1905.az saytının bu dəfəki müsahibi “Bakı milli geyim evi”nin rəhbəri Könül Vəlibəylidir.
– Könül xanım, bildiyiniz kimi, ermənilərin dolmadan tutmuş “Sarı gəlin”ə qədər bizim olan çox nəsnəni özününküləşdirmə cəhdi az olmayıb. Bəs milli geyimlərimizi necə öz adlarına çıxarmaq istəmirlər? Siz belə hallara təsadüf etmisiniz?
– Hələ ki, yox. Geyimlərimizlə bağlı belə hallara təsadüf etməmişəm.
Bilirisniz, bu gün Azərbaycanın milli geyimləri dünyanın bütün ölkələrində təbliğ edilməyə başlayıb. Amma bu təbliğata son illərdə start verilib. Söhbət bizim rəqs geyimlərindən getmir. Ümumilikdə Qafqaz xalqlarında rəqslər çox oxşardır. Rəqs bir ayrı şeydir, milli geyim isə orta əsrlərdə qadın və kişilərin həyat tərzinin təsviri haqqında məlumat toplamağa zəmin yaradan bir vasitədir. Azərbaycan milli geyimləri Qafqaz ölkələri arasında həmişə zənginliyi, rəngarəngliyi və fərqliliyi ilə seçilib. Bu günə kimi qorunaraq bizə gəlib çatan, muzeylərimizdə saxlanılan milli geyimlərimiz Azərbaycan mədəniyyətinin milli dəyərləridir. “Bakı” milli geyim evi bu gün işğal altında olan torpaqlarımızın – İrəvan, Qarabağ geyimlərini hazırlayaraq bütün dünyaya nümayiş etdirir. Biz hələ 7-9 bölgənin geyimlərini üzə çıxarmışıq. Hələ bu araşdırma daha dərin aparılsa görün, biz nələrə nail olmuş olarıq. Bizim üzə çıxarılası kifayət qədər gözəl geyimlərimiz var. Onları təbliğ etmək lazımdır. Bizim milli geyimlərin tarixinə gedib çıxdıqca 18-ci əsrdə avropalıların Şuşaya gedib, oradan qayıtıqdan sonra Azərbaycan geyimlərinin gözəlliyi, qadınların geyimlərində fərqli naxışlar barədə yazırdılar. Avropalılar Qarabağ çəpkəni, Qarabağ geyimləri haqqında hədsiz yüksək fikirdədirlər. Dəfələrlə fransız modelyerləri Qarabağ çəpkənlərindən söz açıblar. Biz, durmadan desək ki, bu çəpkən bizimdir, yəni təbliğatı sistemli aparsaq, geyimlərimizi yetərincə təbliğ etsək o zaman ermənilər də deyərlər ki, yox, sizin deyil, bizimdir. Amma indi kifayət qədər təbliğat olmadığından görünür, ermənilər üçün milli geyim mövzusu yatıb qalmış mövzudur.
– “Bakı milli geyim evi”nin “problemlər zənbili”nin içində nələr var?
– Əsas problemlər layihələrin gerçəkləşməsi zamanı olur. İldə bir dəfə xarici ölkəyə getmək, ildə bir dəfə olan sərgi, hər hansı geyimi bir dəfə üzə çıxarmaqla, təbliğat olmur. Bununla kifayətlənmək olmaz. “Bakı milli geyim evi” 5 illik fəaliyyəti dövründə bir çox problemlərlə üz-üzə gəlib. Amma bu problemlər bizim uğurumuza və yaradıcılığımıza mane olmayıb.
– Hansı sərgilərdə iştirak etmisiniz?
– Çində, Amerikada təşkil edilən milli geyim sərgilərində iştirak etmişik. Digər ölkələrdə də sərgilər olub. Ancaq bu sərgilər Azərbaycanın mədəniyyət günləri çərçivəsində keçirilib.
– Bəs sizdə milli geyimlərin satışı olurmu? Yəni “Bakı” milli geyim evi geyimlərimizi satışa çıxarırmı?
– Olur. Ancaq satış bizdə bir az fərqlidir. İnsanlar geyimə onun dəyəri qədər pul vermək istəmirlər. Məsələn, Türkiyədə xanımlar çox asanlıqla bir milli geyimə 7-10 min lirə pul verməyə hazırdılar.Amma bizdə bu qiymət 200-300 manat civarında dəyişə bilir. Ona görə satış az olur.
– Xarici səfərlərdə çox olmusunuz. Azərbaycanlı obrazı xaricilərin təsəvvüründə necədir?
– Əvvəlcə onu deyim ki, bayaq qeyd etdiyim kimi milli geyimlər adətən Azərbaycan mədəniyyət günləri çəriçəvisində təbliğ edilir. Və bu cür tədbirlərə ən azı 150-200 nümayəndə heyəti qatılır. İştirakçılar arasında Azərbaycanın siyasətçiləri, musiqiçiləri, rəqqasları və s. iştirak edir. Bizim qarşılaşdığımız insanlar da adətən ziyalılardır. Bildiyimiz kimi mədəniyyət günlərinə ziyalı, məlumatlı adamlar qatılırlar. Azərbaycan mədəniyyəti, musiqisi, geyimləri, mətbəxi çox rəngarəng və zəngin olduğu üçün hörmət və sevgiylə qarşılanırıq. Bütün xarici ölkələrdə həmişə bizə qarşı sevgi və hörmət görmüşük. Əlbəttə, bütün bu xüsusi gözəllikləri və üstünlükləri olan bir azərbaycanlı obrazı gözəl təsəvvür yaradır.
– 1905.az portalına nəyi tövsiyyə edərdiniz?
– Sizə, 1905.az portalına Azərbaycanın yüzillərdi çəkdiyi acıları,verdiyi itkiləri gələcək nəsilə onların anlayacağı tərzdə çatdırmanızı tövsiyyə edərdim.
1905.az