Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
Tarix elmləri doktoru Ataxan Paşayev bu barədə “Açılmamış səhifələrin izi ilə” kitabında haqlı olaraq yazır: “Bakıdakı qanlı Mart hadisələri sovet dövrü tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti deyil, ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir”. Bununla belə, elavə etmək yerinə düşərdi ki, “sovet dövrü tarixçiləri” xorunda erməni ah-zarı, naləsi ilə pərdələnmiş özünəməxsus bir saxtakarlıq da diqqəti cəlb edir. Yalnız üzdəniraq “partiya və dövlət xadimi, alim və pedaqoq, kommunist və vətəndaş” (Henri Azatyan) Con Kirakosyanm “Gənc türklər tarixin məhkəməsi qarşısında” (Yerevan, “Ayastan” nəşriyyatı, 1986-cı il) kitabını vərəqləmək kifayətdir ki, tarixin nə qədər təhrif edildiyinin, qərəzlə qələmə alındığının şahidi olasan.
Sovet rejiminin və xəstə erməni təxəyyülünün məhsulu olan bu cızma-qarada əslində mənfur rus-ingilis siyasətinin alətinə çevrilənlərə – ermənilərə qarşı regionda, guya, ardıcıl şəkildə genosid həyata keçirildiyi qələmə alınır, erməni terrorçular, qatillər, başkəsənlər, qaniçənlər isə, “xalq qisasçıları” adı ilə oxuculara təqdim edilir, guya Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərə divan tutulduğu həyasızcasına qeyd olunur.
Mart qırğını ilə bağlı həqiqət yalnız son illərdə söylənilməyə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq, həmin vaxtdan hər il 31 Mart Azərbaycan xalqının soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar mühüm sənədlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini tanımasını, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsini xahiş etmişdir. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfındən 1919 və 1920-ci illərdə martın 31-i milli matəm günü kimi qeyd olunmuşdur.
Mart qırğını haqqında illər boyu susmayan və susdurula bilməyən tək səs mühacir səsi olmuşdur. “Yeni Qafqasya”, “Azəri-türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş”, “Azərbaycan” (Ankara) və başqa mətbu orqanlar, mühacirətin digər nəşrləri bu mövzunu daim diqqət mərkəzində saxlamış, soyqırımı qurbanlarının xatirəsini yad etmiş, cəllad S.Şaumyan başda olmaqla erməni qatillərin əməllərini lənətləmişlər.
M.Ə.Rəsulzadə 1922-ci ildə İstanbulda nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti: keyfiyyəti – təşəkkülü və indiki vəziyyəti” adlı əsərinin “Qardaş Türkiyənin yardımı” adlı hissəsində Mart faciəsinin törədilməsi səbəbləri və bu dəhşətli cinayətin miqyası barədə ətrafl ı bəhs edir. Müəllif, bolşeviklərin Azərbaycan türklərinin azadlıq uğrundakı mücadiləsini qanlar və xarabalıqlar içində boğmağa çalışdığını, məqsədinə çatmaq üçün ermənilərdən istifadə etdiyini yazır. M.Ə.Rəsulzadənin adı çəkilən əsərindən yalnız bir neçə sitat gətirməklə mövcud mənzərə haqqında geniş təəssürat yaratmaq olar: “Qətledilənlər arasında… minlərcə qadın, cocuq və ixtiyarlar vardı”; “Müsəlman məhəlləsinin başına od yağdırılır, cəhənnəm püskürdülürdü”; “Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahi, Kürdəmir kimi qəza və qəsəbələr də məruz qaldı. Bu təcavüzlər əsnasında dağıdılan evlərin, qıyılan irz və namusların, doğranan ər və arvadların, talan edilən mal və dövlətin təsviri bir faciə təsəvvürü yaradır”.
