
(Cənubi Qafqaz Seyminin sənədləri üzərindən təhlil)
1918-ci ilin fevral-may aylarında Cənubi Qafqazda milli qarşıdurmalarla bağlı Seymdə ciddi müzakirələr aparılmışdı. Belə müzakirələrdən biri də İrəvan və Bakı quberniyalarında erməni silahlı dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətmiş olduğu qırğınlarla bağlı idi.
İrəvan quberniyasında ermənilərin müsəlman əhaliyə qarşı qırğınları ilə əlaqədar məsələ Seymin 19 fevral tarixli iclasında Mir Hidayət bəy Seyidov tərəfindən qaldırılmışdı. O, çıxışında Qəmərli kəndində ermənilərlə müsəlmanlar arasında döyüşlərin getməsindən danışmış, sonra isə İrəvandan hərbi komissar Xosrov bəy Sultanovun verdiyi məlumatı oxumuşdur. Daha sonra M.H.Seyidov Qəmərlinin Yer üzündən silindiyini, Uluxanlının mühasirəyə alındığı və Gümrüdə erməni hərbi hissələrinin müsəlmanların yaşadıqları ərazilərə hərəkət etmələri barədə məlumatların daxil olduğunu da bildirmişdi. Bu məsələ ilə bağlı Seymin iclasında çıxış edən Aslan bəy Səfikürdski (Müsəlman sosialist blokundan) Qəmərli kəndinin məhv edilməsi və buradakı dinc türk-müsəlman əhaliyə qarşı ermənilərin törətdiyi qırğınlardan bəhs edərkən bu hadisəni kütlənin boynuna qoymağın düzgün olmadığını bildirmişdi. O, doğru olaraq qeyd edirdi ki, əgər artilleriyanın, pulemyotun tətbiq olunmasından danışılırsa, onda burada təşkil olunmuş gücdən söhbət getməlidir. Əlbəttə, sadə insanlar özbaşına bu qədər silah-sursatı əldə edə bilməzdi. Burada artıq həmin hərbi hissələrə başçılıq edən rəhbər var, burada artıq batareya komandiri, diviziya komandiri var. O, real hadisələrdən çıxış edərək Qars vilayətinin müsəlman əhalisinin müəyyən bir plan əsasında məhv edildiyini və üç il müddətində bu hadisənin davam etdiyini də Seym üzvlərinin diqqətinə çatdırmışdı. A.B.Səfikürdski eyni zamanda türk qoşunlarının irəliləməsinin səbəbini bu hadisələrlə əlaqələndirmişdi. Daha sonra çıxış edən N.Jordaniya anarxiyanın milli toqquşma forması almasının getdikcə gücləndiyini etiraf etmişdir. Lakin o, bu anarxiyanın qarşısının alınması və günahkarların cəzalandırılması üçün komissarlığın gücünün və səlahiyyətinin olmadığını bildirmişdi.
Qafqazdakı anarxiya ilə bağlı çıxış edən Cənubi Qafqaz Komissarlığının (CQK) sədri Y.P.Gegeçkori bunun səbəbini bəzi hərbi hissələrin ayrı-ayrı millətlərin nəzarəti altında olması ilə əlaqələndirmişdi.
Seymdə ticarət və sənaye işləri üzrə komissar Məmməd Yusif Cəfərov da çıxışında İrəvan quberniyasında vəziyyətin faciəli olduğunu qeyd etmiş və quberniyanın müsəlman əhalisinin ağır günlərini yaşadığını bildirmişdi.
Seymin sonrakı yığıncaqlarının birində diyarın ayrı-ayrı yerlərində baş vermiş qarşıdurmaları tədqiq edən və fövqəladə xarakter daşıyan 5 nəfərdən ibarət Parlament Komissiyasının yaradılmasına razılıq verilmişdir. Komissiyanın tərkibinə “Müsavat” fraksiyasından Xan Xoyski, sosialist-inqilabçılar fraksiyasından Atabəyov, sosialistlər fraksiyasından Səfikürdski, menşeviklərdən Georqadze, “Daşnaksütyun” fraksiyasından Xaçaturyans daxil edilmişdilər.
