Suallarımızı Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova cavablandırdı.
– Kəmalə xanım, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan milli hərəkatı formalaşdıran əsas amillər hansılar idi?
– Milli hərəkat mövzusu istər yarandığı dövrdə, istərsə də sovet dönəmində müxtəlif fikirlərlə izah olunur, müxtəlif cür qarşılanırdı. Amma Azərbaycan tarixinin öyrənilməli ən mühüm problemlərindən və mövzularından biridir. Milli hərəkat milli dövlətçiliyə aparan yol olduğundan, öyrənilməsi sovet dövründə qadağan edilmişdi. Bu hərəkatın addımları, iştirakçıları xalqa elə tərzdə təqdim edilirdi ki, sanki milli yox, antimilli hərəkat idi. Bir millətin problemlərini qaldıran, onun həlli yollarını işıqlandıran hərəkat antixalq hərəkatı kimi təqdim olunurdu. Məsələnin kökündə isə Azərbaycan xalqını öz milli kökündən, milli dövlətçiliyindən qoparmaq, onu tamamilə bir yabançı cəmiyyətin tərkib hissəsi olduğuna inandırmaq məqsədi dururdu. Yalnız Azərbaycan öz müstəqilliyini qazanandan sonra bu mövzu doğru, obyektiv təhlilini tapdı. Azərbaycan milli hərəkatının əsas meyilləri XIX əsin əvvəllərinə aiddir və birbaşa rus isilası ilə bağlı olub. XIX əsrin ikinci yarısında velikorus şovinizminin millətçi ideologiyası formalaşdı və imperiyanın qeyri-rus təbəələri “инородец (özgə xalqa mənsub)” adlandırıldı. Arxiv materiallarının da şahidlik etdiyi kimi, bu siyasətin əsas hədəfi ziyalı şəxslər olub və onların hər bir addımının “siyasi cəhətdən etibarlılığı” dövlət orqanları tərəfindən ciddi nəzarət altında saxlanılıb. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiyanın və Avropanın aparıcı universitetlərində təhsil alan ziyalılar öz xalqının vəziyyətini digər xalqlarla müqayisə edir, onun gələcək inkişaf yollarını axtarmağa başlayaraq bir növ Azərbaycan xalqının formalaşmasını stimullaşdırırdılar. Ümumilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, bu dövrdə Azərbaycan ziyalılarının müxtəlif sahələrdəki fəaliyyətləri milli dirçəliş, milli oyanış, milli ruhun aşılanması prosesinə xidmət edirdi. Məhz bu fəaliyyətin qanunauyğun nəticəsi idi ki, milli demokratik ziyalıların içərisindən çıxmış siyasi liderlər və ideoloqlar Azərbaycan milli hərəkatının aparıcı və rəhbər qüvvəsinə çevrildilər. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simaları olacaq insanlar yeni, demokratik düşüncə gətirdilər. Düzdür, bu fikirlər maarifçiliyin təməlini qoyan insanlar – Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və başqaları tərəfindən Azərbaycan cəmiyyətinə çoxdan sızdırılmışdı. Həsən bəy Zərdabinin yetişdirdiyi çox böyük bir nəsil var – Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov. Bunların ardınca başqa bir nəsil yarandı və Azərbaycanda milli mətbuatın gözəl nümunələri formalaşdı. Məsələn, “Molla Nəsrəddin” sadə satirik jurnaldı, amma cəmiyyətə necə təsir göstərmə mexanizmi var idi. Azərbaycan cəmiyyətinin problemlərini sadə, hamının anladığı bir dildə çatdırır, bu problemlərin mahiyyətini anladırdı. Milli Cümhuriyyətin yaranması ilə Azərbaycan ziyalı zümrəsi öz qarşısına qoyduğu məqsədə mərhələ-mərhələ yaxınlaşdı. Tamamilə təbii haldır ki, milli ziyalı zümrəsinin yaranması və ilknəsillərinin inkişaf dinamikası ilə milli hərəkatın mərhələli inkişafı üst-üstə düşür.
– Azərbaycanda milli hərəkatı hansı mərhələlərə bölmək olar?
