Suallarımızı tanınmış reportyor Mahir Məmmədli cavablandırdı.
– Mahir müəllim, internet getdikcə öz ərazisini daha da genişləndirir. Informasiya istehlakçılarının böyük əksəriyyəti məlumatı birbaşa internetdən alırlar. İnternetin güclənməsi fonunda reportyorun işində nə dəyişib?
– Əslində reportyor üçün mənbə çox böyük rol oynayır. Şəxsən mən sosial şəbəkələr vasitəsilə böyük bir qrup, kəsim tanımışam. Bunların hamısı biliblər ki, Mahir Məmmədli reportyordur və onlar hadisə baş verən yerdən keçəndə Watsapp və ya Facebook vasitəsilə hadisə haqqında və onun yeri ilə bağlı mənə məlumat verirlər. Mən də növbədəyəmsə, dərhal hadisə yerinə çatmağa çalışıram. İndi hüquq-mühafizə orqanlarının texnikası elə inkişaf edib ki, hadisə yerinə vaxtında çatmaq çətinləşib. Qəzaya uğramış maşını dərhal götürüb aparırlar, yaralanan və ya həlak olan varsa, xilasedicələr tez bir vaxtda müdaxilə edərək onları xəstəxanaya, yaxud morqa çatdırırlar. Ona görə də məlumatın mənə çatmasının böyük önəmi var. Hesab edirəm ki, sosial şəbəkələr olmasaydı, mən bu məlumatları ala bilməzdim. Çox adamlarda telefonum olmasa da, Facebook-da dostlarım çoxdur, kim nə hadisə görürsə, mənə yazır.
– İnternetin inkişafı və sosial şəbəkədə Sizin formalaşdırdığınız qeyri-rəsmi nyusmeykerlər dəstəsi hadisədən xəbər tutmağınızı optimallaşdırır. İnternet televiziyasının və agentliklərin olduğu dövrdə Sizin informasiyanı hazırlamağınıza hansı təsiri göstərir?
– İnternet televiziyası və informasiya agentliklərinin üstünlüyü ondan ibarətdir ki, hadisə yerinə çatan kimi çəkib, şəkilləri elə oradanca agentliyə göndərirlər. Dərhal məlumat saytda yerləşdirilir. İnternet televiyasında isə redaksiyaya gəldikdən yarım saat sonra montaj edib qoyulur və sosial şəbəkələr vasitəsilə məlumat yayılır. Bu baxımdan internet televiziyası və informasiya agentliklərinin üstünlükləri var. Yəni tamaşaçıya, informasiya istehlakçısına xəbər tez çatır. Amma ənənəvi televiziyada xəbərlərin konkret vaxtı var. Tutaq ki, gecə hər hansı hadisəni çəkən televiziya əməkdaşı onu ertəsi gün verə bilər. Çünki xəbərlərin gecə buraxılışı yoxdur.
– Deməli, internet sayəsində bir tərəfdən Sizin hadisə baş verən məkana çatmağınız sürətlənib, digər tərəfdən isə qeyd etdiyiniz kimi, hüquq-mühafizə orqanlarının öz texnikalarının köməyi ilə həmin məkanı təmizləməyi sürətlənib. Burada sanki bir yarış gedir. Belə bir durumda hadisələrin nə qədərinə çata bilirsiniz?
– Reportyor üçün ən çətini hadisə yerinə çatmaqdır. Çünki bizdə adətdir, hətta balaca bir toqquşma olan kimi, sürücülərin əksəriyyəti sürəti yavaşıdıb baxmağa başlayırlar. Beləcə yolda tıxac əmələ gəlir. Sayrışan işığım olmadığından, operativ nəqliyyat vasitəsi idarə etmədiyimdən, yol hərəkəti qaydalarına riayət etdiyimdən, gecikdiyim hadisə yerləri çox olur.
– Elə olubmu ki, Siz hadisəni çəkmisiniz, amma etik yayım normaları, yaxud həlak olanların yaxınlarının hisslərinə hörmət naminə onu efirə verməmisiniz?
