Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkarlanan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir hissəsinin 2021-ci ildə istehsal olunduğu müəyyənləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.
Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur.