Memar Elçin Əliyev və tarixçi-etnoqraf İsmayıl Umudlu ilə Keşikçidağ monastırından və digər ərazilərimizdə olan tarixi mədəniyyət abidələrimizdən danışdıq.
Fuad Babayev: Keşikçidağ monastırı ilə bağlı söhbətlər səngimək bilmir. Bu yaxınlarda sosial şəbəkədə iki gürcü idmançısının posterlə Şəhidlər xiyabanında çəkdirdiyi şəkli yayımlandı. Onlar həmin bu monastrın Gürcüstana məxsus olması ilə bağlı ingilis dilində bir sloqan yazıb əllərində tutmuşdular. Xroniki hal almış bu mövzu bizi çox düşündürür. Biz çox istərdik ki, Elçin müəllim öz fikirlərini səsləndirsin. Elçin müəllim ardıcıl olaraq Bakının abidələrinin qorunması ilə bağlı çağırışlar edir. Məndə bir vətəndaş olaraq elə bir hiss var ki, Keşikçidağda olduğu kimi bizim abidələrimizə həm şərik çıxmaq istəyənlər var, həm də özümüz onlara laqeyidik. Biz öz abidələrimizə yiyə çıxa bilirikmi? Bunun örnəkləri varmı? Bəlkə elə Bakıdan başlayaq. Bakıda durum sizi qane edirmi?
Elçin Əliyev: Təəssüf ki, əslində belə faktlar çoxdur. Mən də bu ölkənin oğluyam, mən də Bakıda yaşayıram və hər dəfə bu mövzuları qaldıranda özüm də xəcalət çəkirəm. Mən də çox vaxt istəyirəm ki, “Facebook”da yaxşı, pozitiv faktları yazım, hansısa memarlıq abidəsinin necə qorunmasından danışım. Amma təəssüf ki, neqativ faktları yazmağa məcburam, çünki ayrı yol yoxdur. Məsələn bu il Novruz bayramında oğlumla İçərişəhərdə gəzərkən gördüm ki, plastik və diktdən hazırlanmış doxsana yaxın gülü beton mismarı ilə vəhşicəsinə tarixi binaya vurublar. Bazar meydanında olan bu tarixi bina Arxeoloji muzeydir və qorunan abidələr siyahısındadır. Heç siyahıda olmasa da tarixi binaya belə bəzək vurmazlar. Doxsan gülə təxminən yüz otuz, yüz qırx beton mismarı vurulmuşdu. Bu binanın şəklini çəkib facebookda məlumat verməyə məcbur oldum. Bu da bizim memarlıq abidələrinə münasibətimiz. Bizdə müəyyən mövqe tutan bəzi insanlar öz yerlərində deyillər, deməli bu ölkəni sevmirlər, belə münasibət göstərirlər.
Fuad Babayev: Bu yaxınlarda Bakıdakı Ali Məhkəmə binasının gözəlliyinə görə 2-ci yer tutması haqqında Sizin paylaşdığınız məlumat diqqətimi çəkdi. O reytinq harada tərtib edilib?
Elçin Əliyev: Professional memarlar hesab edirlər ki, o bina düzgün tikilməyib. İndi XXI əsrdir, bu dövrün öz texnologiya və dizaynı mövcuddur. Təsəvvür edin ki, hansısa avtomobil mağazasına gedib 1913-cü ilin istehsalı olan maşını almaq istədiyinizi deyirsiniz. Adama dəli kimi baxarlar. Axı yeni texnika, yeni dizaynlı avtomobillər var. Bu memarlıqda da belədir. İndi inkişaf etmiş ölkələrdə yüz il əvvəl mövcud olmuş memarlığı yamsılamırlar. XIX əsrin son dövrünə məxsus memarlıq yaratmırlar. İndi müasir memarlığı yaradırlar. Bizim çox gözəl yerli daşımız var, materialımız var, onlardan müasir formada istifadə etmək olar. Günah çox vaxt memarlarda olur. Memarlar kompüterdə çox gözəl layihələr, vizualizasiyalar (memarlıqda layihənin qrafik təsviri – red.) çəkərək təəssüf ki, sifarişçini də aldada bilirlər. Yəni sifarişçi ona təqdim olunan layihənin müasir olmadığını bilməyə bilər. Ancaq memarlar bundan sui-istifadə etməməlidir.
