Müsahibimiz «Kaspi» qəzetinin baş redaktoru, əməkdar jurnalist Natiq Məmmədlidir.
– Üç əsrin qəzetinin baş redaktorusunuz. «Kaspi»nin tarixinə ekskurs edə bilərikmi?
– 1881-ci ilin əvvəllərindən işıq üzü görən “Kaspi” qəzeti rus dilində nəşr olunan Azərbaycan mətbu orqanlarından biri idi, ilk baş redaktoru Kuzmin olub. “Əkinçi” qəzeti fəaliyyətini dayandırdıqdan sonra uzun illər ana dilli mətbuatın işıq üzü görməsində fasilə yaranmışdı, müəyyən qəzetlər az vaxtda çap olunsa da, davamlılığı olmamışdı. Bütövlükdə Azərbaycanın ictimai fikrini ifadə edən, Qafqaz müsəlmanlarının problemlərindən bəhs edən mətbu orqan yox idi. «Əkinçi»nin bağlanmasından «Şərqi-rus»un çapına qədər uzun müddət ana dilli nəşrin yolunu gözləmək lazım gəldi. Bu vaxtda əsasən rusdilli qəzetlər nəşr olunurdu və onların arasında ən populyarı, Zaqafqaziya müsəlmanları arasında, ümumiyyətlə Rusiyanın müsəlmanlar yaşayan digər ərazilərdə, Orta Asiyada, hətta Hindistanda, Yaxın Şərqdə ən çox yayılanı “Kaspi” olub. Qəzetin redaksiyasında ilkin dövrlərdə daha çox qeyri millətlərin nümayəndələri çalışıb və bir qayda olaraq rus mədəniyyətini təbliği ilə məşğul olub. Qəzet əvvəl həftədə iki dəfə, sonra isə gündəlik nəşr olunub. 1881-ci ildən 1897-ci ilə qədər də «Kaspi» qəzetində azərbaycanlılar çalışıb. Həsən bəy yazılarını Zərdabdan məhz bu qəzet üçün göndərirdi. Məhəmmədağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Ceyhun Hacıbəyli bu qəzetdə çıxış ediblər. M.Şaxtaxtinski bir müddət qəzetə redaktorluq da edib. Əhməd bəy Ağayev isə qəzetin ədəbiyyat və mədəniyyət şöbəsinin redaktoru idi. 1897-cı ilin sonlarında Hacı Zeynalabdinin Tağıyev 57 min rubla qəzeti mətbəəsiylə birgə alır. Tağıyev istəyirdi ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının ziyalılarının toplaşdığı bir mətbu orqan olsun, səsləri hər tərəfdən gəlsin və bu ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək üçün Həsən bəy Zərdabini Bakıya gətirmək istəyirdi. “Əkinçi” bağlandıqdan sonra Həsən bəy mətbuatdan kənar düşmüşdü, 10 ildən çox idi ki, əyalətdə yaşayırdı və aqrar məsələlərlə bağlı müxtəlif məqalələr yazırdı. Tağıyev də “Kaspi” qəzetini məhz Zərdabiyə görə almışdı. 1907-ci ilə qədər “Kaspi”nin de-fakto baş redaktoru Həsən bəy Zərdabi olub. Zərdabinin nəfəsi bu qəzetdə duyulan kimi o, Topçubaşovu qəzetə dəvət edir. Topçubaşov mətbuat içini bilməsə də, həm Həsən bəyin yaxın silahdaşı idi, həm də qohumu idi. O, hüquqşünas idi, vəkilliklə məşğul idi. 1897-ci ildə qəzet alınanda 6 ay Karyaginin imzası ilə nəşr olunub. Mətbuat işini mənimsədikdən sonra Topçubaşov özünü baş redaktor, publisist kimi göstərə bilir. Elə onun bu fəaliyyətinə görə, qəzetə “müsəlman Kaspisi” deyirdilər. Qəzetdə müsəlmanları maarifləndirən, onların hüquqlarını müdafiə edən yazılara geniş yer verilirdi. O dövrün tərəqqipərvər insanları “Kaspi”nin ətrafında cəmləşmişdilər. Onlar xüsusi şəkildə qeyd edirdilər ki, müsəlmanları oyatmaq, maarifləndirmək, onların hüquqlarını müdafiə etmək üçün rusdilli mətbuatın gücündən istifadə etmək lazımdır. “Kaspi” qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat orqanlarından biri idi.
