Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 95 illiyinə həsr olunmuş, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin muzeylə əməkdaşlıq çərçivəsində hazırladığı “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib.
Virtual sərgi tədbir iştirakçılarının muzeydə təşkil olunmuş sərgi ilə tanışlığı ilə başlayıb. Sonra muzeyin direktoru Nailə Vəlixanlı qurumun fəaliyyəti və yaranma tarixindən danışıb. Onun sözlərinə görə, muzeyin inkişafı üçün 95 ildə çox böyük işlər görülüb və bunlar kitab halında nəşr etdirilib. Sərgidə həmçinin muzeydə çalışmış görkəmli mütəxəssislər barədə məlumatlar verilib, muzeyin nəşrləri nümayiş etdirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan Tarixi Muzeyi – 95” kitab-albomu da təqdim edilib.
Bundan başqa AMEA-nın vitse prezidenti İsa Həbibbəyli çıxışında qeyd edib ki, muzey Azərbaycan tarixinin təbliği istiqamətində böyük işlər gördüb.
“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev “Virtual Qarabağ Tarixi Muzeyi”nin Azərbaycanda ilk peşəkar virtual muzey olduğunu və burada Qarabağa dair 32 muzey və şəxsi kolleksiyadan 900-dən çox eksponat toplandığını qeyd edib.
1905.az