Çox mötəbər, A2 formatlı bir qəzetin bugünkü sayında, “Bölgələrdə” rubrikası altında dərc edilmiş 4 məqaləni həvəslə oxudum. Və hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşı adı ilə öyünən hər kəs bu məqalələri oxumalı və əlbəttə ki, sevinməlidir.
Məqalələr Ağsuya, Ağdaşa, Şahbuza və Zərdaba həsr olunub.
Ağsuya həsr edilmiş məqalə “Ağsu necə də gözəlləşib!..” adı altında dərc edilib. Və düz 4 şəkli var.
“Ağdaş uğurlarını artırır” məqaləsində şəkil yoxdur.
Şahbuzdan bəhs edən “Bütün sahələrdə irəliləyiş var” məqaləsində 1, “Dövlət qayğısı Zərdabın simasını dəyişir” yazısında isə 2 foto var.
Ümumiyyətlə, böyük zövqlə tərtib edilmiş səhifədə şəkil sarıdan yalnız Ağdaş rayonuna qarşı haqsızlıq edilib. Mən əlbəttə ki, dəyərli həmkarlarımın acığına gələ biləcək hər hansı söz, ifadə, bitmiş fikri ifadə edən söz və ya söz birləşməsi yazmağa qadir deyiləm. Amma, bütün hallarda gərək Ağdaşda çəkilmiş hər hansı foto burada yer alaydı. Bu həm ədalətli olardı, həm də rayonun artan uğurlarını əyani şəkildə göstərə bilərdi.
Bütün oxuculara,daha doğrusu ölkəmizin artan uğurlarına sevinə bilən insanlara bu yazılar ruh yüksəkliyi bəxş edir. Sevinə bilməyən insanlarsa, onsuz da belə pozitiv ruhlu yazıları oxumurlar, oxuya bilmirlər, ya da, elə ən pisi də budur, oxumaq istəmirlər. Biz həmin adamları tutub, ayaqlarını fələqqəyə salıb eynilə “Dəli Kür” filmində mollaxana şagirdinin cəzalandırıldığı kimi tənbeh edə bilmərik axı. Elə deyilmi? Oxumurlar, heç oxumasınlar.
Əsas odur ki, biz oxuyuruq.
Ən əsası isə belə yazılar illərdən bəri yazılır.
Bu da belə yazıların oxucuların çox böyük bir hissəsi tərəfindən razılıqla qarşılanmasından xəbər verir. Həm də respublikamızın bölgələrində gedən quruculuq işlərinin durmadan, ara vermədən getməsindən.
Yeri gəlmişkən, bu proseslər Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniyada ya getmir, ya da arzuolunan səviyyədə deyil. Elə bunun nəticəsidir ki, alman nəşrlərində “Drezden uğurlarını artırır”, ya da “Münhen necə də gözəlləşib” kimi yazılara rast gəlmək mümkün deyil.
Almaniya mətbuatında belə yazılar getmirsə, o biri Avropa ölkələrinin nəşrlərində heç getməz.
Elə deyilmi?
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
22 avqust 2013-cü ildə www.avciya.az saytında dərc edilib