Məsələn “Qış bulvarı” tikilən vaxtı bir neçə gözəl memarlıq abidələri söküldü. Bunun da günahı memarlardadır. Peşəkar memar ilk növbədə əraziyə baxmalı, həmin ərazini öyrənməlidir. Mən hansısa layihəni qəbul edəndə mütləq ərazi ilə tanış oluram. Bu memarlar isə heç həmin əraziyə gedib baxmayıblar. Mən yüz faiz əminəm ki, onların vizualizasiyasında həmin ərazidəki 2-3 binanın muzey və ya kafe kimi istifədəsi təklif olunacağı təqdirdə sifarişçi buna etiraz etməzdi. Təəssüf ki, çox vaxt problem memarın səriştəsizliyindən irəli gəlir.
Fuad Babayev: Bakının ortasında olan abidələrimizə münasibətimizə ən gözəl illüstrativ materialları Elçin müəllimin dediyi hadisələrdə gördük. Bəs bu Keşikçidağı necə, biz qoruya biləcəyikmi? Amma belə demək mümkünsə, bizim elmimiz, mədəniyyətimiz Keşikçidağ monastrını əlimizdə saxlamağa imkan verirmi?
İsmayıl Umudlu: Bizim sərhəd xidməti Keşikçidağın zirvəsində yerləşir. Bölgədəki ən yüksək strateji yüksəklikdədir. Amma sərhədimiz Keşikçidağdan Gürcüstana doğru 4 km hava məsafəsindən sonra başlayır. Yəni, əslində, bizim sərhəd ərazimizin dərinliyindədir. Çünki ora böyük dərələrdir. Keşikçidağ çox böyük bir ərazidir. Qarayazı çölünün şimal-şərq qismini, Qaltan deyilən bölgəni əhatə edir. Qarayazı çölü quraq iqlimə malikdir, qış otlaqları kimi istifadə olunur. Həmin o yüksəkliklər olan yerdə meşəli dərələr var. Avqust ayında orada ot qurşağa qədər qalxır. Bütün dərələrdə fermalarımız var. Yüksəklikdən baxanda fermalar görünür. Qazax-Ağstafa bölgəsinin əhalisi tarixən olduğu kimi bu gün də orada heyvandarlıqla məşğul olur.
Fuad Babayev: Bunların hamısı Ağstafanın ərazisidir?
İsmayıl Umudlu: Bəli, Ağstafa rayonunun ərazisindədir. Həmin o tarixi abidələr rayon boyu şimaldan tutmuş cənuba doğru dağların sisiləsi ilə 25 km-ə qədər uzanır. Bunlar Azərbaycan Respublikası sərhədləri daxilində olan ərazilərdir. Buranın təsərrüfat əhəmiyyəti haqqında danışmağa ehtiyac yoxdur. İkincisi buranın böyük turizm əhəmiyyəti və əsrarəngiz təbiəti var. Burada çoxlu mağaralar var. İnfrastruktur qurulsa, böyük turizm imkanlarından istifadə etmək olar. Qazax-Ağstafa bölgəsinin 150 minlik əhalisinin də həmin yerə böyük marağı müşahidə olunur. Amma mən Akademiyanın işçisi ola-ola ora getmək üçün bir həftə gözləməli oldum. Halbuki ora icazəsiz getməliyik. Sərhəd Xidmətinin adamları uzaqbaşı orada bizə nəzarət edə bilərlər. Bundan başqa rayonun kəndlərindən, məktəblərindən, idarələrindən turist qrupları ora getmək istəyir, amma bunun təşkili böyük problemə çevrilib. Ağstafa stansiyasından ora 75 km yoldur. Kifayət qədər böyük ərazidən söhbət gedir. Bu yollar torpaq yoldur, avtobusla ora çıxmaq çətindir. Ən azından yol çəkilməlidir ki, avtobuslar yuxarı qalxa bilsinlər.
Fuad Babayev: Bəs gürcülər ora belə intensiv şəkildə necə gəlir?
İsmayıl Umudlu: Ərazidəki o abidələr zolağının bəzi hissəsi Gürcüstanın sərhədləri daxilində, bir qismi də bizim sərhədlərimizin daxilində qalmışdı. İndi gürcülər bizim tərəfdə olan ərazilərə deyir mənim olsun. Nəyə görə? Çünki bu, xristian abidələridir. Azərbaycanda son zamanlar bu hadisələrdən danışan adamları izləyirəm. Həddən artıq savadsız yanaşma var. Ərazini bilmirlər, ən azından orada işləmiş arxeoloqlarımızın və digər mütəxəssislərimizin fikirləri ilə tanış olan yoxdur. İndiyə qədər rast gəlməmişəm, desinlər ki, bu mağara komplekslərini kim təsis edib. Bax, bu sualın ətrafında danışmağa dəyər.
