İşğaldan azad olunmuş ərazilərə səfər etmiş dünyanın məşhur səyyahlarının mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda səyyahlar səfər barədə təəssüratlarını bölüşərək jurnalistlərin suallarını cavablandırıblar.
“MTP” klubunun rəhbəri Çarlz Billi bildirib ki, işğaldan azad olunmuş ərazilərə səfər etmək onlar üçün xoş oldu. Qeyd edib ki, yerli əhalinin hələ də bu ərazilərə rahat şəkildə səyahət edə bilməməsi və 30 il ərzində gedə bilməməsi məyusedici haldır. “Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə böyük işlər görür – yollar çəkilir, hava limanları tikilir, yenidənqurma işləri həyata keçirilir”, – deyə o qeyd edib.
Finlandiyalı səyyah Kari Matti Valtari Qarabağ bölgəsinin çox gözəl mənzərəsi olduğunu söyləyib. O bildirib ki, ölkəmizin, ümumiyyətlə, gözəl təbiəti var.
K.Matti işğaldan azad olunan ərazilərdə mina probleminin olduğunu qeyd edib. O, səfər zamanı minatəmizləmə əməliyyatlarını da izlədiklərini bildirərək bu ərazilərin qısa müddət ərzində minalardan təmizlənəcəyinə, insanların bu səfalı yerlərə rahat ziyarət edə biləcəyinə və onlar üçün hər bir şəraitin yaradılacağına inandığını qeyd edib.
Göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkür edən əslən Belçikadan olan səyyah İvi Bve deyib ki, o, ekstremal turizmlə məşğul olur. O, işğaldan azad olunan ərazilərin turizm potensialının böyük olduğunu, lakin hazırda bu ərazilərə səyahət etməyin təhlükəli olduğunu diqqətə çatdırıb. “Ərazi minalardan tam təmizləndikdən sonra turistlər buraya rahat səfər edə biləcəklər. Biz gördüklərimizi daha geniş auditoriyaya çatdıracağıq. Azərbaycan buradakı həqiqətləri dünyaya qərəzsiz çatdırmağa çalışır. Biz bir daha buna əmin olduq”, – deyə səyyah vurğulayıb.
Amerikalı səyyah Miriam Stivens bildirib ki, bu, onun ölkəmizə ilk səfəridir. Qeyd edib ki, Azərbaycan böyük mədəni irsə malikdir. “Qarabağ insanların qədim yaşayış məskənlərindən biridir. Azıx mağarasında oldum. Bu yerlərdə turizm üçün böyük potensial var”, – deyə amerikalı səyyah əlavə edib.
Norveçli səyyah Yorn Auqstad səfərin çox maraqlı keçdiyini bildirib. Səyyah Qarabağın çox gözəl təbiətinin olduğunu söyləyib: “Qarabağ barədə təəssüratlarımı bir sözlə ifadə etmək çox çətindir. Ancaq demək olar ki, orada baş vermiş dağıntıları və həyata keçirilən yenidənqurma işlərini görmək insana müxtəlif hisslər yaşadır”.
Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Villinin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin səfəri yekunlaşıb. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.
Səyyahlar səfər çərçivəsində Şuşa, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri və azad edilən ərazilərdə tikinti quruculuq işləri ilə tanış olublar. Həmçinin onlar Ağalı kəndinə və tarixi abidə olan Xudafərin körpüsünə səyahət ediblər.
Bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers’ Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edib.