Memarlar İttifaqında İspaniyanın memarlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq bildirib ki, xarici həmkarlarla müxtəlif layihələr hazırlamaq əsas istiqamətlərdən biridir. Son 10 ildə bir sıra ölkələrin memarları ilə görüşlər keçirilib, bir neçə məsələlər müzakirə edilib.
“Belə görüşlər memarlara bir-birilərini və eləcə də mədəniyyətləri qarşılıqlı şəkildə tanımağa çox böyük imkan yaradır. Mədəniyyətlərin təbliği, tanınması və biri-birinə töhfə verməsi sülhü möhkəmləndirər və münaqişələrə yol verməz. Bu gün İspan Memarlar İttifaqı ilə Azərbaycan Memarlar İttifaqının arasında imzalanacaq memorandum memarların əməkdaşlığının əsasını yaratmaqla yanaşı iki ölkə arasındakı əlaqələrin də inkişafına töhfə verəcək. Eyni zamanda, memarlıq sənətinin qarşılıqlı olaraq tanınmasını da təmin edəcək. Perspektivdə böyük layihələrin həyata keçirilməsi üçün planlarımız var və onların reallaşması istiqamətində bir-birimizə dəstək olmalı, əməkdaşlıq etməliyik. Bu əməkdaşlığın nəticəsində paytaxtımız Bakı şəhəri yeni və gözəl memarlıq töhfələri əldə edəcək”, – deyə Elbay Qasımzadə bildirib.
Görüşdə çıxış edən İspaniya Memarlar İttifaqının nümayəndəsi İniqo Ortis qeyd edib ki, Azərbaycan ilə İspaniya arasında həm tarixi, həm də mədəni irsi bənzərliyi var: “Bu irsi qorumaq və inkişaf etdirmək üçün birgə layihələr üzərində iş apara bilərik. Bu gün İspaniyada yeni və müasir üslubda hazırlanan arxitektura layihələri həyata keçirilir. Bu layihələrin reallaşdırılması zamanı ekoloji məsələlər daha çox nəzərə alınır. Tikinti zamanı ekologiyanın qorunması mühüm məsələdir”.
İspaniyalı memarı bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə kömək etmək məqsədilə danışıqlar aparılır.
Tədbirdə iştirak edən “F-Holdinq” MMC-nin nümayəndəsi Fərid Mustafayev vurğulayıb ki, əməkdaşlığın məqsədi Azərbaycanda memarların yaradıcılığına dəstək vermək, müxtəlif layihələri müsabiqə yolu ilə seçmək, memarlıq sənətini sərgi və kütləvi informasiya vasitələri hesabına təbliğ etməkdir.
Görüşdən sonra Azərbaycan və İspaniya memarlar ittifaqı arasında memorandum imzalanıb. Sənədin imzalanmasının məqsədi hər iki memar ittifaqları arasında birgə əməkdaşlıq və yeni layihələrin icrasını həyata keçirməkdən ibarətdir.