– Elə hadisələr olub. Təxminən 2 il öncə, bir maşın gəlib binaya dəymişdi. Biz gəlib çatanda xilasedicilər hələ işləyirdilər. Gördük ki, maşındakılardan birinin beyni salonun içinə dağılıb. Nə qədər ağır olsa da, çəkdik, amma həmin yerləri efirə vermədik. Çünki həlak olanların yaxınları var axı. Həm də indi internetə uşaq, qadın, əsəbi xəstələr də girir. Bunları nəzərə alaraq həmin kadrları vermədik. Yaxud elə hadisə də olub ki, yaxınları çəkməməyimizi xahiş ediblər. Əlbəttə, çəkib, göstərmək bizim işimizdir. Amma bu acısı olan insanları da başa düşmək lazımdır.
– Hadisə yerində jurnalistə münasibət deyək ki. hüquq-mühafiozə orqanlarını işçisinə olan münasibətdən fərqlənir adətən…
– Reportyorun vəzifəsi hadisəni hansı yolla olursa-olsun çəkməkdir. Məsələn, gəlirsən hadisə yerinə, qəzanın səbəbkarı olan şəxs bahalı maşından düşür ki, “çəkmə, bu mənim maşınımdır”. Burada mübahisə də edə bilərəm, amma bu halda mənim işim alınmayacaq. Başlayırıq ona izah etməyə ki, sənin maşınını gəlib qapında çəkmirik axı. Hadisə törətmisən, istəyirsənsə, maşının nömrələrini sök, biz gözləyərik. Adətən, qarşı tərəfi belə razı salırıq. Jurnalistin diplomatik davranışından çox şey asılıdır. Mübahisə etsən, çılğınlığa yol versən, işin alınmayacaq.
– Gəlin, indi də Azərbaycan reportyorluq məktəbindən danışaq. Bizdə saysız-hesabsız jurnalist var. Azərbaycanda jurnalist bolluğunda reportyor hazırlanması işi nə yerdədir?
– Mənim xüsusi reportyor məktəbi kimi gördüyüm yer yoxdur. Reportyorluq təcrübə işidir. Kiminsə gəlib, birdən-birə reportyor olması mümkün deyil. Situasiya və vəziyyətlərə düşmək dərsdir, əyani vəsaitdir. Mən ortabab reportyoram və bunu təcrübə sayəsində qazanmışam. Jurnalistika fakültəsini bitirməmişəm, ixtisasca hüquqşünasam. Jurnalistika fakültəsi hazır jurnalist istehsal etmir. Jurnalist peşədir və istedaddır.
– Bəs dediyiniz təcrübəni qazanmaq üçün əsas meydançalar hansılardır?
– Hesab edirəm ki, elektron jurnalistikada APA, çap mətbuatında “Yeni Müsavat”, vizual mediada isə ANS məktəbdir. Və fəxr edirəm ki, bu üç məktəbin üçündə də çalışmışam.
– Mən də bu fikrinizlə şərikəm. Azərbaycan mediasının tələblərinə uyğun sayda bu meydançalarda reportyor yetişə bilirmi?
– Azərbaycanda normal reportyor çox azdır. Azərbaycanda saytların sayı gündən-günə artır, amma onların 80 faizində reportyor yoxdur.
– Nədir bunun səbəbi, reportyorluğa həvəssizlik, yoxsa “copy past” jurnalistikası?
– “Copy past” jurnalistikası. Maraq göstərmirlər. Fikirləşirlər ki, harasa yolpulu xərcləyib, reportyor göndərməkdənsə, əlavə müxbir saxlamaqdansa, APA verəndən 10 dəqiqə sonra qoymaq daha rahatdır. Əslində o, heç nə itirmir. Oxucu məlumatı birinci kimin qoyduğuna fikir vermir. Oxucu hansı sayta daxil olmağı vərdiş edibsə, məlumatı orada oxuyacaq.
