Muzey Mərkəzinin sərgi salonunda Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Rənglərdə yaşayan ömür” adlı sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Milli Məclisin Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə acılan sərgidə rəssam Nərgiz Quliyeva ilə bərabər onun rəhbərlik etdiyi “Nargiz Art Studio”nun yetirmələrinin 40 yaxın əsəri də nümayiş edilib.
Sərginin ideya müəllifi sentyabrda vaxtsız dünyasını dəyişən, Milli Məclisin mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva olmuşdur.
Sərginin təşkilatı zamanı Qənirə xanımın xatirəsini əziz tutaraq onun sərgi ilə bağlı bütün istək və arzuları nəzərə alınıb.
Sərginin açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Xalq rəssamı Arif Hüseynov müəllifi təbrik edib və ona yeni layihələrdə böyük yaradıcılıq uğurları arzulayıblar.
Qonaqları salamlayan Nərgiz Quliyeva ona dəstək olmağa gələn bütün həmkarlara və dostlara təşəkkür edib və təşkilatçılara xüsusi olaraq minnətdarlığını bildirib.
Sərgi dekabrın 5-dək davam edəcəkdir.