“Kvartet” rubrikasında bu dəfə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı, professor Kamil İbrahimov və Azərbaycan Milli İncəsənət Muzeyinin elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyevlə “Azərbaycanın incəsənət nümunələri dünya muzeylərində” mövzusunu müzakirə etdik.
Fuad Babayev: Azərbaycan incəsənət nümunələri dünyanın müxtəlif muzey və kolleksiyalarında saxlanılır. Amma həmin muzeylərin ziyarətçiləri incəsənət nümunəsinin Azərbaycana məxsusluğunu bilirlərmi?
Toğrul Əfəndiyev: Dünyada İslam və ya müsəlman incəsənəti termini var. Bir çox dünya muzeylərində mühafizəkar bir mövqe var və müsəlman ölkələrindən olan incəsənət nümunələri İslam və ya müsəlman incəsənəti bölmələrində nümyiş etdirilir. Bu həm onların ideologiyasından irəli gəlir, həm də eksponatın hansısa ölkəyə məxsusluğu qeyd olunarsa, gələcəkdə həmin ölkənin eksponatla bağlı iddiası ortaya çıxa bilər. Ba baxımdan qeyd etmək olar ki, orta əsrlərə aid eksponatlar İslam incəsənəti kimi təqdim olunur. Düzdür, Azərbaycan incəsənəti nümunələrinin tarixini Azərbaycan torpaqları və coğrafiyası ilə bağlamaq çox vacibdir. Misal üçün, Gürcüstanda Azərbaycan xalçaları ilə bağlı böyük bir kolleksiya var. SOCAR-ın Gürcüstandakı nümayəndəliyi “Gürcüstanda Azərbaycan xalçaları” adlı kitab buraxıb. Həmin kitabda qeyd olunan kolleksiyadakı xalçaların Azərbaycana aid olması vurğulanıb. Dünyanın digər muzeyləri ilə bağlı da bizim belə ideyamız var idi. Amma bəzi muzeylərdə, xüsusilə “Ermitaj”da bu məsələlərə mühafizəkarlıqla yanaşılır, hətta Azərbaycana aid olan eksponatları İrana bağlayırlar.
Fuad Babayev: Yəqin ki, Piotrovski və başqaları bunu edirlər..
Toğrul Əfəndiyev: Piotrovskidən başqa orada Güzəlyan, Adamova, Lukonin, İvanov var. Bunlar hamısı mühafizəkar və qərəzli mövqedən çıxış edirlər. Buna görə də orada həmin işi görmək çox çətindir. Amma bu çox lazımlı işdir. Dünya muzeylərindəki Azərbaycan eksponatlarını tanıtmaq üzərində uzun müddət işləməliyik. Hər hansı eksponatın atribusiyasını dəyişmək üçün böyük vaxt tələb olunur. Bu, bir günün, bir adamın, yaxud bir dəstənin işi deyil. Ümummilli siyasi xətt olmalıdır.
Fuad Babayev: Kamil müəllim, Siz necə dəyərləndirisiniz bu məsələni?
