Erməni müəlliflərinin xəstə təxəyyülü özünü Şuşa şəhərinin tarixinin özünəməxsus şəkildə şərh edilməsində də açıqca nümayiş etdirir.
Dünyanı erməniləşmiş şəkildə görən erməni millətçiləri Şuşanın da tarixinin saxtalaşdırılması və özününküləşdirilməsi üçün obyektivliklə bir araya sığmayan ən müxtəlif iddialara əl atırlar. Çünki bu şəhər-qalanın tarixinin doğru-düzgün şərhi Qarabağın erməniləşdirilməsinə mane olur. Ş.Mkrtıçyan öz kitabında belə bir uydurma irəli sürür ki, əvvəllər Şkikar adlandırılan Şuşa qalası haqqında hələ VI əsrdən məlumatlar mövcuddur. Guya 1740-cı ildə hələ Pənah xandan əvvəl Şuşa qalası Ovanes Avan tərəfindən yenidən bərpa edilmiş və yalnız sonralar bu qala Pənah xanın iqamətgahına çevrilmişdi.
Şuşa qalasının əsasının 1750-ci ildə azərbaycanlılar, konkret olaraq Qarabağın ilk xanı olan Pənahəli xan tərəfindən qoyulmasını gizlətmək üçün erməni tarixçiləri bir sıra başqa «faktlara» da istinad edirlər. «Sovetski Karabax» qəzetinin 6 avqust 1989-cu il tarixli nömrəsində imzasız çap edilmiş tarixi məlumatda bir sıra belə «faktlar» sadalanmışdır və bununla da bir növ Şuşanın azərbaycanlılara deyil, ermənilərə məxsusluğu «təsdiq» olunmuşdur. Məlumatda o da bildirilirdi ki, Şuşa qalası Qarabağ məliyi olan Şahnəzərin nəzarəti altında olan ərazidə yerləşirdi.
Qarabağ məlikləri arasında daxili ədavət güclənəndə guya məlik Şahnəzər köçəri türk tayfalarından birinin rəhbəri olan Pənah xanla ittifaqa girərək Şoş sığnağını ona vermişdi. Sonra o da əlavə olunur ki, «1750-ci ildə Pənah qala qurğularının yenidən tikilməsinə başladı». Belə fikirlərin cəfəng və uydurma olduğuna inanmaq üçün Qarabağın tarixi ilə bağlı yazılmış Qarabağnamələrə diqqət yetirmək kifayətdir. Deyilənin sübutu üçün ilk növbədə qeyri-azərbaycanlı müəlliftərin yazdıqlarına diqqət yetirək. Qarabağın Rusiya tərəfində işğalından sonra Platon Zubovun yazdığı bir tarixi romanda Şuşanın əsasının qoyulması barədə maraqlı məlumatlar vardır. Əsərin qəhrəmanı kimi verilən münəccim, Pənah xanla söhbətlərinin birində ona belə deyir: «Bütün Qarabağ üzərində hakimliyə nail olmaq üçün alınmaz yerdə tikilmiş qalaya malik olmaq lazımdır və mən belə bir yeri tanıyıram. Çinaxçının 12 verstliyində bir dağ vardır ki, onun ətəyindən yüksəkliyinə yamaclar vasitəsilə qalxmaq üçün saat yarım yol getmək tələb olunur. Bu dağ üç tərəfdən tamamilə alınmazdır. O, daş qayalıqlarla əhatə olunmuşdur. Qayaların aşağısında daşların arası ilə tez süzülüb gedən çay axır. Dediyim kimi ora çıxmaq üçün yalnız bir tərəfdən yol vardır. Bu tərəf divarla möhkəmləndirilə bilər. Digər tərəf isə təbiət tərəfindən qorunur. Dağın zirvəsində düzənlik mövcuddur ki, onun dairəsini qət etmək üçün iki saat piyada getmək lazımdır. Həmin yerdə şəhər tikmək və onu cəsur döyüşçülərlə məskunlaşdırmaq mümkündür»
Daha sonra əsərdə Şuşa qalasının əsasının qoyulması təsvir olunur: «Böyük silahlı dəstə ilə müşayiət olunan Pənah xan Vərənd məliyi və Cümşüdlə şimala gedəndə dağ silsiləsini aşaraq yuxarı və yuxarı dırmaşdılar. Onların qarşısında meşə və mamırlara bürünmüş sıldırım qayalar yüksəlirdi. Təxminən 7 verst yolu qət etdikdən sonra onlar yüksəkl iyin ən yuxarı nöqtəsində böyük bir düzənliyə çıxdılar. Bu düzənlikdən vadinin ən uzaq nöqtələrində yerləşmiş kəndləri, zəngin üzüm bağlarını, meşələrlə örtülmüş dağları seyr etmək mümkün idi. Bütün bunlar o qədər kiçik görünürdü ki, onlar dünyanın ən kiçik əşyaları təsəvvürünü yaradırdı. Üç tərəfdən bu düzənliyin alınması mümkün deyildi.Çünki ora sərt qayalarla dövrələnmişdi və bu yerə yalnız şimal tərəfdən çıxmaq mümkün idi.