– Milli hərəkat geniş mövzudur. XIX əsrin sonlarından başlayıb, 1991-ci il oktyabrın 18-nə kimi davam edir. Başlanğıcını 1875-ci ildən götürən bu hərəkat dörd dövrə bölünür. Birinci dövr 1875-ci ildən 1904-cü ilədək olan dövrü əhatə edir. Şərti olaraq “Əkinçi” dövrü” adlanan bu illərdə hərəkatın ideya cücərtiləri dünyay gətirilib, onun ideoloji prinsipləri, nəzəri əsasları hazırlanıb, milli oyanış baş verib. 1905-1917-ci ilin fevralı hərəkatın ikinci dövrüdür. Bu illərdə hərəkat açıq siyasi mübarizə səhnəsinə çıxaraq öz siyasi tələblərini Rusiya imperatorluğunun yüksək dövlət idarələri qarşısında qoydu, siyasi partiyalar (İttifaqi-müslimin, Difai, Müsavat və s.) təşkilatlar yaratdı. Milli azadlıq hərəkatının üçüncü dövrü 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər davam edir. Bu dövrdə milli hərəkat Rusiyanı demokratik federativ respublikaya çevirmək, onun tərkibində Azərbaycan türklərinin milli muxtar cümhuriyyətini yaratmaq səviyyəsinə qalxıb, keyfiyyətcə yeni bir mərhələyə – islamçılıq, ümmətçilik buxovunu qırıb, türkçülük mövqeyinə yüksəldi. 1918-ci ilin martından sonra hərəkat müstəqil milli dövlətin yaradılması uğrunda mübarizəyə qalxıb və onu uğurla başa çatdırıb. Dördüncü dövr 1920-ci ilin aprelindən 1991-ci ilin 18 oktyabrına qədərki dövrü əhatə edir. Bu mərhələdə sovet işğal sisteminə qarşı müxtəlif yollarla, açıq və ya gizli, güclü və ya zəif formada olsa da, mübarizə aparılıb, nəhayət, 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyimiz bərpa edilib.
– Milli-siyasi partiyaların yaranması milli hərəkatın məqsədyönlü davamı sayıla bilərmi?
– Bəli. Azərbaycan milli siyasi partiyaları içərisində fəaliyyəti və cəmiyyətə təsir mexanizmi və milli hərəkatın son məqsədinə gəlib çatmamız baxımından “Müsavat” partiyasının yeri və rolu tam fərqlidir. 1911-ci ildə yarananda və formalaşanda qarşısına milli istiqal ideyasını qoydu və 1917-ci il fevral inqilabından və 1918-ci il mart soyqırımından sonra isə bu ideya daha da təkmilləşdi. Partiyalar öz qarşısına müxtəlif vəzifələr qoya bilərlər, ancaq onların sosial bazası formalaşmalıdır. Həmin bazanı, kütləni apxasınca aparmalıdır ki, milli istiqalal ideyasını gerçəkləşdirə bilsin. Xalq, millət isə 1918-ci ilin mart hadisələrindən sonra dərk etdi ki, milli, siyasi qüvvələrdən başqa arxalanacaq heç bir güc yoxdur. Yalnız onların arxasınca getməklə milli dövlətçiliyi qurmaq mümkündür. Həmin dövrdə sosial-demokrat ideyaları yayılmağa başlamışdı. Onları Rusiyadan bura sürgünə göndərilmiş inqilabçılar, fəhlələr yayırdılar. Sonrakı dövrdə inqilabçılar dərnəklər qurmaq, Rusiya Sosial-Demokrak Fəhlə Partiyasının özəklərini yaratmaqla bu ideyaları daha geniş surətdə yaymağa başladılar. Bolşevik ideyaları Azərbaycan cəmiyyəti üçün yad, sosial-demokratiya ideyası isə doğma idi. Çünki sosial-demokratiya bərabərçilik, sosial ədalət vəd edirdi. Bolşevizm isə milli istiqlala tamamilə tərs mütənasib olan vahid Rusiya ideyasını tərənnüm edirdi. Hərçənd üzdə xalqların hüquq bərabərliyi, öz müqəddəratını təyinetmə hüququnu şüar etmişdilər, amma əslində buna əməl etmədilər. Onların şüarları ilə konkret addımları arasında nə qədər təzad olduğu 1918-ci ilin martında üzə çıxdı. Bundan sonra Azərbaycanın milli hərəkatçıları və arxasındakı sosial baza dərk etdi ki, Azərbaycan “olum və ya ölüm” seçimi qarşısındadır. Ya dövlətimizi qurub, milli şərəf və ləyaqətimizi qoruyub var olacaqdıq, milli kimliyimizi dünyaya nümayiş etdirəcəkdik, ya da ərazilərimiz qonşu dövlətlər tərəfindən parçalanacaq və məhv olacaqdıq. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması çox böyük tarixi hadisə idi. Və bu hadisə bir gündə baş versə də, təkamillü-tarixi proses olaraq 1801-ci ildə rus istilasından sonra başlanmış, 1918-ci ilin 28 mayına kimi davam etmişdi.
– Ziyalıların ictimai-siyasi fəaliyyətinin əsas istiqamətləri hansılar idi?