Kamil İbrahimov: Bu gün müzakirəyə çıxarılan mövzu çox maraqlıdır. Mən bu mövzu ilə bağlı iki xatirə danışmaq istərdim. 1976-cı ildə atamın elmi rəhbəri Anatoli Yakobson onu Sankt-Peterburqa dəvət etmişdi. Atam məni də özü ilə aparmışdı. Bir gün oteldə qaldıqdan sonra, Yakobsonun təkidi ilə onların evlərinə getdik. Sankt-Peterburqda olduğumuz müddətdə Yakobson 3 gün ərzində bizi “Ermitaj”da gəzdirdi. Yakobson məşhur memar-arxeoloq olmaqla yanaşı, bu muzeyin baxıcılarının da sevimlisi idi. Adi ziyarətçilərin görə bilməyəcəyi eksponatları bizə göstərirdi. Şərq mədəniyyəti zalının ekspozisiyasına baxarkən, atam orada nümayiş etdirilən Şirvan lüləyininin “Sasani mədəniyyətinə aid tapıntı” kimi təqdim edilməsindən və guya İran ərazisindən tapılmasının qeyd olunmasından çox təəccübləndi. Və bununla bağlı çaşqınlığını Yakobsona bildirdi. Yakobson isə həmin şöbənin müdiri Güzelyanı ora dəvət etdi. Yakobson dissertantının bu eksponatın Şirvandan tapıdığınl söylədiyini və məşhur alim Dyakonov bununla bağlı məqalə yazdığınl dedi. Məqalədə Şirvan lüləyininin Şamaxı yaxınlığından tapıldığını və Şirvan mədəniyyətinə aid olduğunu da sübut edir. Güzelyan bununla razılaşmadı. Bildirdi ki, o da müxtəlif alimlərə bu lüləyini göstərib. Əlində sübutlar var ki, bu, Azərbaycan, yaxud Şirvan mədəniyyətinə aid ola bilməz və Sasani mədəniyyəti nümunəsidir. Mübahisə beləcə yarım saata qədər davam etdi. Axşam isə atamla Yakobson yenidən bu mövzuda xeyli danışdılar. Demək istəyirəm ki, Azərbaycan ərazisindən tapılmış bir çox maddi-mədəniyyət nümunələri hazırda xarici ölkələrin muzeylərində başqa adlarla nümayiş olunur. Əksər maddi-mədəniyyət nümunələrimiz Təbriz məktəbinə aiddir və İran-Sasani mədəniyyəti nümunəsi kimi təqdim olunur. Bir dəfə Fəridə Məmmədova ilə söhbət edirdik. Fəridə xanım uzun müddət Ermənistanda araşdırmalar aparıb, hətta Ziya Bünyadov və İqrar Əliyev oradakı araşdırmalarını davam etdirməsini təkid ediblər. Fəridə xanım dedi ki, Matenadaranda ən qiymətli dəri mətnlər və qədim əlyazmaları qorunur. Bir həftə ərzində ora gedib-gəlib, amma heç nə əldə edə bilməyib. Yalnız 17-ci əsrin sonlarına aid dəri üzərində Təbrizli Əlinin yazdığı bir Qurani-Kərimi ona göstəriblər. Təsəvvür edin, tarixi Azərbaycan şəhəri olan və ən gözəl incəsənət ustalarının yaşadığı Təbrizdən olan ustanın gözəl əl işi Matenadaranda saxlanılır və bundan heç kimi xəbəri yoxdur.
Fuad Babayev: Yəni Təbrizli Əli xəttatın adıdır.
Kamil İbrahimov: Bəli, xəttatın adıdır. Bir fakt da deyim. Mən uzun müddətdir ki, Bakı şəhərini araşdırıram. Məşhur hərb tarixçisi Potto “Qafqaz müharibəsi” kitabında yazır ki, Sisianovun ölümündən sonra general Bulqakov boş Bakı şəhərinə girəndə, axşamüstü üç əmr imzalayıb. Birinci əmr qorxub Bakıdan qaçan şəhər əhalisinin qaytarılması, ikincisi şəhər məhəlləsinin birinin sökülüb, orada atlar üçün tövlə, əsgər kazarması və kilsə tikilməsi, üçüncüsü isə Bakı xanlarının qonaq evinin zalının divarlarında olan 3-5 santimetrlik qabartmanı xüsusi isgənələr vasitəsilə divardan sökmək və Sankt-Peterburqa aparmaq haqqında idi. Həmin qabartmanın məndə fotosu da var.
Fuad Babayev: Azərbaycana aid olan və dünya muzeylərində qorunub saxlanılan eksponatların sərgisini keçirmək cəhdi olubmu?
