Tanınmış jurnalist Məzahir Süleymanzadə suallarımızı cavablandırdı.
– Məzahir müəllim, çoxdandır görünmürsünüz. Məzahir Süleymanzadə indi haralardadır?
– Cəmiyyət arasındayam, sovet dövründə, müstəqilliyin ilk illərində hansı mövqedəydimsə, indi də elə həmin mövqedəyəm. İndi də adamlar arasındayam, yaş ötsə də, zaman öz sözünü desə də, yenə elə əvvəlki adamam. Yenə publisistəm, yenə öz sözümü deyirəm və cəmiyyətdə baş verən hadisələrin heç birinə biganə qalmıram. Yaradıcılıqla məşğulam və mənim əsas işim, əsas peşəm budur. İnsanlarla daim ünsiyyətdəyəm, öz işimə, öz qələmimə sədaqət nümayiş etdirirəm. Çünki peşəyə, qələmə sədaqət, həm də xalqa sədaqət, xalqa xidmət deməkdir. Bu işi mən imkanım daxilində davam etdirirəm. Kitablarım nəşr olunur, sosial şəbəkələrdə müəyyən fəallığım var. Belə bir mövqedəyəm.
– Vladimir Pozner müsahibələrindən birində demişdi ki, jurnalist köhnə şərab kimidir, illər keçdikcə dəyərini artırır. Amma nədənsə bizim ahıl jurnalistlər meydanda görünmürlər.
– Bir dəfə bizim mərhum, unudulmaz jurnalistlərimizdən olan Aqşin Kazımzadə ilə televiziyalardan birinin qonağı idik. O dedi ki, indicə saytlardan birindən gəlir, gedibmiş ki, təcrübəli adam kimi bəzi məsləhətlər versin. Dinləyəndən və bir az da dodaq büzəndən sonra deyiblər ki, Aqşin müəllim, Siz köhnəlmisiniz. Aqşin müəllim bildirdi ki, qocalmısınız, yaşlanmısınız iradını, müşahidəsini qəbul edə bilərdi, amma “köhnəlmisiniz” ifadəsi onun yeddi qatından keçib. Çünki jurnalist heç vaxt köhnəlmir, illər keçdikcə yaşa dolur, təcrübə qazanır və daha da müdrikləşir. Bu söz mənə də təsir etdi. Çünki bəzi adamlar düşünürlər ki, biz köhnəlmişik, amma doğrudan da jurnalist getdikcə dəyərini artırır. Ahıl jurnalistlər Azərbaycan mətbuatının qızıl fondudur. Bu gün də onların arasında elələri var ki, gözləri görür, beyni düşünür, yazırlar, gənclərə də nümunə göstərə bilərlər. Mən Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müaviniyəm. Mətbuat Şurasının xətti ilə ahıl jurnalistlərin evlərinə gedirik. Səhhətində problemləri olan, qayğıya ehtiyac duyan jurnalistləri həmişə yad edirik. Bu, bir tərəfdən savabdır, dövlət başçısı cənab İlham Əliyevin də təqdir etdiyi işdir. Onun tapşırığı ilə ahıl jurnalistlərə qayğı göstərilir. Son vaxtlar Şamil Şahməmmədovu, Rafiq Həsənovu, Tamara Əliyevanı, Yalçın Əlizadəni, Şakir Yaqubovu, Yaşar Xəlilovu, Əli Qafarovu, Kazım Ələkbərovu (bu günlərdə vəfat edib) ziyarət etmişik. Bunlar Azərbaycanın tanınmış qələm sahibləridir və gözləri yoldadır. Onlarla hər söhbət bilik verir, təcrübə artırır. Əlbəttə, gördüyümüz işlər bizi tam qane etmir, bu münasibətləri daha da dərinləşdirmək lazımdır. Onlar da düşünərlər ki, illər keçsə də yenə onların təcrübələrinə ehtiyac, keçdikləri yolla maraqlanan var. Hər yaşanan ömür bir dərsdir, onun içində hökmən nəsə müsbət bir şey var. Bax, bu dərslərdən nəticə çıxarmaq lazımdır.
– Hazırki Azərbaycan mediasındakı durumu necə qiymətləndirirsiniz?
