Hüquq üzrə fəlsəfə doktorları Rahim Məmmədov və Əlövsət Allahverdiyevlə insanlıq əleyhinə cinayətlərdən danışdıq.
Fuad Babayev: Insanlıq əleyhinə cinayətlər. Azərbaycan hüquq elmi bu mövzuda son illər ərzində hansı işləri görüb? Hansı uğurlara, nailiyyətlərə imza atıb?
Rahim Məmmədov: Hüquqi maarifləndirmə olduqca əhəmiyyətli bir məsələdir. Beynəlxalq cinayətlərin əksəriyyəti, demək olar ki, hamısı xalqımızın başına gətirilib. Ərazimiz işğal olunub, yəni təcavüz faktı var. Təkcə Xocalıda deyil, Azərbaycanın müxtəlif bölgələrində soyqırımı törədilib. Müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədilib. Bu cinayətlərin Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə transformasiya məsələsinə toxunmaq istəyirəm. 2000-ci ildə yeni cinayət məcəlləmiz qüvvəyə minəndə gördük ki, CM-nin 7-ci hissəsinin xüsusi bölməsi sülh və insanlıq əleyhinə cinayətlər adı ilə başlayır və 100-cü maddədən 119-cu maddəyə qədər olan hissədə həm təcavüz, həm soyqırımı, həm insanlıq əleyhinə cinayətlər, həm də müharibə cinayətlərindən bəhs edilir. Sözsüz ki, bu cinayətlər olub və bu cinayət tərkiblərini nəzərdə tutan beynəlxalq konvensiyalar da var. Məsələn, 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyası, “Müharibənin qanun və adətləri haqqında” Konvensiya. Lakin biz bu konvensiyaları görməmişdik. Ona görə ki, biz SSRİ adlı bir imperiyanın tərkibində idik. Elə bir məkanda yaşamaq isə o demək idi ki, beynəlxalq cinayətlərin CM-ə gətirilməsi hansı ki, onlar qadağan olunan əməllər hesab olunurdu, birbaşa Moskvanın əlində idi. 1991-ci ildə müstəqilliyimiz əldə olundu və tədricən nəinki bu cinayətlərin, eyni zamanda cinayət-hüquqi xarakterli, cəzalanmalı əməllərin Azərbaycan Respublikasının cinayət qanununa, digər sahəvi qanunvericilik aktlarına gətirilməsi ilə bağlı mühüm hüquqi islahatlar həyata keçirildi. Və bu gün AR CM- də nəzərdə tutulan cinayət tərkibləri ola bilər ki, tam transformasiyanı ehtiva etmir, amma mən belə hesab edirəm ki, hazırda AR CM beynəlxalq cinayətlərin transformasiya vəziyyətinə görə postsovet məkanında Belarusun CM ilə eyni səviyyədə, ən modern qanun hesab olunur. Bu cinayətlərin Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə transformasiyasına səbəb beynəlxalq cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasıdır. Bəzən bu cinayətlər siyasi təsir vasitəsi kimi istifadə olunur. Məsələn, son zamanlar sizin də şahidi olduğunuz bir hadisədən misal gətirim. Suriyada həyata keçirilən antiterror əməliyyatları ilə bağlı Avropa ölkələri, Amerika və digər ölkələr soyqırımı adı altında Türkiyəni təhdid edirlər, Türkiyənin müəyyən addımlardan çəkinməsi ilə bağlı basqılar edirlər.
Fuad Babayev: Hətta sanksiyalar tətbiq edirlər.
Rahim Məmmədov: Bəli. Ancaq məsələ belədir ki, bu cinayətlərə görə hüquqi qərar olmalıdır. Bu qərarlar da məhkəmələr tərəfindən verilməlidir. Məsələn, tarixdə ilk dəfə olaraq Ruanda Beynəlxalq Cinayət Tribunalı soyqırımı aktına görə qərar qəbul etdi.
Bu yaxınlarda Almaniya hüquq məktəbinin nümayəndələri bu məsələ ilə bağlı olduqca aktual bir fikir də irəli sürdülər. Ümumiyyətlə soyqırımı ilə əlaqəli hansı məsələ olur-olsun onun qiymətləndirilməsi siyasi-hüquqi deyil, hüquqi aspektdə aparılmalıdır. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, transformasiya prosesinin reallaşdırılmasında əsas məqsəd Azərbaycan Respublikası ərazisində baş vermiş beynəlxalq cinayətlərə görə təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb edib cəzalandırmaqdır.
