“Lead My Dream Coaching & Consulting”in rəhbəri Şamil Fətəliyev və “Master Coach Azerbaijan”ın rəhbəri Səbinə Rəhimova ilə kouçinqdən danışdıq.
Fuad Babayev: Azərbaycanda kouçinq (insanların könüllü, şüurlu və planlı şəkildə daxil olduqları öyrənmə və şəxsi inkişaf prosesi – red.) tutaq ki, Şimali İrlandiyadakı ya Avstraliyadakı kouçinqdən nə ilə fəqlənir?
Səbinə Rəhimova: Kouçinqdən bir az mən danışım. Çünki neyrolinqvistik proqramlaşdırma üzrə mütəxəssis Şamil müəllimdir. Siz bəlkə də təsadüfən İrlandiyanı misal göstərdiniz. Amma bizim məktəbin əsas tərəfdaşı və ümumiyyətlə biznes kouçinqi yaradan 4-5 nəfərdən biri olan Maylz Dauni əslən İrlandiyalıdır və hazırda İngiltərədə kouç kimi fəaliyyət göstərir. Kouçinq insana peşəkar kömək növlərindən biridir. Kouçinq insanın hansısa bir məqsədinə çatmasına kömək edən vasitələrindən biridir.
Təmkin Məmmədli: Şəxsi psixoloqdan bunun fərqi nədir?
Səbinə Rəhimova: Çox yaxşı sualdır. Bu sual kouçinqi daha asan izah etməyə mənə kömək edəcək. Psixologiya daha çox keçmişi analiz edərək insanın həyatını yüngülləşdirməklə məşğuldur. Psixoloqdan fərqli olaraq kouç keçmişə qatılmır, analiz etmir. Kouçinq daha çox bu günə və gələcəyə meyillidir. Kouçinq keçmiş problemlərlə işləmir. Kouç özü psixoloq deyilsə, belə müştərilərlə işləməməlidir. Kouç müxtəlif model, texnika və üsullardan səmərəli istifadə edərək məsləhət və məşqlərlə insana öz məqsədinə çatmaqda kömək edir.
Fuad Babayev: Bu fenomen xaricdəki analoqundan nə ilə fərqlənir? Yəqin ki, kouçinq Azərbaycanda hələ ilk addımlarını atır.
Səbinə Rəhimova: Bizim məktəb Azərbaycan bazarında iki ildir fəaliyyət göstərir. Mənim əsas tərəfdaşım Ukraynadandır. Ümumiyyətlə MDB bazarı Avropa bazarından fərqlənir. Mən əvvəllər elə düşünürdüm çox fərqlənir. Lakin Maylz Dauni ilə danışandan sonra başa düşdüm ki, insanların hər yerdə problemi eynidir. Amma münasibətlər bir qədər fərqli ola bilər. Avropada istər kiçik, istər orta, istərsə də böyük biznes sahibləri şəxsi kouç və psixoloqin xidmətindən istifadə edir. Psixoloq, kouç onlarda mütləq olmalıdır. Çünki onlar öz vaxtlarına çox qənaət edir və hər hansı problemi həll etmək üçün bu daha tez və effektivdir.
Fuad Babayev: Kventin Tarantinonun “Kriminal qiraət” filmində insanları təşkilatlandıran Vulfu kouç adlandırmaq olar?
Şamil Fətəliyev: Məncə yox. Məncə onu trablşuter (Trouble-shooter sözünün ingilis dilindən tərcüməsi problemi həll edən deməkdir. Mürəkkəb problemləri həll edən ekspert – red.) adlandırmaq olar. Trablşuter isə çox mükəmməl peşədir. Dünyada bəlkə 5-6 nəfər trablşuter var. Bu peşə sahibləri 1 saata 100 min dollardan 1 milyon dollara qədər gəlir əldə bilirlər.
Fuad Babayev: Bu böhran menecerdir?
Şamil Fətəliyev: Xeyr.
Təmkin Məmmədli: Trablşuterin gördüyü işin mahiyyəti nədən ibarətdir?
Şamil Fətəliyev: Şimali Afrikada Nike şirkətinin fabrikində idman ayaqqabısı oğurluğunun qarşısını ala bilmirdilər. Böhran menecerlərinin, kouçların həll edə bilmədiyi problem trablşuterin yazdığı kiçik ssenari ilə yoluna qoyuldu. Təklifin mahiyyəti isə idman ayaqqabısının sağ tayının bir fabrikdə, sol tayının isə başqa bir fabrikdə istehsal edilməsi ilə bağlı idi.
