Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” məlum fərmanını iqtisadçı ekspertlər daha detallı şərh edir.
Ekspert Natiq Cəfərli facebook səhifəsində fərmanın detalları barədə izahat verib: “1) Fərman ancaq dollarla kredit götürənlərə, ancaq fiziki şəxslərə aiddir, 2) Fərman ancaq ana borc 10 min dollara qədər olan kreditlərə aiddir, 3) Fərmanla ödəniləcək kompensasiyalar 5 min dollardan çox olmamalıdır, 4) Fərmanla problemli kreditlərə bu günə qədər hesablanmış faiz və dəbbələr silinir, 5) Fərmanla 2015-ci il fevralın 21-nə qədər 10 min dollara qədər xarici valyutada mövcud olan əsas kredit borcunun 1-ci devalvasiyadan dəymiş ziyan – yəni hər dollara 25 qəpik və faizlər dövlət tərəfindən ödəniləcək, yerdə qalan ana borc köhnə məzənnə ilə ödəniləcək, 6) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcun üzərinə gəlmiş məzənnə fərqi – yəni hər dollara görə 60 qəpik və faizlər dövlət tərəfindən ödəniləcək, 7) 2-ci devalvasiyadan sonra götürülmüş kreditlərə fərman aid edilməyəcək, 8) Fərmanla güşəztə düşən kreditlərlə bağlı bankların vətəndaşlara qarşı məhkəmələrdə qaldırılan iddiları geri çəkiləcək.
Fərman irəli atılmış çox müsbət addımdır, təqribən, 500 minə yaxın insan bu fərmandan fayda görəcək, amma bəzi məqamlar da var: 1) Fərmanda bu günə qədər devalvasiyadan ziyan görmüş, amma canını dişinə tutub, bəzən əmlakını satıb, ana borcu 10 min dollara qədər olan kreditini tam bağlamış vətəndaşlarla bağlı heç bir müddəa yoxdur – bu da ədalətsizlik hissi yaradır və ümumən, yaxşı kredit tarixçəsi olma həvəsini öldürür, 2) Fərman problemi kökündən həll etmir, 10 min dollardan artıq borcu olan insanların devalvasiya zərərlərini ödəmir, bu günə qədər həmin insanlar borcunu verə bilmirdilərsə, bu gündən sonra da verə bilməyəcəklər, hətta vermək istəməyəcəklər.
Fərmanla əlaqədar qurumlara qısa müddət ərzində təkliflər hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Ümid edirəm ki, bu təkliflər arasında vaxtında kreditlərini ödəmiş, amma devalvasiyadan ziyan görmüş vətəndaşlarda yaranacaq ədalətsizlik hissinin aradan qaldırılması da yer alacaq”…
İqtisadçı ekspert Vüqar Bayramov da facebook səhifəsində məlum fərmanı izah edərək bildirib ki, fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək: “Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablancaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq. Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər. Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək. Kompensasiya məbləği hesablanacaq və qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollarla kredit bağlanır. Güzəşt məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər. Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər”. Kompensasiyadan sonra kredit bocu qalanlara borcun qaytarılma mexanizmini Vüqar Bayramov belə izah edir: “Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min, kompensasiya məbləği isə 4 min dollardır. Həmin kredit üzrə qalan 2 min dollar borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Borcu ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir, yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin. Fərmana əsasən, fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği 45 gün müddətinə müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən gec aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq. Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək”.
Müstəqil iqtisadçı ekspert Rəşad Həsənov məlum fərmanı problemli kreditlərin həlli istiqamətində müsbət addım kimi dəyərləndirir: “Problemli kreditlərə münasibətdə, eləcə də devalvasiya qərarından vətəndaşa dəymiş ziyanın müəyyən qisminin aradan qaldırılması istiqamətində atılmış addım kimi pozitiv qərardır. Nəzərə alaq ki, son üç ildə aiddiyyati dövlət qurumları bu mövzunu yaxın buraxmırdı və imkan daxilində bu məsələni iqnor edirdilər. Çox qısa müddətə yenidən bu mövzunun gündəmə gətirilməsi və eyni zamanda müəyyən bir həll yolunun tapılması müsbətdir. İndiyədək 3000-5000 manat məbləğində olan kreditlərə güzəştin təqdim olunması və həll yollarının tapılması istiqamətində müzakirələr aparılırdı. Müsbət cəhət odur ki, indi miqyasın genişlənərək 10 min ABŞ dolları məbləğində olan kreditlərə aid edilməsi daha çox problemin həllinə təsir göstərəcək. Xüsusilə də devalvasiyadan dəyən zərərin aradan qaldırılması ilə bağlı ortaya qoyulmuş mövqe təqdirəlayiqdir. Bu hökumətin borcudur, çünki onun qəbul etdiyi qərardan vətəndaşın biznesi zərər görmüşdü. Təəssüf ki, eyni zamanda burda müəyyən diskriminativ elementlər də var. Onlardan biri də yalnız 10 min ABŞ dollarına qədər olan kreditklərə güzəştin verilməsi məsələsidir. Burda 10 min ABŞ dollarına qədər hər bir kəsin kreditinə güzəşt verilə bilərdi, bu nisbətən daha ədalətli olardı. Çünki 11 min ABŞ dolları götürmüş insanların da həmin qərardan zərəri vardır. Məbləğin 10 mininə güzəştin verilməsi müəyyən qədər yükün azalmasına gətirib çıxarardı. Amma istənilən halda bu bank sektorunda problemli kreditlərin azalması, bankların likvidlik səviyyəsinin artması, adekvatlıq əmsalının yüksəlməsi, eyni zamanda bankların növbəti dövrlərdə reytinqlərinin yüksəlməsinə müsbət təsir göstərəcək. Mənfəət normasını artıracaq, vəsaitlərin bir qismi uzun müddətdir dövriyyədən kənar qalmışdı. Bank bu vəsaitləri daha aktiv istifadə edib gəlirlərini artıra biləcək. Vətəndaşın maliyyə yükü azalacaq və bu imkan verəcək ki, vətəndaş daha planlı şəkildə işini qura bilsin”.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az