– Əmirxan müəllim, neçə illərdir mozaika işi ilə məşğulsunuz…
– Bu işlə 1976-cı ildən məşğulam. İlk işim də indiki “Azərbaycan” nəşriyyatının qarşısındakı tablo və böyründəki rəngli şüşədən vitraj olub.
–Bəs bu sənətə harada yiyələnmisiniz?
– Mən 1966-1970-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, 1970-1976-cı illərdə isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində memar ixtisası üzrə təhsil almışam. Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki bədii-yaradıcılıq kombinatında işləyərkən bu sənətə meyl salmışam.
ƏN MİQYASLI İŞLƏRİMDƏN BİRİ RUSİYADADIR
– Azərbaycanda və onun hüdudlarından kənardakı ən miqyaslı işləriniz hansılardır?
– Azərbaycanın bir çox rayonlarında işlərim var. Ən miqyaslı işlərimdən biri Rusiyadadır. Məlumdur ki, o vaxt hər respublika bu dəmir yolu magistralı üzərində bir qəsəbə inşa edirdi. 1986-cı ildə Azərbaycan da Ulkan qəsəbəsini tikirdi. Orada məktəbin, uşaq bağçasının divarlarında, ticarət mərkəzində mənim işlərim var. Ən böyük işim isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində, ümumi sahəsi 1500 kvadrat metr olan dairəvi divardakı mozaikadır. Gəncədə Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundovun birgə rəsmini mozaikada hazırlamışam.
ƏMƏK KİTABÇAM İNDİYƏ KİMİ KOMBİNATDADIR
– Sovet hökuməti süqut edənədək Rəssamlar İttifaqının kombinatında çalışmısınız. İndiyə bağlanmış olar kombinat.
– Kombinat hələ bağlanmayıb. Amma fəaliyyəti yox dərəcəsindədir. Əmək kitabçam indiyə kimi kombinatdadır.
– Kombinatın fəaliyyəti neçənci ildən sonra məhdudlaşdı?
– Qorbaçovun hakimiyyəti illərində. Həmin dövrdə demək olar ki, kombinatın fəaliyyəti yarıbayarı iflic oldu. Halbuki əvvəllər orada heykəllər, zərgərlik məmulatları, xalçalar, müxtəlif suvenirlər hazırlanırdı.
– Bazar iqtisadiyyatı dövründə yaşadığımızı deyirlər. İmkanlı adamlar mozaika ilə bağlı sifarişlər verirlərmi?
– Hərdən olur. Sadəcə olaraq indiki dövrün çətinliyi ondadır ki, mozaika sifariş vermək istəyənlər hara müraciət etmək lazım gəldiyini bilmirlər. Əvvəllər kombinata sifariş verilirdi, müqavilə bağlanır və bundan sonra işə başlanırdı. Düzdür, indi mozaika ilə məşğul olan sexlər var. Amma həmin sexlərdə peşəkarlar, bu sahə üzrə təhsil alan adamlar yoxdur. Əsasən “şablon” işlər görürlər.
– Mozaika dedikdə birinci növbədə “Nizami” metrostansiyasının interyeri yada düşür. Bəs həmin iş kimindir?
– Əsər Mikayıl Abdullayevindir. Amma mozaikanı o vaxt Leninqraddan gələn ustalar yığdılar.
– İndi mozaikaya marağın azalması nə ilə bağlıdır?
– Əvvəla texnologiyalar dəyişib. Əvvəllər daşı bir-bir qoyub, rəsmi çəkirdik. Buna klassik mozaika deyirlər. İndi əsasən kvadratşəkilli şüşə elementlərindən istifadə olunur. Onunla da ancaq düz xətlər yığmaq olar. Hansısa bir maili cizgi çəkmək istəyəndə həmin effekti vermir. İndi demək olar ki, daşla bir-bir mozaika yığan yoxdur.
AĞDAMDA ÇÖRƏK MUZEYİNİN FASADINDA MOZAİKA İŞLƏMİŞDİM
– Əgər Qarabağ mövzusu ilə bağlı mozaika hazırlamaq lazım gələrsə, əsasən hansı obrazı seçərdiniz?
– Qarabağda, Ağdamda Çörək müzeyinin fasadında mozaika işləmişdim. Bir neçə il əvvəl televiziyada mərminin həmin muzeyin bir hissəsini, o cümlədən də mozaikanın yarısını dağıtdığını görəndə çox sarsıldım. Nədənsə Qarabağ deyəndə ilk növbədə məhz Ağdam yadıma düşür. O ki, qaldı obraza, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun obrazını mozaikada işləmək mənim arzumdur.
– İnşallah gerçəkləşər arzunuz.
Fuad Babayev,
Gündüz Nəsibov
1905.az