Səbinə Rəhimova: Yəni konkret problem üzərində konsaltinq.
Şamil Fətəliyev: Bu konsaltinq kimi bir şeydir. Mən kouçinqlə bağlı Səbinə xanımın fikrini dəstəkləmək istərdim. Siz soruşdunuz ki, bizin kouçinq xarici kouçinqdən necə fərqlənir. Bu mentalitetdən aslıdır. Xaricilər kouça, psixoteropevtə, nlp (neyro-linqvistik proqramlaşdırma – insanların nitqini, davranışını dil-məntiq üsulları ilə modelləşdirməklə müəyyən nəticənin əldə olunmasına yönəldilmiş texnologiya – red.) üzrə mütəxəssisə böyük hörmətlə yanaşırlar və bu çox bahalı bir xidmətdir. Orada bir kouçun qəbuluna yazılmaq xeyli vaxt aparır. Praktik, professional və master kouçlar var. Mən özüm Beynəlxalq Kouçlar Federasiyasının (ICF – International Coach Federation – red.) üzvüyəm. Bu təşkilat 500 min nəfər kouçu təmsil edir. Kouçinq fəlsəfəsinin müəllifi britaniyalı Con Uitmor olub. Özü yarış avtomobillərinin sürücüsü olan Uitmorun kouç fəlsəfəsi ilkin olaraq idmançıların problemləri, idman psixologiyası üzərində köklənmişdi. Bizim beynimizdə çoxlu neyronlar var. Kouçinq o neyronları birləşdirərək körpü düzəldir. İnsanların bugünkü vəziyyətləri ilə bağlı suallara cavab axtarır. Səbinə xanım düz vurğaladı ki, kouçinq insanı hər hansı bir travmasına, keçmişinə qaytarmır. Bu gündən danışır. Psixoloq psixoanalizlə məşğuldur. Amma kouç bunu işləmir. Kouç daha tez işləyir. Bu psixoterapiyanın bir növüdür. Kouç müştərinin hazırkı vəziyyətindən və gələcəkdən danışır, pozitiv cəhətdən insanda motivasiya yaradır. Mən şəxsən karyera, biznes və life (həyat tərzi – red.) kouçinqlə çəşğul oluram.gedirəm. Mənim yanıma gələn tələbələri gələcək perspektivləri və hədəfləri düşündürür. Kouç bizim daxilimizdə olan resursları araşdırır, insana optimal yol göstərir.
Fuad Babayev: Bir vaxtlar Deyl Karneginin (amerika yazıçısı, ünsiyyət nəzəriyyəsinin yaradıcısı – red.) “Dostları necə qazanmalı və insanlara təsir etməli” kitabı dəbdə idi. Onun baza prinsiplərindən biri o idi ki, dostu təbəssümlə qazanmaq olar. Amma, bizim reallıqlarda o özünü doğrultmur. Yəni o universal bir sistem deyil. Bəs Azərbaycanda kouçinqi tətbiq etməyin imkanları doğRUdanmı genişdir? Bəlkə kouçinqi dumanlı Albiondan gəlmiş yeni dəbin təzahürü kimi özümüzə tətbiq etmək istəyirik? Mən istərdim karyera kouçinqi ilə məşğul olan mütəxəssis kimi bu sualı Şamil müəllim cavablandırsın.
Şamil Fətəliyev: Kouçinqin karyera imkanlarına nəzər salsaq görərik ki, Amazon, BP, Samsunq kimi böyük şirkətlərdə kouçlar ştatda olan əməkdaşlar sırasındadır. Yəni kouç olmalıdır. Çünki bəzi insanlar informasiyanı audial (qulaq asaraq – red.), bəziləri isə vizual olaraq qavrayırlar. Karyerada bizim əsas məqsədimiz odur ki, ilk növbədə müdiri liderə çevirək. Lider daim öz üzərində işləməlidir, özünü normal və ağıllı əməkdaşlarla əhatə edərək onlarln ideyalarını dəstəkləməlidir.
