Milli Məclisin bu gün keçirilən iclasında 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul olunub.
APA-nın məlumatına görə, müraciəti vitse spiker Bahar Muradova oxuyub.
Müraciətdə bildirilir ki, Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür: “Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və son 24 ildə möhkəmlənən Azərbaycan diasporunun fonunda xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan bu həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoyub. Müstəqilliyin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı. Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib”.
Müraciətdə Qarabağ problemindən, işğal olunmuş torpaqlardan söz açılaraq dünya azərbaycanlıları daha da sıx və bir olmağa çağırılır. Müraciət səsə qoyularaq qəbul olunub.