M.B.Məmmədzadənin 1937-ci ildə qələmə aldığı və 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində çap etdirdiyi “Milli Azərbaycan hərəkatı” adlı əsərində deyilir: “Şaumyanın Tifl isdə inqilab təşəbbüsü nəticə verməmiş, gürcü əsgərini Seym əleyhinə qaldıra bilməmişdi. Bundan sonra Şaumyan öz qərargahını Bakıya köçürmüşdü. Burada şərait əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış 20-25 minlik silahlı erməni və rus əsgəri vardı. Bundan başqa, Xəzər dənizində rus hərbi donanması, Bakının neft mədənlərində rus və erməni fəhlələri vardı. Şaumyan bu qüvvələrə arxalanaraq martın 31-də qırğına başladı və üç gecə davam edən, 15 min silahsız və günahsız türkün ölümü ilə nəticələnən bu qırğın zamanı Bakı havadan, dənizdən və qurudan bombardman edildi, məscidlər dağıdıldı, maarif və mədəniyyət müəssisələri, mətbəə, teatr, məktəb, kitabxana və s. od vurularaq yandırıldı”.
Azərbaycan mühacirlərinin 1932-ci ildən Berlində nəşr etdirdikləri “İstiqlal” qəzeti də Mart faciəsi ilə bağlı materiallar dərc edirdi. Qəzetin 1933-cü il aprel ayının 1-də buraxılan 31-ci nömrəsində mövzu ilə əlaqədar iki material verilmişdir: “Bir qırğının on beş illiyi” və “31 Mart”.
Mirzə Bala Məmmədzadənin qələmə aldığı “Bir qırğının on beş illiyi” adlı irihəcmli yazıda 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində bolşeviklərin təhriki və yardımı ilə ermənilərin törətdiyi faciə bütün çılpaqlığı ilə işıqlandırılır. Digər tərəfdən isə, regionda mövcud ictimai – siyasi şərait dəyərləndirilir, bu tarixi cinayətin yaranması səbəbləri göstərilir. Məqalədə deyilir: “Qafqaz millətlərinin əl-ələ verərək milli istiqlal və milli hakimiyyətə doğru irəliləmələrinə mane olmaq üçün Moskva ən şeytani tədbirlərə əl atırdı”.
Leninin Cənubi Qafqaz üzrə Fövqəladə Komissar təyin etdiyi S. Şaumyanın çirkin niyyətləri Tiflisdə baş tutmadıqda, o, Bakıya gəlir. Moskva nökərinin burada geniş fəaliyyət göstərməsi üçün şərait nisbətən qənaətbəxş idi. 1918-ci ilin əvvəllərində V.İ.Leninin və İ.V.Stalinin imzaladıqları bədnam 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü.
“Bu oyunla Moskva ermənilərə istinadən Qafqazda yerləşmək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikael-yan, Saakyan Astraxan, Petrovsk, Krasnovodsk və İran yolu ilə cəbhədən dönən erməni alaylarmı Bakıda toplayır, onlarla ruslardan ibarət “Qızıl Ordu” təşkil edirdi. Bu surətlə sırf ermənilərdən ibarət mütəşəkkil Qızıl Ordunun başına cəllad Avakyan keçmişdi.”
Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. “Bu qətliamla 3 gün içərisində 15 min günahsız azərbaycanlının qanı axıdılmış, mülklər, xanimanlar yerlə-yeksan edilmiş, hər tərəf qana qərq olmuşdu. Tam 3 gün 3 gecə yerdən, göydən və dənizdən Bakıya bomba və qumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məhdudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazaps və Lalayanın “qızıl qəhrəmanları”, öz təbirləri ilə desək, “Türkiyənin Bakı cəbhəsini yardıqdan” sonra üzü şimala – Qubaya, qərbə – Şirvana və cənuba – Muğan və Lənkərana keçərək on minlərlə azərbaycanlını qılıncdan keçirmişlər. Şərqi Azərbaycan Respublikası başdan-başa od içində yanırdı”. Şamaxıda Əmirov, Salyan, Muğan, Lənkəran və Astarada Lalayev və onların çətələri “ev-ev dolaşaraq olmazın həyasızlıqlar edir, əhalini qılıncdan keçirir, qadın və qızlara işgəncələr verirdilər”.
“İstiqlal”ın həmin nömrəsində “V.Nuh oğlu” imzası ilə təqdim edilən “31 Mart” adlı məqalə bəşər tarixində görünməyən erməni vəhşiliyini təsəvvür etmək üçün dəyərli mənbədir. Müəllif “mart günlərini fotolarla təsbit etmiş” bir çox iranlı, polyak, gürcü və s. əcnəbiləri tanıyır və yazdıqlarında da daha çox onlara istinad edir.
