Birinci söhbət
Böyük Azərbaycan şairi Musa Yaqubun 80 illik yubileyi ərəfəsində onun qələm dostları Maarif Soltan və Tofiq Nurəli ilə söhbətləşdik.
Fuad Babayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Musa Yaqubun “İndi bildim nağıldı…” kitabı çapdadır. Bir neçə günə işıq üzü görəcək. Və mayın 3-də saat 19.00-da Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə Musa Yaqubun 80 illik yubileyi münasibətilə keçiriləcək təntənəli tədbirdə kitab da təqdim ediləcək. Sizinlə görüşümüz belə bir ərəfəyə təsadüf edir.
Maarif Soltan: Böyük bir xoşbəxtlikdir ki, gözünü açıb, görəsən ki, İsmayıllının Buynuz kəndindən bir Musa Yaqub var. Mən də İsmayıllının ucqar kəndindənəm. Musa müəllimgil bizim kəndə yaxın bir yerdən Buynuza köçüblər. Atasını, anasını, yaxın qohumlarını bizim kəndçilərimiz yaxşı tanıyırlar. Musa müəllimin “Yarpaqlar oxuyur” adlı ilk kitabı çıxanda bizim camaatın hamısında əl-əl gəzdi. O vaxt üçüncü sinifdə oxuyurdum. Və bu əl boyda kitab mənim üçün qeyri-adi hadisə idi. Buynuzdan olan bir nəfərin bu kitabı mənə elə bil ki, qol-qanad verdi. Gördüm ki, mənim də yerimdən-yurdumdan şair çıxa bilər. Məndəki şairlik, şeirə, sənətə məhəbbət də elə o andan başladı. İlk canlı gördüyüm şair də Musa Yaqub olub.
Fuad Babayev: Sizin aranızda yaş fərqi hardasa…
Maarif Soltan: 20 ildir. Musa müəllim artıq populyar şair olanda mən orta məktəbdə oxuyurdum. “Zəhmətkeş” qəzetinin nəzdində Musa müəllimin dərnəyi var idi. Mən də ürək eləyib o dərnəyə şeirlərimi apardım. Baba Vəziroğlu, mərhum Aydın Səlimzadə də orada idi. İki bəndlik bir şeir oxudum. Musa müəlllim çox qəribədir ki, o şeiri götürdü ki, çap edəcək. İndi o şeiri üzə çıxarmağa utanıram, zəif idi. Amma görünür, Musa Yaqub nəsə görübmüş.
Tofiq Nurəli: Mənim Yevtuşenko ilə bağlı bir əhvalat yadıma düşdü. Yevtuşenko ilk qələm təcrübələrini bir idman qəzetinə gətirib. Qəzetin redaktoru həmin şeirləri götürüb deyir: “Cavan oğlan, biz bu şeirləri çap edirik. Amma böyük şair olanda bilin ki, bunlar çox pis şeirlər idi”.
Maarif Soltan: Ola bilsin ki, Musa müəllim də o vaxt 1973-cü ildə məndə hansısa işartı görübmüş. Elə o vaxtdan da mən Musa müəllimlə bir yerdəyəm. Tələbə idim, Moskvada oxuyurdum. Hər dəfə Bakıya gələndə hökmən məni evlərinə aparırdı. Gedib, hardasa bir qismət çörək yeyirdik. Sanki mənə mehri qonmuşdu. Ona görə də indi məni küçədə görəndə soruşurlar ki, Musa müəllimin qohumu, ya oğlu deyilsən? Qəribədir, elə bil ki, zahirən də oxşadırlar. Nə yaxşı ki, Musa Yaqub olub və nə yaxşı ki, mənim yoluma çıxıb. Hərçənd ki, elə bir köməyi dəyməyib və mənim də ehtiyacım olmayıb.
Həmçinin oxu: Azərbaycan hekayəsi beşinci söhbət
Fuad Babayev: Ümumiyyətlə, Musa Yaqub gənclərə kömək edəndirmi?
Tofiq Nurəli: Əlbəttə.
Maarif Soltan: Məndən sonra o dərnəkdə olanlara uğurlu söz yazıb, şeirlərini təqdim edib. Hərənin bir taleyi var. Biri şair ola bilib, o birisi bacarmayıb. Amma Musa müəlllim insan kimi şairliyindən geri qalmır. Çox unikal və maraqlı adamdır.
Fuad Babayev: Tofiq müəllim, Siz Musa müəllimi nə vaxtdan tanıyırsınız?