Təmkin Məmmədli: Müxtəlif adlar çəkilir. Suriyadan missionerlər və s.
İsmayıl Umudlu: Bu abidə 500-cü illərdə IV Parsmanın zamanında tikilib. Gürcü kilsə tarixində bunu aydınca yazıblar. Yəni o zaman Suriyadan gələn assuriyalı, suriyalı rühanilər, yəni missionerlər bizim dağlarda öz təlimlərini yayırdılar. Həmin bölgə Albaniyanın Kambeçan vilayətidir, ondan cənubda Albaniyanın Hereti vilayəti yerləşirdi. Gürcü tarixində hamısının xəritəsini veriblər. Bunlar birmənalı şəkildə Albaniya əraziləridir. Bu missionerlər Gürcüstan ərazisinə gəliblər, Gürcüstanda, yəni İberiyada onları yaxşı qarsılayıblar. Sonra bu 13 nəfər adam (David, Stefan, İosif, Zenon, Antoni, İse, Tate, Şio, İsodor, Abibos, Mixail, Piros, İliya – İ.U.) ətraf bölgələrə yayılıblar. Bu hadisələr 542-557-ci illər arasında olub. Bunların inancına görə ibadət yeri yüksəklikdə olmalı, qapalı yerdə deyil, açıq səma altında ibadət etməlisən, mağara həyatı yaşamalı və tərki-dünya olmalısan. Yaxud bir bürc, ya bir qüllə tikilir, qüllənin başında da oturub ibadət edə bilərsən. Bu 13 nəfərin içindən David bura gəlib, Abibos Albaniyanın Hereti vilayətinə gedib, qalanları da başqa bölgələrə yayılıblar. Bunlar mağarada yaşayıblar. Sasanilərin o zaman burada olan valiləri onlara qarşı çox qəddar münasibətdə olub. Bu adamlar öz təriqətlərini, məzhəblərini yayıblar, özlərinə çoxlu ardıcıllar qazanıblar. Amma tərki-dünya olmaq istəyən adam mütləq özünə mağara qazmalı, öz şəxsi mağarası olmalı, bu mağaranı yaşayış üçün münasib qaydaya salmalı idi. Bu zaman təbii mağaralardan da istifadə edilirdi. Bölgədə təbii mağaralar da olub. Ora qum daşı, əhəng daşı bölgələridir, onu qazmaq nisbətən asandır, yəni bərk daş deyil. Beləliklə, onlar orada özləri üçün şərait yaradıblar. Yataq yeri, divara şamdan qoymaq üçün yer, ərzaq qoymaq üçün taxçalar, digər lazımi şeylər düzəldiblər, orada döşəmələrdə məzar yerləri də var. Bunların inancına görə ömrünü tərki-dünya həyat və ibadətdə keçirən mağara sahibi o mağaranın içində də dəfn olunmalıdır. O özü üçün daşdan qəbir də qazır. Mağaraların içindəki məzarlar bununla izah olunur. Burada yüzə qədər belə mağara var. Candargölün bərabərindən başlamış Ağstafa şəhərinin bərabərinə qədər təxminən 25 km-lik dağlıq zolaqda yüzə qədər belə mağara qeydə alınıb. Təkcə Keşikçidağ ətrafında iyirmiyə qədər belə mağara var. Biz bir-bir bu mağaraları gəzdik. Onların biri nisbətən böyükdür və qarşısında Suriyada, İordaniyada rast gəldiyimiz kimi qayaların özündən yonma kilsə və onun üç sütunu da var. 1980-ci illərdə gürcülər burada bərpa işləri aparanda müasir gürcü hərfləri ilə orada dinə aid nələrsə
yazıblar.
Təmkin Məmmədli: Gürcüstan ərazisində olan hissədə?