Səbinə Rəhimova: Mən də iki ildən çoxdur ki, biznes kouçinq sahəsində fəaliyyət göstərirəm. Bu sahə mənə yaxındır. Sizə deyim ki, həqiqətən Azərbaycanda bugünkü vəziyyət yaxşılığa doğru dəyişir. Çünki dövlət tərəfindən biznesə şərait yaradılır, yeni vergi qanunvericiliyi kiçik və orta biznesi stimullaşdırır. Azərbaycanlılar oxumağa, oyrənməyə meyillidir, sadəcə dərsi elə keçmək lazımdır ki, o tələbəyə, öyrənmək istəyən şəxsə maraqlı olsun. Bizim uşaqların oxumaq istəyi Rusiyadan, Ukraynadan daha çoxdur.
Fuad Babayev: Siz Rusiya və Ukraynada işləmisiniz?
Səbinə Rəhimova: Bəli, mən Türkiyədə də, Rusiyada da, Ukraynada da işləmişəm və görürəm ki, bizim uşaqların biliyə meyli çoxdur.
Fuad Babayev: Yəqin ki, konvertasiya edilmə imkanı olan biliklərə, tutaq ki, ingilis dili öyrənməyə və s.
Səbinə Rəhimova: Bizim uşaqlara diqqət yetirən kimi onlar özlərini kəşf edirlər. Hər bir insanda olduğu kimi onları özləri maraqlıdır.
Fuad Babayev: Mən ali təhsil aldıqdan sonra ixtisasına uyğun iş tapa bilməyən insanlardan danışmaq istərdim. Bir çox hallarda görürsən ki, ali təhsilli fərqli peşə sahibləri taksi sürücüsü işləyir. Məsələyə bu kontekstdən yanaşsaq kouçinqin tətbiqi ilə pozitiv dəyişikliklərə nail olma örnəkləri varmı?
Səbinə Rəhimova: Əlbəttə, var. İlk növbədə valideynlər düşüncəsini, dəyərlərini dəyişərək universitet seçərkən övladının potensialına, bacarığına və istəyinə baxmalıdır. Biz artıq valideynlərlə bu istiqəmətdə iş aparırıq. Məsələn mənim beş yaşlı qızım bağçaya gedir. Həmin bağçada mənim təklifimlə valideynlərə bəzi təlimlər keçdik. Bu təlimlər nəticəsində valideynlərin düşüncəsi dəyişir, bəziləri artıq fərdi kouç kimi fəaliyyət göstərmək istəyirlər. Yəni uşaqların istək və bacarıqları mütləq nəzərə alınmalıdır. Biz kouçinqin metod və texnikaları ilə bu prinsipləri, dəyərləri valideynlərə, müəllimlərə aşılamağa çalışırıq.
Fuad Babayev: Əgər söhbət valideynlərin dünyagörüşünün dəyişdirilməsindən gedərsə, bu çox vaxt apara bilər.
Səbinə Rəhimova: Əgər məqsədyönlü fəaliyyət göstərilsə buna daha tez nail olmaq mümkündür. Çünki, bu işlər paralel getməlidir.
Təmkin Məmmədli: Ümumiyyətlə müəllimlər o təlimə gəlirlərmi?
Səbinə Rəhimova: Bəli gəlirlər. Bizim məktəbi bitirən 15-dən artıq müəllim fəaliyyət göstərdiyi mühütdə kouçinq proqramları tətbiq edirlər.
Təmkin Məmmədli: Söhbət orta məktəb müəllimlərindən gedir?
Səbinə Rəhimova: Bəli. Misal üçün mənim Azərbaycan dili müəllimim liseylərdən birində pedaqoq kimi çalışır. Biz müəllimlərlə iş prosesinin davam etməsi üçün hazırda pedoqoji kouçinq proqramı yazırıq. Ünsiyyətdə olduğum 9-cu sinif şagirdlərinə nəzərən onu deyə bilərəm ki, uşağın potensialı ilə valideyn istəyinin üst-üstə düşməsi 10-15 faiz təşkil edir.
Fuad Babayev: Valideyn bir qayda olaraq özünün gerçəkləşdirə bilmədiyi arzularını övladlarına ötürür. Bu zaman uşağın qabiliyyətinin buna imkan verib-verməməsi kimi kimi vacib amil diqqətdən kənarda qalır.
