“Kvartet” rubrikasının qonaqları filoloq-alimlərimiz Elnarə Akimova və Günay Qarayeva ilə böyük Azərbaycan şairi Musa Yaqub yaradıcılığından danışdıq.
Fuad Babayev: Bu bizim Musa Yaqub yaradıcılığına həsr edilmiş ikinci söhbətimizdir. Birinci görüşümüzdə şairin qələm dostları Maarif Soltan və Tofiq Nurəli ilə söhbət etmişdik. Buyurun söz Sizindir.
Elnarə Akimova: Əslində bu gün şair kimi Musa Yaqubda çöküş əhval-ruhiyyəsi göz önünə gəlir. Səhv etmirəmsə, 2009-cu ildə Musa Yaqubun həyat yoldaşı rəhmətə getmişdi. “Azərbaycan” jurnalında şairin həyat yoldaşının ölümünə həsr etdiyi silsilə şeirlər çap edilmişdi. Orada artıq Musa Yaqub yaradıcılığında həm intonasiya baxımından, həm əhval baxımından sanki tamam başqa bir mərhələ başladı. Bu günə qədər də Musa Yaqub mənim üçün məhz həmin əhval-ruhiyyədə çıxış edir. Kifayət qədər şeirlərində o ağrı, o boşluq dönə-dönə hiss olunur.
Fuad Babayev: Yəni, pessimist.
Elnarə Akimova: Bəli. Əvvəl də vardı. Musa Yaqub mənə görə heç vaxt çılğın ovqatın şairi olmayıb. Həmişə müəyyən bir özünüdərk məqamı olub, dünyaya tamam yeni bir gözlə özünüdərk mərhələsindən baxan bir şair olub. Sanki həyat yoldaşının ölümü ilə onun yaradıcılığında yeni bir nəfəs açılır. Həyatın faniliyi nəzərə çarpır. Hətta son dönəmlərdə bir şeir yazmışdı:
Dünya fani imiş, ömürsə ani,
Bitdi bitməyinə inanmadığım.
Yəni gəncliyində də dünyanın müxtəlif ovqatlarına, müxtəlif oyunlarına inanıb inanmamaq təzadları var idi. Amma artıq elə bir məqam gəlib çatdı ki, o doğrudan da sanki əlini hər şeydən üzdü və ömür yolunda dayanıb öz ömür möhlətini gözləyən bir dərvişə çevrildi. Məhz həmin mərhələdən sonra Musa Yaqub mənim üçün məhz elə bir əhvalın şairidir.
Fuad Babayev: Çox maraqlıdır ki, Musa müəllimin özü şəxsi ünsiyyət zamanı həddən artıq deyib-gülən, zarafatçıl, baməzə bir adamdır. Günay xanım, Siz necə düşünürsünüz? Musa Yaqub haqqında tədqiqat işinizdən də danışsaydınız yaxşı olardı.
Günay Qarayeva: Musa müəllimi mən müəyyən dərəcədə daha yaxşı tanıyıram. Çünki onunla ünsiyyətdə olan adamam.
Fuad Babayev: Və siz həm də İsmayıllıdansınız.
Günay Qarayeva: Bəli, İsmayıllıdanam. Məsələ ondadır ki, hətta Musa Yaqubun 50 illik yubileyində 30 il bundan əvvəl ilk dəfə olaraq mən anamla birlikdə o mərasimə getmişdim. Mən onda balaca bir uşaq idim. İndiki kimi yadıma gəlir ki, o misraları hələ təzə-təzə öyrənirdim və mən titrəyə-titrəyə kürsüyə çıxdım həmin bu şeiri dedim.
Bəlkə də borcundan çıxmadım, Vətən
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!
Fuad Babayev: İsmayıllıda olub bu hadisə?
Günay Qarayeva: Bəli, İsmayıllıda olub.
Günay Qarayeva: Və çaşdığımdan əlimdəki bir dəstə gülü Tofiq Bayrama təqdim etdim. Yəni o qədər çaşdım ki, həyəcandan aparıb gülü Tofiq Bayrama verdim.
Fuad Babayev: Oxşatdınız ona?
Günay Qarayeva: Xeyr. Sadəcə olaraq həyəcandan gülü aparıb Tofiq Bayrama təqdim etdim. Və çox maraqlıdır ki, o məclis mənim həm də ilk dəfə olaraq ədəbiyyat adamları, söz adamları ilə tanışlığım idi. Çünki Musa müəllimin 50 illik yubileyində o zaman demək olar ki, bir çox şairlərimiz, yazıçılarımız iştirak edirdilər. Mənim demək olar ki, ədəbiyyat aləmi ilə bağlı ilk fikirlərim, düşüncələrim hətta mənim sonradan ədəbiyyatla bağlılığım da o gündən başladı. Sonra tale elə gətirdi ki, mənim magistr işim Musa Yaqub poeziyası oldu. Məndə Musa müəllimin şəxsində diqqətimi cəlb edən nədir. Ümumiyyətlə yaradıcılıq aləmində mənim üçün əsas meyar odur ki, şəxsiyyətin özü ilə yaradıcılığı arasında paralellik, bir oxşarlıq, bənzərlik olsun.