Fuad Babayev: Bizim qanunvericilik bu məsələni qarşılamağa qadirdir və dünya standartlarına uyğundur. Elə deyilmi?
Rahim Məmmədov: Qanunvericilikdə beynəlxalq cinayətlərin transformasiyası vəziyyətinə görə, bəli. Məsələn, bu gün Rusiya Cinayət Məcəlləsində isanlıq əleyhinə cinayətlərlə bağlı məsuliyyət nəzərdə tutulmur. Çox məhdud sayda, cəmi 7 beynəlxalq cinayət tərkibi əks olunub. Bizim məcəllə ilə müqayisə etsək, bizimki daha mütərəqqidir.
Əlövsət Allahverdiyev: Rahim müəlimin dediyində həqiqət var. Ümumilikdə beynəlxalq cinayətlərlə bağlı məsələlərin özü, onların tədqiqi beynəlxalq aləm üçün yeni bir sahədir. Nürnberq proseslərini əks etdirən kitablarda konkret məsələlər göstərilir. Nizamnamənin təsiri altına düşən cinayətlər barədə danışılır. Məhkəmə prosesini əks etdirən konkret bölümlər də var. İnsanlıq əleyhinə cinayətin tərkibini yaradan əməllər və yaxud soyqırımı cinayətinin tərkibini yaradan əməllər həmin bölümlərdə müharibə cinayəti kimi tövsif olunurdu.
Rahim Məmmədov: Hətta bu gün bəzi hüquq alimləri də onları fərqləndirə bilmirlər. Çox problemli məsələdir.
Əlövsət Allahverdiyev: Bəli, özüm üçün də çox maraqlı idi və səbəblərini araşdırmağa başladım. Axı bu birbaşa soyqırımı cinayətinin tərkibini yaradır. Hüquq alimləri ilə, Rahim müəllimlə də müzakirələr etdik və belə məlum oldu ki, nizamnamə tərtib olunan zaman soyqırımı cinayətinin tərkibini formalaşdıran konvensiya qəbul olunmamışdı. Konvensiya 1948-ci ildə qəbul olunub. Bu səbəblə nizamnamədə soyqırımı cinayətinin tərkibini yaradan əməllər müharibə cinayətləri kimi göstərilib.
Rahim Məmmədov: Və ya insanlıq əleyhinə cinayətlərin təqibetmə növündə, subkateqoriya kimi.
Əlövsət Allahverdiyev: Bəli, tamamilə doğrudur. Elə elementlər var ki, həm Ruanda, həm də Yuqoslaviya Tribunallarının tələblərində müxtəlif yanaşmalar var. Məsələn insanlıq əleyhinə cinayətlərlə bağlı hər iki tribunalın yanaşması fərqlidir. Biri silahlı münaqişələrlə bağlılığı tələb edir, digəri isə yox. Belə nəticəyə gəlirik ki, bu sahənin tədqiqinə böyük ehtiyac var. Bu da ölkəmiz üçün çox yeni bir sahədir. AR Konstitusiyasının 148-ci maddəsində də göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 151-ci maddədə göstərilir ki, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan milli qanunvericiliyi arasında ziddiyyət olarsa beynəlxalq müqavilələr üstünlük təşkil edir. Referendumla qəbul olunmuş aktlar və konstitusiya istisna olmaqla. Konstitusiya ilə ziddiyyət yaranarsa təbii ki, konstitusiya üstündür. Bunun özü göstərir ki, Rahim müəllimin də dediyi kimi Azərbaycan qanunvericiliyi müasir beynəlxalq hüquq normalarının tələblərinə cavab verir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı cinayətləri ayrı-ayrı göstərilir. Amma qüvvədə olan cinayət məcəlləsindən öncəki məcəllədə, ümumiyyətlə, insanlıq əleyhinə cinayət göstərilmirdi.
Rahim Məmmədov: Bəşəriyyət əleyhinə cinayətlər sözündən istifadə edilirdi. Bəşəriyyət sözü isə sırf doktrinal xarakterli anlayışdır.