İsmayıl Umudlu: Bizim tərəfimizdə olub. Orada Aramı (suryani, assuriya – İ.U.) dilində yazılar yazılıb. Eramızın əvəllərində bu dil Şərqin diplomatiya dili olub. Hətta ehtimala görə, İsa Məsihin danışdığı dil olub. Bu, dağlardakı mağaralar missioner fəaliyyətin məhsuludur və ərazi də Qafqaz Albaniyasının siyasi xəritəsinə aiddir. Bunu gürcü və Azərbaycan müəllifləri də yazır. Ərazinin kimə məxsusluğu məsələsi də 1920-ci illərdə həllini tapıb. Gürcüstan SSR ilə Azərbaycan SSR arasında sərhədlər müəyyənləşdiriləndə, Azərbaycanın o zamankı dövlət rəhbəri Nəriman Nərimanov başda olmaqla xüsusi heyət ayrılır, Gürcüstan-Ermənistan-Azərbaycan arasında sərhədləri müəyyənləşdirən komisisya yaradılır. Qazax mahalının iki nüfuzlu şəxsi də həmin komissiyanın tərkibinə daxil edilir. Nəriman Nərimanovun təşəbbüsü ilə komissiyaya daxil edilənlərdən biri, 1918-1920-ci illərdə AXC Parlamentinin deputatı olmuş doktor Məmmədrza ağa Vəkilov ərazi, torpaq məsələləri ilə məşğul idi, o biri isə yerli sakinlərdən vəkil Mamay bəy Şıxlınski Moskva Universitetinin məzunu idi. Onlar savadlı adamlar idi. Gürcülər sərhədin Poylu stansiyasında qoyulmasında israr edirdilər və bütün Qarayazı çölünün onlara aid olmasında təkid edirdilər. Komissiya isə ərazinin təsərrüfat əhəmiyyətini, 100 minə yaxın əhalinin dolanışıq mənbəyi və Qafqazda mühüm heyvandarlıq bazası olduğunu əsas gətirərək sərhədin Böyük Kəsikdə qoyulmasını israr edirlər və indiki sərhədlər o zaman müəyyənləşir. Osmanlı dövlətinin 1728-ci ilə aid Tiflis əyalətinin müfəssəl dəftəri var. Qazax və Borçalı sancaqları Tiflis əyalətinin tərkibində göstərilir. Osmanlı bölgüsünə görə həmin bölgədə Qarayazının sərhədi təsvir olunur. Həmin sənəd 1728-ci ildə Osmanlı vergi-maliyyə məmurlarının tərtib etdikləri kitabdır, biz də onu çap etmişik. Burada haqqında sözü gedən ərazi Qarayazının sərhədi kimi göstərilir. Bir tərəfi Kür, o biri tərəfi həmin dağların zirvə xətti təbii sərhəd kimi götürülüb. O yüksəklikdə olsanız görərsiniz ki, Qazax və Ağstafa bölgələrindən Samuxa qədər hər yer ovcunun içi kimi görünür. Ərazini əgər özümüzə qazandırmaq istəyiriksə, ən azı əhalinin oradakı fəaliyyəti sadələşdirilməlidir. Akademiyadan gələnlər, jurnalistlər, turist qrupları rahatlıqla gedib oranı gəzə bilməlidir.
Fuad Babayev: Bəs bizim elmimiz oranın bizim olduğunu sübut edirmi?
İsmayıl Umudlu: Bizim elmimiz demək olar ki, o işlə məşğul olmur.
Təmkin Məmmədli: Gürcülər nəyin əsasında iddia edirlər ki, bu yerlər gürcülərindir?
İsmayıl Umudlu: VI əsrdə həmin missionerlər gəlib burada fəaliyyət göstəriblər, onların ardıcılları olub və bütün bunlar gürcü kilsə tarixində yer alıb. XII əsrə qədər bura İveriya deyildi. XII əsrdə Gürcü çarı David qıpçaqların hesabına güclənəndən sonra Tiflisi alır və özünə paytaxt edir. O zamana qədər Gürcüstanın paytaxtı Msxeta şəhəri idi. Bu şəhər hazırda Tbilisidən şimalda Araqvi çayının Kürə qovuşduğu yerdədir, 10 min əhalisi var. Ərəb xilafəti dövründə Albaniya dövlətinin varlığına son qoyulmuşdu, ümumiyyətlə isə kilsə o qədər də önəmli yer oynamırdı, Tiflis özü müsəlmanların ən sonuncu şəhəri hesab olunurdu. Yalnız XII əsrdə David həmin şəhəri aldıqdan sonra artıq Tiflis Gürcüstanın paytaxtına çevrildi. O zamandan etibarən bu ərazi Gürcü kilsəsinin tərkibində olub, amma XVI əsrdən sonra orada David Qaregin monastırının arxasındakı müəyyən tikililər: abidələr, kilsə qalıqları, bürclər, mağaralar, mağara kilsəsi bir müddət gürcülərin nəzarətində olub. İndi onlar öz kilsə tarixlərinə istinad edərək deyirlər ki, bura bizimdir. Maraqlı vəziyyət yaranır. Bunu təsis edən suriyalı keşiş David və ardıcıllarıdır, ərazi, yəni Kanbeçan vilayəti Albaniyanın əyaləti hesab olunur, Albaniyanın varlığına son qoyulandan sonra bölgə bir müddət Kaxetiya çarlığının tərkibində olub. İndiki Şəki, Zaqatala, Balakən və Gürcüstanın bir sıra rayonları Ərəşə qədər Hereti vilayətinə daxil idi. Sonra gürcülər deyiblər ki, əgər bu xristian abidəsidirsə, demək bizimdir. Qazaxda Kürün sağ sahilində Aveydağ kompleksində yüksəklikdə kiçik kilsə (sovməə – İ.U.) və o dağın zirvəsinin ətrafında mağaralar mövcuddur. Yəni həmin mağaraların analoqları Aveydağda var. Mən o mağaraların hamısını bir-bir gəzmişəm, eyni üslub, eyni tip, eyni inancın məhsuludur. Çoxlu mağaralar var orada, hamısı da eyni formada, hətta o süni mağaraların içəriləri də eyni qaydada işlənib.
