“Quran nəşrləri” nəşriyyatının direktoru Rasim Müzəffərli və Azərbaycan ISBN Agentliyinin Koordinatoru Səbinə Əlimərdanova ilə ISBN barədə danışdıq.
Fuad Babayev: Əvvəllər kitabın titul vərəqində qrif olurdu. Amma hazırda kitablarda qrif yoxdur. Qrifli nəşrin ISBN-dən (International Standard Book Number – hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrədir – red.) fərqi nədir?
Səbinə Əlimərdanova: Qrif var. Onu Təhsil Nazirliyi verir.
Fuad Babayev: Sovet vaxtı nəşr edilən istənilən kitabda qrif olurdu.
Rasim Müzəffərli: Bəli kitablar üçün nəzərdə tutulmuş kodlar var idi. Sovet vaxtı kitabın titul vərəqində qeyd edilən kodlar kitabın “QOST”-u (ГОСТ, Государственный стандарт – Dövlət standartı, SSRİ-də mövcud olmuş əsas standartlar kateqoriyasından biri – red.) idi. “QOST”a aid olan UDK (УДК – Универса́льная десятичная классификация. Universal onluq təsnifatı, Bu sistem, elm, ədəbiyyat, incəsənət, dövri çap, müxtəlif növ sənədlərin kartotekasını yaratmaq üçün istifadə olunur – red.) və BBK (ББК – Библиотечно-библиографическая классификация. Biblioqrafik Kitabxana təsnifatı. Bu təsnifat kodu vasitəsilə nəşrin hansı tematik bölməyə aid edilməsi müəyyən olunur -red.) kodları ancaq SSRİ məkanı üçün keçərli idi və təbii ki, elektron formatda mövcud deyildi. Həmin kodlar yalnız kitabın texniki səhifəsinə yazılırdı. Bu kodlar əsasən kitabların kataloqlaşdırılması üçün kitabxanaçılara lazım idi. Bu kodlar həm də kitabın pirat nəşr deyil, rəsmi kitab olduğunu bildirirdi. Dünya rəqəmsal müstəviyə keçəndən sonra standartlaşma prosesi tamamilə başqa bir səviyyəyə keçdi. Bundan sonra ABŞ-da ISBN adlanan şirkət yarandı. Bu şirkət əvvəlcə öz kitablarını ISBN ilə təmin etməyə başladı və sonra isə bu standartları Avropaya və bütün dünyaya satmağa başladı. Bu standartlar həm kitabın rəsmiliyini göstərən işarə, həm nəşrin elektron axtarışı üçün istifadə edilən kod, həm də müəllif və ya naşir hüququnun atributudur. Bu unikal nömrə yalnız ona məxsusdur. Eyni zamanda kitabxanalarda kataloqlaşdırmada istifadə olunur. Son 10 il ərzində isə ISBN həm də kitabların elektron satışında çox vacib bir vasitədir. Hazırda işlək vəziyyətdə olan ISBN-lər Isbnsearch (https://isbnsearch.org – red.) portalında yerləşdirilibsə, kitabın üz qabığının şəkli, adı, müəllifi və nəşriyyat haqqında məlumat orada öz əksini tapır.
Fuad Babayev: Kitabın annotasiyası da orada olur?
Rasim Müzəffərli: Xeyr. Kitabın annotasiyası adətən orada olmur. Annotasiya satışda olan kitablar üçün nəzərdə tutulur. Isbnsearch portalından Amazon saytına (https://www.amazon.com – onlayn satış saytı – red.) keçəndə kitabların annotasiyasına rast gəlmək mümkündür. ISBN bu gün kitabçılıq sahəsində, kitab biznesində çox mühüm bir alətdir. Təəssüf ki, hazırda biz bu alətdən tam şəkildə istifadə edə bilmirik. Bu da bizim ideoloji mübarizəmizdə, ələlxüsus da Qarabağ məsələsində Azərbaycanı dünyaya tanıtmaqda elə bil ki, bu kitabların yolunu kəsmiş oluruq.
Fuad Babayev: Səbinə xanım, mən əldə etdiyim hər hansı bir kitabın ISBN kodunu harada tapmalıyam və axtarış zamanı mən onu tapa bilmirəmsə, problem nədədir?
