Suallarımızı Azərbaycan Respublikasının əməkdar artist Loğman Kərimov cavablandırdı.
– Mətbuatda Sizin müsahibələrə demək olar ki, az rast gəlinir. Loğman Kərimov müsahibə verməyi xoşlamır desək yanılmarıq ki? Əgər bu həqiqətən belədirsə, səbəbini bilmək istərdik.
– Qəzetlərin demək olar ki, hamısında özlərinə də, sənətlərinə də çox hörmət etdiyim insanlar var. Amma mənim xarakterim bir az başqadır, məm işimi görürəm.
– İş olmadan gündəmə gəlmək istəmirsiniz?
– Lap iş də olsa. Son işlərə misal olaraq Mirzə Fətəli Axundzadənin Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və “Hacı Qara” tamaşaları olub. Tezliklə daha bir premyera olacaq. Odur ki, mənim müsahibə verməyə vaxtım yoxdur, tamaşalar hazırlayıram.
– Hazırda Şuşa teatrında işləyirsiz?
– Bəli, 9 ildir Şuşa teatrında baş rejissor işləyirəm.
– Mən bildiyimə görə Şuşa teatrının binası hazırda tikinti prosesindədir, çətindir binasızlıq?
– Bəli, bina Təbii ki, binasızlıq çətindir.
– Teatr fəaliyyətinizi necə davam etdirirsiniz?
– Yadigar müəllim (red. – Yadigar Muradov, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru) sağ olsun. Onun təşəbbüsü ilə bizim üçün şərait yaradıblar. Biz Yadigar müəllimlə tələbə yoldaşı olmuşuq. Teatrın binasının tikintisinə gəldikdə isə binanın 75 faizi, yəni ağır işlər demək olar ki, bitib. Vəsait ayrılsa, bir ay ərzində tikintintini yekunlaşdırmaq olar.
– Teatrın repertuarı, truppası necə müəyyən olunur?
– Teatrın repertuarını müəyyən etmək baş rejissor kimi mənim səlahiyyətinə daxildir. Hər ilin oktyabr ayına qədər əsərlər nazirliyə (red. – Mədəniyyət və turizm nazirliyi) göndərilir. Repertuarı müəyyənləşdirəndə həm klassika, həm müasir, həm də tarixi mövzuları əhatə etməyə çalışırıq. Nazirlik göndərilən əsərlərə baxır və təsdiq edir. Mən artıq 15-16 ildir baş rejissor kimi fəaliyyət göstərirəm. Nazirliyə təsdiq üçün hansı əsəri təqdim etmişəmsə təsdiq olunub və teatr həmin əsəri hazırlamağa başlayıb. Eyni adlı əsər eyni vaxtda müxtəlif teatrların repertuarına daxil edildikdə nazirlik həmin əsəri siyahıdan çıxara bilər. Şuşa teatrının binası olmadığına görə ildə 2-3 tamaşa hazırlamağa şərait var. Amma digər teatrlarda ildə təxminən 5 və ya 6 yeni tamaşa hazırlanır. Təbii ki, baş rejissor əsəri təqdim etdikdə yalnız müəllifi əsas götürmür, öz aktyor potensialını, pyesin aktuallığını da nəzərə alır. Mən əsasən çalışıram ki, hər il klassik əsərlərə müracət edim. Klassika həm aktyorun, həm də rejissorun yetişməsinə kömək edir.
– Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin əsərlərinə müraciətiniz başa düşüləndir. Çünki komediyada qabardılan problemlər bu gün də aktualdır. Az öncə qeyd etdiyiniz “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Mirzə Ələkbər Sabirin bəhri-təvillərindən, Səməd Mənsurun “Rəngdir” və “Gülməlidir” qəzəllərindən istifadə maraqlı tapıntıdır. Bu əsərə və “Hacı Qara”ya yeni quruluş vermək ideyası nədən yarandı?
– Bəyəndiniz tamaşanı?
– Bəyəndik.
– Mən 41 ildir bu peşəkar işlə məşğulam. Mən bütün əsərlərə fərqli yanaşıram. Rejissorun əsas xoşbəxtliyi odur ki, pyesi oxuya bilsin.
– Öz süzgəcindən keçirsin.
– Hər rejissor pyesi oxuya bilməz. Mən bütün dünyadan danışıram. Mən ümumiyyətlə pyesi hazırlayanda onu ilk məşq prosesində aktyorla birlikdə oxuyuram. Əsərə öz yanaşmamla baxıram, onu təhlil edirəm. “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını Səməd Mənsurun “Rəngidir” şeiri ilə başladım və finalda da onunla bağladım. Şeir bitən kimi tamaşaçıların alqışlarını eşitdikdə mən əsərə düzgün yanaşdığımı başa düşdüm. Tamaşada musiqi yox idi, orada Edit Piafın (red. – məşhur fransız müğənnisi, (1915-1963)) bir mahnısı gedir. Qədim dövrlərdə şəbeh teatrı olub. Onlar toyda toy materialını, yas yerində yas materialını oynayıblar, məhsul bayramında oynayıblar. Bugünkü dillə desək, fərqli tamaşalar qurublar.
– Yəni ampluaları olmayıb, istənilən mövzuda tamaşa hazırlayıblar.
– Meydan tamaşası bir xalça iki aktyordan ibarətdir. Burada mən meydan tamaşasının bütün şərtlərinə əməl etmişəm. Çox böyük olmayan rekvizitlərdən başqa səhnədə heç bir dekorasiya yox idi. Bircə o Edit Piafın musiqi nömrəsini müasir təqdim etdim. Mən əsərə müasir baxışla yanaşmışam, əgər ənənəvi yanaşsaydım o bugünkü tamaşaçıya maraqsız olacaqdı. Mənə maraqlı odur ki, günorta seansında tamaşaya baxmağa gələnlərin hamısı tələbələr idi və onlar müsair dövrün uşaqlarıdır, teatrdan bir az kənardadırlar. Tamaşa başladıqdan bir dəqiqə sonra onların bütün diqqəti səhnəyə yönəlmişdi və bu mənə çox xoş təsir bağışladı. Mən müasir tamaşaçıya öz dilində tamaşanı təqdim etdim. Təbii ki, klassikanın onurğa sütununu saxlamaq şərti ilə. Müsyö Jordan gəlib Azərbaycana kimisə aparmaq istiyir. Müsyö Jordan Şahbazı bəlkə qəsdən aparmağa gəlmişdi. Yüz il əvvəl Cümhuriyyət dövrünə nəzər saldıqda görürsən ki, onların geyimləri çox gözəldir. Hətəmxan ağanın qardaşı oğlunun təhsili var, xarici dilləri bilir. Niyə bizi əbayla verirsiniz hər dəfə? Ona görə mən bütün bunlardan qaçdım və geyimin əba olmasını istəmədim. Hər zaman bütün əsərərə öz baxışımdan yanaşıram. Tamaşalarımın hamısının öz ritmi, öz tempi var.
– Missionerlik elementi də olub.
– Məndə tamaşanın ilkin variantda missionerlik elementi var idi. Müsyö Jordan deyir ki: ”…Neyniyim e, hərənizin 2 dənə adı var. Şah Abbas, Şərəf Nisə, Şəhrə Banu, Şatəm Xan. Hamısı da ş hərfi ilə başlayır…” Bu fransız axırda söhbəti uzun qulağa bağlatır ki, sənin də 2 adın var. Uzun Bu yerdə Hatəmxan ağa onun ağzından vurur ki, Müsyö axı sənin də uzunqulaq kimi iki adın var. Tamaşaçı bundan sonra bu əsərə başqa gözlə baxacaq, rejissorun yanaşmasını başa düşmək istəyəcək. Bu boyda milləti bir fransız ədəbli edəcək? Bizim öz ədəbimiz haradadır ki, sən gəlib bizə ədəb, ərkan dərsi keçəsən. Hər millətin öz mədəniyyəti var. Bu o demək deyil ki, bizdə yoxdur? Tamaşada deyildiyi kimi: “…Nizami Gəncəvini dünya tanıyır və dünya onu tanımağa borcludur…” Çünkü dünya ədəbiyyatının, dünya mədəniyyətinin təməlini qoyanlardan biri də Nizami Gəncəvidir. Nizami Gəncəvidən sonra Şekspir dahi “Romeo və Culyetta”sını yazdı. Bu əsərlə bağlı mən həmişə fikirləşirəm ki, ingilislərdə axı qan düşmənçiliyi, qanlı bıçaq söhbəti olmayıb. Şekspir dahidir, mən bunu qəbul edirəm. Amma, bu mövzu Şərqdə yaranıb.
– Aktyor var ki, deyir ki, məni filan rolda gördülər, artıq başqa rolda, başqa ampluada qəbul etmək istəmirlər. “Qəzəlxan” filmindəki Əliağa Vahid obrazı bir aktyor kimi gələcək rollarınızda Sizə kömək etdi, yoxsa mane oldu?