– İndi Azərbaycan mətbuatında çox qarışıqlıq var. Əvvəllər jurnalistdən istedad tələb olunurdu. Amma indi sanki jurnalistə istedad lazım deyil. Çünki bu gün felyeton, oçerk yazılmır. Onları yazmaq üçün istedad lazımdır. İstər yazılı mətbuatda, istərsə də elektron kütləvi informasiya vasitələrində ancaq xəbər janrından istifadə olunur. Bir də qəribə bir janr yaranıb, mən ona arayış janrı deyərdim. Jurnalist özü heç nə yazmır, hansısa dövlət təşkilatına, yaxud rəsmi orqanlara müraciət edir və onlardan geniş bir arayış alır. Jurnalist bu arayışa bir sərlövhə, altına da öz imzasını qoyur. Və bunu kütləvi informasiya vasitəsinin məlumatı hesab edirlər. Bunun üçün jurnalistə heç bir istedad lazım deyil. Halbuki materialı hazırlayan dövlət qurumunun mətbuat xidmətidir və bu materialların da dili çox vaxt bərbad olur. Mübtədası, xəbəri, nöqtəsi, vergülü yerində deyil. Bu baxımdan əvvəlki jurnalistlərimizin xidmətləri çox böyük idi. Onlar daim həm təzə söz axtarırdılar, həm də fakta münasibətləri çox ciddi idi. İndikilər küçədə, nəqliyyatda eşitdikləri hər şeyi xəbərə çevirib oxuculara təqdim edirlər. Amma ahıl jurnalistlər belə işlərlə məşğul olmazdılar və faktı dönə-dönə yoxlayırdılar. Ola bilsin ki, operativlikdə bir az gecikirdilər, amma dəqiqlik, fakta və peşəyə münasibət yüksək səviyyədə idi. Elə bu günkü jurnalistikada bəlkə də ən çox çatışmayan elə budur. Ona görə də bu gün ahıl jurnalistlərin təcrübəsindən istifadə olunmalıdır. Mənim də yolum düşən yaradıcılıq təşkilatları, universitetdə mühazirə söylədiyim tələbələr var, gənclərlə görüşürəm, onların bir qismi öz üzərində işləyir, çalışır ki, zamanla ayaqlaşsın, dünyagörüşünü artırsın. Amma bu, kifayət deyil. Jurnalistika bu gün nüfuzunu itirsə də hər halda uzun illər ərzində çox nüfuzlu peşə olub və mənə elə gəlir ki, zamanla bu nüfuz geri qayıdacaq. Yenə jurnalistlər hörmətli insanlar olacaqlar və dedikləri sözün məsuliyyətini anlayacaqlar.
– İndi jurnalistlər daha çox yüngül mövuzlara – şou-biznes və kriminal hadisələrlə bağlı yazılara üstünlük verirlər və bunu oxucuların tələb etdiyini vurğulayırlar. Necə bilirsiniz, jurnalistlər oxucuların bəyəndiklərini təqdim edirlər, yoxsa oxucular jurnalistlərin təqdim etdiklərini oxumaq məcburiyyətindədilər?
– Birmənalı şəkildə deyirəm ki, cəmiyyət bunu tələb eləmir. Cəmiyyətə nə təqdim edilərsə, onu da oxumaq məcburiyyətindədir. Oxuyurlar və dodaq büzürlər, başqa əlacları yoxdur. Oxucular bu gün xalqın rifahına, inkişafına, mədəniyyətinin yüksəldilməsinə xidmət edən, adət-ənənəsinə ehtiramdan bəhs edən yazıların həsrətindədilər. Oxuculara təəssüf ki, belə yazılar az təqdim olunur. Amma hansı saytı açırsan, hansı qəzeti vərəqləyirsən, başdan-ayağa intihar xəbərləri, mənəviyyatımıza yad olan xəbərlərdir. Ola bilsin ki, bu xəbərlərin hansınınsa əsası var, bu hadisə həqiqətən baş verib. Bunun səbəblərini müəyyənləşdirmək üçün onların on-on beşini götürüb təhlil etmək, mütəxəssislərlə görüşmək, oxucuya lazım olan bir məqalə, material ortaya qoymaq lazımdır. Jurnalistin vəzifəsi bu ola bilər. Elə bilirsiniz sovet dövrü intihar hadisələri, təhsil və səhiyyə müəssisələrində xoşagəlməz hadisələr baş vermirdi? Baş verirdi və bu barədə oxucular da məlumatlandırılırdı. Mən uzun illər “Kommunist” qəzetinin redaktor müavini olmuşam. 1970-80-ci illərdə “Kommunist” qəzetinin atdığı addımları, verdiyi xəbərləri bu gün heç bir informasiya vasitəsi vermir. O xəbərlər daha dəqiq və ictimaiyyət üçün daha yararlı idi. İndi təəssüf ki, plagiat xəbərlər saytdan-sayta keçir. Saytların əksəriyyəti də inkubator cücəsi kimi bir-birinə bənzəyir. Bir-birindən köçürürlər, xəbərlərə istinad verilmir. Dedi-qodu xəbərləri bu gün Azərbaycan mətbuatının əsasını təşkil edir.