Kamil İbrahimov: Belə bir cəhd olub. Mikayıl Cabbarov bizim idarənin rəisi olarkən, məsələni mən qaldırmışam. Türkiyədə Əsgəri Muzeydə Şirvanşahların bəzi əşyaları var – onların qılıncı, dəbilqəsi, geyimləri və s. 14 adda əşya saxlanılır. Biz siyahını hazırladıq, Mikayıl müəllimin razılığı ilə Türkiyə muzeyi ilə yazışdıq. Amma heç bir sığorta şirkəti əşyaların sığortalanmasını öz üzərinə götürmədi.
Fuad Babayev: Bunu Azərbaycan şirkəti sığortalamalıydı?
Kamil İbrahimov: Biz bir neçə sığorta şirkətinə müraciət etmişdik – İsveçrə, alman, fransız şirkətlərinə. Lakin heç bir şirkət bunu boynuna götürmədi.
Fuad Babayev: Çox maraqlıdır, nə üçün?
Kamil İbrahimov: Sığorta üçün tələb olunan 15,5 milyon da böyük pul deyildi.
Fuad Babayev: İsveçrə sığorta şirkəti üçün bu həqiqətən böyük məbləğ deyil.
Kamil İbrahimov: Sadəcə olaraq Türkiyə sığorta üçün zəmanət kağızı istəyirdi. Sığorta şirkətlərinin isə heç biri zəmanət kağızını vermədi. Ona görə də bu, alınmadı. Şirvanşahlar sarayında biz biz müsair texnologiyalardan istifadə etməklə yeni ekspozisiya qururduq. Söhbət çıxdı ki, şirvanşahın taxtı olub, bəs bu taxt indi harada ola bilər? Araşdırdıq, məlum oldu ki, o vaxt Şah İsmayıl Xətai həmin taxtı qənimət kimi Təbrizə aparıb. Sonradan isə onu qardaşına bağışlayıb. Stepan Razin İranın Xəzəryanı ərazilərinə hücumlar edərkən, həmin taxtı ələ keçirib, üstündəki qiymətli daş-qaşı çıxarıb. Taxtın özünü isə rusiyalı bir qraf əldə edib, bərpadan sonra onu rus çarına bağışlayıb. Musa Mərcanlının köməyi ilə aşkar etdik ki, “Ermitaj”ın zirzəmisində bu taxta oxşar uçuq-sökük nəsə var.
Fuad Babayev: Səhv etmirəmsə, dünya muzeylərində ekspozisiya ilə fondlar arasında nəsə bir proporsiya var. Tutaq ki, ekspozisiyada fondların yalnız 10 faizidir. Müəyyən bir rotasiya olur, amma bu, o demək deyil ki, zirzəmidəkilər nə vaxtsa ekspozisiyada nümayiş etdiriləcək.
Kamil İbrahimov: Elə Tarix Muzeyinin zirzəmilərinə baxın, orada nələr yoxdur? Amma onlar harada ekspozisiya olunsun? İllərlə elə orada da qalır, toz basır.
Toğrul Əfəndiyev: Başqa bir məsələ də var. Məsələn, “Ermitaj”ın “İslam dünyası: çadırlardan sarayadək” kommersiya sərgisi var. Onun qiyməti 200 min dollardır.
Fuad Babayev: Səyyar sərgidir?
Toğrul Əfəndiyev: Bəli. Mən belə sərgiləri Nyu-Yorkda “Metropoliten-muzey”də də görmüşəm. Elə Gürcüstan muzeyinin də gözəl metal sərgisi var. Onlar da kommersiya sərgiləri vasitəsilə pul qazanırlar. Amerikada heç dövlət büdcəsindən pul alan muzey yoxdur.
Fuad Babayev: Bizim muzeylər yeri gəlmişkən, pul qazana bilirlər?
Kamil İbrahimov: Xeyr.
Toğrul Əfəndiyev: Xeyr.
Fuad Babayev: Bəs nədir bunun səbəbi, menecmentə görə? Əlbəttə, muzeylərdə ortaya çıxarılacaq, kimlərincə baxacağı eksponatlar var.
Kamil İbrahimov: Əlbəttə, var. Məsələn, Tarix Muzeyi dəryadır.