Əlövsət Allahverdiyev: “Crimes against humanity” çox zaman dilimizə bəşəriyyət əleyhinə cinayətlər kimi tərcümə olunur. Mən düşünürəm ki, bizim cinayət qanunvericiliyinin Roma Statutuna uyğunlaşdırılması istiqamətində təbii ki hələ bir çox addımlar atılmalıdır.
Fuad Babayev: Bu qanunvericilik aspektidir, bəs bizim hüquq elmi?
Rahim Məmmədov: Mən elmi işimi 2005-ci il may ayının 2-də müdafiə etmişəm. Dissertasiya işimin adı “Beynəlxalq Cinayət Hüququ və Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyi” idi və mən qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi məsələsini ortaya qoymuşdum. Bu məsələni danışanda mənə çox sərt reaksiya verdilər ki, siz nə danışırsınız, qanun nə vaxtdan ağırlaşdırıcı hallarda geriyə tətbiq olunur? Klassik cinayət hüququ deyir: qanun o zaman geriyə şamil oluna bilər ki, məsuliyyəti yüngülləşdirsin və ya şəxsi cəzadan azad etsin. Yəni humanist yanaşma sərgiləyir. Ancaq beynəlxalq cinayət hüququnun qanunun ağırlaşdırıcı halda geriyə tətbiqi ilə bağlı bir istisnası var. Bu nə deməkdir baxaq. Bayaq biz dedik ki, insanlıq əleyhinə cinayətlərə müddət şamil olunmur. Yəni müddətin keçməsi bu cinayəti törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Hətta bizim cinayət məcəlləsinin 75.5, 80.4-cü maddələrində birbaşa bu məsələyə aydınlıq gətirilir. Və cinayət məcəlləsinin 12.3-cü maddəsinə əsasən digər beynəlxalq cinayətlərlə yanaşı insanlıq əleyhinə cinayətlər universal yurisdiksiyanın tərkibinə daxildir. Bunun hüquqi əsasları var. Hüquqi əsasları ondan ibarətdir ki, əgər soyqırımı cinayəti, insanlıq əleyhinə cinayətlər hər hansı dövlətin milli qanununda tərkib kimi nəzərdə tutulmursa, bu o demək deyil ki, beynəlxalq hüquq üzrə məsuliyyət nəzərdə tutulmur. Avropa İnsan Hüquqları Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndində birmənalı olaraq vurğulanır ki, beynəlxalq hüquq qanunda cinayət kimi nəzərdə tutulmayan əmələ görə heç kimi mühakimə edə bilməz. Ancaq bu gün beynəlxalq cinayətlərə görə əməlin milli cinayət qanununda kriminallaşdırılması vacib şərt deyil. Bu gün 1948-ci il Soyqırımı Konvensiyasını Azərbaycan Respublikası da daxil olmaqla 141 dövlət ratifikasiya edib. 60-a yaxın dövlət isə ona beynəlxalq adət norması kimi istinad edir. Ona görə ki, bu cinayətlərin mənşəyi, kökü adət normalarına əsaslanır. 1946-cı ilə qədər soqırımına “adsız cinayət” deyilirdi. Sonradan isə “cinayətlərin cinayəti” adlandırıldı.
Fuad Babayev: Bu da Holokostdan sonra oldu.
Rahim Məmmədov: Soyqırımı anlayışını elmə ilk dəfə Rafael Lemkin gətirmişdir. BMT Baş Assambleyasının 1946-1947-ci illərdə müvafiq qətnamələri var. Onlarda qeyd olunub ki, soyqırımı beynəlxalq cinayətdir və bu cinayətə görə nəinki fiziki şəxslər, o cümlədən, dövlət də beynəlxalq məsuliyyətə cəlb olunur. O ki qaldı Azərbaycan hüquq elmində soyqırımı məsələsinə, mənim qanunun ağırlaşdırıcı hallarda geriyə təbiqi məsələsini səsləndirməyimdən 1 il sonra, 2006-cı ildə Milli Məclisdə Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Konstitusiya Qanunu qəbul olundu. Əfsuslar olsun ki, bu gün hüquqşünaslarımız cinayət hüququ, digər hüquq sahələri üzrə tədris prosesində nədənsə bu qanunu unudurlar. Yüngülləşdirici hallarda geriyə qüvvə var, amma ağırlaşdırıcı hallara gəldikdə isə deyirlər ki, mümkün deyil. Böyük bir faktdır ki, 2006-cı ildə Konstitusiya Qanunu qəbul olunub və Konstitusiya Qanunu Cinayət məcəlləsindən üstündür. Bir halda ki, konstitusiyanın 12-ci maddəsində insan hüquqlarının müdafiəsi dövlətin ali məqsədi hesab olunur və konstitusiyada sadalanan insan hüquq və azadlıqları ilə bağlı məsələlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Yəni ad hoc qaydasında insan hüquqlarına dair standartlar konstitusiyamızı üstələyir. Baxmayaraq ki, konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Bu beynəlxalq cinayətlərlə bağlı müəyyən problemlər var.