– Uzun illər ölkədə əsas xəbər mənbəyi olan “Səhər” qəzetinin yaradıcısı və baş redaktoru olmusunuz. “Səhər” qəzeti necə yarandı?
– 1980-ci illərin ortalarından başlayaraq Azərbaycanda yeni, gənc yaradıcı qüvvələr meydana çıxmışdı. “Kommunist” qəzetində də o vaxt gəncləşdirmə prosesi gedirdi. Yaxşı qələmi olan, müasir düşüncəyə malik gənclər mətbuata gəlmişdi. “Kommunist” qəzetinin redaktor müavini kimi hiss edirdim ki, bu gənclərin kommunist fikrindən, kommunist sözündən fərqli təzə söz demək istəyi yaranıb. Əlbəttə, “Kommunist” qəzetində də onların fikirləri sətiraltı da olsa, öz əksini tapırdı. Amma bu, kifayət deyildi. Fikirlərini daha açıq demək istəyirdilər. Bu isə Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan bir qəzetdə mümkün deyildi. Mən o zaman Sovet İttifaqı jurnalistlərinin müəyyən tədbirlərində, müşavirələrdə Azərbaycanı təmsil edirdim. Tanınmış qələm sahiblərinin iştirak etdiyi tədbirlərdə çıxışlarım diqqəti cəlb edirdi. Amma Bakıya qayıdanda görürdüm ki, arxamca MK-ya, Jurnalistlər İttifaqına və redaksiyamıza məktub da göndəriblər ki, bir qədər bu cavan oğlanla söhbət eləyin. Bildirirdilər ki, mənim sovet ideologiyasından bir qədər fərqli fikirlərim var. Bu fikirləri, yazı tərzini mətbuata gətirmək lazım idi. Təbii ki, o zaman Azərbaycanda yeni qəzet buraxmaq mümkün deyildi. Bu, ancaq Moskvanın razılığı ilə mümkün idi. Cəmil Əlibəyov “Kommunist” qəzetinin redaktoru olanda, onunla bu barədə xeyli söhbət etdik. Təklif etdik ki, o, bu məsələni yuxarılarda qaldırsın. Bildirdik ki, bəzən sözlərimizi A2 formatda çıxan “Kommunist” qəzetində deməyi imkanımız olmur. Rəsmi materiallar çox olduğundan, jurnalist yazılarına məhdud yer qalır. Və Cəmil müəllimi Mərkəzi Komitənin katiblərilə söhbətə göndərdik, məktub da yazdıq. Dediklərimizi nəzərə alaraq onlar 1989-cu ilin aprel ayında “Kommunist” qəzetinə həftədə bir dəfə altı səhifə çıxmağa icazə verdilər. Amma bu, bizim istədiyimiz deyildi. Avqust ayının əvvəlində Cəmil müəllimin səhhətində problem yarandı və o, müalicəyə getdi. Qəzetin çıxarılması müavinlərin – Rəfail Nağıyevin və mənim üzərimə düşdü. Mən heç kimdən xəbərsiz “Səhər” qəzetini hazırladım. “Səhər” qəzeti “Kommunist”in iqtisadi əlavəsi kimi nəzərdə tutulsa da, bundan qəzetin baş redaktorunun da xəbəri yox idi. Avqustun 4-də 400 min tirajla qəzetin ilk nömrəsi çapdan çıxdı. Təbii ki, bu qəzet “Kommunist”dən tamamilə fərqlənirdi. Biz Kommunist Partiyasını söymürdük, sadəcə yeni fikir söyləyirdik. Mövzunun oxucuya çatdırılmasında bir qədər sərbəstlik nümayiş etdirirdik. Oxucuların ürəyindən tikan çıxaran mövzulara müraciət etmişdik. Qəzet çıxan gün günortaya kimi bütün nüsxələri satılıb qurtardı. Cəmil müəllim xəstəxanadan durub gəlmişdi və məni onun otağına çağırdılar. Təbii ki, çox narahat və əsəbi idi. Mərkəzi Komitədən zəng etdilər, Cəmil müəllim qəzeti götürüb, getdi. Mən də vəsiqəmi Cəmil müəllimin masasının üstünə qoydum, fikirləşdim ki, bu artıq fəaliyyətimin sonudur. Təxminən iki saat sonra C.Əlibəyov gülə-gülə qayıtdı. Gördük ki, əlindəki “Səhər” qəzetinin üstündə MK katibləri qara qələmlə dərkənar qoyublar: “Əhsən! Qəzeti belə buraxarlar!” Bizim gözlədiyimizin tam əksi olmuşdu. Bizi nə ittiham etdilər, nə də işdən çıxardılar. “Kommunist” qəzetinin əlavəsi kimi 37 nömrəsi nəşr edildi. 1991-ci ilin yanvarından isə müstəqilləşdi.
