İyunun 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyində 20 məsələ müzakirə edilib.
Bildirilib ki, birinci məsələ Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsidir. Azərbaycan Prezidentinin təqdimatı ilə iyunun 9-da “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edildiyini bildirən Sahibə Qafarova bununla əlaqədar Şuranın təşkili qaydasının dəyişdirildiyini deyib. Qanunda edilən dəyişikliyə əsasən, Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığı diqqətə çatdırılıb. Sonra Milli Məclis tərəfindən Şuranın üzvlüyünə deputat Nizami Səfərovun namizədliyi irəli sürülüb.
İclasda N.Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması haqqında Milli Məclisin qərar layihəsi qəbul edilib.
Gündəliyin növbəti 5 məsələsi üçüncü oxunuşda qanun layihələri olub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Kosmik fəaliyyət haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri sənəd barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini deyərək bildirib ki, qanun ölkəmizdə kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
S.Qafarova növbəti 4 məsələnin – “İstehsalat və məişət tullantıları haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədə heç bir əlavə və dəyişikliyin edilmədiyini deyərək, olduğu kimi səsə qoyulmasını xahiş edib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli digər iki məsələni – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini diqqətə çatdırıb. O, hər iki layihənin “Tullantılar haqqında” Qanunla əlaqədar olduğunu deyib. Bildirib ki, təklif olunan dəyişikliklərdə həmin qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət və utilizasiyaya gedən nəqliyyat vasitələrinin uçotdan çıxarılması məsələsi öz əksini tapıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, bu layihənin “Tullantılar haqqında” Qanundan irəli gələrək hazırlandığını, əvvəlki iki oxunuş zamanı əlavə heç bir dəyişikliyin edilmədiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Komitə sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin son 3 məsələ barədə müsbət rəy verdiyini diqqətə çatdırıb.
O, məsələlərlə bağlı səsləndirilən bəzi fikir və qeydlərə münasibət bildirib.
Sonra təqdim edilən bu 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul olunub.
Parlamentin sədri növbəti məsələnin – “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin də məzmun və mahiyyətinə görə bundan əvvəl qəbul edilən qanunlara yaxın olduğunu, uyğunlaşdırma xarakteri daşıdığını bildirib. O, bu sənədin müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib.
Əli Məsimli qanun layihəsini təqdim edərək bildirib ki, bu sənəd “İstehsalat və məişət tullantıları haqqında” qanunun adının dəyişdirilməsi ilə əlaqədar hazırlanıb. Qanunun müvafiq maddəsində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin digər 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirən S.Qafarova məsələlərin mahiyyətcə bir-birinə yaxın olan, ikinci oxunuşda təqdim edilən qanun layihələri olduğunu diqqətə çatdırıb.
Sonra Tahir Mirkişili “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş), “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.
O deyib ki, qanunlara edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi sahəsində tənzimləmənin təkmilləşdirilməsi, fəaliyyətin effektiv və səmərəli şəkildə idarə edilməsi, avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, əməyin mühafizəsinin təmin olunması, bu fəaliyyət növlərinə ölkəmizdə tətbiq edilən icazələrin təkmilləşdirilməsi məqsədi daşıyır.
Daha sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (ikinci oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrinə dair məlumat verib.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti və sanksiyaları nəzərdə tutur. “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər isə “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır.
Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu iki qanun layihəsi barədə müsbət rəy verdiyini söyləyib.
Müzakirələr zamanı deputatlar Fazil Mustafa, Sevil Mikayılova, Müşfiq Məmmədli fikir və qeydlərini diqqətə çatdırıblar. İclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin yekununda təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, Minatəmizləmə Agentliyinin fəaliyyəti dövründə, o cümlədən 44 günlük Vətən müharibəsindən sonra minalardan təmizlənmiş ərazilər, aşkar edilmiş mina və partlayıcı hərbi sursat ilə əlaqədar statistik göstəriciləri diqqətə çatdırıb.
Əsasnaməyə görə, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Deputatlar Bəhruz Məhərrəmov və Hikmət Məmmədov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri növbəti 3 məsələnin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, bu məsələlərin – “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu bildirib.
Nizami Səfərov həmin 3 qanun layihəsi barədə məlumatı diqqətə çatdırıb.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Komitə sədri Tahir Mirkişili “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qeyd olunub ki, layihə ölkə Prezidentinin müvafiq fərman və sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Komitə sədri diqqətə çatdırıb ki, 9 fəsil, 68 maddədən ibarət olan qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Qeyd edilib ki, layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə yaxın olduğunu bildirib.
Komitə sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, 10 fəsil, 59 maddədən ibarət qanun layihəsinin ölkədə dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini deyib. Sənədin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübənin nəzərdən keçirildiyini söyləyib.
Bildirilib ki, qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq hallarının aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir.
Qeyd olunub ki, layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.
Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair bildirilib ki, adları çəkilən qanunlara “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.
Bəzi deputatlar təqdim olunan məsələlər barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən azad olunub.
Milli Məclisin sədri vurğulayıb ki, tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq.
O, Azərbaycan Silahlı Qüvvələrinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.