“1905.az” Diskussiya klubunda bu dəfə 95 illiyi tamam olacaq Rusiya Federasiyası ilə Türkiyə arasında imzalanmış 16 mart 1921-ci il tarixli Moskva müqaviləsini müzakirə etdik. Müzakirələrdə tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov, “Tarix.info” portalının əməkdaşı Nizami Heydərli, tarixçi Faiq Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, tədqiqatçı Taleh Cəfərov iştirak edirdi.
Fuad Babayev: Rusiya və Türkiyə arasında 1921-ci ildə dostluq və qardaşlıq haqqında müqavilə bağlanıb. 95-ci ildönümü ərəfəsindəyik bu müqavilənin imzalanmasının. 1905.az portalı zaman-zaman bu məsələyə toxunub. Məsələn, tarix elmləri doktoru, professor Kərim Şükürov, tarix üzrə fəsləfə doktoru İlqar Niftəliyevlə müsahibələrimizdə bu məsələdən bəhs olunur. Bu mövzu ilə bağlı sizi dinləmək istəyirik və bir neçə sualımız var. Ərazisinin 20 faizi düşmən işğalı altında olan ölkəmizin hazırlıqlı əhalisinin bu müqavilə ilə bağlı məlumatı yetərincədirmi?
Nizami Heydərli: Mən son dövrlərdə görürəm ki, haqqında qeyd etdiyiniz müqaviləyə cəmiyyətdə böyük maraq yaranıb. Siz böyük rus şovinizmi haqqında məlumatlısınız. Hətta Lenin də bu barədə yazıb. Son dövrlərdə Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda bu məsələnin Rusiyada təzədən şişirdildiyini sezirik. Rusiya cəmiyyətində kəskin antitürk münasibəti formalaşdırılır. Mənə elə gəlir ki, boyük rus şovinizminin kökündə antitürkizm böyük yer tutur. Daha doğrusu, bu siyasət elə həmin mövqe üzərində bərqərar olub. Xüsusilə Murad Acinin kitablarını oxuyandan sonra məndə bu fikir yəqinləşdi. Lüğət tərkibinin 40 faizi türk sözlərindən ibarət olan, türk ərazilərində meydana gəlmiş bir dövlət nəyə görə kəskin antitürk mövqeyi tutur? Son zamanlar Rusiya cəmiyyətində belə səslər eşidilir ki, 16 mart 1921-ci il tarixli Rusiya-Türkiyə müqaviləsinə yenidən baxmaq və onu ləğv etmək lazımdır. Bəziləri hətta bunu belə izah edirlər ki, müqavilənin ləğvi tərəflərin heç birisinə ziyan verməyəcək. Məlumdur ki, hər bir müqavilənin sonunda xüsusi bir maddə olur. Həmin maddəyə görə qarşı tərəflərin müvafiq orqanları müqavilənin ləğv olunması ilə bağlı qərar verməyiblərsə, müqavilənin müddəti daha 10 il uzadılır. Düşünürəm ki, son dövrdə bu müqaviləyə artan maraq da bununla bağlıdır.
Fuad Babayev: Tarix.info portalının nümayəndəsi kimi Sizi bizim insanların bu barədə bilgiləri qane edirmi?
Nizami Heydərli: Məncə, insanlar olduqca mürəkkəb problemləri də sadə dildə başa düşməlidir. Son dövrlərdə biz “Tarix.info” saytında akademik Veliçkonun kitabından müəyyən tərcümələri yerləşdirmişik. Özüm də yazmışam ki, bu, elmi yox, sadə dildə tərcümədir. Bu Moskva müqaviləsi ilə bağlı da yalnız oxuyan insanların müəyyən məlumatları var. Həm də ona görə ki, bu müqavilə haqqında sadə dildə heç nə yazmırlar.
Hesab edirəm ki, məhz Moskva müqaviləsi Ermənistanı Cənubi Qafqazda bir müstəqil dövlət kimi məhv olmaqdan xilas etdi.
