Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Namiq Əsədovdur.
– Namiq müəllim, “Azərbaycanın Qarabağ bölgəsi Rusiya İmperiyasının köçürmə siyasətində” adlı elmi tədqiqat əsərinin müəllifisiniz. Rus işğalı ərəfəsində Qarabağ ərazisində ictimai-siyasi vəziyyət necə idi?
– 18-ci əsrin əvvəllərində Azərbaycan iki istiqamətdən hücuma məruz qalırdı – Rusiyanın və Osmanlı dövlətinin hücumuna. Həmin dövrdə əfqan üsyanları ilə əlaqədar Səfəvilər dövləti müdafiə qabiliyyətini itirmişdi. 1722-ci il 8 martda Gülnabad döyüşündə məğlubiyyətdən sonra, əfqan Əşrəf tərəfindən Səfəvi dövlətinin paytaxtı İsfahanın ələ keçirilməsi, Sultan Hüseyni, onun xanədanını və xəzinəsini ələ keçirməsi nəticəsində ordu dağılmış, döyüşçülərin bir hissəsi isə əfqanların tərəfinə keçmişdi. Həmin vaxtda I Pyotrun burada yetərincə casusu var idi. Bunlara misal olaraq Volınskini, erməni əsilli İsrail Ori və Minas Vardapeti göstərmək olar. Bunlar Rusiyaya kifayət qədər məlumat çatdırırdılar. Məlumdur ki, həmin vaxtda I Pyotr İsveçlə müharibəni qələbə ilə başa çatdırmışdı. 1700-cü ildə isə Osmanlı ilə İstanbul müqaviləsini bağlamışdı. Bu I Pyotrun Azərbaycana gəlməsi üçün əlinə yaxşı bəhanə verdi. Həmin dövrdə Azərbaycanın Qərb bölgəsinin əhalisi rusların bu yürüşünün qarşısı alınmazsa, təhlükəyə məruz qalacaqlarını bilirdilər. Bu həmin ərazidə yaşayan xristianların, diqqət yetirin, ermənilərin yox, I Pyotra yazdıqları məktubdan da görünür. Onlar I Pyotra özlərinin xilaskarı kimi baxsalar da, məktublarında “biz xristianlar və ağvanlar” ifadəsini işlədirlər. Yəni heç vaxt özlərini erməni kimi təqdim etməyiblər. Hətta Veliçko “Kavkaz” əsərində yazırdı ki, Qafqaz Albaniyasının xristian əhalisi xristianlığı ermənilərdən qəbul edib, amma erməni deyil. Sadəcə olaraq erməni dilini mənimsədikdən sonra onlarda erməniləşmə prosesi gedib. Maraqlıdır ki, I Pyotr işğalı ört-basdır etmək üçün öz bəyannaməsində xristianları müsəlman zülmündən xilas etmək missiyasını qarşıya qoymuşdu. Burada da biz erməni ifadəsinə rast gəlmirik. Bu bir faktdır ki, o dövrə aid mənbələrdə bu ərazilərdə ermənilərin olması qeyd edilmir.
– Rus işğalına kimi Qarabağın etnik tərkibi ilə bağlı nə deyə bilərdiniz?
– 18-ci əsrin əvvəllərinə kimi Qarabağın etnik tərkibi və əhalinin sayı haqqında dəqiq məlumatlar yox dərəcəsindədir. Bu barədə ancaq o dövr tarixçilərinin əsərlərinə istinad edərək nəsə deyə bilərik. Bu tarixçilər də əsasən erməni mənşəli olublar. Onların yazdıqları əsərlərin də əksəriyyəti ermənilər tərəfindən tərcümə olunduğundan, öz maraqlarına uyğun şəkildə işlənilib. Buna görə də biz yalnız o dövrün fərman və sərəncamlarından qaynaq kimi istifadə edə bilirik. Bəs etnik durumla bağlı əlimizdəki rəsmi qaynaq nədir? 1725-1727-ci illərdə Osmanlı dövləti Cənubi Qafqazı tam nəzarətə götürdükdən sonra, burada müfəssəl vergi siyahıya almaları tətbiq edilir. Naxçıvan, Gəncə-Qarabağ və İrəvanla bağlı ayrı-ayrı dəftərlər tərtib olunub. Xanlıqlar dövrünə kimi Qarabağ və Gəncə bir-birindən ayrı olmayıb. Qarabağ bəylərbəyliyinin də mərkəzi uzun müddət Gəncə olub. Qarabağ ərazisi cənubda Arazdan şimalda Murova, Salvartı dağlarına kimi gəlib çıxırdı. Osmanlıların inzibati bölgüsünə nəzər yetirəndə, onlar Qarabağ-Gəncə bölgəsini bir yerdə veriblər və sərhəddi Qazaxa kimi gedib çıxır. Sonralar yaranmış Qarabağ xanlığının tərkibinə 20 nahiyə düşürdü. Həmin 20 nahiyədə 431 məskunlaşmış kənd var idi. Bu kəndlərin də 255-i müsəlman-azərbaycanlı kəndi, 166-sı qeyri-müsəlman kəndi, 10-u isə qarışıq kənd kimi göstərilirdi. Maraqlıdır ki, kəndlərin təxminən 45 