Aprelin 17-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub.
Qərarda deyilir ki, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.
Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.
Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.
İclasda Milli Məclisin deputatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.