Fuad Babayev: Elçin müəllim, Keşikçidağ məsələsinə sizin münasibətiniz necədir? Medianın aktivliyini yəqin izləyirsiniz.
Elçin Əliyev: Bizim əhali ora getmir. Mən özüm dəfələrlə sərhəddə olan memarlıq abidələrinə güc-bəla ilə gedib çıxmışam. Maraqlıdır, bu günə qədər bizim əhali faktiki ora getməyib, amma gürcülər mütəmadi olaraq ora gedirlər, ziyarət edirlər. Deməli bizimkilər bizim adamları ora qoymurlar, amma gürcüləri ora buraxırlar. Bu həqiqətənmi belədir?
İsmayıl Umudlu: Həqiqətən belədir. Gürcülər hətta sərhədçilərimizin yanından keçib baxırlar. Mən isə sərhədçilərimizin yanından keçməkdən ötrü bir həftə gözləmişəm. Qırmızı körpü ilə vəziyyət də eyni cürdür. Mən özüm o yerlərdənəm və uşaqlıqda tez-tez Tbilisiyə gedib gəlmişik. Qırmızı körpüdən keçib 1 km gedəndən sonra gürcülərin DAM (Dövlət Avtomobil Müfəttişliyi – red.) postu var idi. Körpünün o biri tərəfində Şıxlı kəndinin Damğaçı deyilən bəlkə də min hektar ərazidə əkin yerləri var. 1990-cı ildən sonra o körpünün ətrafında bir bazar əmələ gəldi. Bazar əmələ gələndə bizim sərhədçilər körpünün o biri tərəfində idi. Bizimkilər bir də o zaman ayıldılar ki, gürcülər Avropa Birliyinin hansısa bankından körpünü bərpa etmək üçün qrant alıblar. Guya bu körpü onların tarixi abidəsidir. Bizimkilərin xəbəri yox idi. Yenidən böyük mübahisələr oldu. 1850-ci illərdə “Qafqaz” qəzetində bu körpünün tikintisindən yazılıb. Körpünün tikintisinə gürcülərin çar, Səfəvilərin isə vali dedikləri Rostom adlı bir adam rəhbərlik edib. Körpü ticarət məqsədilə tikilib. Körpünü tikən memar Güney Azərbaycandandır və Qırmızı körpü də Güneydə olan körpülərin analoqu idi. O zaman xüsusi əmr verilmişdi, Qazax və Borçalıda hər bir kənddən ən azı bir ailə orada işləməli idi. Həm də bu kəndlər oradakı işçiləri ərzaqla təmin etməli idilər, eyni zamanda körpünün tikintisini icra edənlər də azərbaycanlılardır. İndi gürcülər deyir ki, bu bizimdir. Son zamanlar bir neçə alimimizi çıxmaq şərti ilə qalanları David Qareci monastır kompleksi barədə hərəsi bir cür söz deyir. David Qareci monastr kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonundadır. Amma kompleksin digər hissəsi Azərbaycanın 4 km içərisinə doğru yerləşir. Böyük bir ərazidən, bərəkətli, münbit torpaqlardan söhbət gedir.
Fuad Babayev: Aydındır. Elçin müəllim, medianın fəallığını necə dəyərləndirisiniz?
