Şuşanın qəhrəmanlıq ruhu, Pənahəli xanın şəhər konsepsiyası, dağlarda həkk olunmuş qədim türkün səsi, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Fatma Kəminənin timsalında mütərəqqi Şərq qadını obrazı, gözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarları və bir çox maraqlı faktlar çələngi. Bütün bunlar “Mədəniyyət kodu – Şuşa” adlı lonqriddə çox maraqlı formatda əks olunur.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin işçi qrupu layihəni yüksək standartlara uyğun icra edir. Azərbaycan mediası üçün tam yeni olan bu məhsul ciddi araşdırmalar, arxiv foto və videosənədlər, müsahibələr əsasında hazırlanır.
Bu barədə AZƏRTAC-a “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyindən məlumat verilib.
Fitçer üslubunda hazırlanmış mətn yeni medianın müxtəlif alətləri istifadə olunmaqla lonqridin tələblərinə müvafiq zənginləşdirilir. Üç növ infoqrafika hazırlanır, bunlardan iki interaktiv xəritə məzmununa görə tam yeni və unikaldır. Bunlar Şuşa şəhərinin məhəllələri və işğaldan azad olunmuş ərazilərdəki Alban məbədlərinin interaktiv xəritələridir.
Layihənin əsas ideyası Şuşanın əsrarəngizliyi və füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Qərb insanına aşılamaqdır. Müasir dövrdə immersiv, yəni dalma jurnalistikaya xas olan alət və üsullardan istifadə vacib mesajların auditoriyaya müfəssəl çatdırılmasına zəmanət verir. Onlardan biri Qərb auditoriyasında populyar olan lonqriddir. Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən Avropada təqdim ediləcək ilk lonqrid olacaq. Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə çatdırmaqdır. Artıq işçi qrupunun üzvləri arasında vəzifə bölgüsü aparılıb. Ciddi araşdırmalar, sənədlərin öyrənilməsi, müsahibələr vasitəsilə təkzibolunmaz faktoloji bazanın yaradılması, onun əsasında yüksək standartlara uyğun lonqridin hazırlanmasına dair işlərə başlanılıb.