
Avqustun 2-də Azərbaycan Respublikasının Gənclər Fondunun, Ağ Şəhər Bazar Meydanının dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə paytaxtın Ağ Şəhər ərazisində yerləşən Bazar Meydanında “GradFEST2025” məzun festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, ilin ən möhtəşəm tələbə tədbirlərindən olan festivalda 10 mindən çox tələbə iştirak edib. Festival Azərbaycanda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin məzun tələbələrinə həsr olunub.
Tədbirin keçirilməsində əsas məqsəd məzun tələbləri bir araya gətirərək onlara bayram əhval-ruhiyyəsi bəxş etmək, imtahan sessiyası sonrası stresssiz və əyləncəli mühit yaratmaq, həmçinin dövlətin gənclərə göstərdiyi diqqət və qayğını bir daha nümayiş etdirmək, tələbələrlə dövlət qurumları arasında qarşılıqlı münasibətləri möhkəmləndirmək olub.
Festivalın rəsmi açılışında çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov ölkəmizdə tələbə və gənclərin inkişafı üçün yaradılan şəraitdən, dövlətin gənclərə göstərdiyi dəstəkdən və bu kimi tədbirlərin əhəmiyyətindən danışıb: “Bu gün burada ölkənin müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin məzunları bir araya gəlib. Bu, sadəcə bir festival deyil – bu, onların keçdiyi uzun və zəhmətli təhsil yolunun rəmzidir. Gənclərimizin sosial fəallığının artırılması, onların bir araya gətirilməsi və gələcəyə daha inamla addımlaması üçün belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti daim gənclərin yanında olub və bu gün biz bunu bir daha əyani şəkildə görürük. “GradFEST2025” sadəcə əyləncə deyil, həm də həmrəylik və təşəkkür günüdür.”
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı Direktor vəzifəsini icra edən Yusif Vəliyev isə dövlətin gənclər siyasəti, Fondun həyata keçirdiyi layihələr və bu kimi təşəbbüslərin davamlı xarakter daşıması ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycan gəncləri bu gün dinamik, təşəbbüskar və məqsədyönlüdür. Gənclər Fondu olaraq biz daim onların fərdi inkişafına, sosial və peşəkar fəaliyyətlərinə dəstək olmağa çalışırıq. “GradFEST2025” festivalı isə gənclərin birgə uğurlarını qeyd etmək, onlara yeni hədəflər üçün motivasiya vermək baxımından çox mühüm platformadır. Biz bu gün bir daha şahid oluruq ki, ölkədə gənclərə göstərilən diqqət və qayğı onların həyatında əhəmiyyətli izlər qoyur. Bütün məzunlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.”
Festivalın rəsmi hissəsi yekunlaşdıqdan sonra tədbirin bədii proqramı başlayıb. Müxtəlif rəqs kompozisiyaları, DJ performansları və konsert nömrələri ilə müşayiətolunan əyləncəli hissədə tələbələrə unudulmaz anlar yaşadılıb.
Bununla yanaşı, iştirakçılar üçün intellektual oyunlar, viktorinalar və əyləncəli yarışlar təşkil olunub. Qaliblərə müxtəlif hədiyyələr və xatirə mükafatları təqdim edilib.
“GradFEST2025” bir daha sübut etdi ki, tələbə və gənclər üçün yaradılan şərait onların cəmiyyətin fəal və məsuliyyətli üzvünə çevrilməsində mühüm rol oynayır.