Rövşən Hətəmov: Müasir Azərbaycan cəmiyyətində çox az adam Azərbaycanın tərkibindəki Naxçıvan Muxtar Resüpublikasının muxtariyyətinin köklərini başa düşə bilir. Məlumdur ki, muxtariyyət bir ölkə daxilində etnik azlıqlar üçün nəzərdə tutulan prosedurdur. Moskva müqaviləsində mühüm məqamlardan biri protektoratlıqla bağlıdır. Xatırladıram ki, Birinci Dünya müharibəsinin yekunları ilə bağlı Paris müqaviləsində Millətlər Cəmiyyətinin yaradılması ilə bağlı mandat sistemi tətbiq olunmuşdu. Mən 1920-ci illərdə bağlanmış heç bir müqavilədə protektoratlıqla bağlı bəndə rast gəlməmişəm. Düşünürəm ki, Naxçıvanın Azərbaycan daxilində muxtariyyətinin yaradılmasının kökləri ilə bağlı məlumatlandırılma cəmiyyətimizdə çox aşağı səviyyədədir. Hətta oxumuş insanları da dindirsək görərik ki, onlar bu məsələləri bilmirlər. Qeyd edim ki, Moskva və Qars müqavilələrindən narazılıq müqavilənin imzalandığının ertəsi gündən başlamışdır. “Daşnaksütyun” partiyası xarici mediada bu narazılığı zaman-zaman gündəmə gətirir. Çünki Antanta dövlətləri bu müqaviləni Türkiyə-Rusiya yaxınlaşması, ermənilərin “əzəli torpaqları”nın zorla qoparılması kimi təqdim edirdilər. Yəqin ki, müqavilənin imzalanması şəraitinə həmkarlarımız da toxunacaqlar. Türkiyə rəsmiləri Qars müqaviləsinə Moskva müqaviləsinin formal olaraq tamamlanması kimi baxırdılar. Qars müqaviləsi iki maddə – 18 və 20-ci maddələr fərqli olmaqla bir növ Moskva müqaviləsini təkrar edirdi. Hesab edirəm ki, məhz Moskva müqaviləsi Ermənistanı Cənubi Qafqazda bir müstəqil dövlət kimi məhv olmaqdan xilas etdi. Bu müqavilə indiki Türkiyə və Azərbaycan rəhbərliyinə Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaradıldığını bildirmək üçün təbliğat müddəaları ola bilər.
Fuad Babayev: Və biz bundan lazımincə istifadə edə bilmirik.
Rövşən Hətəmov: İstifadə edə bilmirik. Nəzərə almaq lazımdır ki, burada ciddi məqamlar var. Sıravi oxucular bunları dəqiq başa düşə bilmir. Amma son illərdə Azərbaycanda bu məsələ ilə bağlı çoxlu ədəbiyyat dərc olunub. Həmin dövrdə Azərbaycanın sovet hökuməti Naxçıvan və Zəngəzurdan Ermənistanın xeyrinə imtina etmişdi. N.Nərimanovun 1 dekabr 1920-ci il tarixli Ermənistanda sovet hakimiyyətinin qurulması ilə bağlı müraciətinə nəzər salmaq olar. Qeyd etmək lazımdır ki, Naxçıvanın Azərbaycan tərkibində qalması daha çox Türkiyənin xidmətidir. Etiraf etməliyik ki, 1920-21-ci illərdə Azərbaycan Naxçıvana ögey münasibət bəsləyirdi. Bunun da səbəbi onda idi, Azərbaycan tam müstəqil dövlət olmadığından, müstəqil qərar qəbul etmək iqtidarında deyildi. Amma onu da qeyd edək ki, Azərbaycanın həmin dövrdəki sovet rəhbərləri sanki Moskvadan təşəkkür almaq ümidi ilə Azərbaycan torpaqlarını səxavətlə Ermənistana verirdilər. Bu, çox acı həqiqətdir və Ermənistan bu məsələyə çox tez-tez istinad edir. Və Moskva müqaviləsi ərəfəsində artıq Zəngəzür Ermənistana güzəştə gedilmişdi.
Fuad Babayev: Yəni belə demək olarmı ki, bu mövzudan çox istifadə etməyə çalışsaq, xeyrimizə olmayan məqamlar da qabaracaq?
