İspaniya Senatı qondarma erməni “soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini qəbul etməyib.
APA-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, mayın 13-də ölkə senatında layihə ilə bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən senatorların 130 nəfəri layihənin əleyhinə, 14 nəfəri lehinə səs verib, 68 nəfəri bitərəf qalıb.
Qeyd edək ki, layihəni Senata bu il mayın 4-də Kataloniyada fəaliyyət göstərən “Entesa” qrupu təqdim edib. İspaniyada iqtidarda Xalq Partiyası layihənin qəbul edilməsinin əleyhinə olub, müxalifətdəki Sosialist Fəhlə Partiyası və digər qruplar bitərəf qalıb.
Layihənin əleyhinə səs verən Senator Jose Maria Çiquillo çıxışında qərarını belə əsaslandırıb: “Biz parlament olaraq, tarixçilərin və ya məhkəmənin yerinə qərar verə bilmərik. Bu soyqırımı 22 ölkənin tanıdığını deyənlər bilsinlər ki, 168 ölkə də tanımayıb. “Soyqırımı” sözü ciddi ifadədir. İspaniyanın bu məsələdə edə biləcəyi Türkiyə ilə Ermənistan arasında qarşılıqlı dialoqa dəstək verməkdir”.