Elçin Əliyev: Bizim bütün alimlər Vətənini sevirlər. Alim apardığı araşdırmaları, gəldiyi qənaəti, həqiqəti saxtalaşdırmamalıdır. Mən bunu bir çox hallarda memarlıqda görürəm. Təəssüf ki, memarlıq tariximizi çox vaxt təhrif edirik. Mənə belə gəlir ki, Keçikçidağ monastırı ilə bağlı məsələni bizim alimlərimiz gürcü həmkarları ilə birlikdə müzakirə edə bilərlər. Əgər bu monastr 4 km bizim sərhədimiz daxilindədirsə, bu memarlıq abidələri Azərbaycan tərəfində qalmalıdır. İki ölkə arasında bu məsələni qardaş kimi həll etmək lazımdır. Aranı qatmaq, dava salmaq bizim də, onların da marağında deyil.
İsmayıl Umudlu: 2 il bundan əvvəl biz (Akademiyanın əməkdaşları – İ.U.) Qaxda olarkən oradakı gürcü kilsəsini ziyarət etdik. Dağda tikimiş bu kilsə elə yerdədir ki, ora maşın çıxmır. Biz kilsədə olarkən Güstandan gəlmiş bir dəstə gürcü ziyarətçi ilə rastlaşdıq. Onlar bizim də kilsəyə gəlməyimizə çox təəccüb etdilər. Onlara bildirdik ki, öz ərazimizdə olan tarixi abidəmizə baxmaq üçün Bakıdan gəlmişik. Bu abidə hüquqi cəhətdən bizimdir və torpağımızın üstündə nə varsa, hüquqi varis bizik. Məsələn, Türkiyədə Van gölündə Akdamar kilsəsi var. Türkiyə hökuməti Akdamar kilsəsinin bərpasına böyük vəsait sərf edərək oranı turizm üçün açıq etdi. İndi dünyanın istənilən yerində yaşayan erməni Türkiyəyə gəlib kilsəyə baxır. Bundan başqa Türkiyədə Ani şəhər xarabalıqları Ermənistanla sərhəddədir. Orada məscid də, yunan və erməni kilsəsi də var. Olduğu kimi hamısı saxlanılıb, hamısının da lövhəsi durur. Qarsın özündə kilsə var, bəziləri deyir erməni kilsəsidir, onu saxlayırlar və turizmə də açıqdır. Yəni yanaşma belədir: turistlər gəlib baxırlar və dövlət də pul qazanır. Bizdə də belə olmalıdır. O zaman rəhmətlik İlyas Babayev (AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru – red.) demişdi ki: “Adamlar arasında müvafiq izahat işi aparılmalıdır, biz öz, onlar da öz ərazilərində olan abidələri qorumalıdırlar. Abidələrin bərpa işini gürcü tərəfi ilə birlikdə də aparmaq olar”. Bu gün dünyada tarixi keçmişin abidələrinə müasir yanaşma var. Bütün dövrlərin fərqli maddi mədəniyyət nümunələrini qoruyub saxlamaq tələb olunur”. Bu günkü yanaşma budur. İlyas Babayev həmçinin deyirdi ki: “Azərbaycanlılar təkcə öz tarixinin xristian qatına deyil, eyni zamanda başqa dinlərə məxsus abidələrə də hörmətli rəftarları ilə seçilirlər”. Bizim bölgənin insanları oranı müqəddəs bir məkan kimi qəbul edir. Keşikçidağ tərəfdə dağın arxasında meşələrin, qayaların arasında bir bulaq var. Adına Qüdrət bulağı deyirlər. Yerli çobanlar oranı inanc yeri kimi qəbul edirlər. Ora gedib o sudan içərək şəfa tapacaqlarına inanırlar.
Təmkin Məmmədli: Həmin ərazidə gürcü toponim (coğrafi yer adları – red.) və oykonimlərinə (yaşayış yeri adları – red.) rast gəinir?