Komissiyanın yaradılmasına baxmayaraq, yenə də İrəvan quberniyasında dinc türk-müsəlman əhaliyə qarşı erməni silahlı dəstələrinin özbaşınalıqları ilə bağlı məlumatlar gəlməkdə davam edirdi. Ona görə də Seymin iclaslarında İrəvan quberniyasında erməni silahlı dəstələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətmiş olduğu qətliamlarla bağlı müzakirələr davam etdirilmişdi. Hətta İrəvan quberniyasındakı hadisələrlə əlaqədar olaraq Seymin 19 fevral tarixli iclasında fövqəladə səlahiyyətlərə malik olan Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlı qərar da qəbul edilmişdir. Buna baxmayaraq, İrəvan quberniyasında erməni silahlı dəstələrinin özbaşınalıqları davam etmişdi. Ona görə də Seymin 22 fevral tarixli (1918-ci il) iclasında İrəvan quberniyasının türk-müsəlman əhalisinin yaşadığı kəndlərdə ermənilərin törətmiş olduqları kütləvi qətliamlar yenidən müzakirəyə çıxarılmışdı. CQK-nın sədri Gegeçkori söz alaraq İrəvan quberniyasından çox böyük hadisələrlə bağlı məlumatlar daxil olduğunu bildirmişdi. Onun fikrincə, Seym həmin kədərli və qanlı hadisələrə biganə qala bilməzdi. Gegeçkori Seymin Rəyasət Heyətinin bu qanlı qırğınların qarşısını almaq üçün həm müsəlman, həm də erməni milli şuralarına müraciət göndərməsini məqsədəuyğun hesab etmişdir.
“Daşnaksütyun” partiyasının üzvü Amaspüre də İrəvan quberniyasında vəziyyətin yaxşı olmadığını etiraf etmişdir. Onun fikrincə, yaradılmış parlament komissiyası bütün məsələlərlə, o cümlədən İrəvan quberniyasındakı məsələ ilə də məşğul olmalı idi. Lakin Amaspüre çıxışında İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törədilən qətliamlarla bağlı konkret bir fikir söyləməmiş, yalnız ümumi sözlərlə kifayətlənmişdir. O, İrəvan quberniyasındakı hadisələrdən diqqəti yayındırmaq üçün, Yelizavetpol quberniyasındakı hadisələrə də diqqət yetirilməsini bildirmişdi.
Cənubi Qafqaz Diyarında baş verən milli münaqişələr Seymin 7 mart tarixli iclasında da müzakirə olunmuşdur.
Seymin 7 mart tarixli axşam iclasında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Georgadze (o həm də həmin komissiyanın sədri idi), fevralın 17-21-i arasında İrəvan şəhərində və İrəvan quberniyasında baş vermiş acınacaqlı və kədərli faciə ilə bağlı geniş məlumat vermişdir. O, çıxışının əvvəlində guya “silahlı azərbaycanlılar cəbhəyə getmək istəyən gürcü və erməni hərbçilərini tərk-silah edir və cəbhəyə getmələrinin qarşısını alırmış” fikrini bildirmişdi. Georgadze qarşıdurmanın əsas səbəbkarını azərbaycanlı əhali arasında axtarmağa çalışmışdı. Lakin o, hesabatında real faktlardan yayına bilməmiş və müsəlmanların da kütləvi qırğınlara məruz qaldıqlarını və onların yaşadıqları kəndlərin boşaldıldığını etiraf etmişdir. Daha sonra 17-21-i fevralda Qəmərli kəndində baş vermiş qırğınlar haqqında məlumat verən Georgadze Qəmərli kəndinin əhalisinin müsəlman və ermənilərdən ibarət olduğunu və müsəlmanların yaşadığı hissənin məhv edildiyini, ermənilərin yaşadığı hissədə isə hər şeyin öz yerində olduğunu və heç kimin zərər görmədiyini qeyd etmişdir. O, Uluxanlı, Dəvəli və başqa kəndlərin də taleyinin acınacaqlı olduğunu Seym üzvlərinin diqqətinə çatdırmışdı. Georgadze müsəlmanların daha çox qətlə yetirilməsinin səbəbini ermənilərin köməyinə İrəvandan pulemyot və artilleriya ilə silahlanmış nizamlı erməni hərbi hissələrinin gəlməsini əsas kimi göstərmişdi. Onun və nümayəndə heyətinin digər üzvlərinin fikrincə, günahsız uşaqların, qadınların və qocaların məhv edilməsində nizami ordunun iştirakı yolverilməzdir və günahkarlar müvafiq cəzalarını almalıdırlar.
