Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 7-12°, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacağı ehtimal edilir.