Fuad Babayev: Biz bayaqdan danışırdıq ki, əslində o deyib-gülən adamdır. Amma poeziyasında bir nisgil var.
Günay Qarayeva: Söhbət ümumi zahiri görüntüdən getmir. O kövrəkliyi, həssaslığı, daxili zənginliyi oxuyanda sənə informasiya verir ki, bu həmin insandır. Yəni ünsiyyətdə olanda da onu görürsən. Məsələn, bəzi şairlər, yazıçılar var ki, yaradıcılığı və şəxsiyyəti tamam fərqlidir. Yaxud da xarakterində elə məqamlar ortaya çıxır ki, yaradıcılığına da bilavasitə artıq səndə şübhə yaranır. Yəni üst-üstə düşməyən məqamlar olur. Amma Musa müəllim o qədər yaradıcılığına, o qədər öz şeirinə, öz sənətinə oxşayır ki, şəxsiyyət baxımından. Ümumiyyətlə Musa müəllim haqqında demək olar ki, danışanda hamı deyir ki, təbiət şairidir.
Fuad Babayev: Musa Yaqubun keçən il may ayının 3-də keçirilimiş 80 illik yubiley tədbirində çoxlu çıxışlar oldu. O yubiley tədbirində Musa Yaqubun təbiət şairi olması fikri həm səsləndirildi, həm də təkzib edildi. Təbiət şairi məfhumu Musa Yaqubu kiçildir, yoxsa bu özü-özlüyündə böyük bir qiymətdir?
Günay Qarayeva: Bu əslində hər bir mövzuya baxış bucağından asılıdır. Ona kiçik də baxa bilərsən böyük də. Prişvin (Mixail Prişvin, 1873-1954, rus yazıçısı, publisisti – red.) haqqında deyilmiş belə bir fikir mənim yadıma düşür. Səhv etmirəmsə, o fikir belə idi: “Prişvin yalnız təbiəti insanlaşdırmır, təbiəti həm də elm kimi öyrənir, tədqiq edir və o zaman təbiətdəki hadisələr insanın üzərinə, insandakı hadisələr təbiət üzərinə köçürülür və bir obraz yaranır”. MusaYaqub da bizim poeziyada ilk şairlərdəndir ki, təbiəti alim kimi öyrənir. Yəni təbiətə ailm kimi yanaşır. Təbiətin fəlsəfəsini öyrənir. Musa Yaqub yaradıcılığa 60-cı illərdə gəldi. 60-cı illərdə təbiət mövzusu Musa Yaqub yaradıcılığında demək olar ki, elə də böyük yer tutmurdu, yəni kiçik mövzu idi. Bunlar hələ görüntü idi, təbiətdə müşahidə olunan təsvirlər idi. Musa Yaqubun o zaman yazdığı “Lalə”, “O yerdə”, “Dağlar çox qəribə olur gecələr” şeirləri buna misaldır.
…Bir cuna göylərdən asılıb qalıb.
Pambığı çıxıbdı daş yorğanının….
O şeirlərin özündə də o dərəcədə iti müşahidə qabiliyyəti var idi. Təbiəti olduğu şəkildə elə gözəl şəkildə obrazlaşdırırdı ki, yavaş-yavaş artıq 70-ci illərə keçiddə Musa müəllim elə bil təbiətdən insana nüfuz etməyə başladı. Təbiətdə insanı oxumağa başladı. İnsanın psixoloji aləmini, daxili zənginliyini, əhval- ruhiyyəsini təsvir etməyə başladı.Təbiət bizim yaradıcılığımız üçün ən çox vasitə rolunu oynayır. Yəni bədii vasitə kimi istifadə edirik. Amma Musa Yaqub yaradıcılığında mən hesab edirəm ki, təbiət heç vaxt vasitə olmayıb. Musa müəllimin yaradıcılığında mənim diqqətimi cəlb edən qabarıq cəhət budur. Sadəcə olaraq məhz ideya, fikir təbiətin özündən doğub, təbiətin özündən gəlib. Məsələn Məmməd Arazın yaradıcılığı təmiz başqa istiqamətdir. O müəyyən vasitəli bir şəkildə nə isə göstərmək üçün, nə isə vermək üçün təbiətə bağlanır. Amma Musa Yaqubda isə bunlar təbii şəkildə gəlir, təbii şəkildə alınır. Musa müəllimin yaradıcılığında belə maraqlı məqamlar var. Amma artıq 80-ci illərə keçiddə Musa müəllim cəmiyyət hadisələrinə, zamana bağlandı. Musa Yaqub lirikasında cəmiyyətin bütün eybəcərlikləri, bütün çatışmazlıqları fəlsəfi ümumiləşdirmələrlə, təzadlarla, zidiyyətlərlə demək olar ki, məhz bu aspektdən getdi. Bayaq Elnarə xanımın qeyd etdiyi kimi Musa müəllimin həyat yoldaşı rəhmətə getdikdən sonra təkcə mövzu dəyişmədi. Hətta ruhun özü, intonasiyanın özü dəyişdi. Musa müəllimin yaradıcılığında intonasiya çalarları demək olar ki, eyni kökdə, eyni formada deyil. Amma son dövrlərdə onda bir yorğunluq, hətta intonasiyanın özündə də bir yorğunluq, çöküş nəzərə çarpır. Musa Yaqub həqiqətən də çox maraqlı şairlərimizdəndir. Amma mən belə hesab etmirəm ki, təbiət mövzusu onu kiçildir. Bizim poeziyamızda Səməd Vurğundan tutmuş təbiətin gözəlliklərini vəsf edən şairlərimiz olub. Musa Yaqub özü də Səməd Vurğun ədəbi məktəbinin nümayəndələrindəndir və bu 60-cı illərdə onun yaradıcılığında özünü göstərirdi.