Həsən bəy Ağayev də fevralın 17-dən 21-dək İrəvan quberniyasında və İrəvan şəhərində baş vermiş dəhşətli hadisələr haqqında geniş məlumat vermişdir. O, 3 min nəfərin yaşadığı 1200 evin Yer üzündən silindiyini, o cümlədən Uluxanlıda 1200 evin 6 saat ərzində, bir-birindən müəyyən məsafədə yerləşməsinə baxmayaraq və gildən tikilmiş bu qədər evin yandırılması üçün çox intensiv və təcili iş tələb olunuduğunu qeyd etmişdir. Görünür, ermənilər bu cinayəti həyata keçirmək üçün qabaqcadan hazırlıq işləri görmüşdülər.
H.Ağayev erməni hərbi hissələrinin müsəlmanların yaşadıqları kəndlərə hərəkət etmələrinə göstəriş verən şəxslərdən Dronun və İrəvan quberniyasının ordu komandanı, polkovnik Pirumovun adını çəkmişdir. O, polkovnik Pirumov, komissar Dro (Drastamat Kanayan) və başqalarının “guya müsəlmanlar komunikasiya xətlərinin qarşısını kəsirlər” kimi formal izahatların doğru olmadığını Seymdəki fraksiya nümayəndələrinin diqqətinə çatdırmışdı.
Seymdə çıxış edən Məhərrəmov isə İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törədilən dəhşətli qırğınları misli görünməmiş faciə adlandırmışdı. Jordaniya isə İrəvan quberniyasında və İrəvan şəhərində baş vermiş hadisələrə münasibət bildirərkən ortada iki faktın olduğunu və əsas diqqətin həmin iki fakt üzərinə yönəldilməsinin vacibliyini vurğulamışdır. Həmin iki faktdan birincisi ondan ibarətdir ki, erməni nizami ordusu dinc insanları güllələyir və kəndləri dağıdır. Digər fakt isə odur ki, erməni eşalonuna keçib getməyə imkan verilməyib və yolları bağlayıblar. Əsas mübahisə doğuran fakt ondan ibarətdir ki, bu hərbi hissələr onların qarşısını kəsən hər hansı maneəni dəf edib müəyyən olunmuş yerə getmək əvəzinə, öz yollarından dönərək kəndlərə girir, əhalini qırır, hətta evləri yandırırlar. Əgər dövlət tərəfindən maliyyələşdirilən və cəbhəyə göndərilən nizami ordu tərəfindən bu cür hadisələr baş verirsə, onda hökumət günahkarları cəzalandırmaq üçün müəyyən tədbirlər görməli idi. Lakin hökumət heç bir tədbir görməmişdir.
İrəvan quberniyasında erməni hərbçiləri tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilmiş dəhşətli qırğınlarla bağlı Seymin üzvü F.Köçərli hadisələrə tarixi reallıqlardan yanaşaraq bildirmişdir ki, əgər dəmir yolu ətrafında yaşayan müsəlman əhalisi cəbhəyə getmək istəyən hərbi eşalonun hərəkətinə mane olduğuna görə hadisələr baş vermişdirsə, bəs onda həmin dəmir yolu xəttindən 20-40 verstlikdə yerləşən və dinc həyatlarını yaşayan kəndlərin günahı nə idi? Bu hadisələrə heç bir aidiyyatı olmayan İrəvan şəhərinin günahı nə idi?