Şamil Fətəliyev: Mən deyərdim ki, bu daha çox kollektiv tendensiya və stereotiplərlə bağlıdır. Biz istəyirik ki, uşaqlarımız polis, artist, cərrah-həkim, hüquqşünas və ya maliyyəçi olsun. Valideynlərin dünyagörüşünün dəyişdirilməsi ilə bağlı demək istəyirəm ki, burada əsas məsələ insanların motivasiyası, bu motivasiyanın mənbəyi ilə bağlıdır. Pareto qanununa (iqtisadçı və sosioloq Vilfredo Paretonun şətəfinə adlandırılmış qaydadır – red.) görə əməyin 20 %-i nəticənin 80%-ni təmin edir. Kouçinqin əsas vəzifəsi insanın 20 faiz potensial resursunu müəyyən edərək onun motivasiya fondunu yaratmaqdır. Bu isə ona 80 faiz səmərə qazanmaq imkanı verir. Ona görə də kouçinq hətta Pareto qanunu üzrə işləyir, yəni əgər 20% kouçinqdirsə, 80% insanın özüdür. İnsan özü oxumasa, öyrənməsə kouç ona kömək edə bilməz. Səbinə xanımın toxunduğu ana-uşaq münasibətləri ailə terapiyası adlanır və bununla ailə kouçu məşğul olur. Yeri gəlmişkən onu da qeyd edim ki, Robert Kiyosaki (amerikalı sahibkar, yazıçı, “Varlı ata, Kasıb ata” bestsellerinin müəllifi – red.), Deyl Karneginin strategiyaları bütünlüklə MDB məkanında işləyə bilməz. ABŞ və Kanadanın maliyyə qaninvericiliyi MDB ölkələrindən fərqlənir. Nəzərə almaq lazımdır ki, bizim mentalitetimiz və maliyyə savadımız da identik deyil. Unutmaq olmaz ki, “Dostları necə qazanmalı və insanlara təsir etməli” kitabının müəllifi Karnegi özü tənhalıqda dünyasını dəyişib. Təbii ki, o konsepsiyalardan nəsə əxz etmək olar. Biz kouçlar da bu işdə insanlara kömək etməyə çalışırıq.
Fuad Babayev: Bizim gündəlik həyat və məişət qayğılarımız potensial resurslarımızdan səmərəli istifadə etməyə imkan verirmi?
Səbinə Rəhimova: Mən başa düşürəm ki, insanlar daim gərgin vəziyyətdədirlər, daim düşünürlər. Amma bunun pozitiv tərəfi də var. Beynimizi işləməyə məcbur etməyimiz zehni yorğunluqdan çox, bizə düşünmək vərdişləri aşılayır. Buna risk menecmenti də demək olar. Ona görə ABŞ-da və ya Avropada olarkən biz orta statistik avropalıdan daha çox situasiyaya uyğunlaşırıq. Mənə xaricdə iş təklif olunanda tərəddüd etmədən imtina etmişəm. Çünki, məhz Azərbaycanda müsbət resurs mövcuddur, biz daim risk-menecment haqqında düşünürük, biznes dili ilə desək daha hazırlıqlıyıq. 2000-ci ildə Bakıda baş verən zəlzələ zamanı evdə uşaqlarını qoyub qaçan valideynləri görmək mənə kifayət etdi ki, gələcəkdə qızımı heç zaman tək qoymayım.
Fuad Babayev: Bu axı insan psixikasına təsir edir. Axı beynimizi məşğul edən edən saysız-hesabsız başqa məsələlər də var.
Səbinə Rəhimova: Elədir. Amma, hər hansı məsələ ilə bağlı bir dəfə qərar verildikdə ona əməl etmək asan olur. Hər bir işin mənfi və müsbət tərəfləri var. Bizə sadəcə düzgün istiqamət vermək lazımdır. Kouçinq də bunun üçün lazımdır.
Şamil Fətəliyev: Mörfi qanununu (Mörfi qanununa görə “hər hansı işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq” – red.) hələ heç kim ləğv etməyib.
Fuad Babayev: Bir şey pis olmalıdırsa, pis də olur.