Tofiq Nurəli: Musa müəlllimi mən mətbuatdan tanıyırdım. Yazdıqları mənə çox doğma gəlirdi. Hətta bir dəfə oxudum ki, yazılıb “İsmayıllı rayonunda Babadağın ətəyindən…”. Mənə bir az da doğmalaşdı. Amma təbii ki, Musa müəlllimi sevdirən şeirləri oldu. Tibb Universitetində oxuyarkən “Çeşmə” ədəbi birliyinin üzvü idim. Biz Musa Yaqubu populyar şair kimi qəbul edirdik. Gənclikdə əlbəttə bir inkarçılıq olur. Amma Musa Yaqubu qəbul edirdik. Mən həmişə deyirəm ki, Musa Yaqub şair missiyası etibarilə elə bil ki, təbiətin insan şəklində davamıdır. Təbiətin bütün atributları Musa Yaqubun şəxsiyyətində cəmləşib.
Maarif Soltan: Məncə, Musa Yaqubu ən kiçildən epitetlərdən biri “təbiət şairi” sözüdür. Musa Yaqub təbiətdən obraz kimi istifadə edir. İnsan psixologiyasını, insan mənəviyyatını açan şairdir Musa Yaqub.
Fuad Babayev: Yəni təbiət şairi epiteti Musa Yaqubun miqyasını kiçildir.
Maarif Soltan: Çox kiçildir. Bunu da bir az bilərəkdən, bir az da bilməyərəkdən etdilər.
Tofiq Nurəli: Musa Yaqubun mərhum Məmməd Arazla səsləşən çox şeirləri var – dünya, həyat, insan haqqında. Məmməd Arazda bu birbaşa fəlsəfə ilə başlayır, amma Musa Yaqub bunları təbiətin dili ilə verir. Ona görə də birinə fəlsəfi, digərinə isə təbiət lirikası deyilir. Amma əslində belə deyil. Şeirlərin baxırsan ki, mahiyyəti eynidir. Kövrək bir şeiri var:
Mənim ürəyimdə bir nəğmə yatır,
Mən heç o nəğməni yazmayacağam
Son dərəcə adi, amma çox böyük tutumlu sözlərdir.
Maarif Soltan: Burada bir etiraz da var. O dövrün mövzularına bir etirazdır.
Gündüz Nəsibov: Biz Musa Yaqubun “İndi bildim nağıldı…” kitabını nəşrə hazırlayanda bir şeyə diqqət verdim ki, onun az qala bütün şeirlərində bir kədər var. Həm də bu yaşla bağlı deyil. Məsələn, “Bu dunyanın qara daşı göyərməz” şeirini yazanda yəqin ki, heç 40 yaşı yox idi.
Maarif Soltan: Bu təbiidir. Kədər poeziyanın əsas mövzularındandır.
Tofiq Nurəli: Məncə, burada iki məsələ var. “Bu dunyanın qara daşı göyərməz” kimi şeirlər doğulur, yazılmır. Sanki fitrətdən yaranır, ilahidən göndərilir. Tutaq ki, bu Mikayıl Müşfiqə 28, Musa Yaquba 33, başqa bir şairə isə 60-70 yaşında çatır. Əsas odur ki, doğulan şeir həmişəyaşar şeirdir. Mümkün deyil ki, bu, itib-batsın. İkincisi isə dünyanı kədərin gözü ilə daha tez anlamaq olur. Bu, Musa Yaqubun özündən asılı deyil. Çünki bu, Musa Yaqubun təbiətindədir. O prizmadan dünya daha rəngarəng, fəlsəfi görünür.
Fuad Babayev: Musa Yaquba məhsuldar şair demək olarmı? “Bu dünyanın qara daşı göyərməz” kitabına Musa Yaqub həmişə “CƏM” deyir. Demək olar ki, bütün Musa Yaqub yaradıcılığı bu kitabda cəmləşib. Düzdür, bu kitab 10 il əvvəl nəşr olunub. Musa müəlllim az yazmayıb ki?
Həmçinin oxu: Musa Yaqubun yeni kitabı – “İndi bildim nağıldı…”
Maarif Soltan: Musa Yaqub gecə yatanda, yemək yeyəndə, yol gedəndə də yazır. Elə bil şeirlə yaşayır, gəzir, durur. Hətta məclisdə oturanda da deyib-gülür, amma bilirsən ki, indi bu saat başında hansısa misralar dolanır. Əsil şair üçün Musa Yaqubun yazdığından çox lazım da deyil. Qrafoman oturub bir həftədə böyük bir kitab yza bilər. Amma Musa Yaqub bundan çox yaza bilməzdi. Elə onun yazdıqları da kifayət qədər çoxdur.