Toğrul Əfəndiyev: 19-cu əsrdə Gədəbəydə Simenslər işləyib. Orada çalışan mühəndislər həvəskar arxeoloqlar olublar. Qazıntı aparıblar və tapdıqlarını Berlinə aparıblar. Berlində ibtidai tarix muzeyi var. Mən orada olmuşam və eksponatları da görmüşəm. Bizim muzeylə onlar arasında müqavilə var ki, sərgi təşkil eləyək. Orada çox maraqlı eksponatlar var.
Gündüz Nəsibov: 1999-cu ildə Ümummilli Liderimiz Heydər Əliyev ATƏT-in İstanbul sammiti zamanı Almaniyanın o vaxtkı kansleri Gerhard Şröderlə görüşü zamanı İkinci Dünya müharibəsi dövründə Almaniya muzeylərindən qəsb olunmuş və Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri bu ölkəyə qaytardı. Bəs Azərbaycan xarici dövlətlərdən, konkret olaraq Gürcüstandan o vaxt aparılmış Gəncə darvazalarını geri ala bilməzmi?
Toğrul Əfəndiyev: Mən o məsələni bilirəm. Gürcüstan tərəfi deyir ki, onlarda dövlətlə kilsə bir-birindən ayrıdır, darvaza da onlarda olduğundan işlərinə qarışa bilmirlər.
Kamil İbrahimov: “Metropoliten-muzey”də çox gözəl bir boşqab görmüşdüm. Təbrizli usta tərəfindən hazırlanmışdı. Üstündə Buraqın rəsmi var idi. Amma aşağısında yazılmışdı ki, boşqabı bir erməni muzeyə bağışlayıb.
Toğrul Əfəndiyev: Erməni kolleksionerləri çoxdur. Portuqaliyada Gülbekyanın böyük xalça muzeyi var.
Fuad Babayev: Vaxtilə Vekselberq məşhur Faberje yumurtalarını Rusiyaya qaytarmaq məqsədilə satın almışdı. Yəni biznesin belə şeylərə müdaxiləsi var. Ermənilər də bunu etməsələr, qəribə olardı. 1980-ci ildə böyük alimimiz Rasim Əfəndiyev “Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində” adlı kitab nəşr etdirib. Bu ondan xəbər verir ki, mövzu kifayət qədər araşdırılıb. Amma bundan sonrakı mərhələdə mövzunu elmi və media müstəvisində gündəmdə saxlamaq üçün hansı cəhdlər edilir? Məsələn, Bakıda Cavanşir körpüsünün üstündə Cavanşirin balaca heykəlcikləri qoyulub, amma bu miqyas dərk edilmir.
Kamil İbrahimov: Yeri gəlmişkən, həmin heykəlin əsli Naxçıvanda tapılıb, amma “Ermitaj”da yenə də Naxçıvandan tapıldığı qeyd olunmayıb.
Toğrul Əfəndiyev: Onlar hətta bunun Xosrov Pərvizin heykəli olduğunu yazıblar. Sizin sualınıza cavab olaraq deyim ki, ən çox xalçaçılıq sahəsində işlər görülür. Çünki bizdə həm Xalça Muzeyi, tanınmış xalçaçılıq alimləri var, həm də xalça simpoziumları keçirilir. Elə xaricdə də Azərbaycan xalçasını qəbul edirlər. Dünyada bu sahə ilə məşğul olan alimlərin çoxu bura gəlib. Bir sözlə, bu sahədə sistemli işlər aparılır. Memarlıqla bağlı işlər gedir. Digər sahələrlə, xüsusilə metal və keramika ilə bağlı isə vəziyyət ağırdır və hələ çox işlər görülməlidir. Vaxtilə Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Mahmud Əhmədinecatın himayəsi altında “Ortaq miras” adlı bir kitab buraxılmışdı. Yəni bu ümumi irsdir, maddi-mədəniyyətdir və heç kəsin ayrı-ayrılıqda ona iddiası ola bilməz. Ümumiyyətlə qaldırdığınız problem bir gündə, beş gündə həll olunası problem deyil. Xüsusilə Azərbaycanın cənub hissəsindəki maddi-mədəniyyət nümunələri ilə bağlı. Eksponat nə qədər qədimdirsə, bir o qədər də onu Azərbaycanın ayağına yazdırmaq çətindir. Ona görə də mənim zənnimcə, burada bir siyasət, diplomatiya işlətmək lazımdır. Çalışmalıyıq bu irsin bizə aid olduğunu isbat edək. Bunun üçün xarici dilləri bilən, bunu təbliğ etməyi bacaran insanların potensialından istifadə etməli, elmi simpoziumlarda bu mövzuda çıxışlar olmasını təmin etməliyik. Birgə tədqiqatlar aparılmalıdır. Bir sözlə, sistemli iş həyata keçirilməlidir. Bəlkə bu cür 5-10 ilə nəyəsə nail ola bilək.