Şamil Fətəliyev: İnsan həyatı 3 mərhələdən keçir: adaptasiya mərhələsində – biz daim arzulayır, düşünür və gəzirik, sosiallaşma mərhələsində biz insanlarla sosiallaşırıq, özünüidentifikasiya mərhələsində isə özümüzün kim olduğunu dərk edirik. Bundan başqa mənəvi yüksəlişə aparan transkonsolidasiya mərhələsi də var. Biz hələ adaptasiya mərhələsində qalmışıq. Beyin 45 dəqiqədən çox məhsuldar işləmək qabiliyyətinə malik deyil. Ona görə kouçinq və ya terapevt sessisiyalar adətən 45 dəqiqə, maksimum 1 saatdan çox çəkmir. Çünki, əks təqdirdə səmərəlilik aşağı düşür. 15-20 dəqiqəlik fasilədən sonra təbii ki, seansa davam etmək olar. Beynimiz hər gün saatda 5000 fikir emal edir. Ona görə də beyin məişət qayğıları ilə yüklənəndə kreativ ideyalara yer qalmır. Bu məişət qayğıları komfort zonası adlanan dairə yaradır. Biz hər gün eyni şeylər haqqında fikirləşməyə məcbur oluruq. Kouç bu dairədən çıxmağı təklif edəndən bunu həvəslə qarşılayan şəxs yenidən hər şeyi unudaraq gündəlik qayğılardan ibarət komfort zonasına qayıdır. Biz risk-menecmenti ilə taym-menecmenti birləşdirərək insanlara kömək etməyə çalışırıq. Yeri gəlmişkən, mən Azərbaycan və rus dillərində “Komfort zonasından çıxma və uğurlu şəxsiyyətin formalaşdırılması” adlı 38 səhifəlik kitab yazmışam. 1200-dən çox tələbə elektron poçt vasitəsilə onu pulsuz əldə ediblər. Bu kitabda qaydalara riayət edilməsi üçün atılan bütün addımlar və “Pomidor metodu” (zamanın idarə edilmə texnikası – red.) haqqında məlumatlar öz əksini tapıb. 1980-ci illərin sonunda “Pomidor metodu”nu yaratmaqla italiyalı Françesko Çirillo milyonçu olub. Bu metodda işi qısa fasilələrlə 25 dəqiqəlik intervallara ayıran taymerdən istifadə edilir. F. Çirillo tələbə olarkən pomidor formalı mətbəx taymerindən istifadə etdiyi üçün bu intervallar “pomidor” adlanır.
Təmkin Məmmədli: Bu metod yaponların Kayzen fəlsəfəsinə də bənzəyir.
Şamil Fətəliyev: Bəli.
Səbinə Rəhimova: Bütün bunları sistemləşdirmək, strukturlaşdırmaq mümkündür. Burada əsas məsələ beynin yüklənməməsidir. Kouçinq lazımsız informasiya və qayğılardan xilas olmağa kömək edir.
Fuad Babayev: Kouç sessiyalarının qiymətini necədir? Ümumiyyətlə bu əlçatandırmı?
Səbinə Rəhimova: MDB məkanında kouç sessiyalarının 1 saatı 100 dollardan başlayır.
Şamil Fətəliyev: Kouçun səviyyəsindən və təhsilindən asılı olaraq onun qazancı da dəyişir. Koucların 3 səviyyəsi var: assosiasiyalı, peşəkar və master. Master kouç 5 min iş saatına malik olur, superviziyadan keçir, yəni digər kouçlar tərəfindən yoxlanılaraq qiymətləndirilir. Master kouçun 1 saatlıq qazancı 200-1000 dollar ola bilər. Karyera kouçu isə 1 saata 50 dollar qazanır.
Səbinə Rəhimova: Azərbaycanda qiymətlər 50-100 manat arası dəyişir.
Fuad Babayev: Kouçinqlə məşğul olmaqla uğur qazanmaq mümkündür?
Şamil Fətəliyev: Əlbəttə. Mənə İnnovativ Psixotexnologiyalar İnstitutunda Sergey Viktoroviç Kovalyov dərs deyib. O Moskvada İnnovasiya texnologiyaları məktəbini yaradıb. Bu çox bahalı məktəbdir. Burada neyrolinqvistik proqramlaşdırmanın yeni kodu tədris edilir. Kouçinqlə yeni məşğul olan şəxs top müştərilərlə deyil, orta təbəqə ilə işləməlidir. Tədricən özünü təsdiq etdikdən sonra isə daha yüksək müştərilərə xidmət göstərilə bilər.
Səbinə Rəhimova: Kouçinqdə həmişə seçim imkanı var. Mən öz iş həyatıma sıfır büdcə ilə başlamışam. Seçim qarşısında qalanda isə zahiri görüntüyə vəsait xərcləməməyə qərar vermişəm. Ortada səviyyəli iş olandan sonra isə inkişaf və statusun yüksəlməsi qaçılmazdır.
Şamil Fətəliyev: Brayan Treysinin yaxşı bir fikri var: “Əgər sizin 5 min dollar pulunuz varsa, ona biznesə yox, təhsilinizə yönəldin. Bu ən yaxşı investisiyadır”.