Səbinə Əlimərdanova: Yerli nəşrlərə aid bütün ISBN nömrələr Milli ISBN Agentliyindən götürülür. ISBN nömrələrini nəşriyyatlar, fondlar, təşkilatlar, fərdi şəkildə müəlliflər, yəni kitab çapı ilə məşğul olan istənilən fiziki və hüquqi şəxslər ala bilərlər.
Fuad Babayev: Söhbət Sizin Agentlikdən gedir?
Səbinə Əlimərdanova: Bəli, Regional Agentlik Xəzər universitetinin nəzdindədir.
Rasim Müzəffərli: Bəs onda niyə ona Milli deyilir? Milli deyəndə adətən dövlət qurumu nəzərdə tutulur.
Səbinə Əlimərdanova: Biz Azərbaycan üzrə Regional Agentliyik. ISBN özü beynəlxalq təşkilatdır və 200-dən artıq ölkə ilə əməkdaşlıq edir.
Fuad Babayev: O cümlədən Azərbaycanla.
Səbinə Əlimərdanova: Bəli, Regional Agentlik olaraq Azərbaycanı 2000-ci ildən biz təmsil edirik. Kitab nəşr edildikdən sonra 3 nüsxə ISBN Agentliyinə təqdim olunmalıdır ki, həmin nəşrlər bizim yerli məlumat bazamıza və elektron kataloqa daxil edilsin. Azərbaycanda internetdə axtarış aparanda bu kitablar haqqında məlumatlar çıxır. Kitabı xaricə çıxarmaq istədikdə isə nəşri xarici saytlarda qeydiyyatdan keçirmək lazımdır. Naşir çap etdiyi kitabı Agentliyə təqdim etmədikdə biz onu görmədiyimiz üçün bazamıza daxil edə bilmirik. Bundan başqa naşirin hər hansı bir kitabxanaya hədiyyə etdiyi kitabı kitabxana elektron kataloqa daxil etdiyi təqdirdə də həmin nəşri internetdə tapmaq mümkündür. Beləliklə, kitab nəşr edildikdən sonra onun 3 nüsxəsi bizim Agentliyə, 2 nüsxəsi isə mütləq olaraq Milli Kitabxanaya təqdim olunmalıdır. Bu Nəşriyyatlar haqqında Qanunda (Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu – red.) da öz əksini tapıb. Çünki Milli Kitabxana respublika üzrə beynəlxalq kollektordur.
Təmkin Məmmədli: Sizdən ISBN alan nəşrlər haqqında məlumatı ancaq Xəzər Unuversitetinin Nəşriyyatının saytında tapmaq mümkündür?
Səbinə Əlimərdanova: Bəli.
Fuad Babayev: Səbinə xanım, bəs ingilis dilində nəşr etdiyimiz kitabların beynəlxalq portallarda və bazalarda da görünməsi üçün nə etməliyik?
Səbinə Əlimərdanova: Bunun üçün həmin nəşri xüsusi ödənişlər əsasında beynəlxalq satış portallarında qeydiyyatdan keçirməlisiniz. Bu ödəniş satışa çıxarılan kitabın saytda olma müddətinə və nüsxəsinə müvafiq surətdə müəyyən edilir.
Təmkin Məmmədli: Kitabı satışa çıxarmadan nəşr haqqında məlumatları beynəlxaq portallarda yerləşdirə bilmərik?
Səbinə Əlimərdanova: Bunun üçün siz kitabınızı hədiyyə olaraq həmin ölkəyə göndərməlisiniz ki, kitab haqqında məlumatlar bazaya daxil edilsin.
Fuad Babayev: Kəsr şəklində olan qriflərə deyəsən artıq ehtiyac yoxdur.
Səbinə Əlimərdanova: Siz akademik nəşrlər üçün nazirlikdən alınan qrifləri nəzərdə tutursunuz.
Fuad Babayev: Xeyr, elmi dərəcə, elmi rütbə almaq üçün olan qrifləri nəzərdə tutmuram. Əvvəllər biz kitablarımız üçün ISBN-lə yanaşı, həm də qrif alırdıq. Kitablar üçün aldığımız həmin qrif də işlək mexanizmdir?