F.Köçərli də İrəvan şəhərində müsəlmanlara qarşı törədilmiş qırğınlarda erməni hərbi hissələrinə rəhbərlik etmiş Dronu günahkar bilmişdi.
“Müsavat” partiyasının adından çıxış edən Ş.Rüstəmbəyov İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı törədilmiş qanlı cinayətlərin “Daşnaksütyun” partiyasına tabe olan hərbi hissələrin törətdiyini və bu ordunun başında hərbi komissar Dronun və polkovnik Pirumovun durduğunu qeyd etmişdir. Ş.Rüstəmbəyov “Daşnaksütyun” partiyası tərəfindən hərtərəfli izahatın verilməsini tələb etmişdir.
Daha sonra Seym İrəvan hadisələri haqqında nümayəndə heyətinin məlumatını dinləyərək 7 bənddən ibarət qərar qəbul etmişdir. Həmin qərar aşağıdakı bəndlərdən ibarət idi:
1) Sərhədlərin mühafizəsini təşkil etmək üçün eşalonların maneəsiz getməsi üçün tədbirlər görülsün.
2) Hərbi hissələrdən yaradılmış (qarışıq hərbi dəstə) qarışıq eskadron İrəvana göndərilsin.
3) Qaçqınlara yardım edilsin və onlar öz kəndlərində yerləşdirilsin.
4) Zaqafqaziya Hökumətinin razılığı olmadan cəza dəstələrinin göndərilməsi qadağan edilsin.
5) Milli ordular diyarın ümumi hakimiyyəti altında mərkəzləşdirilsin.
6) İrəvan hadisələri ilə əlaqədar istintaqın başlaması fövqəladə təhqiqat komissiyasına tapşırılsın.
Seymin iclasında milli münaqişələrlə bağlı müzakirələr aparılarkən rus əhalisinin də təqib və təzyiqlərə məruz qaldıqları haqqında məlumatlar verilmişdi. Məsələn, Seymin 17-ci iclasında Rus Milli Şurasının Müvəqqəti Zaqafqaziya Bürosunun adından Seymin katibliyinə verilmiş ərizədə rus kəndlilərinə qarşı mənəvi təzyiqlərin, qırğınların olduğu qeyd edilmiş və rus kəndlərinin qarət olunmasının dayandırılması, dəymiş zərərin ödənilməsi və günahkarların cəzalandırılması tələbi irəli sürülmüşdür.
Seymin 17 mart tarixli iclasında Sadaxlıda baş vermiş erməni-müsəlman qarşıdurması ilə bağlı uzun-uzadı müzakirələr getmişdir. Bu iclasda Cənubi Qafqazda milli qarşıdurma özünün ən yüksək mərhələsinə çatdığı və bunun regionda millətlərarası münasibətlərin gərginlşməsinə təsir etdiyi qeyd olunmuşdur.
M.Ə.Rəsulzadə də Zaqafqaziyada baş verən milli qarşıdurmalar, eləcə də Zaqafqaziyada qayda-qanunların yaradılması, bölgədə baş verən siyasi hadisələrdə mərkəzi hökumətin, o cümlədən Seymin tutduğu mövqe ilə bağlı geniş çıxış etmişdir. O, demokratiyanın müdafiəçisi yalnız bir fraksiya deyil (burada o, “bir fraksiya” deyəndə gürcü sosial demokratlarını nəzərdə tuturdu – V.Ş.), bütün fraksiyalar demokratiyanın və kəndlilərin müdafiəçiləri hesab olunduğunu bildirmişdi. Onun fikrincə, Seymdə yalnız menşeviklərin demokratiyanın nümayəndələri hesab olunduğu, digər fraksiyalara isə bütün əhvalatların günahkarı və başqa fraksiyanın qarşısında cavabdehlik daşıdıqları kimi baxılmasının düzgün olmadığını vurğulamışdır. Çünki Seym orada təmsil olunan bütün fraksiyalardan təşkil olunmuşdur. O, Müvəqqəti Zaqafqaziya hökumətinin hər bir addımının fraksiyalar tərəfindən müdafiə edilməsini irəli sürmüşdür. Çünki bu hökumətin təşkil olunmasında fraksiyalar yaxından iştirak etmiş və ona səs vermişdilər. M.Ə.Rəsulzadənin fikrincə, qayda-qanunun yaradılmasında yalnız bir fraksiya çalışır kimi görünməməlidir. Bu o vaxt ola bilər ki, bir fraksiya hökuməti təşkil edə bilsin və bütün məsuliyyəti öz üzərinə götürmüş olsun.