– Budur,- deyə ərazini diqqətlə gözdən keçirən Pənah xan dilləndi.- Qalanın tikilməsi üçün ən münasib yer. Məlik, siz bu yeri mənə verməyə razısınızmı? – Ancaq,məlik dilləndi,- bura çox genişdir. – Üç tərəfdən möhkəmləndirilməsi tələb olunmur, dördüncü tərəfdən isə divar və bürclər ucaldarıq və onların üstündən yaxınlaşmağa cəsarət edən ötkəmləri darmadağın edərik. – Yaxşı, mən razıyam. Elə sabah qalanın əsasının qoyulmasına baş l arıq. – Əlbəttə, payızın sonuna isə bu yeni şəhərə köçmək olar. – Bəs, biz onu necə adlandıraq? – Buradan necə gözəl mənzərə görünür. Bütün ətraf sanki şüşədə görünən kimi görünür. Yeni qalanı Şuşa adlandırarıq. – Şuşa! Necə də gözəl addır.- Məlik onun sözünə qüvvət verdi.-Şuşaya sahib olmağınız münasibətiylə sizi təbrik edirəm. – Təşəkkür edirəm. Çalışacağam ki, bu qalanın layiqli sahibi olum. Hamı atdan yerə düşdü və bir neçə daş götürərək təpəciklərin birinin üzərinə topladılar. Pənah xan onun üstünə qalxaraq təntənəli səslə dedi: – Qoy Allah yeni yaradılan qalaya öz xeyir-duasını göndərsin, qoy, o, Gülüstanın gülü kimi, peyğəmbər həyətinin cənnət ağacı kimi çiçəklənsin, qoy nə vaxtsa bütün Qarabağın mərkəzi olsun və ecazkar hadisələrlə məşhurlaşsın. Qoy ətraf hakimlər yeni qalanın əzəməti qarşısında baş əysinlər və onun düşmənləri kül kimi yox olsun… Bu sözləri deyəndən sonra o, əlini alnına qoyub sonra yerə toxundurdu, bir ovuc torpaq götürüb toplanmış daşların üstünə səpdi. Hamı onun elədiyini təkrarladı».
Çoxlu sayda mövcud olan qarabağnamələrdən birinin müəlifi milliyətcə erməni olan Mirzə Yusif Nersesovdur. Onun 1853-cü ildə bitirmiş olduğu əsəri «Tarixi-Safi» adlanır. Bu əsərin müəllifi yuxarıda xarakteristikası verilmiş, zahirən assimilyasiya olmuş ermənilərdəndir. İranda yaşadığı vaxtlarda islamı qəbul etsə də, Qarabağa qayıdan kimi yenidən öz məzhəbinə dönmüşdü. Yəni erməniliyini itirməmiş belə bir adamın yazdıqları ermənilər üçün şübhə doğurmamalıdır. O öz əsərində Şuşanın əsasının qoyulmasını belə təsvir edirdi: «O öz vəzir-vəkilləri ilə məsləhət etdi, bu qərara gəldilər ki, gözəl, səfalı və xətasız bir yerdə qala tikdirsinlər. Soraqlaşdıqdan və axtarış etdikdən sonra Məlik Şahnəzərin bələdçiliyi və nümayəndəliyi ilə əhalinin indiki yaşayış yeri olan Şuşa qalasının yerini müəyən etdilər. Bu yeri Pənah xan özü gedib gözü ilə görmüş və hər cəhətdən bəyənmişdi. Lakin ərazinin ortasından su axmadığı üçün bir neçə yerdə quyu qazdırdı və quyulardan çoxlu su çıxdı. Bundan sonra 1752-ci ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu… Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb Şuşa şəhərinə gətirdi, onlara burada yer verdi».
Mirzə Yusif əsərində Şuşanın məhəllələrinin də adlarını sadal ayırdı. Onlar aşağıdakılar idilər: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd, Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifti, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.
Erməni tarixçilərinin cəfəng uydurmalarına baxmayaraq elə bu məhəllə adları da Şuşanın azərbaycanlıların şəhəri kimi formalaşdığını sübut edir. Qarabağın tarixi haqqında yazılmış bir sıra digər əsərlər də Şuşanın əsasının məhz azərbaycanlılar tərəfindən qoyulması barəsində yuxarıda söylənilənləri təsdiq edir.
M.Süleymanov “Erməni Millətçiliyi və təcavüzkarlığı tarixindən”, Bakı, 2008 kitabından