1905.az portalının suallarını müəllim və tədqiqatçı Mehman Kərimov cavablandırır.
– Mehman müəllim, Azərbaycan müəllimin missiyasına hələ də çözülməmiş Qarabağ düyünü hansı korrektələri edib?
-Məlumdur ki, Qarabağ münaqişəsinin Azərbaycan xalqının genefonduna, milli –mənəvi dəyərlərinə vurduğu zərbə ziyalıların mənəvi dünyasına daha çox sirayət etməkdədir. Bunun da əsas səbəbləri şübhəsiz ki, ziyalıların, xüsusilə müəllimlərin gələcək nəslin yetişdirilməsindəki missiyası ilə bağlıdır. Ən böyük təlim metodu əyanilik olduğu üçün müəllimlər indi işğal altındakı torpağlarımızın tarixini təbliğ etməyi prioritet olaraq əsas tutmalıdır. Burada çətinlik doğuran əsas faktor şagirdlərin işğal altındakı torpaqların hələ də azad olunmaması ilə bağlı gözləntilərinə həssas yanaşmadır.Təbliğ olunmalıdır ki, Qarabağ düyünü daha çox Ermənistanın sosial-iqtisadi gücünə görə deyil, dünya birliyinin ədalətsizliyə göz yumması ilə bağlıdır. İşğal altındakı ərazilərmizin azad edilməsinin gecikməsi hər bir peşə sahəsində çalışanlardan, şübhəsiz ki ilk növbədə gələcəyin qurucularını hazırlayan müəllimlərimizdən daha böyük bacarıq, həssaslıq tələb edir.
–Sizə elə gəlmir ki, biz işğal olunmuş ərazilərimizin düşmən tapdağı altında olmasına az qala öyrəşmişik? Sinif otağında, auditoriyada bu sezilmir ki?
-Sinif otağında müəllim-şagird münasibətləri ilk növbədə müəllim şəxsiyyətinə inam üzərində qurulur. Bu konteksdə müəllimin hər bir sözü şagirdlərin təfəkkür tərzində inikas edir.Belə olan təqdirdə müəllim hər bir halda diqqət mərkəzindədir. Qarabağ münaqişəsinin xalqımız üçün ağır nəticələri məcburi köçkün olan məktəblilərin şəxsində daha ağır mənəvi-psixoloji amil kimi təzahür edir. İndi demək olar ki, bütün siniflərdə münaqişə nəticəsində doğma yurd yuvalarından didərgin düşən soydaşlarımızın ailə üzvləri təhsil alır. Belə siniflərdə müəllimlərdən ikiqat məsuliyyət tələb olunur. Belə ki, müasir tariximizin acı səhifələrinin şagirdlərə aşılanması prosesində bu qəbildən olan şagirdlərin şəxsi hissiyyatları nəzərə alınmalıdır.
Qarabağ problemi, ölkəmizin ərazisinin işğalı ümummilli məsələdi. Tarixən torpaq müqəddəs hesab edilib, sərhəd toxunulmaz sayılıb. Millətin qürur və şərəf məsələsi hesab edilib. Ərazi harda qurtarırsa millət, dövlət də orda qurtarır.
Çox yaxşıdır ki, bizdə hər bir vətəndaş özünü, öz həyatını Qarabağsız təsəvvür etmir. Əslində müşahidəmə görə heç bir azərbaycanlı ərazinin əldən getməsi, işğal faktı ilə barışmır. Bu bizim toplumun üstünlüklərindəndir. Yəni Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı müəyyən bir həmrəyliyin, yekdilliyin olduğunu demək olar.
Bəzən deyirlər ki, Qarabağ unudulub. Mən bununla razı deyiləm. Bu heç zaman unudula bilməz. Çünki bu millətin, dövlətin varlığı məsələsidi.