İsmayıl Umudlu: Mən bölgənin toponimlərini təhlil edib toplamışam. Qarayazı bölgəsi bir tərəfdən Dəmirçi-Hasanlı bölgəsidir. 1728-ci il Osmanlı dəftərində deyilir ki, bura Dəmirçi-Hasanlılara, cənubu isə Səfərçəmənli tayfasına məxsusdur. Bunlar heyvandarlıqla məşğul olublar, bu çöllərdən, otlaqlardan öz təsərrüfatlarında istifadə ediblər. Gürcüstan tarixində Didi Türkoba (Türk Gürcüstanı deməkdir – İ.U.) deyilən bir yer var. Gürcüstan əsasən iki hissədən ibarətdir: Kartli Gürcüstanı və Türk Gürcüstanı. Bunu gürcü tarixi də yazır, biz demirik. Gürcülərin qıpçaq tarixi var. Bir zaman həmin əraziyə Qıpçaq Gürcüstanı deyilirdi. Ona görə burada bir dənə də olsun gürcü dilində toponim yoxdur, istər Gürcüstan sərhədinin o tayında, istər də bu tayında. Hətta Alazan çayının adı da gürcücə deyil. Gürcülər özləri yazıblar ki, Alazan sözü skiflərin dilində olan bir termindir. Skiflərin orada otuz il sürən padşahlğı olub və çayın adını da onlar qoyublar. Vaxuşti Baqrationinin kitabında (Kartli kralı VI Vaxtanqın nigahdankənar oğlu, XVIII əsrdə yaşamış alim, coğrafiyaçı, tarixçi və kartoqraf – red.) bu çölü Karay çölü, Karayların çölü adlandırıb. Yəni bura indiki Qaramanlıların çölüdür. Qazaxın ikinci adı da elə Qaramandır, bəzən paralel də işlənilir. Qazax deyəndə təkcə indiki Qazax rayonundan söhbət getmir, orta əsrlərdə bütün ətraf bölgələr, Ermənistanın şimal hissəsi və Borçalı mahalı Qazaxın tarixi ərazisi sayılırdı. O bölgədəki toponimlərin hamısını yazmışam: Ceyrançöl, Molla dağı, Keşikçi dağ (“keşik” sözü Azərbaycan sözüdür), Candargöl, Qatar dağı, Qaltan dağı, Karvan dərəsi, Sac dağı (Sac dağının üstü meydança kimi, sac formasındadır, ona görə Sac dağı deyirlər – İ.U.), Selaxan, Qula bulağı, Qüdrət bulağı, Çoban dağı. Ceyrançöldə ən hüdür yüksəksəklik 890 metrdir. Tiflis əyalətinin müfəssəl dəftərində də həmin toponim var: Sahandur, Ağ yal, Karvan dərəsi, hamısı bizim dilimizdədir. Hətta orada bir toponim var: Qarqar çayı. Balaca çaydır, gəlib Kürə tökülür. Qarqar həm də düzən Qarabağdakı böyük çayın adıdır. Tarixi Albaniya əhalisinin bir qisminə də qarqarlar deyilirdi. Bu bölgə eyni zamanda qərb rayonlarımız üçün ekoloji əhəmiyyət daşıyır, çünki orada meşələr, dağlar, çox geniş otlaqlar var, yaşıllıq çoxdur. Qarayazı çölü bəlkə də bilirsiniz, dalğavari düzənlikdir, ağac örtüyü çox seyrəkdir, ona görə də ümumiyyətlə, hər hansısa güzəştdən söhbət gedə bilməz. Bütün dünyada belədir: abidəni mən qoruyuram, saxlayıram, mənim ərazimdədir və hüquqi mülkiyyətimdir, amma sənin üçün açıqdır, nə vaxt istəyirsən gəl ziyarəq elə.
Fuad Babayev: 14.05.2019-cu il tarixdə “Кавказский узел” saytında (Аналитики рассказали о возможностях компромисса в споре о комплексе “Давид Гареджи”,
https://www.kavkaz-uzel.eu/articles/335399/) dərc olunmuş yazıda qeyd olunur ki, heç bir problem olmadan gürcü tərəfi gəlib Keşikçidağ monastrını ziyarət edə bilər. Bu proses elə belə də davam etməlidir. “Miras” ictimai birliyinin rəhbəri Fariz Xəlillinin Keşikçidağa yol çəkilməsi və müvafiq infrasturkturun qurulması ilə bağlı sosial şəbəkədə çox maraqlı təkliflərinə rast gəldim. Elçin müəllim aprel ayında bir müsahibəsində Gədəbəy rayonunun Söyüdlü kəndinə getməsi və oradakı Namərdqalaya çatmaq üçün problemlə üzləşməsini qeyd edib. Bəlkə bu Keşikçidağ fenomenindən istifadə edib digər ərazilərimizdə olan problemlərə də toxunaq?
İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Əlyazmalar İnstutu və s. bu qəbildən olan binalar məncə az qala Qala divarına birləşdirilib. Bu da çar Rusiyası dövründə olub. məsələn çar Rusiyası dövründə brandmauerlərdə (yanğından mühafizə üçün alovlanmayan materiallardan tikilən pəncərəsiz divar – red.) pəncərə olmazdı. Yəni bizim abidələrimizə laqeydliyimiz necə düşünürsünüz, bəlkə elə bizdə daxildən gələn və ya ola bilsin xarici qüvvələrin dəstəklədiyi bir tendensiyadır, son illərin məhsulu deyil?