Yazı isə belə başlayır: “1918-ci il 22 martda Bakının “İsmailiyyə” binasının möhtəşəm salonunu milli musiqi, rəqs, qəhqəhə, sevinc və gülüş səsi titrədirdi….Millət Novruz bayramını qarşılamaqda idi.
Bir həftə sonra, 31 martda isə, o tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatlarının, kitabxana, qiraətxana, yetimlər evinin yerləşmiş olduğu bu qoca saray quru bir vücud halında matəm içindəydi. Yandırılmışdı. Yandırılan bir tək “İsmailiyyə” deyildi: türklərə məxsus bütün mətbəələr, mətbuat idarələri, milli teatr binaları, məktəblər, xəstəxanalar, məscidlər, milli-mədəni müəssisələr yerlə-yeksan edilmişdi”.
Müəllif bir həftə içərisində Bakının simasının tanınmaz dərəcədə dəyişdiyini, 15 min günahsız türkün qanı axıdıldığını kədərlə qeyd edir, sonra qəzəblə yazır: “Günün qəhrəmanları Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikosyan, Saakyan, Lalayan, Amazaps, Əmiryan və b. idi”.
Müəllif daha sonra Bakı faciəsini gözləri ilə görmüş M.Kulka adlı əcnəbinin dediklərini qələmə alır: “Erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələri isə süngülərinə taxırdılar”.
Erməni vəhşiliyini gözləri ilə görən şahid nəql edir ki, öldürmədikləri qadınların saçlarını bir birinə bağlayaraq çılpaq bir şəkildə küçələrə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbə endirirdilər. Heç kimə rəhm etmirdilər: uşaqlar kimi ixtiyarlara da aman yox idi.
Məqalə müəllifi fotolarda əksini tapmış dəhşətli mənzərələri isə belə təsvir edir: “Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur; bir yığın qızlı-oğlanlı uşaq ölüləri, üzərində qocaman çoban köpəkləri, onlardan biri məsum bir körpəni gəmirir…; çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir”.
Müəllif bütün bunlardan sonra yazır ki, mən minlərlə qız və qadınların əsir götürüldüyünü, “Rekord” teatrının o gün məhşəri andıran mənzərələrini və s. qeyd etmirəm. Çünki 31 Martı xatırlamaq və canlandırmaq üçün bunlar da kifayətdir…
Azərbaycan Kültür Dərnəyinin 1952-ci ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan” jurnalı 31 Mart faciəsi mövzusuna dəfələrlə toxunmuş, bu tarixi cinayətin əsl mahiyyətini açıb göstərmiş, bolşeviklərin fitvası ilə ermənilərin törətdiyi vəhşilikləri lənətləmişlər.
Bu mənada M.B.Məmmədzadənin jurnalın 1958-ci il may-iyun ayında nəşr edilən 2-3-cü nömrələrində dərc olunmuş “Qafqaz məmləkətləri istiqlal elanının 40-cı ildönümü münasibətilə” adlı iri tədqiqat əsəri xüsusi əhəmiyyət kəsb edir. Müəllif Rusiyada 1917-ci il fevral inqilabından sonra Qafqazdakı vəziyyət, Müvəqqəti Qafqaz Hökuməti, Cənubi Qafqaz Seymi, Qafqaz istiqlalının elan edilməsi və s. haqqında dolğun tarixi faktlara, etibarlı mənbələrə əsaslanaraq, sanballı elmi əsər qələmə almışdır. Əsərin bir hissəsi “Qanlı bir qətliamdan sonra Bakıda qurulan Sovet hökuməti” adlanır.
M.B.Məmmədzadə yazır ki, azərbaycanlılar çarlıq dövründə əsgəri mükəlləfiyyətdən azad olunduqlan üçün onların silahlı qüvvələri yox idi. Bu vəziyyətdən bolşeviklər və ermənilər istifadə edərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdilər.
