Rusiya paytaxtında Xocalı soyqırımının anım mərasimi keçirilib. APA-nın Moskva bürosunun məlumatına görə, tədbir “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində təşkil olunub. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, RAGT sədri və Heydər Əliyev Fondnun vitse-prezidenti Leyla Əliyeva, ÜAK prezidenti Məmmədbağır Əliyev, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, bir sıra dövlətlərin diplomatik missiyasının başçıları, Rusiyada fəaliyyət göstərən müxtəlif dövlətlərin diaspor təşkilatları, ictimai xadimlər və jurnalistlər iştirak ediblər.
“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasının gördüyü işlərdən bəhs edən videoçarxın nümayişi ilə başlanan tədbirdə çıxış edən Leyla Əliyeva 1992-ci il fevralın 26-da Ermənistanın hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı törədildiyini söyləyib. O bildirib ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub: “Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil”.
“Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlərdən danışan Leyla Əliyeva kampaniyanın dünyanın bir çox yerlərində uğurla həyata keçirildiyini söyləyib: “Artıq “Xocalıya Ədalət” kampaniyası dünyanın bir şəhərlərində keçiilib və bu beynəlxalq informasiya və təşviqat kampaniyası davam etməkdədir. Bir çox dünya ölkələri Xocalı soyqırımını tanıyıb. Pakistan, Meksika, Rumıniya, Çexiya parlamentləri Xocalı soyqırımını tanıdıqlarını bildiriblər. ABŞ-ın altı ştatı Xocalı soyqırımı haqqında qətnamə qəbul edb. Mən əminəm ki, gün gələcək, bütün dünya dövlətləri Xocalı soyqırımını tanıyacaq. Dağlıq Qarabağ münaqişəsi Azərrbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız evlərinə qayıdacaqlar”.
Səfir Polad Bülbüloğlu isə çıxışında bildirib ki, bu tarix Azərbaycan xalqı üçün çox ağır gündür: “Xocalıda 20 il əvvəl baş verənlər daima bizim yaddaşımızda, ürəyimizdə qalacaq”.
Səfir qeyd edib ki, Leyla Əliyeva dünyanın Xocalı faciəsi haqqında məlumatlı olması üçün müxtəlif ölkələrin gənclərini bu aksiyaya yönəltməklə çox əhəmiyyətli iş görüb: “Çünki heç bir xalq, millət bu cür faciənin geniş ictimaiyyətə çatdırılmamasını özünə bağışlaya bilməz”.
ÜAK prezidenti Məmmədbağır Əliyev çıxışında bildirib ki, beynəlxalq ictimaiyyət Xocalıda baş verənləri əsl soyqırım kimi tanımalı və bu faciəni dünyada baş verən digər faciələrlə eyni səviyyədə qiymətləndirməlidir.
Daha sonra “Xocalıya Ədalət” təbliğat və informasiya kampaniyasının əlaqələndiricisi Nicat Məmmədov çıxış edib. O, kampaniya haqqında məlumat verərək görülən işlərdən danışıb.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda uşaq evlərində tərbiyə olunan uşaqların əl işlərindən ibarət “Xocalı. Mərhəmət” adlı rəsm sərgisi təşkil olunub.
28.02.2013
http://az.apa.az/news/290331?keywords=leyla+%C9%99liyeva+xocal%C4%B1ya+%C9%99dal%C9%99t