Səbinə Əlimərdanova: ISBN kifayət edir. Çünki kitab çapı üçün qoyulan standartlara görə nəşrin mütləq beynəlxalq kitab nömrəsi olmalıdır. Bu, kitabın pasportudur. Bir ISBN yalnız bir nəşrə aid ola bilər. Eyni kitab həm elektron formatda, həm qalın, həm də nazik cilddə nəşr edilə bilər. Bütün bu format və nəşrlərin hər biri üçün fərqli ISBN olmalıdır. Amma 300 tirajla nəşr edilən kitabı heç bir dəyişiklik etmədən təkrar olaraq 200 tirajla da çap etmək istəyiriksə, bunun üçün ayrıca ISBN-ə ehtiyac yoxdur. Əvvəlki nəşrə verilən ISBN təkrar nəşrə də aid edilir.
Rasim Müzəffərli: Əgər müəllif və ya sahibkar kitabın rəsmi qeydiyyata düşməsini istəyirsə, hər cildin, hər seriyanın öz ISBN-i olmalıdır.
Səbinə Əlimərdanova: Bəli.
Rasim Müzəffərli: Amma ISBN-siz nəşr edilən kitablar var. Misal üçün bizneslə bağlı kataloqlar ISBN-siz nəşr edilir. Çünki bu nəşrlər daxili istifadə üçün nəzərdə tutulur.
Təmkin Məmmədli: Bəzən dərsliklərdə də ISBN-ə rast gəlmirik.
Rasim Müzəffərli: Dərsliklərdə olur.
Səbinə Əlimərdanova: Əslində olmalıdır. Çünki ISBN nəşriyyatların, kitabxanaların, kitab mağazalarının işini asanlaşdıran, qeydiyyata yardımçı olan, kitabı müdafiə edən unikal koddur. Bir kod bir nəşrə aiddir. Eyni nömrədə ikinci kitab ola bilməz.
Təmkin Məmmədli: 5-10 il bundan əvvəl nəşr edilmiş ISBN-li kitabları sizin Agentliyə təqdim etməklə onların saytda qeydiyyatına nail olmaq mümkündür?
Səbinə Əlimərdanova: Bəli, kitab bizə təqdim edilərsə, bu mümkündür. Həmin kitab həm də Xəzər universitetinin kitabxanasının kolleksiyasında nümayiş olunacaq.
Fuad Babayev: ISBN naşirlik fəaliyyətinin mühüm bir elementidir. Rasim müəllim, ümumiyyətlə, bizim kitab sənayemiz, onun inkişaf tempi bir naşir kimi Sizi qane edir?
Rasim Müzəffərli: Təbii ki, xeyr. Burada məsələlərə sistemli, hərtərəfli baxmaq lazımdır. Cəmiyyətimizin ümumi inkişaf səviyyəsi, insanların həyat tərzi, onların həyat keyfiyyəti, alıcıqlıq qabiliyyəti də nəzərə alınmalıdır. Digər tərəfdən sırf nəşriyyatların özü ilə bağlı problemlər var. Bir sıra nöqsanlar mən də daxil olmaqla naşir və nəşriyyatlara aiddir. Mən bu görüşə hazırlaşanda məxsusi olaraq evimdə kitabxanada olan bir sıra kitabların həm ISBN-ni yoxladım, həm də ümumiyyətlə kitablara naşir gözü ilə, oxucu gözü ilə baxdım. Misal üçün qarşıma elə kitablar çıxdı ki, texniki səhifədə bir, arxada isə başqa ISBN yazılıb. Elə kitablar oldu ki, maksimum 13 rəqəmli olan ISBN əvəzinə 15 və ya 12 rəqəmli kod yazılıb. Deməli artıq o ISBN-də səhv var. Təəssüf ki, bir sıra naşirlər köhnə ISBN-lərdən istifadə edirlər.
Səbinə Əlimərdanova: Sovet dönəminin ISBN-lərini belə tətbiq edirlər.
Rasim Müzəffərli: 2006-cı ildə “Qismət” nəşriyyatında çıxmış “Qurani Kərim”in ISBN-nini saytda axtarışa verdikdə Elçin Əlibəylinin 2005-ci ildə “MBM” nəşriyyatında çap edilmiş “Azərbaycan televiziyası” kitabı çıxdı. 2005-ci ildə çap edilmiş kitabın ISBN-ni təkrar “Qurani Kərim” nəşrinə də vurublar. Yeni ISBN almayıb 10 manata qənaət etməklə bu boyda günaha batmaq olmaz. Bayaq qeyd etdiyiniz kimi dərsliklər ISBN-siz nəşr edilə bilməz. Çünki Təhsil Nazirliyi bu nəşrlərin hamısını təsdiq etməlidir. Orada da ISBN əsas şərtlərdən biridir. Amma pirat nəşr edilmiş dərsliklərdə və yaxud azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş dərs vəsaitlərində ISBN olmaya bilər.