Məqalədə deyilir: “Silahlı çətələr silah və ərzaq axtarmaq bəhanəsilə ev-ev dolaşaraq kişiləri öldürür, qız-gəlinləri əsir götürür, hamilə qadınların qarnını süngüləyir, məscidləri, məktəbləri, mətbəələri, kitabxanaları, xəstəxanaları, teatrları və tarixi binaları, evləri yandırırlar. Hadisədə sinif mücadiləsi və yaxud proletar inqilabı adı veriləcək heç bir nöqtə yoxdur. Mücadilə milli idi”. M.B.Məmmədzadə yazır ki, 30 və 31 mart, 1 apreldə üç gün üç gecə sürən və sinif, zümrə, partiya, siyasi əqidə, yaş və cins fərqi gözləmədən yalnız türklər hədəfə alınmışdı.
Bütün bunlar haqqında xarici konsullar tərəfindən təsbit edilmiş fotolar, raportlar, xatirə və digər materiallar vaxtilə toplanmış və qismən də nəşr edilmişdir. (Mart hadisələri, Bakı, 1919-cu il; Rəsulzadə Məmməd Əmin, Azərbaycan Cümhuriyyəti, “İstiqlal” (xüsusi nüsxə), Bakı, 1919-cu il; “Yeni Qafqasya” (İstanbul, 1923-1928), “Azəri-türk” (İstanbul 1928), “Odlu Yurd” (İstanbul, 1929-1931), “Qurtuluş” (Berlin, 1934-1939), mart nüsxələri; Mirzə Bala Memmədzadə, Milli Azərbaycan hərəkatı (Berlin, 1938, səh. 129-132).
M.B. Məmmədzadə göstərir ki, on minlərlə türkün şəhadəti ilə nəticələnən bu qətliam, təxribat və talandan sonra 25 apreldə təşkil olunan 11 nəfərlik Bakı Soveti hökumətində 5 erməni, 3 rus, 1 gürcü və yalnız birisi bolşevik olmaq üzrə 2 nəfər azərbaycanlı vardı. Müəllif daha sonra hadisələri tarixi mənbələr vasitəsilə izləyir və yuxarıda adı çəkilən hissənin sonunda yazır: “Qafqaz konfederasiyasının dağılmasından sonra azərbaycanlılar 4 iyun 1918-ci il tarixdə Türkiyə ilə bir saziş imzalamış və bu müqavilənin 4-cü maddəsinə uyğun aldıqları əskəri yardım sayəsində Gəncə qapılarına qədər irəliləyən düşməni geriyə püskürtmüş və apreldən 15 sentyabra qədər davam edən qanlı savaşı zəfərlə nəticələndirməyə müvəffəq olmuşlar. Azərbaycanlıların bu zəfəri bütün Qafqazı sovet vəhşətinə məruz qalmaqdan qurtarmışdı”.
Heç şübhəsiz, müəllif burada “sovet vəhşəti” ifadəsini azərbaycanlılarm bir millət kimi məhv edilməsi anlamında təqdim etmişdir. Doğrudan da, erməni quldurlarının Bakıdan başlanan qətliamı bir neçə istiqamətdə – Şamaxı, Göyçay, Salyan, Kürdəmir, Quba, Dəvəçi və başqa bölgələrdə amansızcasına davam etdirilir və dinc əhalinin qanına susamış erməni silahlıları istiqlal şəhəri Gəncəyə səmt götürürdülər. Digər tərəfdən Zəngəzuru işğal edib Qarabağa hücuma başlayan vəhşiliyi təsvirəgəlməz Andranikin də hədəfi ulu Gəncə idi. Tarixin bu amansız sınağından azərbaycanlıları qardaş türk əsgərinin süngüsü xilas etdi.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, ya zıçıpublisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərindəki yaradıcılığında diqqəti çəkən mövzulardan biri də erməni məsələsi, erməni vəhşiliyi, erməni xəyanəti, erməni fahişəliyi, erməni hiyləsi və məkridir. Onun 1918-ci il mart qır ğı nı haqqında 28 no yabr 1920-ci ildə qələmə aldığı “Mart faciəsinin ildönümü” adlı məqalə dövrün mənzərəsini işıqlandır maq baxımından əhə miyyət kəsb edir. Ceyhun bəyin ötən əsrin 50-ci illərində qələmə aldığı “Bir il xəyallarda… və bütöv bir ömür” adlı memuarın da nə az, nə çox – 59 dəfə murdar ermənilərin adlarını çəkərək, onların insana yaraşmayan xislət və əməllərindən bəhs edir.
