Kimin kim olduğunu bilməkdən çətin nə var? Min illərdir ki, ən ağıllı adamlar bu sual üzərində baş sındırırlar. Amma hələ də ortada bir şey yoxdur və bu fani dünyada kimin kim olduğunu heç kim, ya da demək olar ki, heç kim bilmir. Və əlbəttə mən də bilmirəm. Bir çox müasirlərimdən fərqli olaraq özümü dərin zəka sahibi hesab etmədiyimdən mən belə çətin sualları cavablandırmağa çalışmıram da.
İndi məni düşündürən sual əslində elə də mürəkkəb sual deyil. Məni “sənət dünyası”na məşhur “Playboy” jurnalı üçün maraqlı şəkillər çəkdirməklə gələn Kim Qardaşyanın kim olması maraqlandırır. Doğrudan da, Kim kimdir?
Kim Qardaşyan əslində yarıçılpaq şəkilləri vəbirmənalı qarşılanmayan video görüntüləri sayəsində məşhurlaşmış hollivudludur. Bu şəkillərlə və video görüntülərlə bağlı vəziyyət o yerdədir ki, hətta erməni ictimaiyyəti belə bu şəxsin hərəkətlərini təqdir etmir. Aznavurun başına and içən ermənilərin bir çoxu ondan daha məşhur olan Qardaşyanı bir növ “ermənilərin papağını yerə soxduğuna görə” qəbul etmək istəmir. Və Kim bundan əsla qayğılanmayıb özünün sosial şəbəkələrdən birindəki mikrobloqunda yazır: “Gəlin hamımız birləşək və ermənilərin genosidi nəticəsində öldürülmüş 1,5 milyon adamı xatırlayaq.”
Və yaxud, öz şəklini “Kosmopolitan” jurnalının türk versiyasının qondarma erməni genosidi qeyd olunan ayda çıxan sayında, (əlbəttə ki, üz qabığında) görəndə, əməlli-başlı əsəbiləşir və s.
Bax belə. İndi gəl Kimin kim olması ilə bağlı sualı birmənalı cavablandır görüm, necə cavablandırırsan?
İstəyirəm bir məqama da toxunum.
Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşır. Fevralın 26-da məşum soyqırım aktının 21-ci ildönümü qeydolunacaq.Vəhçicəsinə qətlə yetirilmiş 613 soydaşımızın ölümündən 21 il keçir az qala . 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb 1992-ci ilin 26 fevralında.
Xocalı Qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində bir petisiya yerləşdirilib. Bu, Xocalı petisiyasıdır. www.diaspora.az saytına girib bu petisiyaya səs vermək olar. Fevralın 25-nə qədər 100 000 adamın səs verməsi lazımdır. Bu yazını yazanda yenə də həmin sayta girib baxdım. Təqribən 90 000 səsimiz çatışmır…
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 26-27)