Tofiq Nurəli: Bu qədər yaxşı şeir yazmaq qeyri-adi haldır.
Maarif Soltan: Musa Yaqubun 10-20 bu qədər yazan həmyaşıdları var. Amma onların kitablarından 2-3 dəyərli şeir tapıb, üzə çıxara bilməzsən. Amma Musa Yaqubun kitabının hər bir səhifəsində ŞEİR yazılıb.
Tofiq Nurəli: Elə klassik şairlər var ki, onların şeirlərinin sayı heç 150-yə çatmır. Amma klassik şair kimi Avropa ədəbiyyatına düşüblər. Bizim elə öz ədbiyyat tariximizə baxsaq, Fələki Şirvaninin nə qədər şeiri var?
Fuad Babayev: Amma Nizami Gəncəvi nümunəsi də var. “Xəmsə”, divan və s.
Tofiq Nurəli: Nizami başqa bir dövrdür. O vaxt divan ədəbiyyatı ənənəsi var idi. Yeri gəlmişkən, əruz vəzni şairdən böyük bilgi tələb edirdi və şair böyük məktəb keçirdi. Sonradan bizim şeirimiz başqa bir istiqamətdə inkişaf etdi – heca vəzni, sərbəst vəzn və s. Yaxın dostumuz bir dəfə sərbəst vəzn haqqında tutarlı bir ifadə demişdi: “Mən sərbəst şeiri çox yaxşı quraşdıra bilirəm, ona görə də nəsr yazıram”. Təbii doğulan şeir ayrıdır, quraşdırılan şeir ayrı. Əruzda quraşdırılma şeir alınmırdı. Sərbəst şeirin arxasında gizlənmək çox asandır. Bir az ağıllı söz deyirsən və onu ritmə salırsan.
“Musa Yaqub qocalan şair deyil. Yaşı 80-ə çatıb, amma ruhu 18-20 yaşlı cavan adamın ruhudur.”
Maarif Soltan: Söhbət formanın üstünə gəldi. Musa müəllimin istifadə etdiyi forma tamamilə təzə formadır. Onun şeirlərinə baxanda, görürsən ki, standart ölçüləri pozub. Qəribə nəfəs genişliyi, sərbəstliyi var.
…Saçım xumarlanar bir yaz mehində,
Ayağım üşüyər çəmən şehində.
Sonra dodaqaltı, lap dodaqaltı
Nəğmə pıçıldayıb, şeir də qoşuram.
Çəmənin ki, ətri könlümə dolur –
Şeh kimi durulub büllurlaşıram…
Onbirlikdir, amma ləngər var. Elə bil fikir axıb gəlir. Bu Musa Yaqubun üslubudur. Yaxud,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
Azərbaycan poeziyasında bu qədər pərçimlənmiş ikinci bir nümunə yoxdur. Hər halda Musa müəllimə qədər yox idi.
Tofiq Nurəli: Klassik ədəbiyyatda var, amma bizə bəlli olanlarda yoxdur. Musa Yaqubda həqiqətən böyük nəfəs genişliyi var. Bizdə bir şairdə bu, olub – Mikayıl Müşfiqdə. Şeirin birdən gəlməsi, ritmlərin dəyişməsi…
Maarif Soltan: Doğrudan da Musa müəlllimdəki nəfəs “Yenə o bağ olaydı”dakı nəfəsə çox oxşayır.
Fuad Babayev: Musa Yaqub yaradıcılığı dissertasiyalarda, elmi məqalələrdə yetərincə öyrənilibmi və tərcümə olunubmu?
Maarif Soltan: Mənim bu haqda az da olsa, məlumatım var. Musa Yaqub ədəbi aləmdə və oxucular tərəfindən eyni anda qəbul edilmiş çox az sayda şairlərdəndir. Məsələn, bizim çox dəyərli, yüksək səviyyəli əsərləri olan şairlərimiz var ki, xalqın içinə gedə bilməyib. Şair də var ki, xalqın içində var, amma ədəbi aləm qəbul etməyib. Bu baxımdan Musa Yaqub hər iki tərəfin qəbul etdiyi şairdir. İlk şeirləri çıxanda Süleyman Rüstəm ona şeir yazmışdı. S.Rüstəm hər adama şeir yazmırdı. Heç bir şairin şeirinə Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeirinə yazıldığı qədər nəzirə yazılmayıb. Keçən il bu nəzirələr yığılıb kitab kimi çap edildi. Amma hələ də yazılır. Şeir yazan, şeiri dəyərləndirən Musa Yaqubdan onsuz da bəhrələnir. Musa Yaqub sayəsində İsmayıllıda gözəl ədəbi zövq formalaşıb. Moskvada rus dilində iki kitabı çıxdı. Amma şair var ki tərcüməçisin tapa bilmir.