Qarabağı qaytarmaq üçün cəmiyyətdə Qarabağ ruhu hakim olmalıdı. Auditoryalarda gənclərimiz bu problemlə maraqlanır, mövqelərini izah edirlər. Sadəcə bu sahədə təbliğatın ardıcıl olmasına, vətənpərvərliyin daha peşəkar səviyyədə təbliğinə ehtiyac var.
–Müəllimsiniz. Cəmiyyətimizdə müəllim adına münasibət sizi qane edirmi?
– Xeyr, qane etmir. Çünki bu sahə üzrə müəllimlərin bir hissəsi qeyri-peşəkardı. Ölkədə müəllim hazırlayan ondan çox ali məktəb, bundan da çox müxtəlif kolleclər, texnikomlar fəaliyyət göstərir. Bu sahədə bir nizamsızlığın olduğunu demək olar. Peşəkarlığa münasibət dəyişərsə məncə dəyişikliklər ola bilər. Təhsil Nazirliyinin mətbuatda verilən məlumatlarına görə ölkədə çoxsaylı saxta diplom sahibi olan müəllimlərin fəaliyyəti aşkara çıxıb. İndi məsələnin ziddiyyəti bundadır ki, bu illər ərzində saxta diplomla faəliyyət göstərən adamlar nə qədər insanı savadsız edib, şikəst edib cəmiyyətə Bəs bunun cəzası necə olacaq.
Fikrimcə bu gün cəmiyyətdə olan bütün eybəcərliklər cəmiyyətin müəllimə verdiyi qiymətin əks sədasıdır, bumeranq effekti verir. TQDK-nın və müstəqil ekspertlərin rəyinə görə ölkəmizdə ali və orta təhsil bir çox halda faydalılıq əmsalını itirməkdədi. Məktəblərimiz əsasən öz təyinatına uyğun – bilili, dünyagörüşlü vətəndaş hazırlaya bilmir. Eyni zamanda müəllimlərin xeyli hissəsi öz üzərində çalışmır. Məsələn bir müşahidəmi deyim. Dəfələrlə şahidi olmuşam ki, müəllimlərimizin şəxsi kitabxanası yoxdu. Qərbdə aparılan bir araşdırmaya görə, bir yapon idə 25 kitab oxuyur, 25 türk isə ildə bir kitab oxuyur. Əminəm ki, bu sahədə bizim durumumuz daha pisdi.
-İndi də elmi yaradıcılığınız barədə danışaq.
– Bu il içərisində “Bilik biliyə ehtiyac yaradır” adlı didaktik bir kitab hazırlamışam. Kitabda müxtəlif ölkələrə mənsub olan filosoflardan, sosioloqlardan tərcümələr yer alıb. Eyni zamanda iki kitab tərcümə etmişəm. Birinci kitab türk alimi Heydər Çakmakın “Avropa təhlükəsizliyi” monoqrafiyasıdır. Avropa qitəsində formalaşmış təhlükəsizliklə bağlı müxtəlif təmayülləri, tarixən yaranmış təşkilatların yaranmasını, təsirini və s. elmi baxımdan izah edir. Kitab təhlükəsizliklə bağlı qonşu ölkədə nüfuzlu mənbələrdən sayılır. İkinci tərcümə ABŞ tədqiqatçısı Stiven Kinzerin “Şahın bütün adamları: Amerikanın çevrilişi və Orta Şərqdə terrorun kökləri” kitabıdır. Bu kitab regionun tarixi ilə bağlı maraqlı bir əsərdi. Elə bilirəm bu kitablar faydalı olacaq.
– Siyasi elmləri tədqiqi edən mütəxəssis kimi 1905.az portalına nəyi tövsiyyə edərdiniz?
– Saytın missiyası son dərəcə mühümdü. Ölkəmizin, dövlətimizin maraqlarına xidmət edir. Saytda istərdim ki, daim bu sahə üzrə peşəkarlar çıxış etsin. Saytı daim izləyirəm və burdan çox şey öyrənmək mümkündü.
Fuad Babayev
1905.az