İşğaldan azad olunan Füzuli şəhərində məskunlaşan sakinlər, eləcə də burada çalışanlar növbədənkənar prezident seçkilərinin səsvermə prosesində ruh yüksəkliyi ilə iştirak edirlər. Onlar burada yaradılan 3 məntəqədə səs verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzulidə seçici fəallığı müşahidə edilir. 84 saylı Füzuli seçki dairəsinin sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici var və seçki prosesini izləmək üçün 1020 müşahidəçi qeydə alınıb. Seçicilərdən 3619 nəfəri işğaldan azad olunan ərazilərdə qeydiyyata alınanlardır. Belə ki, seçkilərin davam etdiyi 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinidir. 75 saylı seçki məntəqəsində 1351 nəfər, 76 saylı seçki məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Füzuli şəhərində seçicilər arasında ilk dəfə səs verən gənclər də var. Onlardan biri də Amin İsmayılzadədir. O, AZƏRTAC-a müsahibəsində deyib: “Keçən ilin avqustundan Füzuli şəhərinə köçmüşük. Füzuli şəhərində ilk seçki keçirilir. On səkkiz yaşım yeni tamam olub. Bir azdan seçki məntəqəsinə daxil olub, ilk dəfə səs verəcəyəm. Bu, mənim üçün qürurverici hissdir”.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.