Uşaqlıq illərindən xatırladığı tanınmış həcv ustası, dükan sahibi Mirzə Cəfərin bir əsərinin məzmunundan bəhs edərkən göstərir ki, müəllif burada siyasi hadisələrə toxunur, yunan-türk müharibəsi zamanı ermənilərin osmanlılara hürdüyü dönəmin mənzərəsini verir.
Parisin hündür yerlərinin birində salınmış xiyabanda tamaşa göstərən, milli musiqini dinləyərək gəzişən, istirahət edən, oxuyan-yazan müsəlman gənclərinin hərəkəti paxıllıqdan qoca erməniləri haldan çıxarır: “Onların bu tərzdə davranışı yaşlı erməniləri aşkar hövsələdən çıxarır, onlar öz gəncliyinin şərəfinə toxunulmuş hesab edirdilər və bəzən bütün bunlar çəkişmələrlə nəticələnirdi”. Müəllif yazır ki, ermənilər zahirən özlərini Qərbçi kimi göstərir və arvadlarının sayəsində malik olduqları mülk, malikanə və torpaq sahələrini əllərində saxlayırdılar. Əmlak münaqişələrində ermənilər münsiflər məhkəməsi hakimlərini “irqi münaqişələr”ə cəlb edəndə hakimlər adətən, öz dindaşlarına susmağı, lazım gələrsə, hətta … tövsiyə edir, eyni zamanda, dostyana məzəmmət etməyi də unutmurlar. C.Hacıbəyli qeyd edir ki, hakimlər ermənilərə iki yoldan birini seçməyi məsləhət bilirdilər: “bura baxın, ikisindən birini seçin, əgər siz tamamilə avropalaşmısınızsa, onda bir-iki avaranın arvadlarınıza baxmağına hirslənmək lazım deyil, yox, əgər siz elə bizim həmin ermənilərsinizsə (yaxın keçmişdə ermənilərin Azərbaycan bəylərinin təhkimli kəndliləri olduqları və müsəlmanlar kimi qapalı həyat tərzi sürdüklərinə eyham vurulurdu), onda arvadlarınızı çölə çıxarmayın, çarşab geyindirin”. Memuaristin bir yuxusunda təsvir etdiyi hadisə ilgincdir. O, ermənilərlə bir yığıncaqdadır. İclası patriarx aparır. Ermənilər bizə xoş sözlər deyir, lakin səhər yeməyi təklif etmirlər. “Ton (çəki balığı – T.A.) balığı konservindən hazırlanmış yemək verirlər. Qonşularıma təklif edirəm, çəkinmədən hamısını götürürlər, mənə yeməyə heç nə qalmır. Bir az kolbasa qalır, müsəlman olduğuma görə onun dadadına baxmıram”. Bu yuxu ilə müəllif patriarxın erməni cəmiyyətindəki rolunu göstərməklə yanaşı, onların xəbisliyinə, qonağa qarşı qeyri-etik münasibətlərinə işarə verir.
Erməni terrorçuların öz məqsədlərinə çatmaq üçün hər cür şərəfsizliyə, alçaqlığa əl atdığını yazan C.Hacıbəyli göstərir ki, doğrudur, erməni burjuaziyası terrorçu təşkilatların tələblərini ödəyir, onları yedirir, onlara maliyyə dəstəyi göstərir. Xidmətdən boyun qaçıran isə dərhal amansızcasına qətlə yetirilir: “Onların arasında Dəmirov adlı nadir gözəlliyi olan bir bankiri xatırlayıram. Tələb olunan məbləği ödəmədiyi üçün dərhal qətlə yetirildi, arvadını sakitləşdirmək olmurdu: deyilənə görə, qadın heç bir vəchlə sevimli ərinin cəsədindən ayrılmaq istəmirdi, mumiyalayıb saxlamaq istəyirdi”.