– Ziyalılıq daha çox intellektlə bağlı məsələdir. Hərçənd heç bir diplom hansısa insanın ziyalı olmasına təminat vermir. Ziyalı olmaq üçün müəyyən ictimai-siyasi funksiyaları yerinə yetirmək lazımdır. Bu funksiyalar içərisində ən vacibi isə cəmiyyəti aydınlatmaq, ətrafında bir ictimai-siyasi fikir mühiti yarada bilməkdir. Bunu isə hər kəs bacarmırdı. Ona görə də ziyalı zümrəsi intellektual kütlənin üst təbəqəsidir. Elə Cümhuriyyəti də bu şəxslər qurdular. Ziyalı sözünün mahiyyətində işıqlandırmaq, aydınlatmaq durur. Bu isə birbaşa ictimai fəaliyyətlə bağlıdır. Həmin fəaliyyət mütləq ümummilli işə xidmət etməlidir. İntellekt sahiblərinin heç də hamısı ümumilli işə xidmət etmirdi. Ziyan vuranlar da çox idi. Onlar içərisində universitet bitirən və ətrafında müəyyən kütlə formalaşdıran insanlar da vardı. Amma milli inqilabçılar və milli demokratlar öz müsbət fəaliyyətləri ilə daha çox seçilirdilər. Sonda da milli dövlət quruculuğu işini uğurla yerinə yetirə bildilər.
– Ümumqafqaz müsəlmanlarının birinci qurultayının keçirilməsində ziyalıların rolunu və bu qurultayın tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Gözəl bir məsələyə toxundunuz. Bilirsiniz ki, Qafqaz Rusiya tərəfindən işğal olunduqdan sonra siyasi mərkəz kimi Tiflis seçilmişdi. Halbuki Qafqazın ən böyük iqtisadi mərkəzi Bakı idi. Nəinki Qafqazın, bütün Rusiyanın ən iri dörd sənaye mərkəzindən biri Bakı sayılırdı. Dünya neft istehsalı mərkəzlərindən biri də Bakı idi. Bu fakt həm Bakının ictimai-siyasi simasını dəyişdirdi, həm də Bakı yavaş-yavaş siyasi mərkəzə çevrilirdi. Türkçülüyün də mərkəzlərindən birinə çevrilməsi bu hadisə ilə bağlıydı. Ümumqafqaz müsəlmanlarının birinci qurultayının keçirildiy ərəfədə, 1917-ci il fevral-burjua inqilabından sonra müsəlman cəmiyyətlərinin hər birində canlanma yaranmışdı. Bakıda Müsəlman İctimai Şuralarının Müvəqqəti Komitəsi yaradıldı. Müvəqqəti Komitənin rəhbəri Məmmədhəsən Hacınski, müavini isə Məmmədəmin Rəsulzadə idi. Bu təşkilat 1917-ci il martın 29-da yarandı və ilk gündən “Kaspi” qəzeti vasitəsilə əhaliyə müraciət etdi ki, qarşısına qoyduğu əsas vəzifə milli birlik yaratmaqdır. Milli ictimai-siyasi qüvvələri ümumxalq işi naminə birləşdirmək lazımdı. Müraciətdə qeyd edilirdi ki, bundan əvvəlki bütün şəxsi intriqalara son qoyulmalı, hər kəs ümummilli platformada birləşməlidir. Qeyd edilən platforma məhz Ümümqafqaz müsəlmanlarının birinci qurultayında formalaşdı. Aprelin 15-dən 21-nə kimi Bakıda davam edən quruıtay böyük bayram hadisəsi idi. Bu tədbirdə həm mütərəqqi milli Azərbaycan burjuaziyasının, həm ziyalıların nümayəndələri, həm də Rusiyanın bütün müsəlman vilayətlərindən qonaqlar iştirak edirdi. Bir növ Azərbaycandakı bütün ictimai-siyasi qüvvələrin bir forumu idi. Burada sağlar, sollar, mühafizəkarlar, bolşeviklər təmsil olunurdu. Əlbəttə ki, mərkəzdə milli istiqlalçılar (əslində milli inqilabçılar deyilməlidir, çünki milli istiqlalçılığın əsası 1918-ci ilin martından sonra qoyulmuşdu – K.N.) dayanırdılar. Məmmədəmin Rəsulzadənin təklif etdiyi siyasi platforma müzakirəyə çıxarıldı. Əleyhinə səs verənlər, bunun Azərbaycan cəmiyyətinə daha çox ziyan verəcəyini söyləyənlər də oldu və sonda Qafqaz müsəlmanları və onun əsas qüvvəsi olan Azərbaycan türkləri Rusiya ərazisində ilk dəfə olaraq milli ərazi muxtariyyəti yaradılması ideyasını irəli sürdülər. Bildirildi ki, milli