Təmkin Məmmədli: Bəs iş dəftərlərində?
Rasim Müzəffərli: Əslində iş dəftərlərində də ISBN olmalıdır. Əgər iş dəftərinin içərisində müəllif materialı varsa, mütləq ISBN olmalıdır. Vaxtilə bizim məktəblilər üçün buraxdığımız gündəliklərin ISBN-i olmurdu. Amma sonradan gündəliklərə himn, bayramlar, işğal tarixləri və s. məlumatları daxil etdiyimizə görə biz onlar üçün də ISBN aldıq. Bayaq Səbinə xanımın da qeyd etdiyi kimi naşirlərin əsas nöqsanlarından biri də kitaba ISBN vurduqdan sonra onun qeydiyyatına biganəliyidir. Yəni əgər ISBN işlək deyilsə, onun tətbiqinin heç biri mənası olmur. Əgər ISBN-i Agentlik qeydiyyatdan keçirməyibsə və kitab heç bir yerdə görünmürsə, o kod ümumuyyətlə lazımsız bir şeyə çevrilir. Təəssüf ki, naşirlər arasında onun əhəmiyyətini bilmək istəməyənlər çoxdur. Bunun da səbəbi odur ki, bir sıra hallarda naşir son məhsulda maraqlı deyil. Yəni nəşriyyat kitab çapına yalnız sifarış kimi baxır və onun kontenti ilə maraqlanmır. Çünki kitabın satışı nəşriyyata aid deyil.
Təmkin Məmmədli: Əslində bir çox nəşriyyatlar mətbəə funksiyasını həyata keçirir.
Rasim Müzəffərli: Bəli. Mən evdə Türkiyə, Almaniya, Rusiya, Latviya nəşri olan kitablara baxdım. Bu kitabların nəinki hamısının ISBN-i açılır, həmin nəşrlərin Amazonda satış qiyməti də göstərilir.Amma bizim kitablarda tamam başqa mənzərə ilə qarşılaşırıq. Bir az qohumbazlıq edib qohumlarımın kitablarını axtardım. Nə qardaşım Nazim İmanovun (AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor – red.), nə onun qayınatası Bəkir Nəbiyevin (Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, AMEA-nın həqiqi üzvü – red.) bir kitabı belə orada yoxdur. Halbuki hər ikisinin onlarla kitabı nəşr olunub.
Fuad Babayev: Isbnsearch.org saytı bütün dünyanı əhatə edən axtarış sistemidir?
Rasim Müzəffərli: Bəli.
Fuad Babayev: İnsan barmaqlarının izi unikaldır. Yəni dünyada 7 milyard insan varsa, o qədər də barmaq izi var. ISBN-də olan rəqəmlər yalnız bir kitaba aiddir.
Rasim Müzəffərli: Hələlik ISBN-də olan kombinasiyaların hesabına onun unikallığı təmin olunur. Amma gələcəkdə yeni texnologiyalar meydana çıxmasa problem yarana bilər. Yeni texnologiya isə bütün kitabların çipləşməsi ola bilər. Bu çipləşmə nəticəsində ola bilsin ki, ISBN öz aktuallığını itirsin.
Fuad Babayev: Situasiyanın belə durumda olmasından Sizin ISBN Agentliyinin əlbəttə ki, xəbəri var. Azərbaycanda nəşr olunan əksər kitabların ISBN-ni olsa da, onlar saytda axtarış zamanı çıxmır. Vəzyiyyəti stabilləşdirmək üçün hər hansı prosedur nəzərdə tutulur?
Səbinə Əlimərdanova: Hələ ki, qeydiyyatdan keçməklə bağlı bizim tələblərimiz bu formadadır. Yəni öz bazamızda, kataloqumuzda bizə təqdim olunan kitabları əks etdiririk. Təqdim olunmayan kitabları biz görə bilmirik.
