Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, V.Matviyenko Rusiya ilə Azərbaycan arasında münasibətlərin bütün sahələr üzrə yüksəlişdə olduğunu qeyd edib. O, ölkələrimiz arasında gündəliyin iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirildiyini, münasibətlərimizin mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Əlaqələrimizin genişləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini də qeyd edən V.Matviyenko bu fəaliyyətin münasibətlərimizə böyük töhfələr verdiyini bildirib.
Parlamentlərarası əlaqələrdən danışan V.Matviyenko qanunverici orqanlarımız arasında əlaqələrin həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Dövlət Duması ilə Milli Məclis arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması parlamentlərarası əlaqələrdə yeni mərhələnin başlanğıcı olacaq.
Rusiyaya ikinci dəfə rəsmi səfər etdiyini bildirən Milli Məclisin sədri Sahibə Qafarova Anlaşma Memorandumunun parlament səviyyəsində ikitərəfli münasibətlərimizin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin əlaqələrimizdə yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb.
İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan S.Qafarova həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, qanunverici orqanlarımız arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işinin təqdirəlayiq olduğunu qeyd edib. O, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsində parlament komitələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyət üçün geniş imkanların mövcud olduğunu da diqqətə çatdırıb.
S.Qafarova, həmçinin azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması prosesi, Laçın yolu ətrafında vəziyyət, minalar və ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.