Rövşən Hətəmov: Bunlar hamısı açıq mənbələrdə dərc olunub və gizli bir şey yoxdur. Bu, sadəcə iki yeni müstəqillik qazanmış dövlətin imperialist münasibətlər sistemindən fərqli münasibətlər yaratmaq cəhdi idi. Burada sinfi, milli, ideoloji prizmalar həddindən artıq çoxdur. Mənbələrə müraciət etsək, görərik ki, türk nümayəndələri də antiimperialist ifadələrindən çox geniş istifadə ediblər. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu mövzunu ətraflı araşdırmalı və öyrənməlidir.
Fuad Babayev: Orta məlumatlı insanın bu mövzu ilə maraqlanması üçün orta və ali məktəbdə aldığı bilgilər mühüm rol oynayır. Bu bilgilər bizim tarix zövqümüzü formalaşdırır. Faiq müəllim peşəkar orta məktəb müəllimidir və görürəm ki, tarix dərsliklərini də özü ilə gətirib. Bu mövzu ilə bağlı dərsliklərdəki vəziyyət necədir?
Faiq Babayev: Məktəb ilk növbədə mövzuları populyarlaşdırır. Bu məsələ də əlbəttə ki, problemsiz deyil. Mən müxtəlif dövrlərdə nəşr edilmiş dərslikləri araşdırdım və sovet dövrü dərsliklərində bu mövzunu tapmadım. Mövzunun üstündən sükutla keçilib. 1995-ci ildə çap olunan müstəqillik dövrünün ilk tarix dərsliyində artıq mövzuya yer ayrılıb. İlk dövrlərdə Azərbaycan tarixi dərsliyi daha böyük həcmli idi, sonradan onları bir qədər kiçiltmək qərarına gəldilər. 2001, 2014-15-ci illərdə çıxan dərsliklərdə də bu mövzu var, amma bir qədər kiçildilib. Mən problemi nədə görürəm? Bayaq Nizami müəllim də söylədi, bizim ziyalılar terminlərlə danışanda özlərini inamlı hiss edirlərmi? Mənim çoxdan bəri problem saydığım məsələ var ki, o da tədrisdə tətbiqiliyin zəifliyidir. Şagird dərslikdə oxuduqlarını həyata tətbiq edə bilmir. Baxın, Naxçıvanın statusu, Moskva müqaviləsinin birtərəfli ləğvinin mümkünlüyü və ya mümkünsüzlüyü kimi işıqlandırmalar dərslikdə yoxdur. Bizdə tarix fənninin tədrisində kifayət qədər ciddi özfəaliyyət var. Mən tarix müəllimləri tanıyıram, deyirlər ki, Şah İsmayıl Xətaiyə nifrət edirlər və bu nifrəti dərs dedikləri uşaqlara da aşılayırlar. Bizim indiki müəllimlərin əksəriyyəti ya sovet vaxtı oxuyub, ya da o vaxt yazılmış kitabları oxuyublar. Ona görə də mövzunu yeni tərzdə işıqlandırmağa çətinlik çəkirlər. Müəllimlər alimlərin yeni tədqiqatları ilə tanış olmalıdırlar ki, onu daha yaxşı işıqlandıra bilsinlər.
Fuad Babayev: Nümayiş etdirdiyiniz dərsliklər üz qabıqlarından da görünür ki, müxtəlif dövrlərdə nəşr olunublar. Müzakirə etdiyimiz mözu ilə bağlı dərslikdəki dəyişikliklər nə dərəcədə irəliyə doğru addımdır?
Faiq Babayev: Bizdə dərslikdə ixtisar aparmaq söhbəti düşəndə, ixtisarı qələmlə yox, qayçı ilə, bəzən isə hətta baltayla aparırlar. Böyük bir yazını nisbətən balaca yazmaq əvəzinə, hansısa cümlə və abzasları atırlar. Müzakirə etdiyimiz məsələnin dərslikdə mahiyyətini veriblər, amma izahı çox azdır.
Fuad Babayev: Mən öz yaşıdlarım arasında bu məsələyə xüsusi bir maraq olduğunu hiss etmirəm. Siz bizim gənclər, yeniyetmələrlə ünsiyyətdə olursunuz, bu məsələyə onlarda maraq olduğunu hiss edirsinizmi?