– “Qəzəlxan”a qədər mən bir neçə filmdə çəkilmişdim. İlk olaraq mən “Lenfilm”də “Barıt” (red. – “Porox”, 1985) bədii filmində çəkilmişəm. Mən iki il Piterdə yaşamışam. “Araqarışdıran” (1987), “Sahilsiz gecə” (1989), “Lətifə” (1989) filmlərində çəkilmişəm. Ümumiyyətlə, əvvəl mən kinorejissor olmaq istəyirdim. Mane törədənlər oldu, Moskvaya oxumağa gedə bilmədim. Kinoda belə bir şey var. Aktyor uydurulmuş obrazı yox, tarixi şəxsiyyətin rolunu oynayır və sonra taleyi onun kimi olur. Deyə bildim fikrimi? Populyar oldum. Amma, Əliağa Vahid sıxıntıda yaşadığı kimi mən də sxıntıda yaşayıram. Dünya kinosunda belə hadisələr olur. Bu dəfələrlə təsdiq olunub.
– Yəni mistik bir bağlılıq.
– Bəli. Mən nağıl danışmıram. Mən olanı deyirəm. Amma, bu kinoda çəkilmək mənə populyarlıq gətirdi.
– Mənim yadıma gəlir “Ağ atlar üçün vals” televiziya filmindən sonra mətbuatda yazırdılar ki, Azərbaycan teatrına yeni aktyor gəlib. Nə oldu ki, siz uğurlu aktyor debütlərindən sonra rejissorluğa keçdiniz?
Mən kinorejissor olmaq istəyirdim. Kinorejissor olmaq üçün VQİK-ə (red. – ВГИК – S. Gerasimov adına Ümumrusiya Dövlət kinematoqrafiya institutu) sənədlərimin verilməsi prosesi qəsdən çox uzadıldı və imtahana bir gün qalmış sənədlər mənə verildi. Bu səbəbdən imtahanda iştirak edə bilmədim. 90-cı illərə qədər mən Rusiyada, Belarusda filmlərə çəkilirdim. Həmin dövrdə Gürcüstanda dünya teatr festivalında Ninel Şahova (red. – sovet telejurnalisti, Mərkəzi televiziyanın “Zaman” verilişinin mədəniyyət məsələləri üzrə şərhçisi) mənə yaxınlaşıb dedi ki, səni çəkildiyin filmlərdən tanıyıram. O mənə 40-50 teatrın iştirak etdiyi bütün festivalın aparıcısı olmağı təklif etdi. Mən Ninel Şahovanın bu təklifini teatrımızın direktoru və baş rejissora bildirdikdə onlar həmin qadınla davaya çıxdılar ki, teatr Loğmanın üzərində dayanıb. Əgər Loğman 6-7 gün burada qalsa, teatrımz məhv olar. Halbuki, mən o vaxt teatrda kiçik rollar oynayırdım. O vaxt mən Gənc Tamaşaçılar Teatrında işləyirdim. Onda fikirləşdim ki, daha bəsdir. 1990-cı ildən sənətimi dəyişdim və o dövrdən bu yana təxminən 90-a yaxın əsərə quruluş vermişəm. Təkcə Bakıda deyil, rayonlarda da.
– Mətbuatda belə bir informasiyaya rast gəldik ki, Siz bir neçə il Respublika Xalq Teatrları Festivalının münsiflər heyətinin üzvü olmusunuz? Bu festivallar gözləntilərinizi doğrultdumu?
– 10 il əvvəl ilk dəfə Respublika, sonra 4 il Bakı festivallarında münsiflər heyıtinin üzvü olmuşam. Bəzən baxıram hansısa ölkədə özfəaliyyət səviyyəsində tamaşa qoyublar, ansambllar yaradıblar. Bizdə ona xalq teatrları deyərdilər. Bu çox yaxşıdır. Qoy tamaşalar zəif olsun. Elə də olmalıdır, peşəkar deyil axı. İndiki dövrdə onlar gözəl işlə məşğuldurlar. Siyəzəndən gələn özfəaliyyət aktyorları rəhmətlik Rəhman Əlizadənin yazdığı “Diqqət başlayırıq” tamaşasını təqdim etdilər. Gözəl və səmimi idilər, ən başlıcası özləri idilər. Məhz onlar ən yaxşı tamaşa adına layiq görüldülər. Sabirabaddan qazilərdən ibarət özfəaliyyət aktyorları necə gözəl rol aparırdı. Onların 10 nəfər iştirakçısından 4 və ya 5-i müharibə əlili olan insanlar idi, şikəst olmalarına rəğmən səhnədə mizan qurmuşdular, hərəkət edirdilər. Hazırda əlilliyi olan və olmayan aktyorlardan ibarət əngəlsiz, sərhədsiz, azad “ƏSA” teatrı var. Sözümü xalq teatrına gətirirəm. Bu çox yaxşıdır. Amma təbii ki, nöqsanlar da var. Xalq teatrı üçün əsər seçəndə diqqətsiz oluruq. Mən hər zaman demisəm ki, klassika hazırlayın. Təbii ki, qeyri-peşəkarlar üçün Akademik Milli Dram Teatrının səhnəsində oynamaq bir stimul idi. Xalq teatrının ştatları var 2-3 nəfər maaş alır. Amma elə xalq teatrı var ki, tamaşa hazırlamır, amma əmək haqqı alırlar. Digər tərəfdən elə özfəaliyyətlər var ki, heç bir maddi maraq güdmədən bu işi görürlər. Ölkədə 42 xalq teatrı var.