Rasim Müzəffərli: Təqdim olunan kitablar arasında da təəsssüf ki, açılmayan ISBN-lər var. Tanınmış naşirlərlə söhbətim əsanasında məlum oldu ki, 2015-ci ilə qədər Agentliyə təqdim edilib edilməməsindən asılı olmayaraq nəşrlərin böyük bir hissəsi qeydiyyata düşürdü, ISBN-lər saytda görünürdü. Mən burada ISBN Agentliyini qınamıram. Hesab edirəm ki, ölkədə artıq elm, bilik, savad haqqında konsepsiyamızın olmasının vaxtı gəlib çatıb. Onun da mühüm tərkib hissəsi istər elektron, istərsə də ənənəvi kağız şəklində bilgi verən əsas mənbə təbii ki, kitablardır. Azərbaycanda da digər ölkələrdə olduğu kimi Kitab Palatasının yaranmasının və yaxud Milli Kitabxananın funksiya və büdcəsini artırmaqla orada bəzi konseptual işlərin görülməsinin vaxtı çatıb. Bu Standartlaşma Komitəsinə veriləsi məsələ deyil. Çünki Standartlaşma Komitəsinin bu funksiyanı həyata keçirəcək kadr potensialı yoxdur. Kitab işinin ümumi planlaşdırılması, uçot və nəzarət kimi məsələləri həyata keçirən Milli Agentlik yaradılmalıdır.
Fuad Babayev: Gürcüstan, Rusiya kimi qonşu dövlətlərdə Regional ISBN Agentlikləri özəl qurumların nəzdində fəaliyyət göstərir, yoxsa dövlətə tabedir?
Səbinə Əlimərdanova: Gürcüstanla bağlı məlumatım yoxdur. Amma Rusiyada bu funksiyanı Kitab Palatası həyata keçirir.
Rasim Müzəffərli: Gürcüstanda Milli Parlament Kitabxanasına ISBN Agentliyi funksiyası verilib. Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Milli Kitabxana, Ukraynada Kitab Palatası (ona Milli ISBN Agentliyi də deyilir – red.), Estoniyada Milli Kitabxana bu funksiyanı həyata keçirir. Amma ISBN-nin özü ABŞ-da özəl şirkətdir.
Səbinə Əlimərdanova: Böyük Britaniyada da ISBN özəl şirkətə məxsusdur.
Rasim Müzəffərli: Almaniyada da ISBN funksiyası özəl qurumdadır. Amma hesab edirəm ki, 400-500 illik kitab, 200 illik biznes ənənəsi olan ölkələrlə müqayisədə Xəzər Universiteti ISBN-lə bağlı bir sıra funksiyaları istəsələr də həyata keçirə bilməzlər. Onların hətta kitabların təqdim olunmasını məcburetmə mexanizmi yoxdur.
Səbinə Əlimərdanova: Kitabları ISBN Agentliyinə təqdim etməkdə nəşriyyatların özləri də maraqlı olmalıdır. Biz təbliğatımızı aparırıq. Əgər müəllif öz karyerasını qurursa, öz gələcəyini düşünürsə, tanınmağını istəyirsə, əlbəttə kitabını dünya standartlarına yaxın formatda nəşr etdirməlidir. Əgər ailən üçün öz xatirələrini nəşr etdirmək istəyirsənsə, o kitabı ISBN-siz çap etdirə bilərsən.
Rasim Müzəffərli: ISBN həm də kitabın satış şəbəkələrində tələb olunur.
Səbinə Əlimərdanova: ISBN əsasında da ştrix kod yaradılır. Hər region üçün ayrılmış ISBN nömrələri var, hər ölkənin, hər nəşriyyatın, hər nəşrin öz nömrəsi var. 13 rəqəmli kod 5 hissəyə ayrılır. ISBN-nin ilk 3 rəqəmi bu məhsulun ümumbazar nömrəsidir, yəni onun kitab olduğunu təsdiq edir. 4 rəqəmli ikinci hissə Beynəlxalq ISBN Agentliyinin müəyyən etdiyi ölkə kodudur. 3 rəqəmli növbəti kod nəşriyyata, 2 rəqəmli 4-cü kod nəşr olunan kitaba məxsusdur. Sonuncu yoxlanış rəqəmi isə bu rəqəmlərin doğruluğunu təsdiq edən nömrədir.