Fuad Babayev: Musa Yaqub bir müddət millət vəkili də olub. Bu onun yaradıcılığında bir iz buraxmamış olmaz. Siz necə düşünürsünüz?
Elnarə Akimova: O müəyyən dönəm millət vəkili oldu. Hətta onun poeziyasından “mənim burada nə işim var”, “burax məni çıxım gedim azadlığa” misralı silsilə yazıları da oldu. Doğrudan da elə bil azadlıq Musa Yaqubun yaradıcılığından xüsusi keçir. Musa Yaqub azadlıq, Vətən deyə qışqıran şairlərdən deyil. Musa Yaqub azadlığı öz şəxsiyyətinə hopduran, bunu özünün mütəvazi davranışında göstərən şairdir. Biz bayaq təbiət şairi məsələsinə toxunduq. Musa Yaqub elə şairdir ki, hansı tərəfdən, hansı rakusdan baxsaq şəxsiyyəti ilə, yaradıcı istedadı ilə görünən bir şəxsiyyətdir. İndi mən də bir qisim yazılarda görürəm ki, sanki yeni bir düşüncə gətirmək amacı ilə belə fikirlərlər irəli sürülür ki, Musa Yaqub təbiət şairi deyil. Bununla müəyyən qədər razılaşmaq da olar. Yəni bu fikirdə şairi dar sferadan çıxarılmaq məqsədi güdülə bilər. Amma təbiət şairi olmaq bu qədərmi asandır? Ümumiyyətlə, dünya ədəbiyyatında müəyyən mövzular var ki, daim ədəbiyyatın öz yaranışı ilə yaşıddır. Sevgi mövzusu, təbiət mövzusu, tanrı mövzusu, vətən mövzusudur. Məsələn Qasım bəy Zakirin
…Keçdi növbəti-zimistan,
Yenə fəsli-bahar oldu.
Əndəlibi-binəvanın
Sənəti ahü zar oldu…
şeirində bizim o uşaqlıq yaddaşımızdan gələn təbiət mənzərələri, peyzaj təsvirləri yada düşür. Günay xanım Səməd Vurğunun adnı çəkdi. Sırf təbiət şairi kimi Məstan Günəri, Hüseyn Arifi, Kəlbəcərli Şücaəti göstərə bilərik.
…Ay dələduz ayaqyalın, baş açıq,
O dərədə nə gəzirsən bəri çıx.
Anam məni gəzdirdiyi alaçıq,
Şillələyən əl yadıma düşübdü…
Yəni nə qədər montaj effekti var bu dörd misrada. Yəni bütünlükdə bir yaylaq təsviri, ananın təsviri gəlir. Həm də təbiət şairlərinin özündə şeir xüsusi bir istedaddır elə bil. Məstan Günərdə də belədir, Musa Yaqubda da belədir. Şeir bütövlükdə misralara bölünmür, poetik nəfəs kimi doğulur. O mənzərəsi ilə, o təsvirləri ilə elə bil gülün, çiçəyin, dağın, ormanın hər birinin öz yeri var, öz adı var.
Fuad Babayev: Üzvü surətdə onun sintezinə nail olur, onu ayırmaq olmur.
Elnarə Akimova: Bəli. Musa Yaqub bu baxımdan təbiət şairləri ilə həm eyni sferada durur, amma həm də onlardan ayrılır. Nə ilə ayrılır? Musa Yaquba qədər bir Vətən anlayışı var idi. 50-ci illərdə Əli Kərim anasına müraciətində işləmişdi Vətən mövzusunu.
Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bıl Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.
