Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1987-ci ildə yaradılmış və Azərbaycan Demokratk Respublikasının müdafiə nazir olmuş, general Səməd bəy Mehmandarova məxsus XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan mülkdə fəaliyyət göstərmişdir.
Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi.
Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. İşğal ərəfəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əməkdaşlarının fədakar əməyi nəticəsində Şuşa filialında mühafizə olunan eksponatların bir qismi – 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatları, 39 ədəd zərgərlik nümunələri, 29 ədəd parça və tikmə Bakıya gətirilmişdir. Anca daşınması mümkün olmayan eksponatlar isə hazırda erməni işğalı altındadır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı doğma məkanından uzaq düşməsinə baxmayaraq öz fəaliyyətini bu gündə davam etdirir. Filialın kollektivi Qarabağ bölgəsinə məxsus milli sərvətimizin təbliğini və yaşadılmasını özlərinin əsas vəzifəsi hesab edir.
Erməni işğalçılarının mənimsəmək istədikləri Azərbaycan xalçaları, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə məxsus ceşnilərin qorunması, təbliği və tədqiqi sahəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı mütəmadi işlər aparır.
Muzeyin Şuşa filialı Qarabağ məktəbinə məxsus xalça nümunələrinin məhz xarici ölkələrdə təbliği məqsədi ilə ABŞ-da fəaliyyət göstərən “Qarabağ Fondu” ilə əməkdaşlıq edir.
Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsas layihələrindəndir.
Goranboyda məskunlaşan Xocalı qaçqınlarını işlə təmin etmək məqsədilə Dövlət proqramına əsaslanaraq Xocalı Rayon İcra Hakimiyyətinin sifarişi ilə Goranboyun Aşağı Ağcakəndində xalça sexi yaradılmışdır. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əməkdaşları tərəfindən Qarabağ məktəbinə məxsus qədim çeşnili “Çələbi”, ”Bəhmənli” və “Malıbəyli” xalçalarının eskizləri hazırlanaraq 2012-ci ilin yanvar ayından fəaliyyət göstərən xalça sexinə toxuması üçün təhvil verilmişdi.
Azərbaycanın, həmçinin Qarabağın xalça sənəti qədim köklərə malikdir. Arxeoloji və yazılı mənbələrdən məlum olur ki, hələ b.e.ə. II minillikdən (tunc dövrü) başlayaraq bu ərazidə xalça sənəti ilə məşğul olmuşlar.
X əsr ərəb tədqiqatçısı Əl-Muqəddəsi Qarabağ xalçalarının “… tayı-bərabəri olmayan” gözəlliyi haqqında məlumat verir. X əsrdə ərəb müəllifi Əl-İstahri Bərdədə boyaq otu haqqında, digər müəllif İbn Hakual (X əsr) tünd qırmızı rəng alınması üçün istifadə olunan, hətta Avropaya ixrac olunan barama qurdları haqqında yazır.
Şuşa xalça sənətkarları hələ 1867-ci il Paris sərgisindən medallarla, diplomlarla qayıtmışlar. 1872-ci ildə Moskvada keçirilən Politexnik Sərgisində də Şuşa xalçaları yenidən xüsusi nişanlarla təltif olunmuşdular.
Boston Ali incəsənət Muzeyində XVIII əsrə məxsus xalça, Amerikanın məşhur Tekstil Muzeyində tənək yarpaqları ilə haşiyələnən bir neçə nadir xalça, o cümlədən Tekstil muzeyində XVIII əsr Qarabağ kompozisiyaları ilə işlənmiş məşhur “Əjdahalı” xalçaları bu gün də dünya sənətsevərlərini valeh edir.
Hazırladı:
Vüqar Tofiqli