Kamil İbrahimov: Rokfeller deyirdi ki, reklam ticarətin anasıdır. Bizdə təbliğat mexanizmi çox zəifdir. Həmin incəsənət əsərləri də təbliğ olunmalıdır. Toğrul müəllimin dediyi kimi, xarici dil bilənlərdən, xaricdə yaşayanlardan istifadə olunmalıdır. Amma məncə, gözəl bir bina tikib, dünya muzeylərindəki Azərbaycan incəsənət nümunələrinin üzünü çıxarıb, orada nümayiş etdirməliyik.
Gündüz Nəsibov: Heç olmasa bu maddi-mədəniyyət nümunələrinin üzünün çıxarılması müzakirə olunurmu?
Kamil İbrahimov: Bununla bağlı heç bir problem yoxdur və onların üzünün çıxarılmasına heç kim bir söz deməz.
Toğrul Əfəndiyev: Onların rəqəmsal surətlərini almaq mümkündür. Sadəcə bəzən “Ermitaj” buna mane olur.
Gündüz Nəsibov: Yəni eksponatların üzünün çıxarılmasına da onlar qısqanclıq göstərirlər?
Kamil İbrahimov: Bəli, göstərirlər. Amma bu pulla həll olunacaq bir məsələdir.
Toğrul Əfəndiyev: Xarici ölkə muzeyləri rəqəmsal surətlərin satışı ilə pul qazanırlar. Sadəcə olaraq müqavilə bağlayırlar ki, onları alan şəxslər üzünü çoxaltmamalıdırlar.
Kamil İbrahimov: Şirvanşahın dəbilqəsi və digər atributlarının üzünü çıxarıb, buradaca bizim yüksək səviyyəli ustaların köməyilə düzəltmək mümkündür.
Toğrul Əfəndiyev: Mən ümumiyyətlə tam surətlərin çıxarılmasının tərəfdarı deyiləm. Elə lazer texnologiyaları var ki, onların köməyi ilə tam oxşar, virtual obrzını yaratmaq olar.
Kamil İbrahimov: Bəli, virtual muzey də yaratmaq olar. Ümumiyyətlə, bu məsələnin həlli illərin işidir.
Fuad Babayev: Bu işlə bağlı yol xəritəsini müəyyənləşdirərkən, məncə, başlanğıc üçün Rasim Əfəndiyevin 1980-ci ildə çap edilmiş kitabını götürmək olar.
Toğrul Əfəndiyev: Əgər elmi araşdırmadan söhbət gedirsə, bu, Azərbaycan MEA, xarici muzeylərlə əlaqədən söhbət gedirsə Mədəniyyət və Turzim Nazirliyi olmalıdır. Nüfuzlu bir qrup və ya komissiya yaradılmalıdır. Bəzi məsələlərdə isə qeyri-hökumət təşkilatları daha çevikdir, onların yardımından bəhrələnmək olar. Amma bu iş kampaniya xarakteri daşımamalıdır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
20 sentyabr 2016-cı il