Bank elə bir yerdi ki, günəşli gündə sizə həvəslə kirayəyə çətir verir. Elə ki, yağış yağmağa başladı, iki ayağını bir başmağa dirəyib çətirini geri istəyir.
Yuxarıdakı fikri xeyli müddət bundan əvvəl bir ağıllı əcnəbi səsləndirib. Haradasa oxumuşam, yadımda qalıb.
“Bu gün rayonlarda insanların bir çoxu yüksək faizli kreditləri qaytara bilmədikləri üçün onların evləri, əmlakları əllərindən alınıb. İnsanlar evlərindən çölə atılıb. Axı, 20-25 və ya 28-30 faizlə kreditmi olar? Dünyanın heç bir yerində belə bir şey yoxdur.”
Bu sözləri isə parlamentimizin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Özü də bu günlərdə. Mən də day.az saytında oxumuşam. İnsafən, çox maraqlı məqalə idi saytdakı həmin yazı. Və orada İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin də fikirləri vardı.
İqtisadçı Azərbaycanda krediti olmayan adam tapmağın müşküllüyünü vurğulayıb deyir: “Hətta elələri var ki 2-3 bankda adına kredit xətti açılıb. Ümumiyyətlə, ölkə üzrə 1,5 milyondan çox vətəndaş kredit müştərisidir. Ölkədə muzdlu işçilərin sayı 1,4 milyon, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdir. Belə çıxır ki, rəsmi əmək haqqı alanların hamısı, iqtisadi fəal əhalinin isə hər 3 nəfərdən biri bank müştərisidir. Kredit alanların sayı durmadan artır.”
Bax belə. Aydın olur ki, vətəndaşlarımızın xeyli hissəsinin kredit tarixçəsini “gözlər olsun, görməsin” qrupuna aid etmək olar. Və bu da məyus edici məsələdir. Amma, bir o qədər də yox.
Elə bu günlərdə kredit-reytinq agentliyi Moody’s Britaniyanı “AAA” reytinqindən məhrum edib. “AAA” reytinqidə belə bir şeydir ki, hansı dövlətdə o varsa hamı bu dövlətin aldığı pulu hökmən qaytaracağına inanır. Hə, indi İngiltərənin reytinqi olub «АА1».
Eyni iş 2011-ci ildə Amerikanın başına gəlib, 2012-ci ilin noyabrında Fransanın. “AAA” bir Almaniyada qalıb, bir də Kanadada.
Bildinizmi, bizimkilərin “kredit reytinqi”nin aşağı olmağından nəyə görə əndişələnməyə dəyməz? Elnən, hətta bütün dünya ilə gələn bəla toy-bayram olar.
Bankların da çətiri yağış yağanda geri istəmələrini artıq bilirsiniz.
Əşşi, birdə, islanmışın yağışdan nə qorxusu?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 62-63)