faizi boş kənd kimi göstərilimişdi. Başqa sözlə, kəndlərin sayı əslində 431 deyil, 700-dən çox idi. Səhv etmərəmsə, o dövrdə 788 kənd var idi. Çox güman ki, boş kəndlər vaxtilə müsəlmanların məskunlaşdıqları kəndlər olub. Osmanlıların yürüşləri zamanı ermənilər mövqelərini dəyişmişdilər. Əvvəlcə onlar I Pyotrun tərəfində olsalar da, sonradan rus çarının onları xilas edə bilməyəcəyini görüb, Osmanlıya meyl etmişdilər. Məlumdur ki, Səfəvilər dövründə ordunun tərkibi əsasən müsəlmanlardan təşkil olunurdu. Osmanlı-Səfəvi müharibələrində türk-müsəlmanlar bir-birinə qarşı döyüşürdü. Osmanlı qoşunu Qarabağ əyalətini işğal edəndə də miqrasiya edənlər əsasən türk-müsəlmanlar idilər. Yerli xristian əhalisi isə dövlət işlərinə cəlb olunmadığından, Osmanlı üçün düşmən sayılmırdı. Ermənilərin həmin dövrdə əyaləti tərk etməmələri ilə bağlı bir faktı deyim ki, osmanlılar Gəncəni tutanda şəhərin 13 məhəlləsində 1 nəfər də qalmamışdı. Əhali Gəncəni tərk etmişdi. O zaman osmanlılar Şəmkir yaxınlığındakı Kilsəkənd adlı kənddən ermənilərin bir hissəsini Gəncəyə köçürürlər ki, şəhər əhalisiz qalmasın. Bu fakt bir daha göstərir ki, boş qalan kəndlər məhz Osmanlıların gəlişindən sonra köçüb getmiş müsəlman kəndləridir. Yəni həmin kəndlərdəki insanlar köçüb getməsəydilər, vergi siyahıya alınmasında faiz nisbəti tamamilə fərqli olardı. Müfəssəl dəftəri incələyəndə əmin olmaq mümkündür ki, Qarabağdakı əhalinin mütləq əksəriyyəti müsəlmanlar olub.
– Həmin dəftərlərdə əhalinin etnik mənsubiyyəti haqqında da məlumatlar əks olunubmu?
– Maraqlıdır ki, osmanlılar həmin dəftərlərdə əhalinin etnik mənsubiyyətini dəqiq veriblər. Yəni müsəlmanların türk olanlarını türk, kürd olanlarını isə kürd kimi qeyd ediblər. Heç bir kənddə erməni olması qeyd olunmayıb. Sadəcə olaraq “qeyri-müsəlmanlar” ifadəsi işlədilib. Heç şübhəsiz ki, həmin vaxt bu əyalətdə erməni olsaydı, elə erməni kimi da yazılacaqdı. Çünki Gəncə əyaləti haqqında yazanda müfəssəl dəftərdə 25 kənd məhz erməni kəndi kimi qeydə alınıb. Qarabağda isə qeyri-müsəlman kəndi kimi yazılıb. Çox güman ki, qeyri-müsəlman kimi qeydə alınanlar xristian albanlar idi. Mərhum tarixçimiz Qiyasəddin Qeybullayevin “Qarabağ” monoqrafiyasında vurğulandığı kimi, Qarabağ məlikliklərinin rəhbərlərinin adlarına da nəzər saldıqda bir dənə də erməni adına rast gəlmək mümkün deyil. Məsələn, Şahnəzər, Usub, Ulubab, Cümşüd və s. Bu adlar nəinki erməni adları deyil, heç xristian mənşəli də deyil. Hamısı türk-müsəlman mənşəli adlardır ki, bu da onların sonradan xristianlığa meyl etməsini göstərir. Elə müfəssəl dəftərdə məskun olmayan kəndlər kimi göstərilən yaşayış məntəqələrinin də adlarına nəzər yetirsək, onların 95 faizinin türk mənşəli olduğunu görərik. Bütövlükdə isə Qarabağın əhalisi ilə bağlı əlimizdə olan fundamental məlumatlar Rusiya işğalından sonrakı dövrlərə aiddir. İstər hərbçilərin raportları, istər vergilərlə, istərsə də əhalinin kameral təsviri ilə bağlı keçirilən siyahıya almalar nəticə çıxarmaq üçün maraqlı sənədlərdir. 1823 və 1832-ci illərin kameral siyahıya almalarını müqayisə edəndə ağrılı rəqəmlərin şahidi oluruq. Məsələn, Şuşada 1823-cü ildə 1111 azərbaycanlı ailəsi göstərilirsə, 1832-ci ildə 962 ailə göstərilir. Erməni ailələrin sayında isə əks proses duyulur. 1823-cü ildə 400-dən bir qədər çoxdursa, 1832-ci ildə 782 erməni ailəsinin yaşadığı qeydə alınıb. Yaxud Rusiya işğalına kimi Naxçıvan bölgəsində 4660 azərbaycanlı ailə var idisə, işğaldan sonra 2770 ailə olub. İrəvan şəhərində işğala qədər 2984 azərbaycanlı ailə olubsa, işğaldan sonra cəmi 847 ailə qalıb.