Bir ay bundan qabaq mən və cinayət hüququ kafedrasının müdiri Şəhla Səmədova cinayət məcəlləsinin beynəlxalq cinayətlər bölməsinin yenidən BCM Roma Statutuna uyğunlaşdırılması prosesi ilə bağlı müəyyən işlərə başladıq. Mən düz 20 səhifəlik rəy yazmışam. Demək olar ki, bir çox boşluqlar var. Təkcə milli qanunvericilikdə deyil, həm də beynəlxalq qanunvericilikdə. Məsələn, həm soyqırım, həm də müharibə cinayətlərinin konvension əsası var. 1948-ci il Soyqırımı Konvensiyası və 1949-cu il Cenevre Konvensiyası. Bu cinayətlər içərisində yalnız insanlıq əleyhinə cinayətlərin universal əsasda konvension əsası yoxdur. 2010-cu ildə tanınmış beynəlxalq hüquqşünas alimlərin iştirakı ilə konvensiya layihəsi ortalığa atılır.”İnsanlıq Əleyhinə Cinayətlərin Qarşısının Alınması və Cəzalandırılması haqqında” Konvensiya. 27 maddə və müvafiq əlavələrdən ibarətdir. Və bu layihə 2013-cü ildə BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təqdim olundu. 2014-2016-cı illərdə 2 dəfə bu məsələyə baxılıb. Məsələ nədən ibarətdir baxaq.
Cinayət məcəlləsinin 12.3 –cü maddəsində vurğulanır ki, sülh və insanlıq əleyhinə cinayətlər universal yurisdiksiyanın təsir sferasına aiddir, amma əfsuslar olsun ki, soyqırımı cinayətləri orda öz əksini tapmayıb. Ola bilsin bir səbəbi də ondan ibarətdir ki, 2000-ci il cinayət məcəlləsində beynəlxalq cinayətlər bölməsində sülh və bəşəriyyət əleyhinə cinayətlər var idi. Sonradan 2001-ci ildə onun adını sülh və insanlıq əleyhinə cinayətlər qoydular. Və insanlıq əleyhinə cinayətlərin hazırda CM 105-ci maddəsində nəzərdə tutulan qeydi əvvəllər soyqırımı nəzərdə tutan 103-cü maddənin qeydində idi. Və artıq belə təsəvvür yarandı ki, bizim cinayət qanununda soyqırımı insanlıq əleyhinə cinayət deyil, sülh əleyhinə cinayətdir. Bu problem nə ilə bağlıdır? Yurisdiksiya siyasi-hüquqi əhəmiyyət kəsb edən bir məsələdir. Yəni sırf beynəlalq-hüquqi və ya hüquqi kateqoriya deyil. Bu gün o dövlət güclüdür ki, onun qanunu hardasa tətbiq olunur. Universal yurisdiksiyanın mahiyyəti odur ki, birincisi o, müddəti keçməyən cinayətlərə şamil olunur. İkincisi universal yurisdiksiya əməlin xarakteri ilə bağlıdır. Vətəndaşlığından, baş verdiyi yerdən və.s. meyarlardan asılı olmayaraq cinayətin xarakteri nəzərə alınmaq şərti ilə bir dövlət universal yurisdiksiyanı həyata keçirə bilmirsə, digər dövlətin öhdəliyi yaranır.
