Azərbaycan elmi-pedaqoji fikir sferasında İrəvan Pedaqoji Texnikumu və İrəvan Pedaqoji İnstitutunun öz yeri vardır. Onlar haqqında ədəbiyyatda az yazılsa da bu təhsil ocaqları tariximizdə müəyyən izlər qoymuşdur. Azərbaycan elminin və təhsilinin inkişafında bu təhsil müəssisələrinin məzunlarının rolu da az olmamışdır.
İlk öncə onu deməliyik ki, İrəvanda heç zaman azərbaycanlılar üçün ayrıca pedaqoji institut olmamışdır, azərbaycanlı kadrlar İrəvan Erməni Pedaqoji İnstitutunun nəzdindəki bölmələrdə hazırlanmışdır. Ermənilər azərbaycanlılar üçün müstəqil ali təhsil ocağının olmasına, yüzlərlə azərbaycanlının, həm də müəyyən elmi-mədəni hazırlığa malik soydaşlarımızın bir yerə toplanmasına qətiyyən imkan verməzdilər. Ona görə də Ermənistanda azərbaycanlıların ali təhsil almaq məsələsinə həmişə qısqanclıqla yanaşılmışdır.
Qərbi Azərbaycanın elmi potensialının mayasını təşkil edən, deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun və kəşməkəşli bir yol keçmişdir.
Çox təəssüf ki, qədim tarixə malik olan Qərbi Azərbaycanın zəngin mübarizə tarixi, maddi-mədəniyyət abidələri, incəsənəti, etnoqrafiyası, o cümlədən məktəb tarixi kifayət qədər sistemli öyrənilməmişdir. İrəvan azərbaycanlıları təhsil sahəsində də zamanın sərt üzü ilə dönə-dönə qarşılaşaraq amansız təqiblərə, mənəvi və fiziki basqılara məruz qalaraq çıxış yolunu ancaq Azərbaycana köçməkdə görmüşlər. Bir fakt danılmazdır ki, erməni millətçiləri əsrin əvvəllərindən azərbaycanlıları öz ata-baba yurdlarından çıxarmaqla soyqırımı siyasətini ardıcıl davam etdirməyə cidd-cəhdlə çalışmışdılar. Azərbaycanlılar isə necə olursa-olsun bu çətinliklərə sinə gərməli olmuş və 70 il duruş gətirə bilmişlər. Basqılar, təqiblər güclü olsa da, soydaşlarımızda elm, təhsil həmişə müqəddəs amal kimi qalmışdır.
Sovet rejimi öz ideoloji dayaqlarını möhkəmləndirmək məqsədilə Azərbaycanda ermənilərin, Gürcüstanda və Ermənistanda azərbaycanlıların təhsil probleminin həlli sahəsində də müəyyən işlər görmüşdür. Lakin digər müttəfiq respublikalardan fərqli olaraq, şovinist Ermənistanda azərbaycanlıların ali təhsil alması müşkül məsələyə çevrilmişdi. “Böyük Ermənistan” xülyası ilə yaşayan bu “fanatiklər” öz çirkin məqsədlərinin həyata keçirilməsi üçün min cür hiylələrə əl atır, azərbaycanlıların ali təhsil almalarını əngəlləyirdilər. Yüz minlərlə soydaşımızın yaşadığı bu sovet respublikasında onların ali təhsil almaları erməniləri heç də narahat etmirdi. Ona görə də azərbaycanlılar ali təhsil almaq üçün çox zaman Bakıya üz tutur, ümidlərini Azərbaycana bağlayırdılar. Hər dəfə ali təhsilli mütəxəssislərin hazırlanmasına dair məsələ qaldırılanda ermənilər min bir bəhanə ilə buna imkan olmadığını deyir, kadr çatışmazlığını əsas tutaraq, öz fikirlərini bir sıra arqumentlərlə əsaslandırırdılar. Bəzi obyektiv, subyektiv səbəblər də hər dəfə onların köməyinə gəlirdi. Odur ki, Ermənistanda ali təhsilli azərbaycanlıların sayı artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər barmaqla göstərilirdi. Ermənilər də elə bunu arzulayırdılar. Lakin bu məsələyə onlar nə qədər müqavimət göstərsələr də, onun qabağını tam kəsə bilmirdilər. Təsadüfi deyildir ki, 1924-1925-ci dərs ilində azərbaycanlılar üçün ilk dəfə İrəvanda türk işçi fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı. Bu barədə mətbuatda da yazılar gedirdi. “Qızıl şəfəq” qəzetində 1935-ci ildə bu barədə yazılan bir məqalədə türk fakültəsinin çətinliklərlə qarşılaşmasından bəhs edilirdi. Qəzetin məlumatına görə, burada cəmi 18 tələbə oxuyurdu. Azərbaycan dilində ədəbiyyatın yoxluğu, mütəxəssis kadrların çatışmaması işin keyfiyyətinə öz təsirini göstərirdi.