Musa Yaqub İsmayıllının kiçik bir Buynuz kəndini Azərbaycan üçün bir Vətənə çevirə bildi. Musa Yaqub poeziyasının özəlliyi bundadır. Yəni bizdə heç bir şairdə bu işlənməyib. Musa Yaqub deyəndə birbaşa İsmayıllının Buynuz kəndi nə qədər doğma gəlir azərbaycanlılara. Bu artıq dar bir hücrə sayılmır. Musa Yaqub onu hər bir azərbaycanlı üçün Vətənləşdirə bilir. Məncə onun digərlərindən ayrılan cəhəti də məhz nəfəsindədir, poetik sistem kimi bütövlüyündədir, intonasiya özünəməxsusluğundadır. Mənə elə gəlir ki, Musa Yaqubun yaradıcılığını məhz elə burada axtarmaq lazımdır. O həm Səməd Vurğun, Əli Kərim ənənəsindən gəldi, həm də yeni cığır açdı. Ümumiyyətlə böyük istedadlar həmişə belədir, ənənədən gəlir, onlardan qorxmur. Amma özündə müəyyən balans yığır və müəyyən bir məqamda onlardan ayrılır. Artıq öz fərdi yaradıcılıq cığırına, atmosferinə, aurasına çıxır. Bu baxımdan Musa Yaqub elə o ənənənədən gələn artıq fərdi başlanğıcını poeziyaya gətirən şair kimi fərqlidir.
Günay Qarayeva: Çox maraqlıdır ki, adətən yaradıcılıq üçün hansısa bir baza, istər Avropa, istərsə də rus klassiklərindən bəhrələnmə olur. Amma Musa Yaqubda bu görsənmir. Yəni yaradıcılığında demək olar ki, bu yoxdur. Ümumi şəkildə bir fəlsəfə, təbiət fəlsəfəsi var. Hər şey də onun içərisində əriyib gedir. Nə isə bəhrələnmək, nə isə götürmək, nə isə əxz etmək onda bu bazadan gəlir. Bayaq biz təbiət mövzusundan danışdıq. Bizim elə o təsəvvüfi simvolika demək olar ki, təbiət mövzusunun, təbiət obrazlarının üzərində dayanır. Musa Yaqubun bir gözəl şeiri var:
Ovcuma da baxdım,
bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
İnsanın əlinin içərisindəki xətlərlə yarpaq arasında o dərəcədə oxşarlıq tapmaq və onu bu şəkildə obrazlaşdırmağı mən heç bir şairdə belə güclü şəkildə görməmişəm. Bayaq Elnarə xanım da vətənə məhəbbəti qeyd etdi.
Dünyaya gəlmədim hayla, harayla,
Bir sakit guşədə bir yerdəyəm mən.
Hətta 60-cı illərin özündə də Musa müəllimin dincliyini tapmaq, rahatlanmaq üçün təbiətə qaçışı var idi. Hətta ilk dəfə Musa müəllim Bakıya gələndə Süleyman Rüstəmlə söhbəti olmuşdu. Süleyman müəllim ona demişdi ki, sən nəyə görə o cür cənnət məkanı buraxıb bura gəlmisən. Musa müəllim burada “Azərbaycan” jurnalında çalışdığı vaxtlarda hər həftə rayona qaçırdı. Hətta sonra elə oldu ki, burada işini təmiz atıb yenidən rayona dönəsi oldu. Rayonda məskunlaşan şair bir müddət orada müəllim kimi çalışdı. Əslində dediyiniz daxili azadlıq o elə binədən Musa müəllimdə olub. Yəni sonradan yaranan bir şey olmayıb. Elə 60-cı illərin özündə də Musa müəllimin yaradıcılığında bunu aydın şəkildə görmək olur. Bayaq dediyimiz intonasiya çalarlarının dəyişməyi də məhz o dövrə təsadüf edir. Səhv etmirəmsə, 1995-2000-ci illərdə Musa Yaqub deputat kimi fəaliyyət göstərdi. Məsələn o dövrdə Musa müəllimin yaradıcılığında publisist ton həddindən çox yüksəldi.
Fuad Babayev: Hər bir yazarın yaradıcılığının həm də tərcümə taleyi var. Hər halda olmalıdır. Bu barədə nə deyə bilərsiniz. Birinci söhbətimizdə Maarif Soltan Musa müəllimin tərcümə cəhətdən bəxtinin gətirmədiyini dedi. Musa Yaqubu sətri tərcümədən tərcümə etmək alınmır. Ona görə də böyük tirajla çıxmasına rəğmən həmin kitablar görünmədi. Vaxtilə Sovet dönəmində Musa Yaqub kalibrli yaradıcı insanların kitabı hökmən rus dilinə tərcümə olunurdu. Moskva nəşriyyatlarının birində çap edilirdi. Bu barədə nə deyə bilərsiniz?
Günay Qarayeva: Musa müəllimin mən bildiyim qədərilə türk dilinə tərcümə olunmuş bir çox kitabları var. Müəyyən dərəcədə Türkiyədə onun yaradıcılığı sevilir, oxunur. Bəlkə də bu dil baxımından bizə daha çox yaxın olduğuna görədir.