– İrandan və Türkiyədən Rusiyanın köçürdüyü ermənilər nə üçün məhz Qarabağ, İrəvan və Naxçıvanda daha çox yerləşdirilirdi?
– Maraqlı sualdır. Rusiya üçün ermənilərin köçürülməsi bir neçə məqsəd daşıyırdı. İşğal edilən ərazilər türk-müsəlman əhalisinin yaşadığı ərazilər idi. Dil, din, etnik fərq, adət-ənənə baxımından bu ərazi ilə Rusiya arasında heç bir uzlaşma yox idi. İşğaldan sonra bu ərazidə yaşayanların İran və Osmanlıya meyli çox gücləndi. Mənbələrə görə, Gülüstan müqaviləsi imzalanandan sonra, hələ ermənilərin köçürülməsi məsələsi aktuallaşmamışdı. Əksinə köçmüş azərbaycanlı əhalini geri qaytarmaq məsələsi qoyulmuşdu. Məsələn, general Yermolovun çar I Aleksandra 4 mart 1817-ci il tarixli raportunda qeyd olunur ki, Kürəkçay müqaviləsi imzalanarkən, Qarabağda 10 min ailə var idi. 1812-ci ildə isə Qarabağda 3080 ailə qalmışdı. Yəni bölgədə real etnik fəlakət mövcud idi. Rus hərbçilərinin raportları ilə tanış olanda aydın olur ki, 1805-1812-ci illərdə Qarabağdan İrana 4845 ailə köçüb. Hər ailəni orta hesabla 5 nəfər hesab etsək, 24225 nəfər edir. Qarabağ xanlığı ləğv edildikdən sonra Mehdiqulu xanla birlikdə də xeyli əhali köçüb İrana getdi. Yermolovun raportunda bildirilir ki, puslar 4 minə yaxın ailəni geri qaytara biliblər. Məsələn, 1812-ci ildə 3080 ailə var idisə, 1815-ci ildə artıq 7872 ailə vardı. Bu geri qaytarılan ailələr əsasən azərbaycanlı ailələri idi. Rusiya Qarabağdan xammal mənbəyi kimi istifadə etmək istəyirdi. Buna görə də yerli əhali vasitəsilə iqtisadiyyatı inkişaf etdirməyə çalışırdı. Amma 1826-1828-ci illərdə ikinci Rusiya-İran müharibəsindən sonra Rusiya işğalına qarşı kütləvi üsyanlar başlayanda, Rusiya artıq onun maraqlarına qulluq edən, eyni dindən olan insanları bu əraziyə köçürmək qərarına gəldi. I Aleksandr, daha sonra isə I Nikolay Qafqazda kazakları yerləşdirmək istəyirdi. Lakin A.Qriboyedov çarı buraya ermənilərin köçürülməsinin daha məqsədəuyğun olduğuna inandıra bildi. Rusiya bundan nə qazanırdı? Birincisi, ermənilər İran və Osmanlıya o qədər xəyanət etmişdilər ki, A.Qriboyedovun Paskeviçə yazdığı məktubda da qeyd olunduğu kimi, həmin ölkələr erməniləri ciddi surətdə cəzalandıra bilərdilər. Bu isə iki ölkəyə qarşı müharibədə Rusiya xeyrinə fəaliyyət göstərən ermənilərin Rusiyaya münasibətdə inamını azalda bilərdi. İkincisi, ermənilərin özləri köçməyə meyilli olduqlarından Rusiya üçün böyük xərc tələb etmirdi. Amma kazakları köçməyə razı salmaq, onlar üçün burada şərait yaratmaq üçün böyük vəsait lazım idi. Üçüncüsü və ən əsası isə kazaklar həmişə Rusiya üçün böyük baş ağrısı idi. Müxtəlif üsyanların təşkilində dəfələrlə aparıcı rol oynamışdılar. Kazakların imperiyanın ucqarlarına köçürülməsi isə onlara nəzarət imkanını azaldacaqdı. Erməniləri nəzarətdə saxlamaq isə daha asandı. Ermənilər İran və Türkiyəyə xəyanət etdiklərindən, onların geri qayıtmaları da mümkün deyildi. Elə Rusiya da onları daha çox Qarabağın İranla sərhəd ərazilərində yerləşdirirdi. Beləliklə, işğal edilmiş Azərbaycan ərazisi ilə İran tərkibində qalmış Azərbaycan arasında bir bufer zonası yaradılırdı. Türkiyədən köçürülən erməniləri isə Naxçıvan və İrəvanda yerləşdirməklə, Türkiyə ilə digər Azərbaycan xanlıqları arasında əlaqəni kəsildi. Çünki Ədirnə müqaviləsi ilə Rusiyanın Qarabağı işğal etməsini Osmanlıya qəbul etdirmək hələ o demək deyildi ki, Türkiyə gələcəkdə bu ərazilərə iddia edə bilməz. 1853-1856-cı illər Krım müharibəsi də göstərdi ki, Osmanlı hələ o qədər də zəif deyil. Ermənilərin yerləşdirildiyi ərazilərdə isə rusların mövqeyi güclü idi. Təsadüfi deyil ki, Azərbaycanın müxtəlif bölgələrində Rusiya əleyhinə üsyanlar baş versə də, Qarabağ, Naxçıvan və İrəvanda üsyanlar olmamışdı.
