Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma təsərrüfat barədə məlumat verildi.
Bildirildi ki, Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.
Dövlətimizin başçısına və birinci xanıma nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə də məlumat verildi.
Diqqətə çatdırıldı ki, ana balıq kürünün formalaşmasından sonra cinslər üzrə məhsul əldə edilməsi üçün mövsümə uyğun olaraq martdan mayadək nohurlarda, bütün ilboyu isə şirin suyu olan qapalı su təchizatı qurğusunda saxlanılır. Balıqların cinsi təyin edildikdən sonra isə damazlıq sürü müəyyənləşdirilir. Sonrakı mərhələdə balıqların genetik pasportlaşdırılması və çipləşdirilməsi həyata keçirilir. Daha sonra balıq məhsullarının hazırlanması və emalı üçün erkək balıqların ayrılması, dişi balıqlardan kürü istehsalına başlanması prosesi aparılır. Sonda isə körpə balıqların buraxılması, kürü və balıq məhsullarının əldə edilməsi prosesi həyata keçirilir.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.