinə daxil idi. Bunu Şimali Azərbaycanda Qafqaz Albaniyasının yaranmasına təsiri olubmu? Bildiyimizə görə siz Qafqaz Albaniyasının tarixi problemi ilə 50 ildən çoxdur ki, məşqul olursunuz, bu dövlətin ilk paytaxtı olan qədim Qəbələ şəhərinin yerində arxeoloji qazıntılar aparırsınız.
– Şimali Azərbaycan ərazisi Əhəmənilər imperiyasının tərkibində olarkən burada yaşayan qəbilələrin albanlar adı altında konsolidasiyası başa çatmışdır.Təsadüfi deyildir ki, albanların adı ilk dəfə e.ə. 331-ci ilin oktyabr ayının 1-də baş vermiş Qavqamela döyüşü ilə əlaqədar çəkilir. Makedoniyalı İsgəndərlə Əhəmənilər arasında baş vermiş bu döyüşdə alban tayfalarının ordu hissəsi əhəməni ordusunun tərkibində vuruşmuşdur. Bu həlledici döyüşdə Makedoniyalı İsgəndər qalib gəldi.
Mən hələ 1969-cu ildə Tarix İnstitutunun elmi seminarında Qafqaz Albaniyasının yaranma dövrü haqqında məruzə ilə çıxış etmişdim. Bu problemlə əlaqədar 1976-cı ildə “Azərbaycan EA Xəbərləri”ndə məqaləm nəşr olundu. Sonralar mən Albaniyanın qədim şəhərləri haqqında doktorluq dissertasiyası yazıb, onu 1983-cü ildə Moskvada SSRİ EA Arxeologiya institutunda müdafiə etdim. Azərbaycanda tapılan qədim möhürlər, pullar, Qəbələdə aparılan arxeoloji qazıntıların əsasında bu dövlətin e.ə. IV əsrin 30-20-ci illərində yaranması fikrini ilk dəfə irəli sürmüşəm. O vaxta qədər isə belə hesab edilirdi ki, bu dövlət e.ə. I əsrin 1-ci yarısında yaranıb.
Belə ki, Əhəmənilər dövründə Şimali Azərbaycanda dövlətin yaranması üçün lazım olan əsas göstəricilər: Ordu, inzibati idarəçilik, vergilər sistemi, cəza orqanları yaranmışdır. Ərazidə artıq uzun müddət idi ki, vahid idarəçilik sistemi hökm sürürdü. Bunu e.ə. IV əsrin sonlarından etibarən yerli gümüş pulların zərb olunması da sübut edir. Hazırda da mən bu problemlərlə məşqul oluram.Son arxeoloji tapıntılar da yuxarıdakı fikirləri sübut edir. Beləliklə tam əsasla demək olar ki, Qafqaz Albaniyasının yaranmasına ölkənin daxili inkişafı ilə yanaşı xarici amillərin də təsiri olmuşdur.
– Sizə elmi araşdırmalarınızda yeni-yeni uğurlar arzulayırıq.
Gündüz Nəsibov, 1905.az
İllüstrativ materialları Şəmkirin Qaracəmirli kəndində qazıntılar aparan beynəlxalq ekspedisiya təqdim edib