Burada Topçubaşovun şəxsiyyətinin rolunu xüsusi qeyd etmək lazımdır. O, tək jurnalist yox, Dövlət Dumasına seçilməmişdən əvvəl də, sonra da Rusiya müsəlman ziyalılarının qabaqcıllarından idi. Qəzet Rusiya müsəlmanlarının tribunasına çevrilmişdi. Topçubaşovdan sonra da, qəzet bir müddət istiqamətini dəyişmədi. 1918-ci ildə ermənilər mart qırğınları zamanı müsəlmanlar arasında informasiya qıtlığı yaratmaq üçün qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsini yandırdılar. Bu mətbəədə digər qəzetlər, həm də “Açıq söz” nəşr olunurdu. Lakin qəzet fəaliyyətini bərpa edir və 1919-cu ilə qədər nəşr olunur. Ümumilikdə 38 illik çap fəaliyyəti dövründə “Kaspi”nin 10 mindən çox nömrəsi işıq üzü görüb. O dövrdə nəşr olunan “Kaspi”nin tirajı da indikindən iki dəfə çox idi – gündəlik 10 min tirajla işıq üzü görürdü. “Kaspi”ni yaşatmaq bir neçə amilə görə vacibdir. Birincisi, “Əkinçi” qəzetindən sonra «Kaspi»nin təxminən 300-dən çox sayı məhz Zərdabinin imzasıyla işıq üzü görüb, yəni bu, onun mətbuat irsinin bir növ davamıdır. Digər tərəfdən “Kaspi” Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci il erməni-müsəlman qarşıdurması, 1918-ci il mart qırğınları ilə faktlar “Kaspi”nin səhifələrində əksini tapıb.
1999-cu il mart ayında “Kaspi” qəzeti fəaliyyətini bərpa edib.
– Ötən yüzilliyin ikinci onilliyinin sonlarında redaksiyası erməni pozucu elementləri tərəfindən yandırılmış…
– Tamamilə haqlısınız. 1918-ci ilin mart qırğınları zamanı indiki AMEA-nın Nizam adına Ədəbiyyat muzeyinin binasında «Metropol» mehmanxanası yerləşirdi. «Kaspi» mətbəəsi hazırda Sabirin heykəli olan ərazidə bir neçə mərtəbəli binada idi. Orada tək «Kaspi» yax, «Açıq söz» və digər qəzetlər nəşr olunurdu. Görünür Bakı əhalisini informasiyasız qoymaq üçün ermənilər «Metropol» üzərinə quraşdırdıqları toplardan ilk atəşləri «Kaspi»yə açıblar. Qəzet öz fəaliyyətini yalnız 1919-cu ildə bərpa edə bilir, amma bu qısa zaman çəkir.
– Tarixi “Kaspi” qəzeti ilə müqayisə etdikdə hansı ənənələr davam etdirilir?
– Tarixi “Kaspi” qəzeti rus mədəniyyətinin təbliğatçısı idi. Əsasən Rusiya yönümlü, Avropa tipli qəzet idi. Ədəbiyyata geniş yer ayırırdı. Məsələn Üzeyir Hacıbəyova qarşı kampaniya aparıldıqda, bəzi qəzetlər Üzeyir bəy tənqid edildikdə “Kaspi” maarifpərvər addım ataraq, onun operettalarını nəşr edirdi. Eləcə də rus ədəbiyyatının ilk nümunələri Azərbaycan oxucusuna bu qəzet vasitəsilə çatdırılıb. İndi də qəzet o kursun davamı olaraq ədəbiyyata daha geniş yer ayırır, «Ədəbiyyat əlavə»miz nəşr olunur. İkinci vacib məqam odur ki, tarixi “Kaspi” qəzeti cəmiyyətdə baş verən bütün hadisələr münasibətdə həmişə orta xətt seçib. Sovet dövründə tədqiqatçılar yazırdılar ki, bu qəzet burjua mətbuatıdır, burjua maraqlarından çıxış edir. Ancaq qəzetin sahibi Tağıyev olduğu üçün əslində qəzet milli maraqlardan çıxış edirdi. Biz də bu gün bu ənənəni davam etdiririk. Üçüncü cəhət isə odur ki, “Kaspi” qəzeti o dövrdə redaksiya kimi təşkilatlanmış yeganə mətbu orqan idi. Yəni qəzetlər o vaxta qədər müxtəlif şəhərlərdə pərakəndə şəkildə nəşr olunurdu. Tarixi “Kaspi”nin strukturu necə formalaşmışdısa bizim redaksiya da ona uyğun fəaliyyət göstərir. Digər tərəfdən, “Kaspi” qəzeti açıq müzakirələrə, fərqli fikirlərə hər zaman yer ayıran qəzet olub. Məsələn, o dövrdə Şaxtaxtinskiylə Əhməd bəy Ağayev arasında polemikalar bu qəzetin səhifələrində işıqlandırılırdı, ermənilərin «Baku» qəzetinin antimilli fəaliyyətini bu qəzet ifşa edirdi. Bu gün də müasir “Kaspi” qəzeti həmin plüralizm ənənələrini davam etdirir. Çalışırıq ki, bir varis kimi ümummilli qəzet formatında fəaliyyət göstərək. Tarixi və indiki “Kaspi”nin oxucuları müəyyən səviyyənin insanları olub, elitanın daha çox oxuduğu qəzet olub.