Faiq Babayev: Hamlet İsaxanlının müsahibəsində maraqlı bir fikir oxumuşdum. Deyir ki, biz bəzən öz dövrümüzü, öz gəncliyimizi çox vaxt idealizə etməyə meyilli oluruq. Gəlin baxaq, bizim öz həmyaşıdlarımız, tələbə dostlarımızın hamısı hamının bilməli olduğu həqiqətlərdən xəbərdar idilərmi? Bu dəqiqə də abituriyentlərin arasında da hərtərəfli məlumatlı uşaqlara da rast gəlinir, məlumatsızlara da. Həqiqət isə odur ki, abituriyentə qəbul imtahanlarında yüksək bal yığması üçün məlumatlı olmaq yox, dərs proqramını bilmək lazımdır.
Rövşən Hətəmov: Hər bir dərsliyin şagirdin şəxsiyyət kimi yetişməsində böyük rolu var. Hər bir gəncin azərbaycanlı kimi yetişməsində isə tarix dərsliklərinin rolu müstəsnadır. O rolu sözlə ifadə etmək çətindir. Uşaq tarix dərsliyindən həm öz ölkəsinə sevgi hissini formalaşdıra bilər, yaxud da ölkəsinin tarixinə nifrət yarada bilər. Təəssüflər olsun ki, bizdə “Azərbaycan tarixi” dərsliyi “Ölkəşünaslıq” predmeti kimi tədris olunmadığından, Naxçıvana, yaxud Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi səbəblərini də anlamırlar. Dərsliklərdə bu məsələlər ətraflı işıqlandırılmadığından və tələbələr bu suallarla müraciət etdikdə, bir şaşqınlıq yaranır. Bizdə çox vaxt təkrar edirlər – 29 mayda İrəvan şəhəri Ermənistana güzəştə gedildi. Bu cümlədən sonra azərbaycanlı şagirdin Xalq Cümhuriyyətinə münasibəti necə ola bilər?
Fuad Babayev: Çox doğrudur.
Rövşən Hətəmov: Elə 1921-ci il Moskva və Qars müqavilələri ilə bağlı da çox geniş yazılmasa da, önəmli hədəflər qeyd edilməlidir.
Fuad Babayev: Biz hazırlıqsız hesab etdiyimiz auditoriyanı nəzərə almalıyıq. Ona görə də bayaq Nizami müəllimin dediyi kimi, qısa və aydın şəkildə yazmalıyıq. Bəzən iqtisadçılar və tarixçilər elə danışırlar ki, danışdıqlarını iqtisadçılar, yaxud tarixçilər bilir, başqaları isə başa düşmürlər. Siz hansı fikirləri hazırlığı o qədər də yüksək olmayan adamlara çatdırmaq istərdiniz?
Nizami Heydərli: Mən belə fikirdəyəm ki, elə şeylər var ki, onların camaata çatdırılması düzgün deyil. Məsələn, Türkiyə televiziyalarında Şah İsmayıl Xətainin Çaldıran döyüşündə məğlubiyyəti aşağılanır. Amma İstanbul fatehi II Sultan Mehmet də iki dəfə Uzun Həsənə uduzmuşdu və qaçırdı ki, İstanbulu əldən verməsin. Elə şeylər var ki, demək lazımdır, elələri də var ki, lazım deyil. Oxuyanda görürsən ki, ruslar Atatürkə həmişə maliyyə vəsaiti ilə yardım göstəriblər. Ruslar Azərbaycana hücum edəndə isə XI Qızıl Ordunun qarşısını kəsməməyi Şərq orduları komandanı Kazım Qara Bəkir paşadan tələb edib. Indi bunu demək olmaz axı. XI Qızıl Ordunun zirehli qatarının qarşısında türk komandiri dayanmışdı. Azərbaycan xalqı türklərə atəş açmazdı. İzah etmək lazımdır ki, o dövrdə Türkiyənin məzlum vəziyyətə düşməsi güzəştlərə gedilməsini tələb edirdi.