1936-37-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu da təsis edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq olaraq onun nəzdində türk şöbəsi də açıldı. Lakin qəbul qaydalarına, xüsusən azərbaycanlılarla bağlı qoyulan bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu bölmədə yerlər boş qalırdı. Ona görə də elə birinci il “Türk məktəblərində coğrafiya, tarix müəllimlərinə olan böyük ehtiyac nəzərə alınaraq” qiyabi institutun bu bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə tədbirlərə əl atmaq lazım gəlirdi. Az sonra, yəni 1937-ci ildə İrəvanda ikiillik müəllimlər institutunun Azərbaycan şöbəsi də açıldı. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi şərait də yaradılmırdı. Bir faktı xatırlatmaq yerinə düşərdi ki, İrəvan Dövlət Universitetinin nəzdindəki şərqşünaslıq fakültəsində azərbaycanlıların oxumasına hər cür maneçilik törədilirdi. Bura maraq göstərənlər olsa da, qarşıya belə bir tələb qoyulmuşdu ki, şərqşünaslıqda oxuyanlar erməni dilini mükəmməl bilməlidirlər. Deməli, o fakültədə yalnız ermənilər, ya da erməni məktəbini bitirənlər oxuya bilərdi…
…Azərbaycanda isə ermənilərin təhsilinə kifayət qədər qayğı göstərilirdi. Hələ ötən əsrin 30-40-cı illərində Azərbaycan Pedaqoji İnstitutunda erməni bölməsi fəaliyyət göstərirdi. Hətta qəbul planının 15-20 faizi bu bölmə üçün nəzərdə tutulurdu. Erməni alimlər isə, hər il bunun az olduğundan yuxarılara şikayət edirdilər, çox vaxt öz məqsədlərinə nail olurdular.
Böyük Vətən müharibəsi illərində Ermənistan hökumətinin yuxarı dairələrində oturan millətçi-şovinistlərin əl-qolu nisbətən bağlanmışdı, onlar müvəqqəti olaraq öz qınlarına çəkilmişdilər. Ona görə də bir sıra görüntülərlə öz çirkin niyyətlərini ört-basdır edirdilər. Artıq mətbuatda da kadr hazırlığı kəskinliyi ilə qoyulurdu. Məsələn, “Zəngi” qəzetində xırda millətlərin, o cümlədən azərbaycanlıların problemlərinə toxunan məqalələrdə məktəblərin kadrsız qalmaması üçün təcili tədbirlər görmək təklifləri irəli sürülürdü. Məhz bunların təsiri idi ki, İrəvan Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan bölməsində dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya müəllimləri hazırlanırdı. Onlar buna mane olsa da, bu prosesi dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini davam etdirirdilər.
Uzun müddət Azərbaycan Pedaqoji İnstitutunda çalışmış Fərhad Fərhadov 1942-1943-cü illərdə müharibədən qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji İnstitutunda dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda “Qədim və orta əsrlər ədəbiyyatına dair oçerklər” kitabının nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların “mədəni deportasiyası” 1948-ci ildə onun da İrəvanı tərk etməsilə nəticələnmişdir. Azərbaycan bölməsinin cəfakeşlərindən olan professor Rəhim Allahverdiyev (1907-1973) 1945-ci ildən deportasiyaya qədər İrəvan Pedaqoji İnstitutunda dərs aparmışdır. İnstitut köçürüləndə o da Bakıya gəlmiş, burada dissertasiya müdafiə edərək, elmlər doktoru adını almış, 400-dən çox məqalənin müəllifi kimi tanınmışdır.