M.Ə.Rəsulzadə müsəlmanların ittiham olunmasının əleyhinə getmiş və müsəlmanların yaşadığı bölgələrdə qayda-qanunun qorunması üçün milis təşkilatının yaradılması və onların silahla təmin olunması ilə bağlı mərkəzi hökumətə dəfələrlə edilən müraciətlərin cavabsız qaldığını bildirmişdi.
Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırımı
Seymin 1918-ci il 20 mart tarixli iclasında Bakı hadisələri ilə əlaqədar ciddi müzakirələr getmiş və A.Səfikürdski, M.Ə.Rəsulzadə, M.Mahmudov, M.Y.Cəfərov, hökumət nümayəndəsi Noy Ramişvili çıxış etmişdilər. Daha sonra çıxış edən A.Səfikürdski bolşeviklərin beynəlmiləlçi olmadıqlarını, bolşevizm maskası altında tamamilə velikorusiya partiyası olduğunu bildirmişdi.
Seymin 24 mart tarixli iclasında çıxış edən Lordkipanidze martın 18, 19 və 20-də Bakı şəhərində baş vermiş dəhşətli hadisələrdən bəhs edərkən müsəlman əhalisinin zərər gördüyünü bildirmişdi. Lakin o, çıxışında dinc müsəlman əhalisinə qarşı qırğınlar (bu qırğın zamanı Bakı şəhərində 12 mindən çox dinc insan – türk-müsəlman əhalisi qətlə yetirilmişdi) törətmiş erməni silahlı dəstələrindən və onların hansı təşkilata məxsus olmalarından bəhs etməmişdir.
M.Ə.Rəsulzadə isə çıxışında mart soyqırımından danışarkən Bakıda baş vermiş toqquşmalarda bolşeviklərin hərbi hissələrinin erməni hissələri, erməni əsgərləri olduğunu göstərmişdi. Həmin hərbi hissələrə “Daşnaksütyun” partiyasının çox böyük təsiri olduğunu qeyd edən M.Ə.Rəsulzadə haqlı olaraq bildirmişdi ki, əgər onlar bolşeviklərlə bir yerdə Zaqafqaziya Seyminə və Zaqafqaziya Komissarlığına müharibə elan edirsə, onda həmin qüvvələrin qarşısını necə almaq olar… O, Zaqafqaziyanın müstəqilliyinə həm şimaldan, həm də cənubdan təhlükənin olduğunu bildirsə də, Zaqafqaziya üçün daha çox təhlükənin bilavasitə şimaldan olduğunu, oradan bizim üzərimizə atəş və qılıncla gəldiklərini Seym üzvlərinin diqqətinə çatdırmışdı. M.Ə.Rəsulzadə əgər Zaqafqaziya hökuməti və Zaqafqaziya Seymi müsəlman sosialistlər blokunun tələbinə uyğun olaraq qəti addımlar atmasa, onda burada oturaraq bir yerdə işləməyin mümkün olmayacağını vurğulamışdır. O, “şimaldan gələn hücum bizim müstəqilliyimizə, həmrəyliyimizə təhlükə yaratdığına görə bütün vasitələrlə bolşeviklərə qarşı durmağın vacibliyini” qeyd etmişdir. Seymin iclasında çıxış edən M.Mahmudov isə Bakıya nümayəndə heyətinin əvəzinə qüvvə göndərməyin lazım olduğunu bildirmişdi.