Fuad Babayev: Bəlkə də ruh baxımından.
Günay Qarayeva: Amma başqa dillərə də tərcümə olunub. Maarif müəllim düz deyir. O qədər də uğurlu alınmayıb. Bəlkə də bu tərcümə işi ilə bağlıdır, yəni sətri tərcümələrdir. Çünkü Musa müəllimdə o qədər obrazlılıq, obrazlı dil var. Həm də onun yaradıcılığında fikir versmisinizsə məişət dili var. Onu tərcümə prossesində vermək çox çətindir. Yəqin ki, bununla əlaqədardır.
Elnarə Akimova: Bir məqamı da qeyd edim. Mən həm də “Ədəbiyyat” qəzetində çalışıram, ədəbiyyatşünaslıq şöbəsinin müdiriyəm. Ötən ilin dekabr ayının 31-də Musa Yaqub redaksiyamıza yeni şeirlərini göndərdi. 2018-ci ilin ilk yanvar buraxılışını Musa Yaqubun iki səhifəlik şeirləri ilə başlamışıq.
Fuad Babayev: Səhv etmirəmsə, “Ədəbiyyat” qəzeti indi A3 formatında çıxır.
Elnarə Akimova: 32 səhifə çıxır. Biz ilk növbədə fəxr edək ki, elə şairimiz var, fəxr edək ki, məhz “Ədəbiyyat” qəzeti olaraq o cür şairimizi çap edirik. Həqiqətən Musa Yaqubdan şeir gələndə bizdə böyük bir toy-bayram kimi qarşılanır.
Fuad Babayev: Yadımdadır ki, Musa müəllimin şeirləri qəzetin əvvəlində idi.
Elnarə Akimova: Bəli. Azər müəllim (Azər Turan – “Ədəbiyyat” qəzetinin baş redaktoru – red.) Musa Yaqub yaradıcılığına daim qədirşünaslığla yanaşır. Hətta bizdə “1 şeir/2 rakurs” adlı layihə var. Musa müəllimin 2017-ci ilin əvvəllərində göndərdiyi “İnanmadığım” şeirini bu layihədə Günay xanımın və tanınmış ədəbiyyatşünas, tənqidçi Məti Osmanoğlunun müzakirəsinə çıxardıq.
Mənim dan ulduzum batdı qəfildən,
Batdı-batmağına inanmadığım.
Birdən bəxtimin də yuxusu gəldi,
Yatdı-yatmağına inanmadığım.
Bağda gülüm soldu, cənnətdə tubum,
Bir payız axşamı çatdı qürubum,
Çatdı-çatmağına inanmadığım.
Üzümdə zəlzələ, ruhumda qiyam,
Dartdı əllərimdən o biri dünyam,
Dartdı-dartmağına inanmadığım.
Bu layihənin format elədir ki, bir şeir qoyulur və iki nəfər ona münasibət bildirir. Musa Yaqubun həmin şeiri ilə Alber Kamünün (fr. Albert Camus, 1913-1960, fransız yazıçısı və filosofu – red.) “Sizif əfsanəsi” müqayisəli şəkildə işlənmişdi. Musa Yaqubun “Ədəbiyyat” qəzetinin yanvar buraxılışında çap olunan “Sən mənimləsən” şeirinə Azər Turan balaca bir təqdimat yazmışdı. O yazıda Azər müəllim Artur Rembonun (fr. Arthur Rimbaud, 1854 -1891, fransız şair, simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri – red.) bir fikrini sitat gətirmişdi ki, poeziyada şair həm də bir kahin olmalıdır. Azər müəllim doğru vurğulayırdı ki, bizim ədəbiyyatda bu kahin rolunu həmişə Musa Yaqub oynadı. Çəkildi bir tərəfə və saf, duyğusal, sırf fərdi başlanğıcına istinad edən şeirlər yazdı. Məsələn bizdə poeziyada bütləri sındırmaq anlayışı var. Nəinki poeziya və ədəbiyyata dair, köhnəliyin olduğu bütün yerlərdə biz bunu işlədirik. Amma Azər Turan qeyd edir: güllük dağılıb, onun yerində küllük yaranacaqsa, o zaman onu dağıtmağın nə mənası olacaq? Bu mənada Musa Yaqub poeziyasında səmimi ruh müəllifin fərdi yaşamından doğur. Özü də bu amil şairin millət vəkili kimi fəaliyyətindən sonra daha inandırıcı ahəng aldı. Çünki sınaq məqamı yaşadı Musa Yaqub poeziaysı və orada qələmə, istedada və yaradıcı ruha zidd heç nəyə yer olmadı.