Ermənilərin sıxışdırmalarının nəticəsi olaraq, deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4 fakültəsində cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi ki, azərbaycanlıların deportasiyasının yeni dalğası gözlənilirdi. Elə bu zaman İrəvan Pedaqoji İnstitutunun Elmi Şurası Azərbaycan bölməsinin işini müzakirəyə çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22 iyunda bu barədə qəbul edilən qərara əsasən Azərbaycan bölmələri erməni bölmələri ilə birləşdirildi. Azərbaycan bölməsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu fakültələrdə milli mənəvi dəyərlərə ağır zərbə vuruldu. Müəllimləri də, tələbələri də məcbur edirdilər ki, ermənilərlə birgə nəfəs alsınlar, necə deyərlər “onların çaldığı havalarla oynasınlar”. Ona görə də günü-gündən Azərbaycan bölməsində kadr potensialı zəifləyirdi. Buranın Azərbaycan bölməsində dərs deyənlərin çoxu əsasən İrəvan Pedaqoji Texnikumuna keçirdilər. Çünki stabil kollektivi parçalanan bu institutdan fərqli olaraq texnikumda sanballı kadr potensialı hələ də qalırdı. Bu mənəvi sıxıntılara baxmayaraq, bu prosesi sönməyə qoymayan tarixi səbəblər də vardı. Xatırladırıq ki, sovet hakimiyyətinin ilk illərində Ermənistanda da Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alanların sayının sürətlə artmasına təkan vermişdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da 45-i ancaq İrəvan qəzasında idi. Elə bu sürətli inkişaf da ali təhsilin pedaqoji kadrlar problemini zəruri edirdi. Ali təhsilli müəllimlər nəinki çatışmırdı, onlar yox dərəcəsində idi. Bu məsələ 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı nəzdində “Azlıqda qalan millətlər” şöbəsinin sənədlərində də öz əksini tapmışdı. Müəllim kadrlarının yerləşdirilməsi məsələsini də məhz bu şöbə qaldırmışdı. Ona görə də məktəblərin müəllim kadrları ilə təmin olunması üçün ilk vaxtlar İrəvanda xüsusi kurslar təşkil edildi. Bu hazırlıq kurslarını birinci il 30 azərbaycanlı müəllim bitirsə də, məktəblərin artmaqda olan tələbatı bununla bitmirdi. Bu məqsədlə İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə isə 38 nəfər müəllim ali təhsil müəssisələrinə göndərilir. Onların ilk nümayəndələri olan Zəhra Abbasova, Tacirə Bağırova kimi gənc qadınlar ali təhsil aldıqdan sonra İrəvana qayıdaraq bu prosesə qoşulmuşdular.
Lakin ali təhsil problemi yenə də öz həllini tapa bilmirdi. Müəllim çatışmazlığı əldə bəhanə tutularaq çox vaxt türk məktəblərinə qərəzli şəkildə erməni mənşəli direktorlar təyin edilirdi, bir çox hallarda Azərbaycan dilini bilməyən ermənilər azərbaycanlılara dərs deyirdilər, onlara rəhbərlik edirdilər. Bu azmış kimi, müəllim kadrlarına ciddi ehtiyac olduğu halda, yüzlərlə azərbaycanlı tələbəyə “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” və s. övladı damğası vuraraq pedaqoji təhsil müəssisələrindən xaric edirdilər. Təkcə 1930-35-ci illərdə 102 nəfərdən artıq azərbaycanlı tələbə və müəllim bu adlarla repressiyaya məruz qalmışdılar.
Azərbaycanlıların savadlanmasının qarşısını almaq üçün pedaqoji kadr hazırlığına hər cür maneçilik törədilsə də, onlar öz fəaliyyətlərini davam etdirdilər. Məsələn, 1940-cı ildə İrəvanda Pedaqoji İnstitutun nəzdindəki Azərbaycan bölməsi və 2 Azərbaycan texnikumu (pedaqoji və kənd təsərrüfatı texnikumları) fəaliyyət göstərirdi. “Sovet Ermənistanı” qəzetində pedaqoji texnikum haqqında deyilirdi: “1925-ci ildə yeni təşkil olunarkən burada 30 tələbəni əhatə edən bir sinif olduğu halda, 1940-1941-ci dərs ilində 400-dən çox tələbəni əhatə edən 18 sinif vardı. Yalnız 1940-1941-ci dərs ilində məktəbə 232 tələbə qəbul olunmuşdur. Məktəb birinci buraxılışında (1928-29-cu il) 28 nəfər, ikinci buraxılışda isə (1929-30-cu il) azərbaycanlı məktəblərinə 32 müəllim vermişdi. 1940-41-ci dərs ilində məktəblərimizə 150 nəfər müəllimin verilməsi nəzərdə tutulmuşdu”. Ümumiyyətlə, pedaqoji texnikum 1928-ci ildən 1941-ci ilə qədər 836 müəllim, eyni müddət ərzində məktəbin qiyabi şöbəsi 242 müəllim, həmçinin birillik müəllimlər kursunu bitirən təxminən 150-dən artıq müəllim hazırlamışdı. Özünün 15 illik fəaliyyəti müddətində pedaqoji məktəbin 1228 nəfər məzunu müəllim diplomuna layiq görülmüşdü. 1947-ci ilə qədər isə texnikumu 1370 nəfərə qədər pedaqoji təhsilli müəllim başa vurmuşdur. Çox təəssüf ki, ali təhsilə rəvac verilmirdi.