İsmayıl Umudlu: Sizə maraqlı bir misalla bunu izah edim. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində bir qüllə var idi. Mən 2 il bundan əvvəl ora gedəndə həmin qülləyə baxmaq istədim. Bilirdim ki, o qüllənin ərəb əlifbası ilə yazılmış kitabəsi var. Qüllənin bütün böyür-başını gəzdim, yerə tökülmüş bütün daşlara baxdım, amma kitabə yox idi. Soruşdum ki, bu kitabə hanı? Heç kim mənə cavab verə bilmədi. Aradan bir müddət keçəndən sonra Ağstafa Tarix Diyarşünaslıq muzeyinə getdik. Gördüm küncdə daşlar yığıblar. Bir lövhə daş da ağzı divara durub, üstündə heç bir işarə yoxdur. Bu daş nə məna daşıyır, bunu bura qoyub nə edirsiniz soruşanda bir xanım əməkdaş dedi ki, İsmayıl müəllim daşın digər tərəfində yazı var. Ehtiyatla daşı qaldırdım, gördüm üzü yazı ilə doludur. Daş nazik olduğuna görə ehtiyatla götürüb masanın üstünə qoydum. Oxuyanda görürəm ki, bu daş, Qıraq Kəsəmən qülləsinin 1773-cü ilə aid kitabəsidir. Soruşdum ki, sizin muzeydə təxminən nə qədər eksponat var. Dedilər filan qədər. Dedim bu kitabə bir yana, sizin bu muzeyiniz və sizin hamınız bir yana. Bu bura necə gəlib çıxıb. Dedilər bilmirik. Yenidən onun şəklini çəkdik, onun izahatını verdik, orada yığıncaq oldu, mən çıxış etdim və kitabə muzeydə qaldı. Yaxşı ki, muzeydə qalıb. Yaxşı ki, daşı qırmayıblar. Çünki bəzən elə bilirlər ki, o daşların altında qızıl var, daşları bir-bir qoparırlar. Nə yaxşı ki, o kitabə xilas eedilib. Çünki həmin kitabə o yurdun pasportudur, yazılı abidəsidir.
Fuad Babayev: Dediniz ki, o abidə dağılıb.
Elçin Əliyev: Bəli, o abidə 1980-ci illərdə təxminən 12-14 metr diametrində böyük qüllə idi, hündürlüyü də 10-12 metr idi.
İsmayıl Umudlu: O, müşahidə qülləsidir. Orada Kür çayında Qızıl Yulğun deyilən bir keçid var. Orta əsrlər boyu həmişə quldur dəstələri dağlardan gəlib orada Qazax ellərindən mal, qoyun aparıblar. Həmin o keçikşi qülləsi Qızıl Yulğun deyilən keçidin ağzında durub. Bütün ölkələrdə belə qüllələr var. Onun üstündən baxanda bütün Qarayazı çölü görünür.
Elçin Əliyev: İndi o qüllə dağılıb, bir hissəsi qalıb. 10 il bundan əvvəl qüllə əla vəziyyətdə idi. İndi yarısı dağılıb. Mənə dedilər ki, yerli əhali, çobanlar daşları çıxarıb aparıblar. Yəni bunu azərbaycanlılar edib.
İsmayıl Umudlu: Adamlar arasında müvafiq izahat işi aparmaq lazımdır. Yəni biz bu barədə çox danışmalı, çox yazmalıyıq. Məsələn, Parisin Monmartr rayonunda bir şeyə çox təəccüb etdim. Monmartr hündür bir yerdir, amma ətrafı balaca evlərdən ibarətdir. Paris təpələr üzərindədir, Monmartr təpələri deyirlər ora. Monmartr kilsəsi də oradadır. Monmartrın ətrafı rəssamların rayonudur. Ora bizim İçərişəhər kimi rayondur. Onlar orada heç nəyi dəyişmirlər olduğu kimi saxlayırlar ki, bu, Parisin mərkəzində köhnə Parisdir.
Elçin Əliyev: Bilirsiniz nəyə görə saxlayırlar? Mən dünyanın çox ölkələrini gəzmişəm. Amerikalılar, fransızlar və ya yaponlar heç biri bizdən ağıllı deyil, bütün insanlar eynidir, yalnız qanunlar işləməlidir. Onlara imkan versələr bizdən də artıq dağıdarlar. Sadəcə Fransa dövlətində qanunlar işləyir, kimsə yaxınlaşıb mismar vurmaq istəsə onu elə cərimələyərlər ki, o bir də heç vaxt binaya yaxınlaşmaz.
Hazırladı: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az
Söhbət 14 may 2019-cu ildə baş tutub