Rus-yapon müharibəsinin qızğın vaxtında fürsətdən istifadə edən erməni terrorçular xüsusi ilə fəallaşmışdılar. İş o həddə çatmışdı ki, onlar rusları da hədəfə alırdılar. C.Hacıbəyli yazır ki, başlarını itirmiş nüfuzlu ruslar çıxış yolu axtarırdılar. Beləliklə, onlar “dahi” ideyalarını – “parçala və hökm sür” prinsipini işə saldılar və müsəlmanlarla erməniləri üz-üzə qoydular. Əsərdə, ümumiyyətlə, Qafqazda rus siyasətini faş və ifşa edən məqamlar çoxdur. Bu barədə bir qədər sonra bəhs edə cəyik.
1905-ci ildə ermənilərin törətdiyi vəhşilikləri xatırlayan müəllif yazır ki, Bakının, digər şəhərlərin, kəndlərin yüzlərlə evləri ağına-bozuna baxmadan alt-üst olundu, xeyli sayda əhalisi yandırıldı, vəhşicəsinə qətlə yetirildi. C.Hacıbəyli qeyd edir ki, qırğın bir müddət sonra başa çatsa da, kiçik bir hadisədən hər an yenidən od tutub alışmağa hazır idi. Belə də oldu. 1918-ci ildə ermənilər Bakıda, Azərbaycanın digər bölgələrində xalqımıza qarşı tarixdə görünməmiş vəhşilik törətdilər. Bu qırğın Qafqazın yenidən bolşeviklər tərəfindən ələ keçirilməsinə yardım etdi. Hər iki cəbhənin şovinistləri etiraf edirdi ki, sovetləşmədən sonra bu regionda qırğının olmaması onu deməyə əsas verir ki, bu xalqların böyük kütləsi münaqişədən kənardır və qırğın siyasət adam ları tərəfindən törədilmişdir.
“Rus idarəçiliyi tərəfindən qızışdırılan” 1905-ci il erməni-müsəlman davasından bəhs edərkən, C.Hacıbəyli yazır ki, bu qanlı qarşıdurmaların məsuliyyəti, şübhəsiz ki, erməni rəhbərlərinin üzərinə düşürdü; 1918-ci ildə də bolşeviklər və onların tərəfdarları Bakıda hakimiyyəti ələ keçirəndə, erməni silahlı dəstələri müsəlman əhaliyə qarşı xüsusi qəddarlıqla fərqlənmişdilər. Memuarist 5 gün davam edən döyüşləri bütün təfsilatı ilə qələmə alır. Şəhərin bir küçəsində azərbaycanlılar aman istəyən ermənilərə toxunmur, onlara sığınacaq verir, digər küçə də bundan istifadə edən erməni dəstəsi müsəlman bazarına soxulur, oranın ərzaq məmulatlarını talan edirdilər. Müəllif şahidi olduğu mənzərəni belə təsvir edir: “…hətta barışıq günü erməni məhəlləsindən qaçaraq keçmək istəyən 17 nəfər şikəst edilmiş adamın bədənlərini yerdə, yan-yana düzüldüyünü özüm öz gözlərimlə gördüm: bunlar yeni kollecin tikintisində işləyən, İran vətəndaşları – yazıq, bədbəxt həmşəri hamballar idi”.
Bu münaqişəni bütün tərəfləri və təfərrüatı ilə işıqlandıran müəllif özünə ünvanladığı “Siz məndən soruşa bilərsiniz ki, bəs bu dava zamanı rus hakim dairələri necə oldular?” sualına belə cavab verir: “Bəli, onları nə yaxında, nə də uzaqda görən oldu, halbuki, şəhərdə olan bir neçə onluq əsgər dəstəsi münaqişənin qarşısını almaq üçün tam kifayət edərdi… Yalnız münaqişədən bir həftə sonra bir kazak “sotnyası” şəhərə daxil oldu. Onların kazarması şəhərin cəmi yeddi… kilometrliyində yerləşirdi”.