Azərbaycanın bir çox görkəmli ziyalıları: C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Müşfiq, M.Hüseyn, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Əbülhəsən, Sabit Rəhman, Mikayıl Rəfili, Süleyman Rüstəm və başqaları bu təhsil ocağının qonağı olanda ali təhsil alan tələbələri də bu görüşlərə dəvət edirdilər. Bu təhsil ocaqları arasında sıx əlaqə vardı.
Ümumiyyətlə, İrəvanda azərbaycanlıların ali təhsilə cəlbinə laqeydliklə yanaşılırdı. Xatırladırıq ki, 1936-cı ildə Qərbi Azərbaycan məktəblərində dərs deyən 541 nəfər müəllimdən cəmi 5-i ali təhsilli idi. Bu işə 1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş ikiillik qiyabi pedaqoji institutların bir qədər köməyi dəymişdi. Buraya Bakıdan dəvət edilmiş professor Əhməd Seyidov – pedaqogikadan, Muxtar Qasımov – marksizm-leninizmdən, Məmmədağa Şirəliyev – Azərbaycan dilindən, Məmməd Abbasov-psixologiyadan dərs deyirdilər. Məhz onların köməyilə 1937-ci ildə İrəvan Pedaqoji İnstitutunda Azərbaycan şöbəsinin açılması bu sahədə müəyyən irəliləyişin yaranmasına səbəb olmuşdu. Bir sözlə, birinci dərəcəli məktəblərdən tutmuş, texnikumlar, ikiillik qiyabi pedaqoji institutlar və pedaqoji institutun Azərbaycan bölməsinədək azərbaycanlı gənclər səylə öz təhsillərinə davam edirdilər.
İrəvanda və eləcə də bütün Ermənistanda azərbaycanlıların savadlanmasına ciddi çətinlik törədən əsas iki amil var idi. Birinci amil ondan ibarət idi ki, min ildən artıq bir dövrdə azərbaycanlılar ərəb əlifbası əsasında təhsil almışdılar. Yeni təhsil sistemi isə bunu qəbul etmirdi. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. İkinci amil o idi ki, yerlərdə buna mane olurdular, ermənilərin millətçiliyi asta-asta öz işini görürdü.
1935-ci ildə Ermənistanda sovet hakimiyyətinin yubileyi günlərində belə azərbaycanlıların təhsil alması üçün hələ də normal şərait yaradılmamışdı. Bu haqda “Qızıl şəfəq” qəzetində bir sıra məqalələr də dərc edilmişdi. Belə məqalələr vəziyyətin ağırlığından xəbər verirdi.
Məktəblilərin işini qaydaya salmaq üçün ali təhsillilərə ciddi ehtiyac yenə də qalırdı. Bütün çətinliklərə baxmayaraq, İrəvanda yaşayan Cahangir Ələkbərbəyov, Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Abbas Fərəcov, Sadıq Fərəcov, Rza Vəlibəyov, Rza Şeyxzadə, Əkbər Rzayev, Əsgər Əsgərzadə, Rəhim Allahverdiyev, Cəfər Vəlibəyov, Bəhlul Yusifov, Ələşrəf Bayramov, Həbib Məmmədzadə, Əli Yüzbaşıyev, Zaman Vəliyev, Bülbül Kazımova, Tacirə Bağırova, Fatma Qədimova, Həqiqə Abbasova və onlarla başqa azərbaycanlı ziyalı İrəvanda elmin, maarifin, mədəniyyətin inkişafında yorulmadan, ləyaqətlə çalışırdılar. Bu millətsevər ziyalılar xalqın savadlanması üçün dərs deməkdən əlavə, elmin, maarifin əhəmiyyəti haqqında təbliğat aparır, məruzələr edir, məqalələr, proqram, dərs vəsaiti və dərsliklər yazırdılar, “Sovet Ermənistanı”, “Qızıl şəfəq” qəzetlərində çıxış edirdilər.
Lakin azərbaycanlıların kütləvi deportasiyası yaxınlaşırdı. SSRİ Nazirlər Sovetinin Azərbaycan xalqına qarşı tarixi cinayət aktı olan 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarından sonra köçürülməsi vacib olan obyektlərdən biri kimi siyahıda İrəvan Pedaqoji Texnikumu ilə yanaşı, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi də salındı. Köçürmə zamanı Azərbaycanın gələcək alimləri professor Zərifə Budaqova, professor Bağır Bağırov, uzun müddət “Azərbaycan məktəbi” jurnalının baş redaktoru işləmiş, əməkdar müəllim Zəhra Əliyeva və başqaları da öz təhsillərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirməli oldular…
N.Nəcəfov
www.muallim.edu.az
Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.7.