– Repotyorluğa bu həvəssizlik şəraitində o, jurnalistikanın bir sahəsi kimi silinib getməzmi?
– Reportyorluq heç vaxt məhv olmayacaq. Kimsə hadisə haqqında yazmalıdır.
– Sizə elə gəlmirmi ki, reportyorluqda sanki neqativ xəbər yükü var. Ya qəza, ya partlayış, ya qətl hadisəsi olmalıdır ki, reportaj yadımıza düşsün. Elə bil ki, insanlar hardasa stadionun açılışından reportaja belə maraqla baxmırlar. Siz pozitiv reportajlar çəkmisinizmi?
– Yadıma gəlmir. Bir neçə il öncə Hökumət evinin yanındakı Yeni il yolkasını çəkmişdim.
– Reportyorluqdan yorulduğunuz hiss etmirsiniz ki? Əvvəlki həvəs yenə də varmı?
– Hiss edirəm. Yaşımın elə vaxtıdır ki, haradasa gedib, hörmətsizlik görən vaxtım deyil.
– Neçə yaşınız var?
– Məsələn, hadisə yerinə gedirəm, görürəm ki, cavan bir uşaqdır və içkilidir. Söyə, təhqiramiz ifadə işlədə də bilər. Amma mən onun atası yaşındayam. Belə şeyləri fikirləşəndə, çıxıb getmək istəyirəm. Amma hara gedim? Əlimdən başqa iş gəlmir.
– Jurnalistikadan getməyi nəzərdə tutmuram. Axı jurnalistika müxtəlif sexlərdən ibarətdir.
– Alınmaz məndə. Mən jurnalistikaya gələndən bu işlə məşğul olmuşam. Köşə və təhlil yazıları yazmağı mən bacarmaram.
– Jurnalist karyeranızda əsas mərhələlər hansılardır?
– Böyük mediada işlədiyim vaxtlar. Aparıcı və redaktor da işləmişəm. Amma yenidən reportyorluğa qayıtmışam. Çünki mən bir yerdə otura bilmirəm. Oturum ofis şəraitində, kimsə gedib, çəkib gətirsin, mən yoxlayım, bunu sinirə bilmirəm. Mən özüm getmək istəyirəm. Elə fikirləşirəm ki, bu reportyor mən istəyən kimi alındırmayıb, özüm getsəm daha yaxşı olardı. Hərənin öz baxış bucağı var.
– Reportaj janrı ilə Qarabağ probleminə necə diqqəti cəlb etmək olar?
– Mən hesab edirəm ki, biz cəbhə ilə bağlı həmişə çalışmalıyıq ki, pozitiv xəbərlər verək. Hərçənd bizdə neqativ şeylər verməyə çalışan mənbələr də var. Bunu biz aprel hadisələrində də gördük. Cəbhədə repotyor işi yalnız cəbhə xəttini çəkməklə məhdudlaşmamalıdır. Həmin ərazidə yaşayan insanların məişəti, həyatı, güllə altında yaşamaları reportaj məhsuludur.
– Karyeranızda belə hadisələr olubmu?
– Təxminən 2004-205-ci illərdə Azərbaycan cəbhə bölgəsinə toplar çəkmişdi. Həmin vaxtda getmişdim. Onda mühafizə işi indiki kimi ciddi deyildi. Gedib topları da çəkdik, təmas xəttinin keçdiyi kəndlərə də girdik. Bakının özündə də reportyor işi çoxdur. Qəhrəmanlarımızın ailələrindən reportaj vermək olar. Bu mövzuya diqqət vəziyyət kəskinləşəndə artır, sonra isə azalır. Bu gün artıq aprel hadisələri unudulub. Heç kəs bu məsələyə toxunmur. Heç kim gedib şəhid ailələrinin durumu, onların uşaqlarının vəziyyəti ilə maraqlanmır. Xəbərimiz yoxdur. Təəssüf ki, biz hər şeyi tez unuduruq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az