– Bəs “Səhər” qəzetinin 20 Yanvara həsr olunmuş sayı fövqəladə vəziyyət rejimi şəraitində necə çıxdı?
– 20 Yanvar hadisələri baş verəndə, hamımız şəhərdə idik. Yanvarın 20-də isə redaksiyaya yığışmışdıq. Baş verən hadisələrin mahiyyəti heç kimə aydın deyildi. Həlak olanlara ekstremistlər, narkomanlar, saqqallılar deyirdilər. Bir neçə nəfər həlak olub, ifadəsini işlədirdilər. Baş verən hadisələri xaricə çatdırmaq lazımdı. Biz qəzet buraxmamışdan əvvəl bu barədə düşündük. Mənim və Rafail Nağıyevin hökumət telefonlarımız var idi. Həmin telefonlar vasitəsilə bütün müttəfiq respublikalara, əlimiz çatan yerlərə zənglər elədik. Bildiyimiz, tanıdığımız, adını eşitdiyimiz şairlərə, yazıçılara, ictimai xadimlərə baş verənlərlə bağlı məlumat verdik. “Səhər” qəzetinin 20 Yanvar hadisələri ilə bağlı 12 səhifəlik xüsusi buraxılışı hazırlandı. Qəzeti hazırlamaq işin bir tərəfi idisə, onu çap etdirmək daha çətin idi. Əsgərlərin, tankların arasında onu yaymaq isə ikiqat çətindi. Bu, Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzet oldu. Və əhaliyə pulsuz paylandı. Qəzet yanvarın 22-də hazırlanmış, hərbi senzuradan müəyyən fotoların dərcinə icazə alınmışdı. Həmin gün şəhidlərin dəfn mərasimi idi və çox istədik ki, həmin mərasimdən də tarixi reportaj olsun. Çünki bu, xalqımızın üzləşdiyi çox ağır sınaq idi. Amma o vaxt hər yerdə tətil olduğundan və heç bir müəssisə işləmədiyindən, qəzeti çap etdirmək mümkün deyildi. Dedilər ki, yalnız tətil komissiyasında bu işlərə rəhbərlik edən unudulmaz həmkarımız Nəcəf Nəcəfovun razılığından sonra qəzeti çap etmək olar. N.Nəcəfov axtarışda idi, amma biz onun yerini bilirdik. Müxtəlif vasitələrlə N.Nəcəfovdan yazılı razılıq aldıq. Lakin mətbəədə bildirdilər ki, o, şəxsən gəlməli və razılıq verməlidir ki, qəzet çap olunsun. Dediyim kimi, N.Nəcəfovu həbs etmək üçün axtarırdılar və biz də işimizi komendant saatının başlandığı vaxta kimi bitirməli idik. Nəşriyyatda oturan general-mayor Aleksandrovun maşınında N.Nəcəfovu mətbəəyə gətirdik və generala “Səhər” qəzetinin şöbə müdiri kimi təqdim etdik. Nəcəf də heyrətə gəlmişdi ki, bu qəzeti necə hazırlamısınız, şəkillərin dərcinə necə razılıq almısınız? Onun fəhlələrlə danışığından sonra qəzet çap olundu. Ertəsi gün 20-dən artıq yük maşını şəhərin küçələrində qəzeti yaydı. Həmin qəzetin bir neçəsi indiki “Xalq qəzeti”nin qarşısında geniş vitrinli parça mağazasının şüşələrinə yapışdırılmışdı. Qəzetdə o zaman kimi heç kimin görmədiyi tanınmaz hala salınmış meyitlərin, güllənmiş eyvanların şəkilləri verilmişdi. Bir anın içində camaat yığıldı şəkillərin qabağına. O zaman camaatın bir yerə yığılmasına icazə verilmirdi. “Dağılışın” əmrinə rəğmən, camaat dağılmırdı. Atəş açıldı, güllələr “Səhər” qəzetinin yapışdırıldığı vitrinə dəydi, qəzet deşik-deşik oldu. Və “Səhər” qəzeti də şəhid oldu. İllər sonra Xocalı hadisələri haqqında ilk düzgün məlumatları vermək də bizim qismətimizə düşdü.