Əlövsət Allahverdiyev: Beynəlxalq cinayətlərdə belə bir nüans var ki, beynəlxalq sülhə, təhlükəsizliyə təhdid varsa, beynəlxalq cinayəti aşkarlayan dövlətin hansı dövlətin ərazisində baş verməsindən asılı olmayaraq həmin cinayətə görə istintaqa başlamaq hüququ var.
Fuad Babayev: Çox maraqlıdır. Bu prinsip yalnız güclü dövlətlərin istifadə etməsi üçün nəzərdə tutulub, yoxsa zəif və səsi beynəlxalq aləmə gedib çıxmayan dövlətlər də bundan yararlana bilər?
Rahim Məmmədov: Nürnberq Beynəlxalq Cinayət Tribunalına nəzər salaq. Təbii ki, o tribunal baş vermiş beynəlxalq cinayətlər səbəbilə yaradılıb. Amma orda ancaq qaliblər mühakimə edib. Onların törətdiyi cinayətlər kənarda qalıb.
Nürnberq Tribunalının Nizamnaməsi və qəbul etdiyi qərarlar əsasında beynəlxalq cinayət məsuliyyətinin prinsipləri formalaşdırılıb. 1946-1947-ci illərdə BMT Baş Assambleyasının xüsusi qətnamələri var və onlara baxanda görürük ki, haqqında danışdığımız cinayətlərə müddət şamil olunmur. Bu cinayətlər universal cinayət yurisdiksiyanın təsir sferasına aiddir. Hansı ölkə ərazisində aşkar olunmasından, törədilməsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdır. Universal yurisdiksiyanın yalnız bir tərəfi var. Ya ver, ya da cəzalandır. Aut dedere, aut judicare.
Bu gün istənilən Beynəlxalq Cinayət Tribunalları və yaBeynəlxalq Cinayət Məhkəməsi ancaq yüksək vəzifəli şəxsləri mühakimə edir. Nürnberq Tribunalı cəmi 21 nəfəri cəzalandırıb. Ancaq söhbət təkcə generallardan getmir axı.
Fuad Babayev: Aşağı rütbəli şəxslər də var.
Rahim Məmmədov: Bilirsiniz ki, Adolf Eyxman yüz minlərlə yəhudinin köçürülməsi və öldürülməsinin təşkilatçılarından biri olub. 6 il axtarışda idi. Və nəhayət Mossad agentləri onu Argentinada ələ keçirib, İsrailə gətirdilər. Bununla da İsrail məhkəməsi ilk dəfə olaraq universal yurisdiksiyanı öz qərarında tətbiq etdi. Və dedi ki, bu cinayətlər nəinki bizə, bütün bəşəriyyətə, beynəlxalq birliyin hüquq qaydasına ciddi təhlükə törədən əməllərdir. Yəni soyqırımı, insanlıq əleyhinə cinayətlər. 2006-cı ildə Konstitusiya Qanunu qəbul olunduqdan sonra 2007-ci ildə AR Hərbi Prokurorluğu CM 103-cü maddəsini geriyə tətbiq etdi və 1992-ci il hadisəsinə görə cinayət işi qaldırdı. 29 nəfər şəxsin Xocalı Soyqırımında iştirakı birmənalı olaraq sübuta yetirilib, 290-a yaxın iştirakçı şəxsin isə siyahısı var.
Fuad Babayev: Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev Xocalı faciəsi üzrə beynəlxalq tribunalın təsis olunması zərurəti ilə bağlı məqalə ilə çıxış etmişdi. Bu barədə danışaq.