Onun yaradıcılığı şəxsiyyəti ilə birləşib daha böyük bir harmoniya təşkil etməyə başladı. Musa Yaqubun müsahibələrindən birində oxumuşdum ki, İsmayıllıda bir soyuq çeşmə var, mən ora gedəndə artıq təbiət rübabım oyanır. Ora gedənə qədər mən bilmirəm nə yazacağam. Artıq ora gedəndə özümdən asılı olmadan öz duyğularımı sözə, şeirə çevirə bilirəm. Məsələn, Məstan Günər də deyir ki, mən hər yeri gəzsəm də Tovuzda öz kəndimə, bir bənövşə vadisi var ora gedirəm. Oradakı vadidə, çayın kənarında açan bənövşələrə və ay işığına baxıram. Ay işığına və bənövşələrə baxıb bütün təbiət şeirlərimi orada yaza bilirəm. Ola bilsin ki, Musa Yaqub da şəhərdə müəyyən siyasi mühitin içərisinə düşdü və orada ruhunu tam azad hiss edə bilmədi. Boya-başa çatdığı o kənd mənzərələrinə, ona ilham verən, könül rübabını qanadlandıran məkanlara qayıtdı və yenidən Musa Yaqub olaraq Azərbaycan oxucusu üçün yoluna davam etdi.
Fuad Babayev: Musa Yaqubun yaradıcılığı bizim dərsliklərə adlayıbmı, orada varmı? Siz rast gəlməmisiniz ki?
Günay Qarayeva: Yoxdur.
Elnarə Akimova: Elə xüsusi bir oçerk kimi yox.
Fuad Babayev: Yəni onun müntəxəbatda şeirlərinə rast gəlməmisiniz?
Elnarə Akimova: Məncə orta məktəb dərsliklərində olmalıdır.
Günay Qarayeva: Xeyr, orta məktəb dərsliklərində yoxdur. Mənim bayaq dediyim “Bəlkə də borcundan çıxmadım, Vətən” şeiri demək olar ki, dərsliklərə salınmalı bir misradır.
Elnarə Akimova: Mən dedim, bəlkə səhvlərin düzəldib salarlar.
Ədəbiyyat institutunda müstəqillik dövr ədəbiyyatının ikicildliyi çıxıb. Orada Musa Yaqub haqqında geniş portret yazı oçerk kimi işlənib.
Fuad Babayev: Ümumiyyətlə, Musa Yaqubun yaradıcılığı öyrəniləcək. Hansısa tədqiqatçının filologiya üzrə fəlsəfə doktoru və yaxud filologiya üzrə elmlər doktoru olmaq məqsədilə Musa Yaqub yaradıcılığına müracət etməsi ilə bağlı məlumatınız varmı?
Elnarə Akimova: Mən Elmlər Akademiyasının Ədəbiyyat institutunda həm də seminar ekspert qrupunun üzvüyəm və bütün müdafiə olunan diplomlar, dissertasiyalar həm də mənim baxışımdan keçir.
Fuad Babayev: Orada rast gəlmisiniz?
Elnarə Akimova: Məxsusi ayrılıqda Musa Yaquba həsr olunmuş dissertasiyaya rast gəlməmişəm. Amma, olub ki, poeziyada hansısa mövzunun işlənmə səviyyəsi Musa Yaquba da toxunmağa zərururi edib. Amma söhbət onda deyil. Bir məqalə yazmaqla da Musaq Yaqub yaradıcılığının fərdi tərəflərini üzə çıxarmaq olar. Tamam yeni bir rakus meydana qoymaq olar. Amma sistemli şəkildə olsa nə gözəl. Musa Yaqub bütün yaradıcılığı ilə buna imkan verən bir şairdir. Amma bütünlükdə Musa Yaqub yaradıcılığına hələ ki, sistemli bir müraciət yoxdur.
Günay Qarayeva: Amma, tədqiqatlar aparır.
Təmkin Məmmədli: Allahverdi Eminov və Vaqif Yusiflidən başqa Musa Yaqub haqqında kimlər kitab yazıb?
Günay Qarayeva: Sistemli şəkildə Musa Yaqubun yaradıcılığı araşdırılmayıb. Bizdə belə bir xəstəlik var. Gərək xalq şairi olsun ki, onun yaradıcılığı daha geniş şəkildə tədqiq olunsun. Yadıma gəlir ki, mən namizədlik işimi Musa Yaqubun yaradıcılığından götürmək istəyirdim. O zaman dedilər ki, bizdə daha çox xalq şairlərindən mövzu götürülür.
Fuad Babayev: Hətta elə bir şərt də var?
Günay Qarayeva: Bəli. Ona görə başqa mövzunun içərisində onu işləməklə Musa Yaqub yaradıcılığını vermək olar.
Elnarə xanım bayaq qeyd etdi ki, şərt deyil Musa Yaqub yaradıcılığı haqqında nə isə böyük bir tədqiqat əsəri yazasan. Onsuz da zaman gələcək Musa müəllimin yaradıcılığı haqqında müxtəlif istiqamətlərdə tədqiqat əsərləri də yazılacaq.