Rasim Müzəffərli: Bütün hallarda hesab edirəm ki, hazırda ISBN Agentliyi sırf kommersiya hissəsi Xəzər Universitetində qala bilər. ISBN məsələsi Xəzər Universitetinin problemi deyil. Çünki burada söhbət ISBN alqı-satqısından, onun təbliğindən getmir. Burada söhbət ümumiyyətlə bizim kitab sənayemizin, bilik, savad biznesimizin sahmana salınmasından gedir.
Fuad Babayev: ISBN problemini həll etmək üçün nə etmək lazımdır? Yeni bir təşkilat yaranmalıdır?
Rasim Müzəffərli: Əvvəla, bu məsələ ilə əlaqədar daha geniş və yüksək səviyyədə səlahiyyətli orqanların nümayəndələrinin və naşirlərin iştirakı ilə müzakirələr aparılmalıdır. Bu müzakirələri bayaq qeyd etdiyim kimi kitab biznesi ilə, onun idarəedilməsi ilə məşğul olan qurumların nümayəndələri təşkil etməlidirlər.
Fuad Babayev: Əlbəttə ki, Xəzər Universiteti nəşriyyatının nəzdində fəaliyyət göstərən ISBN Agentliyinin nümayəndələrinin iştirakı ilə.
Rasim Müzəffərli: Təbii ki, həmin müzakirələrdə ISBN Agentliyinin nümayəndələri əsas məruzəçilərdən biri olmalıdır. Onlar bu problemlərin texniki tərəfələrini, stimullaşdırıcı alətləri bizim hamımızdan yaxşı bilirlər. Burada söhbət təkcə Milli ISBN Agentliyinin funksiyasından getmir. Məsələyə bir az geniş baxmaq lazımdır. Burada söhbət ümumiyyətlə kitab sənayemizin səliqə-sahmana salınmasından gedir. Burada ISBN-dən başqa dövri nəşrlər üçün nəzərdə tutulan ISSN (International Standard Serial Number – red.), not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən ISMN (International Standard Music Number – red.), audio-video yazıların beynəlxalq standart eyniliyini müəyyən edən ISRC (International Standard Recording Code – red.), audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən ISAN (International Standard Audiovisual Number – red.) nömrələri də var.
Fuad Babayev: ISSN və ISMN-i də Sizin Agentlik verir?
Səbinə Əlimərdanova: Bəli, ISBN və ISMN-i Regional Agentlik təqdim edir.
Rasim Müzəffərli: Bünların hamısı kompleks şəkildə həll oluna bilər. Hesab edirəm ki, bunları qaydaya salmağın məqamıdır. Sizin ISBN məsələsini gündəmə gətirməyiniz çox gözəl təşəbbüsdür. Bugünkü söhbətimiz qeyd etdiyimiz konseptual məsələlərin müzakirəsi və həlli yolunda ilk qığılcım ola bilər. İstər Kitab Palatasının yaranmasından, istərsə də Milli Kitabxanaya hansısa əlavə funksiyaların verilməsindən asılı olmayaraq kitabların operativ axtarış məsələsi həll olunmalıdır. Hazırda Azərbaycanda kitab sahəsində bu kodların verilməsi ilk növbədə axtarışların təşkil olunması üçündür. Bu axtarışın da təşkili təəssüf ki, sıfır səviyyəsindədir. Bizdə müəlliflik hüququnun, patent hüququnun da axtarış sistemi qaydasında deyil. Bu problem bayaq sadaladığım kimi audio-vizual və s. məhsullara da aiddir. İkincisi, kitabın satışının və yayımının sistemli təşkili yoxdur. Bu intellektual mülkiyyətin başqa sahələrinə də aiddir. Ayrı-ayrı saytlar kitab satışı ilə məşğul olurlar. Amma ISBN vasitəsilə kimin kitab satdığını müəyyən etmək mümkün deyil. Nəşrlərin yayımı üçün müəlliflər öz kitablarının heç olmasa 5-10 nüsxəsini kitabxanalara verməlidirlər. Bundan başqa, biblioqrafik təsnifat məsələsinə diqqət çəkmək istəyirəm. ISBN-dən əlavə, müəllifin və ya kitabın adı ilə də axtarış sistemi olmalıdır. Bu funksiyaları əslində Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına vermişdilər. Hətta orada köhnə dissertasiyaları rəqəmsallaşdırıb “Milli Rəqəmsal Yaddaş” adı altında məlumat bazasına daxil edirdilər.
