Mayın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2024-cü il 7 mart tarixli iclasının protokolu təsdiq olunub.
Sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
Bildirilib ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyinə görə ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeyd olunanları nəzərə alaraq, qanunvericiliyə uyğun qaydada Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Daha sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktına dair məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də müvafiq dəyişiklik edilməsinə qərar verilib.
Beynəlxalq təşkilat təmsilçisi və media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.