– Məzahir müəllim, biz Qarabağ probleminin ədəbiyyatda və publisistikada inikasını tam görə bilmirik. Demək olmaz ki, yoxdur. Amma ərazisinin 20 faizi işğal olmuş ölkənin ədəbiyyatının neçə faizi Qarabağa həsr olunmalıdır? Yadda qalan, hafizəmizə ilişib qalan obrazlar çatışmamazlığı ilə üz-üzəyik. Buna münasibətiniz necədir və onu optimallaşdırmaq üçün nə etmək olar?
– Qarabağ məsələsində ədəbiyyatın, publisistikanın rolu çox vacib məsələdir. Qarabağ probleminin tarixi 30 ilə yaxınlaşır. Bu məsələlər öz başlanğıcını meydan hadisələrindən götürüb, 20 yanvardan və Xocalı hadisələrindən keçmişik. Son illərdə də arzumuza çatacağımız günü gözləyirik. Bu müddət ərzində şübhəsiz ki, Qarabağ mövzusunda əsərlər yazılıb. Bizim qələm sahiblərimiz bu sahədə öz sözlərini deyiblər. Amma o fikirlə də razıyam ki, kifayət qədər və lazımi səviyyədə İlk kitab 1988-ci ildə “Dağlıq Qarabağ – həyəcanlı sətirlər” adı ilə və 200 min tirajla buraxılıb. Bu kitabı mərhum yazıçımız C.Əlibəyovun təşəbbüsü ilə biz hazırladıq. Mənim, Ziyəddin Sultanovun, Elman Qədirlinin, Şahmar Əkbərzadənin və başqalarının bu kitabda yazıları var. Sonra Ziyəddin Sultanovun kitabları çıxdı. Bəxtiyar Sadıqovun Qarabağ mövzusunda kitabları nəşr olundu. Zemfira Məhərrəmli Qarabağ bölgəsində vuruşan qadınlarla görüşlərini kitaba çevirdi. Bunlar publisistik kitablardır. Bədii yaradıcılığa gəlincə, o zaman Vidadi Babanlı bizim sifarişimizlə “Ana intiqamı” adlı povest yazdı. Bu povest üç ay ərzində “Səhər” qəzetində dərc olundu. Yusif Kərimov “İşğal vadisi” adlı roman yazıb. Sonra “Sarı gəlin” adlı povesti də çıxdı. Fazil Güney “Qara qan” sənədli romanını yazıb. Üç hissədən ibarət trilogiyadır. Romanın personajlarından biri də Qarabağ müharibəsi qəhrəmanlarından Şair Ramaldanovdur. Aqil Abbasın “Dolu” romanının da adını çəkə bilərik. 2011-ci ildə mənim “Cıdır düzündə toy” sənədli povestim nəşr olundu. Bəlkə də adını çəkmədiyimiz, xəbərimiz olmayan digər əsərlər də var.
Düzü bu barədə çox düşünmüşəm. Və belə bir qənaətə gəlmişəm ki, Qarabağ mövzusunda bədii əsərləri yazmaqdan çox, yazdırmaq lazımdır. Mən yazdırmaq deyəndə müsabiqə elan edib, hər kəsi dəvət etməyi nəzərdə tutmuram. Mənə elə gəlir ki, bir siyahı tutmaq lazımdır. Kimin vətənpərvər, kimi həzin qələmli, kimin cəsarətli qələm sahibi olduğunu müəyyənləşdirməliyik. Həmin siyahıya daxil etdiyimiz yazıçılara sifarişlər verərik. Hətta onları yazmağa məcbur edərik. Çalışmalıyıq ki, onlar Qarabağ mövzusunda əsər ortaya qoysunlar. Hökmən lazım deyil ki, iri əsər yazsınlar, hekayə də yazılması mümkündür. Mənə elə gəlir ki, jurnalistikada oçerk, felyeton janrları öldüyü kimi, ədəbiyyatda da hekayə janrı yoxa çıxmaq üzrədir. İndi bizim yazıçılarımız birbaşa povest və romana keçirlər.
– Yazanlar var, amma çox azdır.
– Doğrudur. İndi bu adamları biz bir araya gətirib, onlara sifariş verməliyik. Hətta xahiş etməliyik. Şəxsən mən uşaq ədəbiyyatında boşluq gördüyümdən, uşaqlar üçün çoxlu nağıl, şeir, hekayə yazmışam. Bunların da yarıdan çoxu Qarabağ mövzusundadır.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 17 sentyabr 2016-cı ildə dərc edilib