Səbinə Rəhimova: İndi isə bizim şəhərin mərkəzində ofisimiz var. Artıq normal sayt yaratmaq haqqında düşünmək lazımdır. Yəni real iş gördükdən sonra görüntü və imic qayğısına qalmaq olar.
Fuad Babayev: Sizə müraciət edən insanların içində imitasiya və dəb xatirənə gələnlərə təsadüf edilir?
Şamil Fətəliyev: Kouçinqi Azərbaycanda tətbiq etmək çox cətin idi. Siz dediyiniz məsələ postsovet, postinqilab, inqilabdan əvvəlki Çar Rusiyası dövründən valideynlərimizdən bizə miras qalmış dəyərlərdir. Biz insanlara bu dəyərləri dəyişdirməkdə, əsl dəyərləri tapmaqda kömək edirik. Təbii ki, imitasiya ilə məşğul olanlar da az deyil. Bir qisim insanlar isə problemlərində özlərindən başqa hamını günahlandırır.
Fuad Babayev: Başqa bir ifrat yanaşmada isə insan hər şeydə özünü günahlandırır.
Şamil Fətəliyev: Belə ifrat yanaşma psixologiyada “qurban psixologiyası” adlanır.
Səbinə Rəhimova: Bu artıq psixi travmadır.
Şamil Fətəliyev: Həmin şəxsi psixoterapevt müalicə etdikdən sonra kouçinq köməkçi alət kimi çıxış edə bilər.
Səbinə Rəhimova: Kouç sosiallaşmaya və yeni vərdişlərin yaranmasına kömək edir. Ən çətin odur ki, komfort zonasına düşməyəsən.
Şamil Fətəliyev: Biz pattern – şablon davranışın dəyişdirilməsinə çalışırıq. Bəzən normal həyatda başqalarından seçilməyən psixi xəstəliyi olan şəxslər də kouçun yanına gəlir. Mən ona psixoterapevt kimi kömək edə bilərəm. Amma, onlar uğurlu olmaq, pul qazanmaq üçün gəlirlər. Onlara başa salmaq olmur ki, kouçinqdən əvvəl psixi travma aradan qaldırılmalıdır. Biz cəmiyyəti maarifləndirməyə çalışırıq.
Fuad Babayev: Bizim milli mentallıqdan kouçinqə nəsə gəlirmi?
Şamil Fətəliyev: Biz kouçinqi mentalitetimizə uyğunlaşdırmağa çalışırıq. NLP – obrazlarla işdir. Onun 2 növü var: xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş döyüş növü və adi NLP. Mən adi NLP ilə məşğul oluram. Bu fəaliyyət növü mütləq yerli mühitə adaptasiya olunmalıdır. İngilisə, amerikalıya, rusa ünvanlanmış kodlarla azərbaycanlıya ünvanlanmış kodlar eynilik təşkil edə bilməz. Misal üçün Kiyosaki deyir: “3 mücrü saxlayın, birinci mücrüyə şəxsi xərclərinizi, ikinciyə depozit pulunuzu, üçüncü mücrüyə isə tibbi sığortanızı qoyun”. Azərbaycanda isə hər şey “qara gün” üçün qorunur. Başqa bir misal biz kostyumu toyda və ya bayramda geyinirik. Halbuki başqa xalqlar hər gün gözəl görünməyə üstünlük verirlər. Çalışırıq ki, cəmiyyətimiz, bizim mentallıq bu adaptasiyanı qəbul etsin.
Səbinə Rəhimova: Kouçinq – bu modeldir. Hər hansı suala cavab vermək üçün öz fikrimiz olmalıdır ki, bizimlə hesablaşsınlar. İnsanlar suallara cavab verməyə vərdiş etməyiblər. “İşlərin necədir” sualına insanların avtomatik cavab verməyə alışıblar. Maylz Dauni deyir ki: “Kouçinq – isim deyil, kouçinq – feildir. Məqsədyönlü, yaradıcı, pozitiv və daimi fəaliyyətdir”.
Şamil Fətəliyev: Faydalı ünsiyyətə vaxt ayırmaq lazımdır. Bu artıq amerika yanaşmasıdır. Hər şeydə balans gözlənilməlidir.
Fuad Babayev: Sizə fəaliyyətinizdə uğurlar diləyirik!
Hazırladılar: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az
Material ilk dəfə 3 aprel 2019-cu ildə dərc olunub.