Rövşən Hətəmov: Nizami müəllim, üzr istəyirəm, bu faktlarla bir az ehtiyatlı davranmalıyıq. Hansısa faktı kontekstdən çıxarmaq tarixi şəraiti saxtalaşdırmağa gətirib çıxara bilər. Mustafa Kamal paşanın Leninə 26 aprel tarixli məktubuna qədər Azərbaycanın taleyi artıq həll olunmuşdu. Plan hazırlanmışdı və XI Qızıl Ordu artıq Azərbaycan ərazisində idi. Bu məsələdə Türkiyəni qınamaq düzgün deyil. Türklər Anadoluda ingilis, fransız, italyan və yunanlarla milli mücadilə apardığı dövrdə Azərbaycan hökuməti ingilispərəst siyasət yürüdürdü. Azərbaycan Anadolu ilə sərhəddə platsdarm idi. Mustafa Kamal paşa bütün həyatı boyu Azərbaycanın müstəqilliyi məsələsini qabardıb. Həmin dövrdə isə belə bir alternativ bolşevik kadrları idi. 1945-ci ildə ruslar Türkiyəyə göstərilən maliyyə yardımı məsələsini qabardanda, türklər bildirdilər ki, onların göstərdikləri yardım Antanta ilə mücadilə üçün lazım olan məbləğin heç 1 faizi də deyildi. Mustafa Kamal paşa Anadoluda Antantanın o qüvvələri ilə vuruşurdu ki, Antanta onları Sovet Rusiyası ilə mücadiləyə yönləndirə bilərdi. Rusiya düşünürdü ki, nə qədər ki, Türkiyə Antanta ilə vuruşur, onların başı daha az ağrıyacaq. Ona görə də türklər Azərbaycanı Rusiyaya satdılar, demək olmaz.
Nizami Heydərli: Mən də elə buna görə deyirəm ki, bəzi məsələləri söyləmək olmaz. Baxın, müqavilənin 3-cü maddəsi var. Mən deyirəm ki, 3-cü maddəni iki yerə bölmək lazımdır. Birinci hissə Naxçıvanın Azərbaycanın tərkibində qalmasını tələb edir.
Rövşən Hətəmov: Tərkibində yox, protektoratlığında. 1922-ci ildə Sovetlərin II qurultayında Naxçıvanın Azərbaycanın tərkib hissəsinə qatılması haqqında qərar qəbul olunanda, Türkiyə Sovet Rusiyasına nota göndərdi. Notada Moskva müqaviləsinin şərtinin pozulduğu bildirildi. Çünki Naxçıvan Azərbaycanın tərkibinə yox, himayəsinə verilmişdi. Ona görə də Azərbaycan Respublikasının Konstitusiyasında yazılır: Naxçıvan Azərbaycan Respublikasının təpkibində muxtar dövlətdir. Bunun özü də haqqında danışdığımız müqavilənin şərtləri ilə ziddiyyət təşkil edir.
Nizami Heydərli: Mən müqavilənin 2-ci hissəsinə qayıdıram. Naxçıvan Azərbaycanın himayəsinə verilir, lakin onu üçüncü tərəfə güzəştə gedə bilməz. Çünki Azərbaycan təzyiq altında onu üçüncü tərəfə verə bilərdi.