Fuad Babayev: Siz öz araşdırmalarınızda yaxın gələcəkdə Musa Yaqub yaradıcılığına müraciət etməyi planlaşdıırsınızmı?
Elnarə Akimova: Mənim doktorluq dissertasiyamın mövzusu “Çağdaş Azərbaycan poeziyası və ədəbi təmayüllər” idi və bu kitab kimi nəşr olundu.
Mən çox qürurla deyirəm ki, monoqrafiyamın əhəmiyyətli hissələri elə Musa Yaqubla bağlıdır. Bilirik ki, 90-cı illərdən etibarən poeziyamızda cərəyanlaşma dövrü baş verir. 90-cı illərdən bu yana ədəbiyyatda dekadentizm, çöküş mərhələsi başlayır. Müxtəlif cərəyanlarda modernizə prossesləri gedir və həmin dönəmdə müəyyən qisim şairlər olur ki, öz saf başlanğıcını, xas poeziyalarını qoruyurlar. Onlardan biri də Musa Yaqubdur və orada Musa Yaqub həm təbiət mövzulu şair kimi, həm sevgi mövzulu şair kimi yerində, məqamında görünür.
Fuad Babayev: Günay xanım, Siz necə?
Günay Qarayeva: Bayaq dediyim kimi magistr işim Musa müəllimin yaradıcılıq yoluna həsr olunub və onu çap etdirmişəm. Namizədlik işim müasir peyzaj lirikası olub. Demək olar ki, onun böyük bir bölməsi Musa müəllimin yaradıcılığıdır. İnşallah doktorluq mövzumda da yəqin ki, böyük bir hissə Musa müəllimlə bağlı olacaq. Çünkı doktorluq işim simvollarla əlaqədardır. Mənim Musa müəllim haqqında olan kitabım 2007-ci ildə çap olunub. Amma indi artıq özüm o boşluqları görürəm ki, nələrə toxunmamışam, nələri daha yaxşı təhlil etmək olardı. Ona görə mənim fikrimdə var ki, yenidən Musa müəllimin yaradıcılığına qayıdım və onun yaradıcılıq yolunu araşdırım.
Elnarə Akimova: Bizdə hər il Ədəbiyyat institutunda ilin ədəbi yekunları mövzusunda elmi yaradıcılıq müşavirəsi keçirilir. Mən 2009-cu ildən bu yana həmin elmi yaradıcılıq müşavirəsinin əsas məruzəçilərindən biri olmuşam. Doktorluq işim əsasən poeziya ilə bağlı olduğuna görə poeziyanı götürmüşəm. Son iki ildir mənə ilin ədəbi mənzərəsi verilir. Bu il iyun ayının 4-də ədəbi yekunlar yaradıcılıq müşavirəsi oldu və mən də 2017-ci ilin ədəbi mənzərəsi mövzusunda məruzə etdim. Orada bir şeyi vurğuladım. Dedim ki, 2008-ci ildən bu yana ilin poeziyası haqqında məruzə edirəm və mənim Musa Yaqubdan bəhs etdiyim dövrün də artıq 10 yaşı tamam olur. Çünki bütün məruzələrimdə müxtəlif adlar çəkilib. Amma birmənalı şəkildə bütün məruzələrdən keçən bir ad var, o da Musa Yaqubdur. Niyə? Çünkü yaş senzi heç bir rol oynamır. Bu adam gənc nəslə belə öz poeziyası ilə meydan oxuya bilib. Hətta orada qeyd etdim ki, 2017-ci ilin ən gözəl şeirlərini də il girər, girməz məhz Musa Yaqubdan oxuduq.
Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin mənim halımı.
Mən indi bildim ki, sən mənimləsən…
“Sən mənimləsən” şeirindən də bir nümunə vermişdim. Nə qədər ki, Musa Yaqub poeziyası var, mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında saf başlanğıclı bir poeziya kimi, yəni duruluq çeşməsi kimi daim ona müraciət olunacaq. O dissertasiyalar yazılsa da, tədqiqatlar olsa da, olmasa da yəni poeziyanın ən saf başlanğıc yerindədir Musa Yaqub poeziyası.
Fuad Babayev: Musa Yaqub poeziya məktəbində kimlərsə varmı? Musa Yaqubun davamçıları adlandıra biləcəyimiz insanlar varmı?
