SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən işğaldan azad olunan ərazilərdə 11 min 256 metr daşıyıcı qaz xətti çəkilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O qeyd edib ki, söhbət daşıyıcı xətlərdən gedir, hər hansı bir rayonun və ya kəndin qazlaşmasından getmir. Qurum rəsmisi abonent sayı üzrə statistikanı da təqdim edib.
“Fevralın 1-i tarixinə “Azəriqaz” İB üzrə istehlakçıların sayı 2 milyon 599 min 43 nəfərə çatıb. Abonentlərdən 2 milyon 555 min 679-u əhali sektoruna, 43 min 364-ü isə qeyri-əhali sektoruna daxildir. Yalnız cari ilin yanvar ayı ərzində isə respublika üzrə 6761 yeni abonent qeydə alınıb”, – deyə şöbə rəisi əlavə edib.
E.Vəliyev bildirib ki, ötən ay ərzində respublika ərazisində fəaliyyət göstərən 417 məscid və dini məbədə təbii qazın əvəzsiz istifadəsi üçün limit ayrılıb.