S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin erməni silahlı dəstələrinin Şamaxı və Bakı qəzalarında türk-müsəlman əhaliyə qarşı törətmiş olduqları soyqırımı hadisələri bütün Cənubi Qafqazda siyasi hadisələrin gərginləşməsinə təsir göstərmişdir. Hətta Cənubi Qafqazın hökumət nümayəndəsi Noy Ramişvili öz çıxışında hökumət tərəfindən çox ciddi tədbirlər görüldüyünü diqqətə çatdırmışdı.
Qaçqınlara yardım məsələsi
Seymin 2 may (1918-ci il) tarixli sessiyasında qaçqınlar məsələsi müzakirə olunarkən M.H.Seyidov çıxış edərək qaçqınlara ayrılan vəsaitin düzgün bölüşdürlmədiyinə görə öz etirazını bildirmişdi. O, büdcə komissiyasının qanun layihəsində Batum və Qars qaçqınları (erməni və gürcü qaçqınları nəzərdə tutulur – V.Ş.) üçün 10 milyon rubl vəsaitin ayrılmasını alqışlamış, amma qeyd etmişdir ki, nəyə görə komissiya Bakı, İrəvan quberniyalarını və Şamaxı qəzasını (bu bölgənin qaçqınları türk-müsəlman əhalisindən ibarət idi – V.Ş.) nəzərdən qaçırmışdır.
O, İrəvan quberniyasında evlərin dağıdılmasının davam etdiyini, 130 kəndin qarət olunduğunu, qaçqınların sayının isə 100.000 olduğunu bildirmişdir. M.H.Seyidov Yelizavetpol (Gəncə) və Şamaxı qaçqınlarından bəhs edərkən, Zaqafqaziya hökuməti tərəfindən ayrılmış 1.000.000 rublu indiyə kimi almaq mümkün olmadığını da Seym üzvlərinin diqqətinə çatdırmışdı.
Yuxarıda qeyd olunan faktlardan da bəlli olur ki, Cənubi Qafqaz Seymi və hökuməti qaçqınlara ögey-doğmalıq münasibəti göstərmişdir. Yəni Qars və Batumdan olan erməni və gürcü qaçqınlarına 10 milyon rubl ayrılmış, İrəvan, Yelizavetpol quberniyalarından və Şamaxı qəzasından olan türk-müsəlman qaçqınlarına isə cəmi 1 milyon rubl ayrılmasına rəğmən həmin vəsait verilməmişdir.
Beləliklə, aparılan təhlillər belə bir nəticəyə gəlməyə imkan verir ki: 1) Birinci Dünya müharibəsinin davam etməsi, Rusiyada baş vermiş fevral inqilabı və oktyabr silahlı çevrilişi böyük çaxnaşmalara yol açmış və bundan erməni silahlı dəstələri yararlanaraq türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımları törətmişlər; 2) Cənubi Qafqaz Seymi (fəaliyyət dövrü – 10 fevral – 26 may 1918-ci il) milli qarşıdurmaların və anarxiyanın qarşısını ala bilməmişdi.
Erməni silahlı dəstələrinin İrəvan və Bakı quberniyalarında türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi soyqırımlarının qarşısının alınması və bu işdə əli olan erməni hərbçilərinin cəzalandırılması ilə əlaqədar Seymdə müzakirələr aparılsa da, sonda erməni və gürcü nümayəndələrinin mane olması səbəbindən elə bir təsirli tədbirlər görülməmişdir.
Yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyalarında türk-müsəlman əhalinin soyqırımının qarşısını almaq mümkün olsa da, İrəvan quberniyasında bu, mümkün olmamışdır.
VAQİF ŞİRİNOĞLU,
tarix elmləri doktoru
31.03.2024, https://www.azerbaijan-news.az