Rövşən Hətəmov: Müqavilə haqqında danışanda bəzi xırdalıqlara fikir verməliyik. 1918-ci il 4 iyun Batum müqaviləsi əsasında Naxçıvan Türkiyəyə verilmişdi. Əlbəttə, bu dərsliklərdə yazılmır və yazıla da bilməz. Faktiki olaraq Azərbaycan Osmanlı ilə müharibə aparmadığı bir şəraitdə torpaqlarının bir hissəsini itirmişdi. Moskva müqaviləsi bağlananda da Türkiyə Batum müqaviləsinə istinad edirdi. Halbuki o müqavilə Türkiyə ilə yox, Osmanlı hökuməti ilə bağlanmışdı. Və Osmanlı əsaslanırdı ki, Naxçıvan əhalisi onu köməyə çağırıb. Amma bu da heç bir müqavilədə qeyd olunmadığından, kiməsə köməyə getdiyinə görə, o ərazini özününkünə qata bilməzsən. 1921-ci il müqaviləsi iki gənc dövlət yeni prinsiplərlə bağlamışdı. 1945-ci ildə SSRİ müqavilə şərtlərinə yenidən baxaraq Qars, Ərdahan ərazilərini tələb edəndə də Molotov Türkiyə səfirinə bildirirdi ki, 1921-ci ildə Rusiya zəif idi və bu şərtlər zorla qəbul etdirilib. Türkiyə səfiri isə bildirdi ki, onun ölkəsi də güclü deyildi və Rusiyanın düşmənləri ilə vuruşurdu. Halbuki 1921-ci ildə Sovet Rusiyası Türkiyədən qat-qat güclü idi. İndi Naxçıvanın statusunun qabardılması siyasi şoudur. SSRİ dağılandan sonra ermənilər Naxçıvan məsələsini də qaldırmaq istəyirdilər. Türkiyə tərəfinin sərt mövqeyini gördükdən sonra, SSRİ və Ermənistan rəhbərliyi geri çəkildi. Yeri gəlmişkən müqavilədə bir müddəa da var: Naxçıvanın statusunun dəyişilməsinə yönəlmiş istənilən addım, müqaviləni qüvvədən salır. Müqavilənin ana sütunu da budur.
Türkiyə Qars müqaviləsini də hər bir respublika ilə ayrılıqda bağlamaq istəyirdi. Kazım Qarabəkir paşa bununla bağlı inadkarlıq edirdi. Həm də əmin idi ki, Azərbaycan bu məsələdə ona kömək edə bilər. Təəssüf ki, Behbud Şahtaxtinskinin ayrıca müqavilə bağlamamaq istəyindən və çıxışından sonra Türkiyə tək qaldı. Tək qaldığına görə, Qars müqaviləsində Naxçıvanla bağlı bir müddəa kənarda qaldı. Bu da Azərbaycanın Naxçıvanı üçüncü tərəfə güzəştə gedə bilməməsidir. Moskva müqaviləsində bu müddəa var, Qars müqaviləsində yoxdur.
Fuad Babayev: Mən istərdim ki, bu məsələlərlə bağlı Taleh Cəfərovu da dinləyək. Azərbaycanda insanlar Moskva və Qars müqaviləsi haqqında nəyi bilməlidirlər?
“Qars konfransında Türkiyədən 150 nümayəndə heyəti, Gürcüstandan Şalva Eliada, Ermənistandan Askanas Mravyan, Azərbaycandan Behbud Şahtaxtinski iştirak edirdi.”
Taleh Cəfərov: Rusiya-Türkiyə münasibətlərində Azərbaycan həmişə maraq doğurub. Çünki müstəqilliyini itirdikdən sonra Azərbaycan Rusiyanın tərkibində formal müstəqil respublika kimi Gürcüstan və Ermənistanla birlikdə Türkiyə ilə danışıqlarda iştirak edirdi. Azərbaycanın ərazisi ilə bağlı danışıqlar Rusiyanın diqtəsi ilə aparılırdı. Qars müqaviləsindən əvvəl konfransın yeri ilə bağlı nümayəndə heyətləri arasında fikir ayrılığı var idi. Azərbaycan nümayəndə heyəti konfransın keçiriləcəyi yer kimi Bakını, baş tutmayacağı təqdirdə isə Tiflisi təklif edirdi. Türkiyə tərəfi isə Qars şəhərində israr edirdi. Yusif Kamal bəy Azərbaycan tərəfinə göndərdiyi məktubda da qeyd edirdi ki, konfrans Bakı və ya Tiflisdə baş tutmayacaqsa, Qarsda olmalıdır. Danışıqlarda Azərbaycan nümayəndə heyəti özünü çox sərbəst aparırdı. Rusiya tərəfinin N.Nərimanova göndərdiyi teleqramda bildirilirdi ki, Azərbaycan özünü sərbəst aparmamalı, respublikalarla ümumi razılığa gəlməlidir. Və Rusiyanın razılığı olamadan heç bir dövlət ümumi razılığa gəlməməlidir. Qars konfransında Türkiyədən 150 nümayəndə heyəti, Gürcüstandan Şalva Eliada, Ermənistandan Askanas Mravyan, Azərbaycandan Behbud Şahtaxtinski iştirak edirdi.