Səlcuq Alkının “Azərbaycan tarixində 15 sentyabr, 1918” adlı məqaləsi (“Azərbaycan” jurnalı, 311-ci nömrə, sentyabr-oktyabr 1996-cı il) türk əsgərlərinin yardımı ilə Bakının azad olunmasına həsr edilmişdi. Müəllif əvvəlcə həmin dövr Qafqazda, o cümlədən Azərbaycanda ictimai-siyasi, tarixi mənzərəni işıqlandırır, daha sonra şanlı türk əsgərlərinin şücaətindən, Bakının azad olunmasından ətraflı bəhs edir.
Səlcuq Alkın yazır ki, 1918-ci ildə ermənilər bir neçə il əvvəl, xüsusilə 1905-1907-ci illərdə həyata keçirdikləri qətliamı təkrar etmişlər. Müəllif mənbələrə istinad edərək bildirir ki, erməni çətələri adı çəkilən illərdə 40 min türkü qətl etmişlər.
Hüseyn Baykara da özünün “Azərbaycan istiqlal mücadiləsi tarixi” (İstanbul, 1975) kitabında Mart qırğını haqqında ətrafl ı yazmışdır. Müəllif, Mir Cəfər Pişəvərinin xatirələrinə istinadən qeyd edir ki, o, daşnakların vəhşiliklərini, saysız günahsız adamların öldürülməsini, yandırılmasını, onlara işgəncələr verilməsini öz gözləri ilə görmüşdür(səh. 251).
Son dövr mühacir nəşrlərində də Mart faciəsi ilə bağlı materiallara təsadüf edilir. Bu mənada “Dağ yeli” nəşriyyatının (Almaniya) nəşr etdiyi “Qarabağın tarixi və ona dair sənədlər” əsəri, xüsusilə təqdirəlayiqdir. Həmin kitabın müəllifı Strasburqda (Fransa) yaşayan həmvətənimiz Əhməd Təbrizlidir. Fransız dilində buraxılan bu əsərdə onlarca mötəbər mənbəyə istinadən ermənilərin Azərbaycanda törətdiyi qırğınlardan, o cümlədən Mart faciəsindən ətraflı bəhs olunur.
Mart qırğınından bizi bu gün 100 ildən çox vaxt ayırsa da, yara hələ də qaysaq bağlamamışdır, əksinə, daha da böyümüşdür, on minlərlə azərbaycanlı erməni gülləsinə tuş gəlmiş, on minlərlə kvadrat-metr torpaqlarımız işğal olunmuşdur. Görünən odur ki, ermənilər sülh yolu ilə işğalçılıqdan və vəhşilikdən əl çəkmək istəyində deyillər.
İstifadə edilmiş ədəbiyyat
1.Ataxan Paşayev, Açılmamış səhifələrin izi ilə. Bakı, “Azər baycan” nəşriyyatı, 2001.
2.Con Kirakosyan. Gənc türklər tarixin məhkəməsi qarşısında. Yerevan, “Ayastan” nəşriyyatı, 1986.
3. M.Ə.Resulzadə. Azerbaycan Cümhuriyeti: keyfiyyeti – teşekkülü və şimdiki veziyyeti. İstanbul,1990.
4. M.B.Mehmetzade. Milli Azərbaycan herekatı. Berlin, 1938.
5. Mirzə Bala Mehmetzade. Bir qırğının on beş illiyi. “İstiklal” qəzeti, №31, 1 aprel, Berlin, 1933.
6. Mirzə Bala Mehmetzade. 31 Mart. “İstiklal” qəzeti, №31, 1 aprel, Berlin, 1933.
7. Mirze Bala Mehmetzade. Qafqaz memleketleri istiqlal elanının 40-cı yıldönümü münasibetile. “ Azerbaycan” dergisi, №2-3, Ankara ,1958.
8. Ceyhun Hacıbəyli. Bir il xəyallarda… və bütöv bir ömür. Bakı, “Təhsil”, 2017,256 səh. (tərtib edən Abid Tahirli)
9. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı, “Elm”, 2017, 368 səh.(redaktoru Abid Tahirli)
10. Selcuq Alkın. Azerbaycan tarihinde 15 sentyabr, 1918. “ Azerbaycan” dergisi, №311, Ankara, 1996.
11. Hüseyn Baykara. Azerbaycan istiklal mücadilesi tarihi”. İstan bul, 1975.
24.05.2019
Abid Tahirli
filologiya elmləri doktoru
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”
Bakı – 2019