– Müasir teatr tamaşaçısı nə görmək istəyir?
– Müasir teatr tamaşaçısı onu maraqlandırmağı istəyir. Teatr sənətinin qanunlarından biri odur ki, teatr tamaşaçını təəccübləndirməyi bacarmalıdır, təəccübləndirməyi bacarmayan teatr heç kimə lazım deyil. Cavab verə bildim Sizə?
– Bəli.
– Tamaşaçı tamaşaya baxdıqda təəccüblənməlidir. İstər yazılan əsərdə, istər oyun tərzində, istər rejissor, istərsə də rəssam işində təccüblənməlidir ki, ona maraqlı gəlsin. Bu bütün dünyada belədir. Mən demirəm ki, bəzi tamaşaçıların səviyyəsinə enək, əksinə onu öz səviyyəmizə qaldıraq. Zamanın ritmini tutub, təccübləndirə bilmirsənsə, tamaşaçıya bu maraqlı deyil. Teatr tamaşaçını maraqlandıra bilirsə, deməli teatr düz işləyir.
– Mahiyyət qala bilər forma dəyişməlidir.
– 14 il əvvəl mən İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasını hazırladım. Bütün obrazları çıxarıb 4 obraz saxladım. Mahnı teatrının zalında bütün skamyaları kənara çəkib ortada dairə yaratdım. Heç bir rekvizit yox idi, 3 kreslo və 4 aktyordan ibarət tamaşa oldu. Heç bir sensassiya olmadı. Onu biz özümüz etdik axı. Amma, xarici ölkədən gələn teatr belə bir tamaşa göstərsəydi bu sensasiya olacaqdı. Bizdə bəşərilik fəlsəfəsi var. 3-4 il əvvəl Azərbaycanda Mirzə Fəfəli Axundzadənin 200 illiyi ilə əlaqədar Teatr Festivalı oldu. Mən o festivala Şuşa teatrında hazırladığım “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını təqdim etdim. Elə gətirdi ki, Gənc Tamaşaçılar Teatrında festivalın bağlanışı mənim tamaşamla oldu. Nazir Əbülfəs Qarayev bu tamaşanı türkdilli xalqların Tatarıstanda keçirilən Beynəlxalq Teatr festivalına göndərdi. Bu festivala 68 tamaşa təqdim olunmuşdu. Amma, münsüflər heyəti məhz “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ı festivalın ən yaxşı tamaşası seçdilər. Tamaşa böyük rəğbətlə qarşılandı. Rusiya və Macarıstandan olan teatr tənqidçiləri tamaşanı professional rejissor yozumu ilə seçilən səhnə əsəri kimi qiymətləndirdilər. Pyesi oxumağı bacarmaq lazımdır. Rejissor pyesi oxuya bilməsə, o elə müəllifin yazdığını deyəcək tamaşada.
– Teatr tənqidinə münasibətiniz necədir? Ədəbiyyat tənqidi görünür, amma teatr tənqidi görünmür.
– Mənə bu barədə fikir bildirmək çətindir. Bu barədə Aydın Tağızadə və ya Məryəm xanım (red. – teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə) danışa bilər. Bəlkə də məsləhət bilmirlər. Mən əvəllər tələbə olanda “Yeni filmlər” kino qəzeti vardı. Mən hansısa bir aktyor, rejissor, təbii ki, kino haqqında, tamaşa haqqında həftədə bir məqalə verirdim qəzetə. Bəzən olur münasib müəllif olanda onun əsərlərini analiz edirəm, mənim yazılarım bəzən “525-ci qəzet”də çıxır.
Təmkin Məmmədli, 1905.az
Söhbət 20 noyabr 2017-ci ildə baş tutub.