Əlövsət Allahverdiyev: İlk dəfə 2008-ci ildə Xocalı soyqırımı ilə bağlı tribunalın yaradılması ilə əlaqədar geniş bir məqaləm çıxdı. Hətta televiziyada Xocalıya həsr olunmuş bir müzakirə zamanı o fikri yenidən səsləndirdim. Yaxın keçmişə baxaq. Yuqoslaviyada müəyyən hadisələr baş verdi və Yuqoslaviya Tribunalı yaradıldı. Ad hoc qaydasında. Yəni konkret olaraq o işlərə baxmaq üçün yaradılır və fəaliyyəti bitir. Ruandada Ruanda Tribunalı yaradıldı. Bu faktların hamısı baş vermiş hadisələrlə bağlıdır. Xocalı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilmirik, çünki iştirakçısı deyilik, həm də Roma Statutunda göstərilir ki, məhkəmə özündən əvvəl baş vermiş cinayətlərə baxmır. 1992-ci ildə Xocalı hadisəsi baş verir, 1998-ci ildə isə Roma Statutu qəbul olunur. Bəs onda biz nə etməliyik? Biz ədalətli qaydada beynəlxalq cinayətkarların cəzalandırılmasından danışırıqsa, bəs onda Xocalı hadisəsinə görə təqsirli bilinənlər necə cəzalandırılmalıdr? Təbii ki, tribunal yaradılmalıdır. Soyqırımında niyyət meyarı var. Bütün cinayətlərdə insanlar əmələ görə məsuliyyət daşıyır, amma soyqırımında fərqli olaraq niyyətin özünə görə məsuliyyət yaranır. Bir millətin məhv edilməsi niyyəti planlaşdırıldığına görə. Bu baxımdan belə bir tribunalın yaradılması təbii ki vacib idi, elə indi də vacibdir, yaradıla bilər. Sadəcə beynəlxalq birlik buna dəstək vermir, onların maraq dairəsində deyil. Hətta mən belə bir tənqidi yazı yazmışdım ki, necə olur BCM yaradılandan sonra bir dənə də Avropa dövlətinin vətəndaşına qarşı cinayət işinə başlamır. Sonradan bu məsələləri yox etmək, inamı bərpa etmək üçün Gürcüstanda baş verən hadisələrlə bağlı BCM araşdırmaya apardı və cinayət işi başladı. Hərçənd ki, o da yarımçıq qalıb, hələ heç bir nəticə yoxdur.
Rahim Məmmədov: Çünki Rusiya imzadan imtina etdi.
Əlövsət Allahverdiyev: Bax bu məsələlərə görə sizin sualınıza yekun olaraq belə cavab verim ki, tribunal yaradılmasında hər hansı bir məhdudiyyət ola bilməz. Doğrudan da beynəlxalq birliyin maraq və mənafelərinə zidd olan belə bir hadisə törədilibsə niyə də yaradılmasın?!
Aytac Hüseynova: Sözsüz ki, bizim adi insanlarımız bu barədə müəyyən bilgilərə malikdir. Bəs tribunalın təsis edilmə zərurətindən danışanda və ya qarşı tərəfin nümayəndələri ilə hansısa beynəlxalq sferada təmasda olanda onlar nəyi bilməlidir?
Rahim Məmmədov: Xocalı soyqırımı ilə bağlı televiziyada verilişlər olur, rəsmi tədbirlər, konfranslar keçirilir. Əfsuslar olsun ki, o həmin cinayətlərin mahiyyətini dərk edən alimlər ora çağırılmır. Nəticədə insanlara yanlış informasiyalar ötürülür. Bunun da müəyyən səbəbləri var. Digər tərəfdən Azərbaycan hüquq elmində savadlı alimlərimiz olmağına baxmayaraq bəziləri dil problemi yaşıyır. Bir dəfə mən Xocalı ilə bağlı bir araşdırma aparırdım və axtarış edəndə aydın oldu ki, Oxford Universitetinin internet saytında yalançı erməni soyqırımı adı ilə 1000-dən çox məqalə var. Bu məsələni tədqiq edən şəxs kimi deyim ki, burda xüsusi bir proqram işlənib hazırlanmalıdır. Sual yaranır ki, ad hoc tribunalı təsis edə bilərikmi? Bizim gücümüz çatarmı? Əslində bu tribunalın təsis olunması üçün presedent var. Ruanda və Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalları. BMT Təhlükəsizlik Şurası müvafiq qətnamələrlə bunu qəbul edib. Yəni buna istinad edə bilərik. Ancaq bu siyasi hüquqi bir qərardır. Beynəlxalq hüquqda bir məsələnin müvafiq instansiyaya çatdırılması üçün dövlət dəridən qabıqdan çıxmalıdır.
2007-ci ildə mən bir televiziya verilişində qonaq idim və orda xüsusən Ramil Səfərovun ekstradisiyası ilə bağlı məsələ qaldırıldı. Canlı yayımda bir xanım mənə müraciət etdi ki, Rahim müəllim, hüquq fakültəsinin müəllimi kimi xahiş edirəm mənə izah edin. Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycan nə etməlidir? Mən birbaşa cavab verdim ki, əvvəla ekstradisiya elə bir məsələdir ki, siyasi qərar qəbul olunmalıdır.