– «Kaspi»nin bu günü və Qarabağ düyününün çözülməsi üçün bu nəşrin üzərinə düşən missiya barədə nə deyə bilərsiniz?
– Bizim üzərimizə düşən missiya bütün mətbuatın daşıdığı missiyanın tərkib hissəsidir. İlk növbədə maarifləndirmə və tarixi materiallara geniş verməklə yaddaşın yenilənməsini təmin etməliyik. Qarabağla bağlı bütün məsələlər, hətta xırda informasiyalara belə daim diqqətlə yanaşırıq. Bu sahədə vətəndaş cəmiyyətinin, dövlətin gördüyü işləri çatdırır, həmçinin daimi olaraq analitik materiallarla çıxış edirik. Qəzetin funksiyası ictimai rəylə işləmək və sağlam imic qazanmaqdır. Biz də jurnalistikanın prinsipləri çərçivəsində işimizi qurmaqla yanaşı, ümummilli problemləri diqqətdə saxlayırıq.
– Yazıçısınız. Özü də öz sözünü deyə bilən və intensiv işləyən yazıçı. Ədəbiyyatımızın Qarabağı qaytarmaq üçün istifadə edə biləcəyi “ləyaqət düsturu” varmı?
– Mən düşünürəm ki, müharibə mövzusunda ən yaxşı əsərlər təkcə silahlar susandan sonra yox, ümumiyyətlə düşüncələrdə sakitlik yaranandan sonra yaranmalıdır. Ədəbiyyat birbaşa müharibəni, zorakılığı yox, həmin zorakılıqdan iztirab çəkən insan talelərindən yazmalıdır. Müharibə adamının daxili təlatümlər, torpaq nisgili, ağır itkilər bunlar ədəbiyyatın toxunacağı böyük mövzulardır. Bizdə bir sıra əsərlər yazılıb və ümid edirəm yazılmaqdadır. Amma pafos yüklü əsərlər istər-istəməz yüksək bədii nümunə səviyyəsinə qalxa bilmir. Düşünürəm ki, bu nə vaxtsa yazılacaq əsərlərin predmetinə çevriləcəkdir.
– Yazar kimi planlarınız?
– İnşil bir hekayələr kitabım işıq üzü gördü. Bu ilin payızına «Körpüdə ümid» adlı romanım kitab formatında çıxacaq. Həmin roman «Azərbaycan» jurnalının yanvar sayında dərc edildi. Hazırda iri həcmli əsər yox, hekayələr üzərində işləyirəm. Bəlkə də silsilə hekayələr alındı. Bir qismini artıq tamamlamışam. Mənə elə gəlir ki, kiçik janr olmasına baxmayaraq hekayənin kifayət qədər geniş imkanları var ki, ondan yararlanmaq lazımdır. Xüsusən də internetin və sosial şəbəkələrin geniş yayıldığı indiki informasiya cəmiyyətində müasir oxucunu çox yormamaq şərti ilə öz həqiqətini çatdırmaq üçün hekayə daha əlverişli janrdır.
– 1905.az portalına nəyi tövsiyyə edərdiniz?
– 1905.az maraqlı və dəyərli portaldır. Tarixi həqiqətlərimizi çatdırmaq, paylaşmaq üçün gözəl platformadır. Saytın adını eşidən kimi istər-istəməz 1905-ci il haqqında düşünürsən, bu da uğurlu seçimdi və tarixi yaddaşa bağlıdır. Sizə şərəfli işinizdə uğurlar arzulayıram.
– Minnətdaram, Natiq müəllim.
Fuad Babayev
1905.az