Rövşən Hətəmov: Maraqlıdır ki, Gürcüstan və Ermənistandan Qars konfransında 2 nəfər, Azərbaycandan isə yalnız 1 nəfər iştirak edirdi.
Taleh Cəfərov: Həqiqətən də Azərbaycanın taleyi həll olunurdu. Konfransda ilk gündən böyük mübahisələr yarandı. Ən böyük mübahisə bayaq Rövşən müəllimin qeyd etdiyi kimi, müqavilələrin tərəflələrlə ayrı-ayrılıqda, yoxsa, birlikdə bağlanması ilə əlaqədar idi. Türkiyə respublikalarla ayrı-ayrılıqda müqavilə bağlamaq istəyirdi, Rusiya isə bunun əleyhinə çıxırdı. Azərbaycanla bağlanan müqavilə türk dilində olmalı idi. İkinci bir tərəfdən, Azərbaycanın və Türkiyənin əraziləri ilə bağlı mübahisəli məqamlar meydana çıxdıqda, tərəflər buna öz etirazlarını bildirməli idilər. Eyni zamanda Türkiyədəki azərbaycanlılara bu ölkə loyal yanaşmalı, onlara vətəndaşlıq verməli idi. Azərbaycan və Türkiyə arasındakı gizli razılığa görə Azərbaycan Türkiyəyə neft verməli idi. Amma Rusiya buna öz etirazını bildirirdi.
Fuad Babayev: Bu müqavilələrdə ən vacib nüans hansıdır?
Rövşən Hətəmov: Azərbaycanlı alimlər Cəmil Həsənli və Vasif Qafarov öz kitablarında bu hadisələri yetərincə işıqlandırıblar. Türkiyə tərəfi Qars müqaviləsinə o qədər də əhəmiyyət vermirdi. Bu müqavilənin ən gülməli tərəfi odur ki, Zaqafqaziya Federasiyası olmaya-olmaya üç respublikanı həmin Federasiya adından imza atmağa məcbur etmişdilər. Ən maraqlısı isə o idi ki, müqavilənin ratifikasiya olunması üçün Zaqafqaziya Federasiyasının yaranmasını gözləmək lazım idi. Buna görə də Türkiyə onu respublikalar səviyyəsində imzalamaqda maraqlı idi. Türkiyə həm də onda maraqlı idi ki, Moskva və Qars müqavilələri Sevr müqaviləsinin kökünü kəsirdi. Türkiyə üçün ən önəmli dəyər məhz bu idi. Türkiyə Gümrü və Moskva müqavilələri ilə Atatürkün sözləri ilə desək, “erməni məsələsi”nə lazımi cavabını verdi.
Taleh Cəfərov: Türkiyə Moskva müqaviləsində diqtə edən tərəf ola bilmədiyindən, Qars müqaviləsində bunun əvəzini çıxmaq istəyirdi. Həm Moskva, həm də Qars müqaviləsi Türkiyə diplomatiyasının uğurlu nailiyyəti idi.
Nizami Heydərli: Tutaq ki, Rusiya Dövlət Duması Moskva müqaviləsini qüvvədən saldı. Qüvvədən salındıqdan sonra nə baş verəcək?
Rövşən Hətəmov: Müqavilə qüvvədən düşdükdən sonra beynəlxalq hüquqa görə, müqaviləyə qədərki şərait öz əksini tapacaq. Bu şərait də odur ki, Türkiyə qoşunları Naxçıvan, Şərur-Dərələyəz və Sürməli bölgələrinə yerləşəcəklər. Ondan sonra danışıqlar yenidən başlayacaq. Həm də 1920-ci il dekabrın 2-də Ermənistanla Türkiyənin bağladığı müqavilənin şərtləri bərpa olunacaq. Və bu şərtlər Ermənistanın xeyrinə deyil. Həm də Qars müqaviləsinin ləğvi ilə bağlı Ermənistan və Gürcüstan arasında da mübahisəli torpaq məsələsi ilə əlaqədar ziddiyyətlər var.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
14 mart 2016-cı il