Səbinə Əlimərdanova: Əslində kataloqlarla, axtarış sistemləri ilə bağlı standartlara cavab verən proqram təminatları mövcuddur. Həmin proqram təminatları beynəlxalq standartlara cavab verməlidir ki, axtarışların nəticəsi də ona uyğun olsun.
Rasim Müzəffərli: Mövcud proqramlar üçün lisenziyalar alınmalı, onlar Azərbaycan dilinə adaptasiya edilməlidir. Bütün bunları Xəzər Universiteti həll edə bilməz. Çünki bu proqramların lisenziyası çox bahadır.
Səbinə Əlimərdanova: Xəzər Universitetində istifadə olunan lisenziyalı proqram təminatı beynəlxalq tələblərə cavab verir.
Rasim Müzəffərli: Mən sırf kitab təsnifatı ilə əlaqədar proqram təminatını nəzərdə tuturam.
Səbinə Əlimərdanova: Bu onlayn kataloqdur.
Rasim Müzəffərli: Bu kataloqdan biz də istifadə edə bilərik?
Səbinə Əlimərdanova: Əlbəttə. Xəzər Universitetinin saytında Kitabxanada Elektron Resurslar (https://khazar.org/az/item/1289 – red.) bölməsinə daxil olmaqla o kataloqdan istifadə edə bilərsiniz.
Təmkin Məmmədli: Elektron Resurslar bölməsində nəşrlərin siyahısı verilib?
Səbinə Əlimərdanova: Ümumiyyətlə, kitabxananın aldığı bütün nəşrlər orada əks olunur. Açar sözlərlə də həmin nəşrləri axtarışa vermək mümkündür.
Rasim Müzəffərli: Burada çox önəmli məsələlərdən biri də stimullaşdırma ilə bağlıdır. Bilik sənayemizi stimullaşdırmaq üçün biz biliyi istehsal edənləri həvəsləndirməliyik, onlara təkan verməliyik. Biz əgər axtarış və satış sistemini normal qura bilsək, bu həm də müəlliflərin stimullaşdırılmasına xidmət edəcək. Bu gün müəllif kitabının neçə nüsxə satılmasından xəbərsizdir.
Səbinə Əlimərdanova: Kitab satışı ilə müəllif məşğul olmamalıdır.
Rasim Müzəffərli: Normal sistem qurulduğu təqdirdə kitab satışını müəllif deyil, onun Agentliyi həyata keçirir. Bizdə satış agentliyinin funksiyasını yerinə yetirən ayrı-ayrı şəxslər var. Onlar da ancaq pirat dərsliklərin satışı ilə məşğuldurlar. Normal axtarış və satış sisteminin qurulması həm pirat nəşrlərin qarşısının alınması, həm müəlliflərin hüquqlarının müdafiəsi, həm də onların stimullaşdırılmasıdır. Burada söhbət təkcə kitabın internetdə axtarış zamanı tapılmasından getmir. Bu məsələni Kitab Palatası və ya hansısa qurum həll etməlidir.
Fuad Babayev: Bizdə Kitab Palatası var?
Rasim Müzəffərli: Yoxdur. Bunun üçün Kitab Palatası və yaxud Milli Kitab Agentliyi yaranmalıdır. Daha geniş götürsək Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsində görmək üçün intellektual mülkiyyətə yönəlik şərti olaraq Zehni Fəaliyyət Məhsulları Agentliyi adlanan qurum yaratmaq olar. Hesab edirəm ki, qaldırdığımız məsələlərin həllinə maraqlı tərəflərdən biri də Xəzər Universiteti Nəşriyyatıdır. Onlar da bu problemləri qaldırmalıdırlar.
Səbinə Əlimərdanova: Əlbəttə problem varsa, həll edilməlidir.
Rasim Müzəffərli: Bu sahədə müfafiq addımlar atılsa, əminəm ki, Azərbaycan ISBN Agentliyi daha məhsuldar fəaliyyətə keçə bilər. Onlar da bu məsələdə dövlətin dəstəyini hiss edərlər. Yəni məsələlərin daha yüksək səviyyədə və geniş müzakirəsinə ehtiyac var.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 15 sentyabr 2021-ci il tarixində baş tutub
Materialda “https://ru-science.com” saytının fotosundan istifadə edilib.