…Çoxları elə bilir ki, qərbi azərbaycanlıların ilkin qaçqınlıq dövrü XX əsrin əvvəllərindən başlayır. Əslndə isə bu proses XIX əsrin ilkində -1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır…
Ruslar II Rusiya-İran müharibəsi zamanı – 1827-ci il oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. Məhz bundan sonra Qərbi Azərbaycandakı soydaşlarımızın qara günləri daha da çoxaldı… 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər digər ərazilərimizdəki kimi Qərbi Azərbaycanda da soyqırımı və deportasiyanı davam etdirdilər. Deportasiya ilə kifayətlənməyən ermənilər torpaqlarımızı hissə-hissə ələ keçirirdilər. Rusiya və xristian təəssübkeşli digər beynəlxalq güclər 1918-ci ildə Azərbaycan Demokrtik Cümhuriyyətini qədim türk yurdu olan İrəvan şəhərini yeni yaranan “müstəqil” erməni dövlətinə paytaxt kimi verilməsinə razılıq verməyə vadar etmişlər. 1920 -ci ilin aprelin 27-dəki bolşevik işgalından sonra isə Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus, Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi. 1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana verilib. 1922-ci ildə Dərələyəz ərazisi, 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və.s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın qoparıldı…
Stalinin Türkiyədən torpaq qopartmaq cəhdlərin azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsi prosesini sürətləndirdi. 1944-cü ilin iyununda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qurgen Arutinov məşhur sovet tarixçisi akademik Yevgeni Tarleni İrəvana dəvət edərək, onunla “Qərbi Ermənistan”ın (yəni Türkiyənin Şərqi Anadoludakı ərazisinin bir hissəsinin) Sovet Ermənistanına “qovuşdurulması” aspektlərini müzakirə etmişdi. Nəticədə akademik Tarlenin Sov.İK(b)P MK-ya təqdim etdiyi arayış SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin yanında müzakirə edilsə, də heç bir qərar qəbul edilməmişdi.
İkinci Dünya müharibəsinin sonlarına yaxın isə ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Türkiyə ilə bu qarşıdurma Stalinin ölümünə, yəni 1953-cü ilədək davam etmişdir. 1945-ci il aprelin 19-da İ.Stalin Eçmiədzin kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Gevorq Çörəkçyanı Moskvaya çağırıraraq onunla görüşür…
Rusiyanın ensi.ru saytı yazır ki, Stalin Türkiyəyə müharibə edəcəyi təqdirdə Ermənistanda yaşayan azəri türklərinin “5-ci kalon” rolu oynayacağını, yəni Türkiyə tərəfinə keçmək ehtimalını da əsas götürərək soydaşlarımızın doğma yurdlarından köçürülməsi barədə qərar vermişdir.
1945-ci il mayın 15-də Ermənistan KP MK-nın birinci katibi Q.Arutinov məktubla İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da Stalin Kremldə Arutinovu qəbul edir. Arutinov Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir. Oktyabrın 27-də Arutinov yenidən Stalinin qəbulunda olarkən Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir…
SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana “repatriasiya” edilən ermənilərə Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir.
Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdür. Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını İkinci Dünya müharibəsindən sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq müharibə”nin başlanğıc mərhələsi kimi izah edirlər. Sovet hökuməti ilə ABŞ və İngiltərə arasında aparılan uzunsürən diplomatik danışıqlar nəticəsində, nəhayət ki, Sovet hökuməti Türkiyəyə hücum etmək niyyətindən əl çəkmişdi. Amma ermənilər Sovet hökumətinin köməyi ilə Qars və Ərdəhanı ələ keçirmək fürsətini əldən versələr də, 100 mindən artıq azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail oldular…
Beləliklə, 1947-ci il dekabrın 23-də Stalin Ermənistandan Azərbaycan türklərinin köçürülməsi haqda qərarı imzalayır. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. Azərbaycan tərəfdən köçürmə işlərinə əvvəlcə Nazirlər Sovetinin şöbə müdiri, milliyyətcə erməni N.Brutens (uzun müddət Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini olmuş Karen Brutensin atası), sonra isə digər bir erməni R.Sevumyan rəhbərlik etmişdilər.
Kreml həm də azərbaycanlıların Ermənistandan köçürülməsinin (əslində, deportasiya edilməsinin) zəruriyyətini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə əsaslandırmağa çalışırdı. Dağlıq ərazidə yaşamağa uyğunlaşmış inanların birdən-birə ilan mələyən aran düzlərində yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq ilan, həşərat sancmalarından tələf olmuşdu.
Vəziyyət olduqca acınacaqlı idi. 1948-ci ilin sonunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanlandığı 27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarlarının yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-Araz ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin olmadığı – yaşayış üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi, sanitar-profilaktik müəssisələrinin olmaması vurğulanırdı. Bütün bunları nəzərə alaraq, Ermənistan SSR-dən azərbaycanlıların köçürülmə planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 15000-dən artıq nəzərdə tutulmaması, Ermənistanın dağlıq rayonlarından köçürülənlərin Azərbaycanın dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ Nazirlər Sovetindən xahiş edilir və həmin şəxslərə də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli güzəştlərin şamil edilməsinin məqsədəmüvafiq olması qeyd edilirdi.
Lakin SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda olaraq cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaq olmaz.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında və Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrini köçürmək yolu ilə birdəfəlik xəritədən silə bilsin. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün müxtəlif şayiələr yayırdılar. Öncə xatırlatdığımız Ermənistan SSR-in daxili işlər naziri general-mayor Xoren Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə Mir Cəfər Bağırova ünvanlanmış “Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistanın azərbaycanlı əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə tutulan rayonların azərbaycanlı əhalinin deyil, bu işdə marağı olan, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin söylədikləri də öz əksini tapmışdır. Azərbaycanlı əhalinin dədə-baba yer-yurdlarından köçmək istəmədiklərini söyləmələri təbii idi. Ermənilərin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı söylədikələrinə arayışda yer verilməsi isə dolayısı ilə rəsmi İrəvanın mövqeyini ifadə edirdi. Məsələn, bir erməni öz arzularını belə ifadə edirdi: “Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan MSSR-dən köçürmək və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək lazımdır”.
Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, adi insan hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər, bəzi mənbələrə görə isə 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdir.
1988-ci ilin dekabrın 25-də sonuclanan deportasiya azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı. Sonuncu deportasiyada -1988-ci ildə isə etnik təmizləmə nəticəsində Ermənistanın türklər yaşadıgı 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən minbir vəhşiliklə qətlə yetirilmişdir. 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Beləliklə, 1801-ci ildən başlanan proseslər zamanı ermənilər Ermənistanda yaşayan Azərbaycan türklərinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan didərgin salınıb.
Sovet hakimiyyəti illərində repressiyaya və deportasiyaya məruz qoyulan xalqlar haqqında son dövrdə çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası o dövrün rəsmi sənədlərinin ruhuna uyğun olaraq, hələ də sadəcə “köçürülmə” faktı kimi dəyərləndirilir…
http://hafta.az