– Bəzi sənədlərdə rusların ermənilərin köçürüldüyü əraziləri azərbaycanlılardan satın aldığı bildirilir. Bəs öz torpaqlarını satan azərbaycanlıların sonra hara getmələrinə nəzarət var idimi?
– Rusiya müharibə dövründə miqrasiya edən azərbaycanlılara göz yumurdu. Ermənipərəst mövqenin yaranmasının əsas səbəbkarlarından biri Valerian Mədətov idi. O, özünə saxta sənəd düzəltmişdi ki, guya Qarabağın köklü əsilzadələrindəndir. Guya onun soyu Baqi adlı bir ermənidən gəlir. 1645-ci ildə guya II Şah Abbas tərəfindən Qarabağda yerləşdiriliblər. O, hər vəchlə azərbaycanlıların buradan sıxışdırılıb, çıxarılmasına çalışırdı. Məlumdur ki, ən yaxşı Qarabağ atlarının sahibi Qarabağın azərbaycanlı əsilzadələri idi. O, həmin atları müsadirə edib, rus ordusuna verirdi. Bununla bir tərəfdən rusların yanında hörmət qazanır, digər tərəfdən isə Qarabağ əsilzadələrini narazı salırdı. Mədətov onların bu narazılıqlarını Rusiya tərəfinə qiyam təşəbbüsü kimi çatdırırdı. Bu isə Rusiya tərəfində öz mövqelərini möhkəmləndirmək üçün Qarabağa ermənilərin köçürülməsi qənaətini möhkəmləndirirdi. Ona görə də Rusiya köçən azərbaycanlılara maneə yaratmırdı, çünki onların yerinə erməniləri köçürürdü. Bununla da bağlı A.Qriboyedovun planı vardı. Köçürülmə fevralın 26-dan iyunun 4-ə kimi aparılırdı. Azərbaycan əhalisi may ayından başlayaraq yaylağa çıxırdı. Azərbaycanlıların qışlaqdakı evləri boşalırdı və erməniləri də həmin evlərdə yerləşdirirdilər. Qriboyedovun da yazdığı kimi, azərbaycanlıları ermənilərin onların evlərində guya müvəqqəti yerləşdirildiyinə inandırmağa çalışırdılar. Yəni həm boş ərazilərə ermənilərin köçürülməsi, azərbaycanlıların evlərində yerləşdirilməsi, həm də 1 milyon manatlıq torpağın azərbaycanlılardan alınıb, həmin torpaqlarda ermənilərin məskunlaşdırılmasına dair faktlar var. Məhrumiyyətlərə düçar olan azərbaycanlı əhali isə öz mülklərini dəyər-dəyməzinə satıb, İrana köçürdü. Ermənilərin köçürülməsi işinə rəhbərlik edən Lazarev çox məkrli bir adam idi. Paskeviçə yazdığı məktubunda ermənilərin köçürülməsi işini asanlaşdırmaq üçün bu işə erməni dilini bilən rus zabitlərinin cəlb olunmasının vacibliyini bildirirdi. Bununla da o, prosesin erməni zabitlərinin nəzarəti altında keçirilməsinə çalışırdı. Nəticədə yalnız 1828-1830-cu illərdə Azərbaycan ərazisinə 130 min nəfər erməni köçürüldü və köçürülmə prosesi sonrakı illərdə də davam etdi.
Gündüz Nəsibov, 1905.az
13 may 2016-cı il