ərazi muxtariyyətindən başqa heç bir dövlət forması bu xalqların arzularını həyata keçirə bilməz. Rusiya Azərbaycanı 19-cu əsrin əvvəllərində işğal edəndə burada dağınıq da olsa, dövlət formaları – xanlıqlar var idi. Həmin xanlıqların əraziləri və dövlət strukturları var idi. Rusiya müstəmləkəçiliyi dövründə aparılan siyasət azərbaycanlıları milli dövlətçilik arzusundan ayrı salmışdı. Hesab edirəm ki, milli-mədəni muxtariyyət tərəfdarı olanlar da dövlətçilik əleyhdarları deyildilər. Sadəcə olaraq onlar cəmiyyətin hələ buna hazır olmadığı fikrində idilər. Milli inqilabçılar “Müsavat” partiyasının öndərliyi ilə Gəncədə Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi Türk federalistləri ilə iyunda birləşdilər və “Müsavat” partiyası milli hərəkatın liderinə çevrildi. Hətta Azərbaycan xalqının qatili Stepan Şaumyan da qeyd edirdi ki, dünənə qədər heç kəsin tanımadığı partiya Cənubi Qafqazın ən aparıcı partiyasına çevrilib. Müəssislər Məclisinə keçirilən seçkilər də onun bu sözlərini təsdiq edir. Zaqafqaziya Seymində də ən böyük fraksiya müsəlman fraksiyası idi.
– Məktəblərin açılması və kadr hazırlığı sahəsində Cümhuriyyətin fəaliyyəti ilə bağlı nə demək olardı?
– Milli hərəkat başladığı gündən məktəb və milli kadr hazırlığı məsələsi gündəmdən bir an da olsa, düşmədi. Azərbaycan maarifçiləri hesab edirdilər ki, Azərbaycan cəmiyyətində mövcud olan problemlərin həllinin ən təməl prinsipi maarifçilikdir. Əlbəttə, milli mətbuatın varlığı, onun cəmiyyəti aydınlatması böyük məsələdir, amma maaarifçiliyin təməli məktəbdən başlayır. Mən dissertasiyam üzərində işləyəndə Məmmədəmin Rəsulzadənin “Məktəb və mədrəsə” adlı silsilə məqalələri ilə rastlaşdım. “Açıq söz” qəzetində dərc olunmuş ondan çox məqalə idi. Məqalələrdə qeyd olunurdu ki, Azərbaycan ziyalıları yeni tipli məktəblər uğrunda mübarizə apara-apara səhvə yol verirlər. Nə qədər köhnə otaqlar, yeni tələblərə cavab verməyən tədris prosesi olsa da, bu məktəblər bizimkidir. Burada milli qayə formalaşmasa da, azərbaycanlı yetişdirilirdi. Biri var ki, azərbaycanlı olub, rus düşüncəsində olasan, biri də var ki, o qədər də böyük təhsilli olmasa da, milli düşüncəli olasan. Buna görə də məktəb və mill kadr hazırlığı çox vacib məsələ sayılırdı. Həmin məsələ milli hərəkatın 1917-ci ilin fevralından başlayıb, 1918-ci il mayın 28-dək olan dövrü əhatə edən üçüncü mərhələsində də bütün tədbirlərdə, qurultaylarda gündəmdən düşmürdü və aktual idi. Elə onun xüsusilə vacibliyi Cümhuriyyət qurulanda dərk edildi. Azərbaycan dili dövlət dili elan edildi, amma bununla yanaşı, kadr çatışmamazlığı üzündən kargüzarlıqda və digər işlərdə rus dilindən istifadəyə də icazə verilirdi. Çünki kadr yox idi. Kadrların hazırlanması milli dövlət quruculuğu prosesində həyata keçirildi. İstər Azərbaycan dilində tədris prosesi gedən məktəblərin, seminariyaların açılması, hərbi kadrların yetişdirilməsi həyati vacib məsələ idi. Yeni müstəqilliyini elan edən dövlətin Cənubi Qafqazda təlatümlərin davam etdiyi bir dövrdə, milli münaqişələrin davam etdiyi zamanda Bakı Dövlət Universitetini yaradılması ilə bağlı qərar verməsi çox önəmli məsələ idi. Və mən hesab edirəm ki, Bakı Dövlət Universiteti Cümhuriyyətin bizə qalan ən önəmli miraslarındandır. Çünki milli düşüncənin qurunub saxlanmasında və onun nəsildən-nəsilə ötürülməsində BDU-nun rolu əvəzsizdir.
Gündüz Nəsibov, 1905.az