Fuad Babayev: Musa müəllimin bu cəhətdən bəxti gətiribmi?
Maarif Soltan: Yox, gətirməyib. Musa Yaqubu sətri tərcümədən tərcümə etmək alınmır. Ona görə də böyük tirajla çıxmasına rəğmən, həmin kitablar görünmədi. Musa müəllimin yaradıcılığı ilə bağlı bir neçə dissertasiya da var. Müəlliflərin üçünü mən tanıyıram. Ayrıca kitabları da nəşr olunub. Musa Yaqubun yaradıcılığı ilə bağlı xeyli sayda çox ciddi ədəbi məqalələr və bir neçə kitab var. Məsələn, Vaqif Yusiflinin çox sanballı kitabı var.
Tofiq Nurəli: Bunlar da göstərir ki, Musa Yaqub həm də ədəbi tənqidin, tədqiqatın obyektidir. Təbii ki, buna onun poeziyasının səviyyəsi imkan verib. Onun dəyirman obrazları var.
Fuad Babayev: Hətta bir kitabının adını “Dövrün dəyirmanı” qoymuşdu.
Tofiq Nurəli: Bilirəm ki, Musa Yaqub Xaqanini çox sevir. Xaqanidə dünyanı dəyirman daşı kimi görmək məsələsi var. Musa müəllim də bu məsələni çox yüksək səviyyədə qoyub.
Gündüz Nəsibov: Hətta deyir ki, “Girdim dəyirmanından, çıxdım başqa biçimdə”.
Fuad Babayev: Musa Yaqubun son dövr yaradıcılığı haqqında nə deyə bilərsiniz?
Maarif Soltan: Musa Yaqub qocalan şair deyil. Yaşı 80-ə çatıb, amma ruhu 18-20 yaşlı cavan adamın ruhudur. Söhbətlərimiz zamanı onun duyğularını eşidirik, heyran qalırıq ki, insan bu yaşda da belə düşünə bilir. Şeirlərində də belədir. Xeyli yeni şeiri var. Alim Məhərrəmliyə bir şeir yazıb, oxuyanda heyran qalırsan. Allah ömrünü uzun eləsin, Musa müəlllim ruhən həmişə təzə qalır. Şair üçün bundan böyük xoşbəxtlik yoxdur.
Tofiq Nurəli: Musa müəlllimin ən xoşa gələn cəhəti bilirsiniz nədir? Onun bəlkə də 20-30 duman haqqında şeiri var. Bənövşə, dəyirman daşı, payız haqqında çoxlu şeirləri var. Amma heç biri o birisinə bənzəmir. Payız təzələnən kimi, onun payızı da təzələnir. Elə bilirsən ki, təkrardır, amma təkrar deyil, təzədir.
Fuad Babayev: Bütün təriflər qüsurludur. Xüsusilə belə bir böyük şairə veriləcək tərif. Təbiət şairi deyil, sevgi şairi də deyil.
Maarif Soltan: Şairi təbiət şairi, yaxud lirik şair kimi ayırmaq düzgün deyil. Musa müəlllim də sadəcə şairdir.
Tofiq Nurəli: Təbii istedadı ilə yanaşı, Musa Yaqubda müdriklik var. Şeirlərinin ürəyəyatımlılığı, insanı cəlb etməsinin əsas səbəbi həmin müdriklikdir. Müdrikdir, istedadlıdır və sadədir. Son dərəcə anlaşılandır. Onu oxuyanda misranı başa düşmək üçün fikirləşmirsən. Yalnız misranın dərinliyini anlamaq üçün fikirləşirsən.
Fuad Babayev: Gənclik Musa Yaqubu qəbul edirmi?
Tofiq Nurəli: Bu yaxınlarda cavan və istedadlı bir yazarın saytlardan hansındasa müsahibəsini oxudum. Deyirdi ki, Musa Yaqubu da, Nazim Hikməti də eyni həvəslə oxuyur. Gördüm ki, gənclərin də istedadlı, düşünə bilən hissəsi Musa Yaqubu qəbul edir.
Maarif Soltan: Musa Yaqubu 40 il əvvəl necə biz qəbul etmişdiksə, gənclər də elə qəbul edirlər. Neçə ədəbi nəsi dəyişib, amma Musa Yaqub əvvəlki kimi qəbul olunur.
Hazırladı:
Gündüz Nəsibov
1905.az