Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Zimbabve Senatının sədri Meybl Çinomona ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin Afrika ölkələri, o cümlədən Zimbabve Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdıran Sahibə Qafarova parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərə biləcəyini qeyd edib.
Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini xatırladan Milli Məclisin sədri Zimbabve parlamentinin nümayəndə heyətinin ötən ilin noyabrında Madriddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk yığıncağında iştirakını yüksək qiymətləndirib. O xatırladıb ki, bu il iyunun 30-dan iyulun 1-dək Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı keçirilib. Bakı Konfransında 40 ölkənin və 8 beynəlxalq parlament təşkilatının parlament nümayəndə heyətləri iştirak edib. Konfrans zamanı bizim ümumi mövqeyimizi və baxışlarımızı əks etdirən Bakı Bəyannaməsi qəbul olunub.
Zimbabve Senatının sədri Meybl Çinomona ölkəsinin parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa önəm verdiyini bildirib. O, həmçinin qanunverici orqanlar arasında əlaqələrin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, parlament diplomatiyası müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malikdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.