Elnarə Akimova: Təəssüf ki, birmənalı şəkildə deməyə çətinlik çəkirəm. Məsələn, gənc şair Faiq Hüseynbəylinin yaradıcılığında fərdi nəfəs, poetik nəfəs kimi bu var. Amma, onda irfan qatı daha çox üstündür. Daha çox irfan qatına bağlıdır. Musa Yaqub kimi sırf təbiət başlanğıclı yoxdur. Amerika professoru Jozep Kempelin bir fikrini oxuyanda mən həmişə Musa Yaqubu xatırlayıram. O deyir ki, mif kosmik enerjini bədii yaradıcılığa ötürən gizli mənbədir. Musa Yaqub yaradıcılığında təbiət məhz kosmik bir fəza elementi kimi çıxış edir. Ona görə biz ona dar hücrədə baxa bilmirik. Həm təbiətdir, həm də bütün bir dünyanı sığdıra bilir o təbiətə. Yəni bu baxımından poeziyada konkret olaraq tutaq ki, Məhəmmıd Aslanbəyli var. Onun da şeirlərində müəyyən təbiət ruhu var. Amma onlarda daha çox irfan tərəfi ağırlıq təşkil edir.
Fuad Babayev: Yəni Siz bunu nə ilə izah edirsiniz? Musa Yaqub “Qalacıq” poemasını yazanda hansı yaşda olduğunu bilmirəm. İndi elə bir şair olsa, onun poemasını haradasa oturub müzakirə edərlər? Siz necə düşünürsünüz. İnsanların ortaya çıxmaması bəlkə o mühitin olmamağı ilə də bağlıdır.
Elnarə Akimova: Biz deyirik ki, gənclər 90-cı illərin müəyyən xaotik məqamlarından çıxıb. Mən həmin dövrü araşdırmışam. Bu dövrdə daha çox çöküş, dekadans əhval-ruhiyyəsi hökm sürür. 90-cı illərin sonları, 2000-ci illərdəki, xətt elə bil ki, bizdə dəyişmir. Daha çox Vaqif Bayatlı Ödər, Vaqif Səmədoğlu və Ramiz Rövşən poeziyası üstündə gəlişən bir dekadans dalğa var. Bu çöküş əhval-ruhiyyəsi Salam Sarvan xətti ilə bir yüksəliş dövrünü yaşadı, sonra Aqşin Yeniseydə müəyyən bir haçalanma oldu. Amma yenə də elə bil ki, intonasiya dəyişmir, ovqat dəyişmir. “Ədəbiyyat” qəzetinə göndərilən, bütün saytlarda gedən şeirlərin ən azı 50-60 faizini izləmək, oxumaq imkanım olur. İntonasiya o qədər birxətlidir ki, qətiyyən dəyişmir.
Fuad Babayev: Siz dediyiniz çöküş əhval-ruhiyyəsi dekadans bu nədir, ruh düşkünlüyüdür?
Elnarə Akimova: Mən dönə-dönə tənqidi yazılarımda da qeyd edirəm ki, artıq gənclik özünə çıxmalıdır. Axı bu çöküş əhval-ruhiyyəsində nə qədər qalmaq olar. O özünə çıxmalıdır. Amma çıxmaq istəmir. Nə mane olur. Çünki dəyərlərin aşınması gedir. Hələ də gənc şair deyir ki, mən Səməd Vurğundan güclü şairəm. Biri deyir ki, mən Bəxtiyar Vahabzadədən güclü şairəm. Amma nə qədər biz özümüzü özümüzdən əvvəlkilərlə müqayisə edəcəyik. Onlar Sovet ideologiyasının içərisində nəsə yarada bildilər, varlıqlarını göstərə bildilər. İndi müstəqillik dönəmində sən öz varlığını, öz yaradıcılığını göstərib üzə çıxarmalısan. Eyni zamanda burada təbii ki, ədəbiyyatşünaslığın üzərinə böyük bir yük düşür.
Fuad Babayev: Ədəbi tənqidin üzərinə yük düşür.
Elnarə Akimova: Bəli. Ədəbiyyatşünaslıq Səməd Vurğunun özünü müəyyən qəliblərdən çıxarmalıdır. Biz hələ də Səməd Vurğuna bəraət üçün onun sovet dövründə ideologiyaya uyan şeirləri ilə yanaşı başqa əsərlərinin də olmasını vurğulayırıq. Amma bütünlükdə onun poetikası incələnməlidir bir şair kimi. Səməd Vurğunun poetik kimliyi açıqlanmalıdır. Məsələn, Aygün Bağırlının tədqiqatlarında Səməd Vurğun yaradıcılığına, onun elmi nəzəri düşüncəsinə müəyyən baxış var. Amma bu çox azdır. Bunu bir poetik bütün kimi ortaya qoymaq bu gün ədəbiyyatşünaslığın qarşısında duran vacib məsələlərdən biridir. Və o qarşıya qoyulsa, o açıqlansa artıq mənə elə gəlir ki, yeni dövr yazarların özündə də müəyyən qədər çəkinmə, məsuliyyət olar. Bu gün daha çox nihilist əhval-ruhiyyənin olması, keçmiş ədəbi irsdən kor-koranə imtina cəhdləri ədəbiyyatın özünün də elə bil ki, yeni stixiyaya çıxmağına, yeni stixiyada doğuluşuna çox böyük əngəl olur.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Material ilk dəfə 22 avqust 2018-ci ildə dərc olunub.