Təəssüflər olsun ki, Macarıstan Azərbaycan arasında ekstradisiya haqında müqavilə yoxdur. Lakin Macarıstan da, Azərbaycan da Avropa Şurasının tamhüquqlu üzvləridir. Və Avropa Şurası çərçivəsində 1957-ci il “Ekstradisiya haqqnda” və 1983-cü il “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyaları var. Azərbaycan Respublikasının Prezidentinin səyi, atdığı addımlar nəticəsində Macarıstanla razılığa gəldik və Avropa Şurası tarixində ilk dəfə olaraq 1983-cü il konvensiyası tətbiq olundu. Deməli burda bir siyasi qərar var idi. Güc dövlətlərinin də bu mövqedə öhdəlikləri var. Əvvəla beynəlxalq cinayətlərin qarşısının alınması öhdəliyi. Ancaq bu gün əksər beynəlxalq cinayətlərin törədilməsinə səbəb olan subyektlər böyük dövlətlərdir. Məhşur hüquqşünas Masso qeyd edir ki, soyqırımı böyük dövlətlərin istədiyi ana qədər davam edəcək. Bu gün soyqırım harda baş verir? Təbii resurs baxımından zəngin ölkələrdə.
1-2 il öncə Ədliyyə Nazirliyinin Akademiyasında bir tədbir oldu, mən də dəvətli idim. Eyni zamanda Ruanda Tribunalının Apellyasiya kamerasının hakimi, professor Bəxtiyar Tuzmuxammedov da orda iştirak edirdi. Məsələ qoyuldu ki, biz ümumiyyətlə bu cinayətlərə görə mühakimə yurisdiksiyasını həyata keçirə bilərikmi? Beynəlxalq tribunallarda həyata keçirilən proseslər heç də bizim adi məhkəmələrdə həyata keçirilən proseslər kimi deyil. Bu sahədə ilk addım o olmalıdır ki, mühakimə həyata keçirəcək hakimlər ixtisaslaşdırılmalıdır. Onlar məhkəmə proseslərindən aralanmalı, BCM ilə əməkdaşlıq qurulmalıdır. Baxmayaraq ki, iştirakçısı deyilik, amma bu gün BCM nəyi ehtiva edir? Əməkdaşlığı. Statutda da göstərilir ki, beynəlxalq cinayətlərlə mübarizə təkcə bu statutla məhdudlaşmamalıdır. Bununla yanaşı onlar ingilis, fransız dillərində ixtisaslaşmalı, ədalət mühakiməsinin beynəlxalq standartlarını bilməlidir. BCT-nın qərarları Azərbaycan dilinə tərcümə olunmalıdır.
Əlövsət Allahverdiyev: Bu məsələ Roma Statutunda da əks olunub.
Rahim Məmmədov: Bəli, implementasiya olmalıdır. İmplementasiya odur ki, hüquq tətbiq edən şəxs mahiyyəti dərk etməlidir ki, söhbət nədən gedir. Bütün bu tədbirlərin görülməsi olduqca əhəmiyyətlidir.
Baxmayaraq ki, biz Roma Statutunu imzalamamışıq, amma erməni bu gün təcavüz barədə təklif verir ki, xalqların öz müqəddəratını təyin etmək prinsipi ona şamil olunmasın. Bu gün təcavüz var, ərazimiz işğal olunub.
Həm də bu davam edən, uzanan cinayətdir. Niyə biz Roma Statutunu ratifikasiya etməyək? Əsaslandırırq ki, BCM özünü doğrultmur, ona görə ki, o, Afrika üçün məhkəmədir. Ancaq bu gün Roma Statutunda təcavüzün anlayışı verilib. 8 bis adlı yeni bir maddə artırılıb. Bu cinayətə görə artıq BCM 1 yanvar 2018-ci ildən yurisdiksiyaya malikdir. Ancaq biz bunu edə bilmirik. İlk növbədə milli məhkəmələr buna hazır deyil.
Bu materialda İlqar Cəfərovun fotosundan istifadə edilmişdir.
Hazırladı: Aytac Hüseynova, 1905.az